• cümə, 19 Aprel, 07:21
  • Baku Bakı 13°C

İranlı fizikin qətli regionda gərginliyi artıracaq?

04.12.20 17:03 601
İranlı fizikin qətli regionda gərginliyi artıracaq?
Neftin qiyməti 60 dollara kimi yüksəldə bilər
İranda Co Baydenin ABŞ prezident seçilməsinin sevinci çox çəkmədi. Nüvə proqramının "atası” hesab edilən Möhsün Fəxrizadənin gurultulu qətli ölkəni bir-birinə vurmaqla yanaşı, bölgədə yeni gərginlik təhlükəsi yarada bilər. Baş verən hadisə ötən ilin yanvarında general Qasim Süleymaninin qətlindən də ciddi insidentdir. Və əksəriyyət hesab edir ki, bu qətlin qisası ağır ola bilər. Proseslərin hansı axarda gedəcəyini proqnoz etmək çətindir. Belə bir fikir var ki, İran gərginliyi artırmağa çalışmayacaq. Bu, birbaşa onun maraqlarına ziddir. Qisas addımları atarsa, Birləşmiş Ştatlarla yenidən münasibətlər gərginləşə bilər. Bir də ki, Qasim Süleymaninin qətlini birbaşa Birləşmiş Ştatlar öz üzərinə götürmüşdü, Fəxrizadənin öldürülməsinə görə məsuliyyəti heç kim öz üzərinə götürməyib. Beləliklə, görəsən bu qətlin siyasi, iqtisadi nəticələri olacaqmı?
20 il izinə düşülən alim
Beləliklə, noyabrın 27-də Tehran yaxınlığında törədilən sui-qəsd dünyanın diqqətini yenidən bölgəyə yönəldib. Alimin olduğu avtomobil əvvəlcə partladılıb və daha sonra maşın atəşə tutulub. Qərb ölkələrinin kəşfiyyat xidmətləri Fəxrizadənin İranın hərbi nüvə proqramına rəhbərlik etməsini iddia edirdi, Tehran isə belə bir proqramın varlığını qəti şəkildə inkar edib. Maraqlıdır ki, İranın nüvə proqramının müəllifi kimi ad çıxaran Möhsün Fəxrizadəni 20 il ərzində dəfələrlə öldürməyə cəhd ediblər, lakin uğursuz olub. Səbəb də o idi ki, İran kəşfiyyatı həmişə Fəxrizadəyə hücum ehtimalını dəqiq şəkildə proqnozlaşdırıb. Bu dəfə isə istədiklərinə nail oldular. Maraqlıdır ki, İran tərəfi rəsmən bəyan edib ki, alimin öldürüləcəyi barədə əllərində yeni məlumat olsa da, bunu ciddiyə almadılar. İranın hərbi nüvə proqramının memarı Möhsün Fəxrizadənin öldürülməsi ölkəyə qarşı yürüdülən maksimum təzyiq kampaniyasında yeni bir zirvədir. Bəziləri hesab edir ki, İranla gərginliyin yanvarın 20-dək artacağı ehtimal olunur. Fəxrizadənin öldürülməsindən, ABŞ və İsrail tərəfindən İrana qarşı kəskin addımlardan sonra Bayden administrasiyasının Tehranla əlaqələrini çətinləşdirə biləcək daha mürəkkəb bir gerçəkliyin yaranması mümkündür. İranın BMT-dəki səfiri Məcid Taxt Ravançi qətlə görə İsrailin məsuliyyət daşıdığını söyləsə də, qarşı tərəf bunu təkzib edib. BMT baş katibinə ünvanlanan müraciətində səfir, qətlə yetirilən alimin koronavirus infeksiyası ilə bağlı İran testinin hazırlanmasında iştirak etdiyini vurğulayıb. Qərb nəşrləri bir ağızdan bəyan edirlər ki, Fəxrizadənin öldürülməsi ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin Tehranla münasibətləri yaxşılaşdırmaq yolunu çətinləşdirə bilər. Bayden, prezident Donald Trampın pozduğu İranın nüvə anlaşmasını yenidən bərpa edəcəyinə söz verib. Sözügedən anlaşma Tehranın nüvə silahı istehsalından imtina etməsi müqabilində Qərbin tətbiq etdiyi sanksiyaların qismən qaldırılmasını nəzərdə tuturdu.

Beləliklə, bu insidentin hansı nəticələrinin olacağı ilə bağlı ehtimallara bir daha nəzər salaq. Ən əsası, iranlı alimin Tehranın mərkəzində qətli müharibə təhlükəsi və Yaxın Şərqdə radikal dəyişikliklərə gətirib çıxara bilər. Belə bir fikir var ki, alimin qətli İranda liberal qanad – Ruhani, Zərif və onlarla həmfikir olanların hakimiyyətdən getməsinə səbəb olacaq. Əksəriyyət bu qənaətdədir ki, bu qətl İrana ciddi ağır psixoloji zərbə olmaqla yanaşı, ölkə üçün ən təhlükəli insidentdir. İranın da bu sınaqdan necə çıxacağı böyük əhəmiyyət kəsb edir.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər