İnsan əməyindən daha çox istifadə olunan peşələr gələcəkdə yox olacaq
06.08.20 18:57
4606
Mütəxəssislər deyir
ki, kompüter texnologiyaları, süni intellekt gələcəyin peşələrinin formasını,
strukturunu müəyyən edəcək
"Rəqəmsallaşma, müasir texnologiyaların geniş
yayılması və tətbiq edilməsi bəzi peşələri lazımsız edir”. Bu sözləri Prezident
İlham Əliyev Təhsil naziri Emin Əmrullayevi videoformatda qəbul edərkən deyib.
Prezident dördüncü sənaye inqilabının mövcudluğu, dünyada gedən rəqəmsallaşma
tendensiyaları ilə bağlı müasir texnologiyaların geniş yayılması və tətbiq
edilməsi ilə bəzi peşələrin yaxın illərdə ortadan qalxacağı və buna hazırlıqlı
olmanın zəruriliyinə diqqət çəkib.
"Bu peşələrin siyahısı var. Bu peşələr artıq aradan
qalxıb və olmayacaq. Ona görə, buna da daim fikir verməlisiniz. O peşələr ki
beş ildən sonra olmayacaq, onlar üzrə mütəxəssislərin hazırlanmasına ehtiyac
yoxdur. Amma bununla paralel olaraq, yeni peşələr ortaya çıxacaq, hansılar ki,
bu gün yoxdur. Lakin hansı peşələrin olacağı ehtimal edilir, bu peşələr üzrə
bizdə mütəxəssislər hazırlanmalıdır” – dövlət başçısı bildirib.
Bəs hansı peşələrə daha çox ehtiyac yaranacaq,
hansı peşələr yox olacaq?
Təhsilin idarə
olunması üzrə mütəxəssis, pedaqoq Qoşqar Məhərrəmov deyir ki, insandan fiziki əmək tələb edən və təkrarçılıqdan
ibarət olan peşələrin yaxın gələcəkdə yoxa çıxması proqnozlaşdırılır: "O
peşələr ki, artıq İKT ilə həmdəm hala gəlir, İKT-dən dəstək alır, o peşələrin
populyarlaşacağı proqnozlaşdırılır. Fiziki əməyin, insan əməyinin rolu
robotlara verilir, insana məxsus idraki, hissi yönlər isə insanda qalır. İnsan
əməyinin bu istiqamətdə lazımlılığı hələ də davam edəcək. Maşın təmiri, surətçıxarma,
bürokratik işlər, katibəlik, kitabxanada hansısa kitabları düzmək, mühafizə
işi, xəstə baxıcıları, kənd təsərrüfatında insandan fiziki əmək tələb edən
işlərin çoxunu gələcəkdə robotlar edəcək. Həmin peşələrdə insanların sayı
azalacaq. Tədqiqatlar göstərir ki, gələcəyin peşələrinin demək olar ki, hamısı
kompüterləşəcək. Yəni kompüter texnologiyaları artıq gələcəyin peşələrinin
formasını, strukturunu müəyyən edəcək. Hər hansı bir musiqiçi belə,
proqramlaşdırma dillərini bilmədən dövrün dəbinə uyğun musiqi istehsal edə
bilməyəcək. Ona görə də mövcud hazırkı peşələr İKT ilə daha da yaxınlaşacaq,
kompüter texnologiyalarından istifadə edəcək. Gələcəkdə yox olacaq peşələr
insan əməyinin daha çox istifadə olunduğu peşələrdir”.
Hansı peşələrin populyarlıq qazanması və tələbata
çevrilməsinə gəldikdə isə, ekspert
vurğuladı ki, İKT ilə bağlı bütün peşələr, bu ixtisası bilən kadrlar ən çox
ehtiyac duyulanlar olacaq: "Texnologiyanın sürətlə inkişaf etməsi insan
həyatını asanlaşdırmaqla bərabər, bir çox dəyişikliklərə də səbəb olur.
Keçmişdə uzun vaxta reallaşdırdığımız işləri indi bir neçə dəqiqəyə həll
edirik, çox asanlıqla məlumat əldə edə bilirik. Əlbəttə, insanlar artıq İKT ilə
yaxınlaşdığı üçün bütün peşələr İKT-yə yönəldiyi zaman daha da populyar,
ehtiyac duyulan kadr olacaq. Məsələn, hətta bir musiqiçinin də musiqisini
tərtib etmək üçün proqramlaşdırma bacarığı olmalıdır. Emosional və əlaqəli iş,
yaradıcılıq, sintez, problem həlli və ağıllı şərh tələb edən işlər insanın
müdaxiləsini tələb etməyə davam edəcək. Bununla belə, hesablama gücünün
eksponensial artması süni intellektin üstün şəkildə artmasına səbəb olur.
Araşdırmalara görə, gələcəkdə texnologiya və kompüter elmləri ilə birləşməyən
bir peşə olmayacaq. Müasir dövrün gəncləri proqramlaşdırma alqoritmlərini
bilməlidir. Proqramlaşdırma işi bəzilərinə sadə bir iş kimi görünür. Halbuki
olduqca çətin və hər kəsin edə bilməyəcəyi bir işdir. Bəli, qazancı yüksəkdir,
amma böyük zəhmət tələb edir. İndiki vaxtda kompüterdən çox, mobil telefon istifadəçisi
olduğunu düşünsək, mobil proqramçılara gələcəkdə daha da çox tələbatın olacağını
düşünə bilərik. Proqram mühəndisliyi gələcəyi olan peşələr arasında yer alır.
Yeni dövrün ən məşhur peşələrindən biri də
dizayndır. Artıq insanlar kompüter oyunlarının dizaynı ilə məşğul olmağı
öyrənməlidirlər. Bu sahəni bilən insanlar oyun istehsalı, inkişaf etdirilməsi,
dizaynı, sənəti, proqramlaşdırması, kompüter qrafikləri və insan-kompüter
qarşılıqlı əlaqəsi sahələrində çalışa bilərlər. Eyni zamanda oyun
studiyalarında və memarlıqda, tibdə, hüquqda və interaktiv simulyasiya istifadə
edilən digər sektorlarda da işləyə bilirlər. Virtual reallıq artıq dövrün
faktıdır. Bunu insanlar bilməlidir. O cümlədən telefon applikasiyalarının
istehsalı, kompüterin müxtəlif spesifik sahələri, kibertəhlükəsizlik kimi
sahələrin dövrün ən populyar peşələri arasında olacağı gözlənilir. Eyni zamanda
emosionallıq, komanda işi, kreativ, tənqidi düşüncə, problem ortaya qoyma,
problemi analiz, sintez və qiymətləndirmə kimi sadəcə insana məxsus
xüsusiyyətlərə cavab verən işlər sıradan çıxmayacaq. Yaxın dövrdə süni
intellektin insana məxsus bu xüsusiyyətləri edə biləcəyi gözlənilmir. Ona görə
də İQ və EQ-yə fikir vermək, bu mənada özünü inkişaf etdirmək dövrün tələbi
olacaq. Çünki süni intellekt və robotların bunu edə biləcəyi gözlənilmir. Əlbəttə,
müəyyən texnologiyalar süni intellektə insani özəllikləri yükləməyə çalışır,
amma yenə də insanın beynini əvəz edəcək kimi görünmür. Ona görə də insan İKT
bacarıqlarını gələcək üçün inkişaf etdirməlidir”.
Ekspert vurğuladı ki, gələcəyin dəbli peşələrindən
biri də Data analitikasıdır: "Bu gün dünyada informasiya texnologiyaları
sahəsində ən çox tələb olunan peşə Data analitikası mütəxəssisidir. Dataları
toplama, analiz etmə və datalardan müəyyən nəticələr çıxarma gələcəyin trend
peşələri arasında qeyd olunur. Big Data böyük sərvət olduğundan, məlumat
detektivləri, məlumat tərcüməçiləri, məlumat analizçilərinə böyük ehtiyac
olacaq”.
Təhsil eksperti
Kamran Əsədov deyir ki,
dünyada gələcəyin yeni ixtisasları formalaşır, lakin Azərbaycanda ali
məktəblərə qəbulda hələ də ənənəvi ixtisaslar üstünlük təşkil edir: "20-30
ildən sonra bu gün mövcud olan bəzi ixtisaslar tamamən sıradan çıxacaq, yerini başqa
ixtisaslar alacaq. Ona görə də bunun araşdırması lazımdır ki, bizdə 15-20 ildən
sonra hansı ixtisaslara ehtiyac olacaq. İstər elmdə, istərsə də kənd
təsərrüfatında, iqtisadi həyatın bütün sahələrində, sosial həyatımızda dünya
çapında gedən dəyişiklikləri izləyir və bilirik. Bu, Azərbaycanın əmək bazarına
hansı dəyişikliklərlə təsir edəcək, 10-15 ildən sonra hansı ixtisaslara ehtiyac
olacaq - biz bunu müəyyənləşdirməli, bilməliyik ki, strateji planımız olsun.
Təəssüf ki, bu istiqamətdə heç bir araşdırma və düşüncələr yoxdur. Bu gün bizim
nəinki yaxşı mühəndisə, hətta yaxşı ustaya da ehtiyacımız var. Ancaq diplom
sahibinə yox, həqiqi mütəxəssisə. Bu tələbat getdikcə daha da artacaq.
Universitetdə daha lazımlı ixtisaslar yaradılmalıdır. Bir çox fakültələrdən
məzun olan insanların sonrakı fəaliyyəti ilə bağlı analiz göstərir ki, oxuduqları
ixtisaslar üzrə aldıqları təhsil sonra lazımsız olur”.
Həmsöhbətimiz deyir ki, sovet dövründə iş yerinin
çox olmasına baxmayaraq, bizdə neft ixtisasları populyar deyildi. Amma indi
yüksək bal toplayanların yarıdan çoxu neft ixtisaslarını seçirlər: "Bir vaxt bizdə
populyar olmayan gömrük ixtisası da artıq dəbdədir. Eyni sözü İT mühəndisləribarədə də demək olar. Artıq ali məktəblərə qəbul imtahanları başa çatıb. Qısa
müddətdən sonra müsabiqə şərtini ödəyən abituriyentlər ixtisas seçimi
edəcəklər. İxtisas seçimi edərkən ilk növbədə o ixtisasa əmək bazarında olan
ehtiyac nəzərə alınmalıdır. Hansı ixtisası seçirsinizsə-seçin, ən asan olanı və
ya ən yaxşı yoldaşınızın seçdiyini seçməyin, çünki bəzi gözəl fürsətlərdən
özünüzü məhrum etmiş olarsınız”.
Ekspert deyir ki, hazırda əmək bazarında ehtiyac
olan ixtisaslar - müəssisə və idarəçilik / ticarət, psixologiya, tibb bacısı / bioloji
elmlər, müəllimlik, ingilis dili və ədəbiyyatı / iqtisadiyyat, ünsiyyət təhsili
/ şifahi ünsiyyət və danışıq sənəti / siyasət elmi və hökumət / kompüter və informasiya
elmləridir.