• cümə axşamı, 25 aprel, 21:18
  • Baku Bakı 21°C

İndi də hədəf Müsavat və ReAl-dır

11.12.19 18:28 961
İndi də hədəf Müsavat və ReAl-dır
Ekspertlərin fikrincə, küncə sıxılmış Əli Kərimlidən bundan daha artığını gözləmək mümkündür

Radikallar seçkiyə qatılmaq qərarı verən partiyalara qarşı qarayaxma kampaniyasına başlayıblar. Əli Kərimli bütün imkanlarından istifadə edərək Müsavat və ReAl-ı qaralamağa və nüfuzdan salmağa çalışır. Artıq bir neçə gündür ki, Əli Kərimlinin "trol ordusu” sosial şəbəkələrdə Müsavat və ReAl-a qarşı hücumlara start verib. Əli Kərimli bu məqsədlə Milli Şuranın Koordinasiya Şurasında təmsil olunan Gültəkin Hacıbəylidən də istifadə edir.
Bu günlərdə G.Hacıbəyli sosial şəbəkədə İsa Qəmbər və Müsavatı radikal kəsimin hədəfinə çevirə biləcək status yazıb. O, statusunda İ.Qəmbərin ona vəzifə təklif etdiyini, bunu qəbul etmədiyini bildirib və hətta müsavatçıları "zombi” adlandırıb. Bununla da Müsavat sosial şəbəkədə hədəfə çevrilib. Bütün bu baş verənlər fonunda sual yaranır ki, Əli Kərimlinin məqsədi nədir?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirdi ki, Əli Kərimlinin məqsədi bəllidir və ilk dəfə deyil ki, bu məsələ qabarıq şəkildə nəzərə çarpır: "O özünün uğur qazanmayacağını bildiyi və bu səbəbdən iştirak etmədiyi üçün bütün prosesi öncədən ləkələməyə çalışır. Digər siyasi təşkilatları da bu prosesdə iştirak etməmələri üçün şantaj etmək məqsədi güdür. Əli Kərimli yaxşı başa düşür ki, əgər digər siyasi partiyalar seçkilərdə iştirak edəcəklərsə, bu onlara öz təbliğatlarını aparmaq üçün imkan yaradacaq. Eyni zamanda onlar uğur qazanarlarsa, prinsip etibarı ilə əldə edilən parlament təmsilçiliyi həmin partiyaların təşkilatlanması üçün müəyyən imkanlar yarada bilər. Təbii ki, Əli Kərimli kimi Azərbaycan siyasətində söyüş ritorikasını gücləndirməyə çalışan və yalnız pafoslu çıxışlar üzərindən siyasət yeridən bir şəxs üçün bu qəbuledilməzdir. Biz uzun illərdir ki, bu insanların qarşılıqlı şəkildə bir-birini ittiham etdiyinin şahidi oluruq”.
E.Mirzəbəyli qeyd etdi ki, daha öncəki proseslərdə, 2000-ci illərdə məhz Əli Kərimli və digər şəxslərin parlamentə getməsi Müsavat Partiyası tərəfindən aqressiv şəkildə qarşılanırdı: "Hələ seçkidən öncə AXCP və Müsavat müəyyən sənəd də imzalamışdılar, sonra isə qarşılıqlı şəkildə bu sənədə xəyanət etdilər. Daha sonra isə Müsavat parlament seçkilərində iştirak edəndə Əli Kərimli onları ittiham etdi. Bu baxımdan onların qarşılıqlı şəkildə ittihamlarının, yəni radikal düşərgəyə xas olan xüsusiyyətlərinin illərdir ki, davamlı olaraq həyata keçdiyinin şahidi oluruq. Bu da o düşərgənin mahiyyətindən, arxaik təfəkküründən, Azərbaycandakı proseslərə feodal təfəkkürü ilə yanaşmasından irəli gələn amillərdir. Ona görə də küncə sıxılmış Əli Kərimlidən bundan daha artığını gözləmək mümkündür”.
Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, Əli Kərimlinin atdığı addımlar böyük bir anormallığın təzahürüdür: "Çünki bu həmin Əli Kərimlidir ki, ötən parlament seçkilərindən sonra yaxasını cırırdı və bütün aləmə car çəkirdi ki, bu parlament buraxılmalıdır. Elə sözünün əvvəli də bu idi, axırı da. Bəli, bu günlərdə parlament özü-özünü buraxdı. Düzdür, bu addım heç də Əli Kərimlinin sözü ilə olmadı. Bildiyiniz kimi, Prezident İlham Əliyev tərəfindən böyük islahatlara start verilib. Bu islahatlar da hakimiyyətin bütün qollarını əhatə edir. O cümlədən də qanunvericilik hakimiyyəti bu təşəbbüsə qoşularaq ona uyğun addım atdı. Lakin burada söhbət ondan gedir ki, indi ki parlament buraxılıb, onda Əli Kərimli niyə yeni seçkilərdə iştirak etmir? Deməli, burada məsələ heç də göründüyü kimi deyil. Görünür ki, Əli Kərimlinin hədəfi heç də yeni parlament seçkilərinin keçirilməsi yox, sadəcə gündəmdə qalmaqdan ibarətdir. Guya ki, o "ana müxalifətdir” və heç nə ilə barışmır. Halbuki, onun rəhbərlik etdiyi partiyanın strukturları demək olar ki, dağılıb və artıq rayon təşkilatları yox səviyyəsindədir. AXCP son 20 ildə neçə yerə parçalanıb. Buradan Mirmahmud Fəttayevin, Qüdrət Həsənquliyevin rəhbərlik etdiyi partiyalar ayrıldı. Eləcə də başqa bir partiya Razi Nurullayev tərəfindən yaradıldı. Bir sözlə, çoxlu sayda insanlar məhz bu partiyanı tərk etdilər. Niyə? Ona görə ki, orada normal siyasi fəaliyyət qurulmamışdır. Bu gün AXCP-də barmaqla sayılacaq qədər o partiyanın qurucuları qalıb ki, onlar da Əli Kərimliyə yaxın adamlardır. Elə hesab edirəm ki, bu, anormallıqdır. Əgər partiya sədri olaraq istəyirsən ki, hədəfə nail olasan, onda islahatlar aparmalısan. Görürsən ki, partiya dağıla-dağıla gedir, heç olmasa, bunun qarşısının alınması haqqında düşünməlisən. Əksinə, Əli Kərimli kefinə düşən kimi, bir bəyanat səsləndirir və onu partiya ilə razılaşdırmır. Düşünürəm ki, artıq bu era bitib və heç partiyanın üzvləri də onun sözünə qulaq asmırlar. Əli Kərimli Cəmil Həsənli ilə ortaya düşüblər ki, nə bilim Milli Şura, filan. Milli Şurada kim var ki? Elə Cəmil Həsənli ilə AXCP-dən bir qrup adam var, vəssalam! Hesab edirəm ki, bu da anormallıqdır və siyasi fəaliyyət deyil. Özü bir yana, seçkiyə qatılmaq istəyən qüvvələri də şantaj etməyə başlayıb”.
M.Səfərli əlavə etdi ki, AXCP-dən fərqli olaraq Müsavat və ReAl seçkilərdə iştirakı əhəmiyyətli hesab edirlər: "Baxmayaraq ki, özlərinin dediyi kimi, seçki qanunvericiliyə ilə bağlı etirazları var, seçkilərə qatılırlar, mübarizə aparırlar. Seçkilər özü siyasi partiyalar üçün bir şansdır. Partiyalar ancaq hakimiyyət uğrunda mübarizə aparmırlar ki? Onlar vətəndaşlarla görüşürlər, siyasi platformalarını təqdim edirlər. Yoxsa boykot qərarı siyasi təşkilatların özünü iflic edir. Həm də boykot edən qüvvə prosesin baş tutmamasını istəyir. Ancaq illərdir ki, bəziləri seçkiləri boykot edir, lakin heç nəyə nail ola bilmirlər. Deməli, bu qərarı verənlər özlərini cəmiyyətdən təcrid edirlər. Məhz Milli Şura-AXCP cütlüyü özünü cəmiyyətdən təcrid yolu tutub”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər