• şənbə, 20 Aprel, 04:37
  • Baku Bakı 15°C

Koçaryanın tərəfdarları birləşir

05.11.19 18:26 1360
Koçaryanın tərəfdarları birləşir
Həbsdə olan eks-prezidentin tərəfdarları "Qələbə” adlı hərəkat təsis ediblər

Ermənistanda həbsdə olan eks-prezident Robert Koçaryanın tərəfdarları Nikol Paşinyana qarşı növbəti cəbhə yaradıblar. Onlar hər vəchlə liderlərinin həbsdən azad olunmasına çalışırlar. "1in.am” yazır ki, bu dəfə Robert Koçaryannın tərəfdarlarının yaratdığı "Qələbə” hərəkatının nümayəndələri yerlərdə ikinci prezidentə dəstək üçün imza toplayıblar. Sayt yazır ki, hərəkatın nümayəndələrindən biri öz çıxışında qeyd edib ki, hərəkatlarının şüarı "Birləşmə”dir. Hərəkat imza toplamağa oktyabrın sonlarında "Qələbə”parkında başlayıb. Təşəbbüsün üzvləri artıq Çarentsavan və Abovyan şəhərlərində olublar. Həbsdə olan Koçaryanın tərəfdarlarının fəallaşması Nikol Paşinyanı da hərəkətə keçirib. Belə ki, baş nazirin "Mənim addımım” parlament fraksiyasının üzvləri ilə görüşündə bu və digər məsələlər gündəmdə olub. Koçaryan tərəfdarlarına qarşı hansı addımların atılacağı bildirilmir. Koçaryan məsələsi ilə yanaşı, əsas müzakirə mövzusu İstanbul Konvensiyası olub. Bu barədə "Joxovurd” nəşri yazıb. Görüş "Vətəndaş müqaviləsi” Partiyasının ofisində keçirilib. Qəzetin yazdığına görə, baş nazir deputatlardan Avropa Şurası Venesiya Komissiyasının konvensiya barədə rəyi ilə tanış olub-olmadıqlarını soruşub. Parlament üzvlərinin əksəriyyəti sənədlə tanış olmadığını etiraf edib. Baş nazir bunu mütləq öyrənməyi tapşırıb. Paşinyan bildirib ki, konvensiyanın ratifikasiyası hələlik dondurulacaq.
Qeyd olunub ki, iclasda deputatların müxtəlif qanunvericilik təşəbbüsləri müzakirə edilib. Parlament üzvləri ayrı-ayrı nazirliklərin işindən narazılıqlarını dilə gətiriblər. Bildiriblər ki, Nazirlər Kabineti tez-tez onların təşəbbüslərini rədd edir, bu da qəbuledilməzdir. Ermənistan 2018-ci ilin yanvar ayında Avropa Şurasının Qadınlara qarşı zorakılığın qarşısının alınması və onunla mübarizə haqqında Konvensiyaya (İstanbul Konvensiyası) qoşulub. İndi ratifikasiya məsələsi gündəmə gələndə müxtəlif vətəndaş qrupları və vətəndaş fəalları sənədə qarşı çıxırlar. Onlar hesab edirlər ki, Konvensiya ənənəvi ailə dəyərlərini təhdid edir.
Yeri gəlmişkən, Koçaryanın böyük ümidlər bəslədiyi işğalçı "DQR” rejimi ilə Nikol Paşinyan arasında da gərginlik artır. Separatçı rejim onu Qarabağ danışıqlarında kompromisə getməkdə ittiham edir.
Bəlli olduğu kimi, Nikol Paşinyan hakimiyyətə gələndə vəd edirdi ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı özünün mümkün kompromis həll variantını referenduma çıxaracaq. Amma indi nədənsə belə bir mümkün ssenarini xatırlamaq istəmir. Əksinə, ritorikanı daha da sərtləşdirir və bildirir ki, "Qarabağ-Ermənistan deməkdir və nöqtə”. Bu yanaşma rəsmi Bakı ilə kompromis ideyasını tamamilə istisna edir. Lakin son günlər baş nazir daha sülhpərvər tonda çıxış etməyə başlayıb. Sosial şəbəkədə çıxışında Nikol Paşinyan bildirib ki, "istənilən qərar Azərbaycan və Ermənistan xalqları, eləcə də, Qarabağda yaşayan insanlar üçün məqbul olmalıdır. Əgər zərurət olarsa, onda referendum da keçirmək olar”.
Baş nazir eyni zamanda bildirib ki, Dağlıq Qarabağ tənzimlənməsində qəsdlər istisnadır: "İndi dövriyyəyə belə bir söhbət buraxıblar ki, hökumət və şəxsən mən - baş nazir güzəştə getməyə, üzr istəyirəm torpaqları təhvil verməyə razılaşmırıqsa, bu o deməkdir ki, danışıqlar dalana düşüb. Odur ki, adamları müharibə ilə qorxudurlar, bu söhbətləri maliyyələşdirirlər, təbliğat aparırlar və sair”.
Baş nazir Ermənistan və qondarma Dağlıq Qarabağ hakimiyyətləri arasında fikir ayrılığı olmasına dair şayiələri inkar edib. O deyib ki,"Dağlıq Qarabağ probleminin tənzimlənməsi problemi barədə Ermənistan və Qarabağın təsəvvürü oxşardır”. "Azatutyun” yazır ki, Paşinyan həm də Dövlət Mühafizəsi Xidmətinin rəisiQriqori Ayrapetovunistefasına, o cümlədən onun guya Düşənbədə liftdə Paşinyan və Əliyevin qəsd hazırlaması barədə söhbəti eşitməsinə dair şayiələrə də toxunub: "Bunu tam ciddi şəkildə dövriyyəyə buraxıblar. Deməli, təsəvvür edin, əgər qəsd varsa da, mən o qədər səriştəsiz, kütbeyin xəyanətkaram ki, birincisi,Əliyevləelə ilk söhbətdəcə qəsdə girişirəm və bunu Robert Koçaryanın və Serj Sarkisyanın 10 il stajı olan cangüdəninin yanında edirəm. Başa düşürsünüz də? Cəmi dörd aydır tanıdığım adamın yanında...Amma lap əgər belədirsə də, mən onda bundan sonra onu işdən çıxarmalı yox, yanımda bərk saxlamalıydım ki, susmasını təmin edim. Axı o, azad insan olandan sonra, harada istəsə, nə istəsə deyə bilər. Bu təbliğatın müəllifləri, bildiyiniz kimi, məlum keçmiş dairələrin nümayəndələridir”.
Paşinyan ölkə generalitetini gözdən saldığına dair söhbətlərdən də danışıb: "Elə cinayət işləri var ki, burada generalların adı keçir. Amma biz sizinlə razılaşmamışdıqmı ki, Ermənistanda qanun qarşısında hamı bərabər olmalıdır? Məgər biz elə bir cəmiyyət, elə bir situasiya istəyirik ki, general və ya nazir statusu kiməsə maneəsiz istədiyini etmək imkanı versin?” Paşinyan deyib ki, hazırda Qarabağda da generalitetinin formalaşdırılması prosesi gedir. Baş nazir bu yaxınlarda Ermənistan hökumətinin Dağlıq Qarabağa etdiyi maddi yardım barədə təfərrüatlı məlumat verəcəyini də vəd edib.
Yeri gəlmişkən, Siyasi və iqtisadi kommunikasiyalar üzrə Agentliyin aparıcı analitiki Mixail Neyjmakov "Moskva-Baku” portalına müsahibəsində erməni baş naziri Qarabağ danışıqları barədə bu cür danışmağa nələrin vadar etdiyinə toxunub.
Qeyd edib ki, "Yerevanda Qarabağ mövzusu daxili siyasi mübarizədə bir dəyənək kimi istifadə olunur. Məsələn, artıq 2016-cı il aprel hadisələrinin araşdırılması ilə bağlı parlament komissiyası işə başlayıb. Əvvəlki hakimiyyəti ittiham edirlər ki, məqsədli şəkildə Azərbaycan ordusuna torpaqları təhvil verib. Ekspert bildirir ki, belə bir təzyiq ola bilsin şəxsən Paşinyandan gəlmir: "Artıq müdafiə naziri David Tonoyan bəyan edib ki, aprel müharibəsi zamanı heç bir qəsd, məqsədli planlama olmayıb. Böyük ehtimalla nazir baş nazirin maraqlarına uyğun hərəkət edir – yəni Paşinyan ehtiyatlıdır. Digər tərəfdən, Nikol Paşinyan anlayır ki, köhnə elitaya daimi təzyiq əlavə risklər deməkdir”.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər