• cümə axşamı, 18 aprel, 12:42
  • Baku Bakı 22°C

İqtisadiyyatımızda özünü göstərən geriləmələri aradan qaldırmalıyıq

09.08.20 18:00 766
İqtisadiyyatımızda özünü göstərən geriləmələri aradan qaldırmalıyıq
Avqustun 6-da Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib. Dövlətimizin başçısı həmin müşavirədə ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən işlərdən danışarkən bildirib: "Mən bir daha qeyd etmək istəyirəm - bizim üçün birinci məsələ insanların həyatı, onların sağlamlığıdır”. Prezident İlham Əliyev bu məsələni növbəti dəfə xüsusi vurğuladı ki, əsas məsələ insanların sağlamlığı, onların sosial vəziyyəti və bizim iqtisadi dayanıqlılığımızdır. Sonuncu amil olmasa, birinci iki vəzifəni icra edə bilməyəcəyik.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli söyləyib.
Əli Məsimli bildirib ki, dövlətimiz üçün vətəndaşların sağlamlığı öndə gəlir. Azərbaycan Prezidenti dəfələrə qeyd edib ki, insanların sağlamlığının qorunması üçün bütün lazımi tədbirlər görüləcək. "Həm pandemiyanın fəsadlarının, həm də neftin qiymətinin aşağı səviyyədə olmasının iqtisadiyyata, gəlirlərə mənfi təsir göstərməsinə baxmayaraq, nəzərdə tutulmuş sosial layihələrdən heç biri yarımçıq qalmayıb və ixtisar edilməyib. Təqribən 5 milyona yaxın insanı əhatə edən geniş sosial paket həyata keçirilib. Altı yüz min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid insan dövlət tərəfindən qayğı ilə əhatə olunub. Onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilir. Dövlətimizin vətəndaşlara dəstəyi bundan sonra davam etdiriləcək”, - deyə deputat bildirib.
İqtisadi dayanıqlılıqdan danışan deputat diqqətə çatdırıb ki, dövlətimizin başçısı da qeyd etdiyi kimi, koronavirus pandemiyasının doğurduğu fəsadlar və neftin qiymətinin aşağı düşməsi, eləcə də OPEC+ çərçivəsində götürdüyümüz öhdəliklərlə bağlı neft hasilatımızın ixtisar etməyimiz iqtisadi sahədə bir sıra geriləmələrə və itkilərə səbəb olub. Müqayisə üçün qeyd edək ki, bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10 faiz, 14 faiz, 20 faiz olduğu halda, ölkəmizdə son altı ayda iqtisadiyyat cəmi 2,7 faiz aşağı düşüb. Amma ölkənin gələcəyi və inkişafı üçün qeyri-neft sektorunun inkişafı mütləq təmin edilməlidir.
İqtisadçının sözlərinə görə, dünya ölkələrinin əksəriyyəti maddi yardım üçün beynəlxalq maliyyə qurumlarına müraciət etdiyi halda, Azərbaycan heç kimdən yardım almadan, öz imkanları hesabına yaşayır: O deyib: "Bizim xarici borcumuz əksər ölkələrlə müqayisədə aşağı səviyyədə qalmaqda davam edir. Xatırladaq ki, iqtisadi təhlükəsizlik baxımından Azərbaycan kimi ölkələrdə xarici dövlət borcu ümumi daxili məhsulun 40 faizini ötdükdə kritik hesab olunan mərhələyə keçir. Azərbaycanda ümumi daxili məhsul azaldığından, xarici borc ona nisbətdə bir qədər artsa da, mütləq rəqəmlər elə bir ciddi dəyişiklik olmayıb. 2020-ci il 1 yanvar tarixi vəziyyətinə müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində Azərbaycanın birbaşa xarici dövlət borcu 8 320 milyon ABŞ dolları və ya 2019-cu il üzrə ümumi daxili məhsulun 17,3 faizini, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 771 milyon ABŞ dolları və ya ümumi daxili məhsulun 1,6 faizini təşkil etməklə, ümumilikdə xarici dövlət borcu 9 091 milyon ABŞ dolları və ya ümumi daxili məhsulun 18,9 faizini təşkil edib. 2020-ci il 1 iyul tarixinə Azərbaycanın cəmi birbaşa və şərti öhdəliklər üzrə dövlət borcunun həcmi 9 813,3 milyon ABŞ dollarına (16682,6 milyon manata) və ya ümumi daxili məhsulun 24,5 faizinə bərabər olub. Bütövlükdə xarici borc ümumi daxili məhsulun 22,4 faizinə (8 960,3 milyon ABŞ dolları), daxili borc isə 2,1 faizinə (1 450,1 milyon manat) bərabərdir”.
Əli Məsimli dünya bazarında neftin qiymətinin aşağı düşməsinin də Azərbaycan iqtisadiyyatına mənfi təsirindən danışıb. Bildirib ki, əgər bu il neftin bir barrelinin qiyməti əvvəlki proqnozda göstərildiyi kimi, 55 dollar ətrafında olsaydı, Dövlət Neft Fonduna 7,3 milyard dollarlıq vəsait daxil olması gözlənilirdi. Bu ilin əvvəllərində neftin qiymətinin həmin göstəricidən də yüksək olması gəlirlərimizin artmasında mühüm rol oynayırdı. Lakin aprel-may aylarında neftin qiyməti kəskin surətdə aşağı düşdü və müəyyən günlərdə hətta 15 dollardan da aşağı endi. 2020-ci ilin iyun ayında dünya bazarlarında "Azəri Layt” markalı xam neftin bir barelinin satış qiyməti orta hesabla 38 ABŞ dolları səviyyəsində qərarlaşıb və ilin əvvəlinə nisbətən 40,3 faiz az, həmçinin dövlət büdcəsinin proqnozlaşdırılması üçün nəzərdə tutulmuş qiymət göstəricisi ilə müqayisədə isə 24 faiz az olub. Neftin qiymətinin bu cür aşağı enməsi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədi, ölkəmizin xarici valyuta daxilolmalarının kəskin azalmasına və tədiyyə balansının pisləşməsinə gətirib çıxardı.
Onun sözlərinə görə, dünya bazarında neftin bir barelinin qiyməti 35 dollardan götürüldükdə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri cari ilin 55 dollar əsasında təsdiq edilmiş proqnozu ilə müqayisədə 5 milyard manat və ya 40,7 faiz azalaraq 7,3 milyard manata enəcəyi proqnozlaşdırılıb. Deputat, həmçinin bildirib: "Hər halda, neftin qiymətinin 40 dollar ətrafında olması proqnozunun özünü doğruldacağı ehtimalı daha böyükdür ki, bu da ilin sonuna proqnozlaşdırılan həmin itkilərin bir qədər azalmasına imkan verə bilər. Neft sektoru üzrə dürüstləşdirilmiş büdcə gəlirlərinin 12,2 milyard manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 1790 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 1240 milyon manat məbləğində dövlət büdcəsinə dürüstləşdirilmiş vergi öhdəlikləri 2020-ci ilin təsdiq edilmiş proqnozundan 210 milyon manat və ya 14,5 faiz azdır”.
Deputat azalmanın səbəbi kimi xam neftin ixrac qiymətinin təsdiq edilmiş dövlət büdcəsi ücün nəzərdə tutulduğu qiymətdən 20 ABŞ dolları az götürülməsini, OPEC+ sazişi üzrə hasilat həcmlərinin azalmasını, habelə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkə daxilində neft məhsullarına tələbatın azalmasını göstərib. Hasilatın Pay Bölgüsü sazişlərindən mənfəət vergisi cari ilin 6 ayı üzrə daxilolmalar da nəzərə alınmaqla 550 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq edilmiş proqnozdan 180 milyon manat və ya 24,7 faiz azdır. Burda da azalmanın səbəbi xam neftin ixrac qiymətinin təsdiq edilmiş göstəricilərdən 20 ABŞ dolları az götürülməsi və OPEC+ sazişi üzrə hasilat həcmlərinin azalması ilə əlaqədardır.
"Cari ilin mart ayından başlayaraq COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi və sosial təcrid tədbirləri ölkədə işgüzar fəallığın və artım sürətinin zəifləməsinə səbəb olmuş, iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsir göstərmişdir. Prezidentin bu müşavirədəki çıxışında ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanılması istiqamətində götülən işlər də mühüm yer tutur. Eyni zamanda, sahibkarlığın dəstəklənməsi istiqamətində reallaşdırılan biznes patet də mühüm rol oynayır. Bu sahədə həyata keçirilən müvafiq Tədbirlər Planı üzrə görülən işlərin nəticəsində ölkədə makroiqtisadi sabitlik qorunub saxlanılıb, bu ilin birinci yarısında büdcə gəlirləri tam icra edilib və həm də profisit yaranıb. Manatın nisbi sabitliyi qorunub saxlanılıb. Ölkənin valyuta ehtiyatları qorunub, hətta bir az da artırılıb. Əmək müqavilələrinin sayı sabit qalıb və müəyyən artım müşahidə edilib. On minlərlə sahibkarlıq subyektinə və sahibkarlıq subyektində çalışan yüz minlərlə muzdlu işçiyə dövlətin maliyyə yardımı çatdırılıb. Yüzlərlə sahibkara yeni proqramlar üzərində güzəştli kreditlər təqdim edilib”, - deyə deputat vurğulayıb.
Əli Məsimli 2020-ci ilə dürüstləşdirilmiş dövlət büdcəsi gəlirlərinin 58 faizi və ya 13990 milyon manatının neft sektorunun, 42 faizi və ya 10134,0 milyon manatının qeyri-neft sektorunun payına düşdüyünü qeyd edib. Bildirib ki, 2020-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə neft sektorunun gəlirləri 460 milyon manat və ya 3,4 faiz çox, qeyri-neft sektorunun gəlirləri isə 470,5 milyon manat və ya 4,4 faiz azdır.
2020-ci ilin dövlət büdcəsinə düzəlişlər məsələsinə toxunan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini deyib: "Dövlətimizin başçısı da qeyd etdiyi kimi, bizim azalan gəlirlərimiz və artan xərclərimiz diktə edirdi ki, büdcəyə yenidən baxılsın, dürüstləşmə aparılsın və vətəndaşlara maksimum dərəcədə kömək göstərilsin. Avqustun 7-də Milli Məclis növbədənkənar sessiyasında 2020-ci ilin yeni dürüstləşdirlmiş büdcəni təsdiq etdi və və neftin qiyməti 55 dollardan 35 dollar səviyyəsinə endirildi. Prezident bu məsələ ilə əlaqədar öz çıxında bildirdi ki, büdcədə neftin qiymətinin bu dərəcədə aşağı götürülməsi və ilin sonuna qədər öz xərclərimizin bu rəqəm əsasında planlaşdırılması dövlətin istənilən böhrana hazır olduğunu göstərir. Neftin qiyməti hətta 35 dollar səviyyəsində olsa belə, Azərbaycan bütün sosial öhdəlikləri yerinə yetirəcək, ölkəmiz üçün lazım olan infrastruktur layihələrini icra edəcək, ölkəmizin hərbi potensialının möhkəmləndirilməsi üçün əlavə vəsaitin təşkil edilməsinə də çatacaqdır”.
Ölkə iqtisadiyyatının liberallaşdırılması məsələsinə toxunana deputat bildirib ki, Prezident İlham Əliyev vurğuladığı kimi, bu sahədə artıq ciddi addımların atılması labüddür. Özəlləşdirmə sahəsində daha geniş islahatlar aparılmalıdır, xərclərə dövlət nəzarəti mexanizmi daha da təkmil olmalıdır. Dövlət qurumları konkret əlavə təkliflər verməlidirlər və ictimai nəzarət mütləqdir.
Onun sözlərinə görə, bu sahədə əsas vəzifə ölkənin iqtisadi inkişafını və bu əsasda əhalinin güzəranının yaxşılaşdırılması işini sürətləndirdirməkdən ötrü digər məlum şərtlərlə yanaşı, idarəetmə sisteminin fəlsəfəsinin dəyişdirilməsi, təşkilati strukturu, kadr tərkibi və koordinasiyasının optimallaşdırılması və müasir dövrün tələb və çağırşlarına uyğunlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Çеvik, şəffаf, оbyеktiv infоrmаsiyа sistеminə əsаslаnаn və аyrı-аyrı strukturlаrı bir tаm hаlındа sinхrоnlаşdırılmаğı bаcаrаn yеni idаrəеtmə mоdеlinə, eləcə də idarə maraqlarının öndə getdiyi prinsipdən dövlət maraqlarının prioritet təşkil etdiyi prinsipə kеçilməsi struktur islahatlarının gözlənilən nəticə və yüksək səmərə verməsinin vacib şərtlərindəndir.
"Dövlətimizin başçısı vurğuladığı kimi, qeyd olunan tədbirləri həyata keçirməklə pandemiya və neftin qiymətinin aşağı düşməsi nəticəsində bu ilin martından sonra iqtisadiyyatımızda özünü göstərən geriləmələri aradan qaldırmalıyıq. Yenə də iqtisadi inkişafımız təmin edilməli, bu ilin sonuna qədər görüləcək işlər, xüsusilə, sahibkarlıqla bağlı olan işlər, eyni zamanda, dövlət şirkətlərinin idarə edilməsinin səmərəliliyinin artırılması istiqamətində nəzərdə tutulan addımlar iqtisadi canlanmanı təmin etməli və itkiləri azaltmalıdır”,- deyə Əli Məsimli fikirlərini yekunlaşdırıb.
banner

Oxşar Xəbərlər