AZE | RUS | ENG |

Heydər Əliyevin imzası ilə başlayan uğurlu yol

Heydər Əliyevin imzası ilə başlayan uğurlu yol
Ekspertlərin fikrincə, “Əsrin müqaviləsi”, ulu öndərin Azərbaycanın gələcək yüzillikdəki inkişaf trayektoriyasını cızan fəlsəfəsidir

Azərbaycanın bugünkü inkişafa nail olmasında 25 il əvvəl sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi”nin böyük əhəmiyyəti var. Ötən dövr ərzində layihənin əhəmiyyəti və Azərbaycanın müstəqil dövlət kimi formalaşmasındakı rolu heç şübhəsiz, dönə-dönə vurğulanıb. Lakin ulu öndər Heydər Əliyevin imzası ilə başlanan bu uğurlu yol, ilbəil öz əhəmiyyətini daha da artırır.
 
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirdi ki, 1994-cü il sentyabrın 20-də imzalanan tarixi "Əsrin müqaviləsi”nin 25 ili tamam olur: "Bu tarixi hadisədən keçən 25 il Azərbaycanın inkişaf və intibah illəri olub. "Əsrin müqaviləsi”nin ölkəmiz üçün əhəmiyyətindən danışanda, ona  siyasi, iqtisadi və sosial prizmalardan yanaşmaq lazımdır. Çünki 1994-cü ildə "Əsrin müqaviləsi” imzalananda Azərbaycan dünya ölkələri ilə boy sırasında görünmürdü. Beynəlxalq tədbirlərdə Azərbaycanın adı çəkiləndə hamı maraqla baxırdı ki, görəsən, bu ölkə haradadır.
Yenicə müstəqillik qazanmış Azərbaycan, daxili ziddiyyətlərin artması, qarşıdurmaların gərginləşməsi ucbatından beynəlxalq arenada transmilli şirkətlərin şübhə ilə yanaşdığı bir məkan kimi xarakterizə olunurdu. Amma ulu öndər Heydər Əliyevin uzaqgörənliyi, təcrübəsi və iradəsi, dünyanın aparıcı neft şirkətlərini inandıra bilməsi nəticəsində Azərbaycanda haqqında formalaşmış fikirlər, təsəvvürlər aradan qaldırıldı, tarixi "Əsrin müqaviləsi”ni reallaşdırıldı.
Qısa bir zaman kəsiyində Azərbaycanda siyasi sabitlik təmin edildi və ölkəmizin dünya xəritəsində yeri, "imzalar içində imzas”ı görünməyə başlandı”.
 
Millət vəkili qeyd etdi ki, müqavilənin iqtisadi tərəfi haqqında danışarkən, mütləq şəkildə "Əsrin müqaviləsi” imzalanana qədər Azərbaycanın mövcud olan iqtisadiyyatına bir ekskurs etmək vacibdir: "1991-ci ildə müstəqillik qazanan Azərbaycanın dövlət büdcəsi qısa müddətdə boşalmışdı. Sovetlərdən miras qalmış əmlaklar da 1991-1993-cü illərdə hakimiyyətdə olan qüvvələr tərəfindən talan edilmişdi. Müəssisələrin sovet dönəmində bağladığı müqavilələr qüvvədən düşmüşdü və yeni müqavilələr bağlanmadığından, sənaye iflic vəziyyətdə idi.
Amma 1994-cü ildə "Əsrin müqaviləsi” imzalanandan sonra ölkəmizə gələn milyardlarla dollar investisiya iqtisadiyyatımızın lokomotivinə çevrildi. Məhz "Əsrin müqaviləsi”nin imzalanması ölkə iqtisadiyyatına yüz milyardlarla dollar investisiya yatırılmasına imkan verdi. Nəticədə bu gün Azərbaycan diversifikasiya olunmuş iqtisadiyyata malik ölkəyə çevrilib. Həm də valyuta ehtiyatlarımız 50 milyard dollara çatıb”.
 
A.Badamovun sözlərinə görə, müqavilənin sosial tərəfi isə daha genişdir: "Əsrin müqaviləsi” ölkə əhalisinin maddi-sosial rifahının yaxşılaşmasına xidmət edib. İşsizlik və yoxsulluq 50 faizdən 5 faizə düşüb. İçməli su ilə təminat 20 faizdən 70 faizə qalxıb. Ölkə əhalisinin 96 faizi təbii qazla təmin olunub. 3500-dən çox yeni məktəb və uşaq bağçası tikilib. 640-dan çox səhiyyə müəssisəsi yenidən qurulub.
O cümlədən əhalinin pul gəlirləri dəfələrlə artıb. Ümumiyyətlə, ölkəmizin siması dəyişib. Bütün bunlar "Əsrin müqaviləsi”nin imzalanması nəticəsinə əldə olunub. Onu da qeyd edim ki, "Əsrin müqaviləsi” 2050-ci ilə qədər uzadılıb və bundan sonra hələ uzun illər neft-qaz ehtiyatlarımız ölkəmizin inkişafına və xalqımızın firavanlığının təmin olunmasına xidmət edəcək”.
 
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, 20 sentyabr 1994-cü ildə "Azəri-Çıraq-Günəşli" dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə "Əsrin müqaviləsi" imzalanması sıradan bir hadisə deyildi: "Bu, strateji hədəf idi. Heydər Əliyevin Azərbaycanın gələcək yüzillikdəki inkişaf trayektoriyasını cızan fəlsəfəsi idi. "Əsrin müqaviləsi", məhz qısa müddətdən sonra Azərbaycan iqtisadiyyatında neft gəlirlərinin artacağına zəmin yaradırdı. Sözügedən saziş Azərbaycana, nəinki regional layihələrdə söz sahibliyi etməyə, həmçinin, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli mövqe tutmasına imkan verib. "Əsrin müqaviləsi”nin imzalanmasından 3 il sonra, 1997-ci il noyabrın 12-də müqavilə çərçivəsində ilk neft çıxarılıb. 
Azərbaycan regionun zəngin neft-qaz ehtiyatlarına malik olan ölkəsi kimi həm regional, həm beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir. Ötən əsrin 90-cı illərinin ortalarında dünyanın aparıcı enerji şirkətləri ilə strateji əhəmiyyətli, gələcəyə hesablanmış neft müqavilələri bağlayan Azərbaycan, paralel olaraq neft-qaz resurslarının xarici bazarlara nəqli üçün də milli maraqlar üzərində qurulmuş strateji xətt yürüdür. Bu xətt enerji resurslarının çoxşaxəli nəql marşrutlarına malik olmaq və hər hansı bir marşrutdan asılı olmamaq prinsipi üzərində qurulur”.
 
Zaur Məmmədov vurğuladı ki, "Əsrin müqaviləsi” həm də yeni transmilli enerji layihələrinin həyata keçirilməsində mühüm rola malikdir:  "Heydər Əliyevin neft strategiyasını davam etdirən Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində, Azərbaycanın liderliyi ilə həyata keçirilən yeni layihələr ölkəmizin iqtisadi qüdrətinin və dünya arenasında siyasi çəkisinin artmasını təmin etdi. Bu yeni layihələr sırasında Azərbaycan qazının Avropaya çıxarılmasında mühüm rol oynayan Cənub Qaz Dəhlizini xüsusi ilə qeyd etmək lazımdır”.
 
Z.Məmmədov qeyd etdi ki, "Əsrin müqaviləsi” nəticəsində əldə edilmiş gəlirlər sosial layihələrə, elm, təhsil, mədəniyyətin inkişafına yönəldilib: "Bununla da  "qara qızıl” "insan kapitalı” ilə əvəz edilib: "Bu gün Azərbaycan coğrafi baxımdan kiçik ölkə olmasına baxmayaraq, böyük, qlobal layihələrlə məşğuldur. Bu qlobal layihələrin həyata keçirilməsi kənardan asan görünsə də, olduqca çətin prosesdir. Çünki regional layihələrin reallaşmasında qlobal oyunçuların və ayrı-ayrı maraq lobbilərinin apardıqları təsir, təzyiq və maneə imkanlarını xüsusilə vurğulamaq lazımdır. Belə layihələrin bizim regionda həyata keçirilməsi üçün möhkəm iradə, yaxşı düşünülmüş strateji siyasət vacib idi və bu gün də vacibdir. Təsadüfi deyil ki, son 2 il ərzində Prezident İlham Əliyevin iradəsi ilə baş tutan Bakı-Tbilisi-Qars, Şimal-Cənub, TAP, TANAP və digər qlobal layihələr Azərbaycanı istəməyən qüvvələr, o cümlədən, dünya erməniləri tərəfindən ciddi qısqanclıqla qarşılanır. Həmin qüvvələr Azərbaycanın başçılıq etdiyi enerji və nəqliyyat layihələrinin reallaşmasına ciddi şəkildə əngəl törətməyə  çalışsalar da, buna müyəssər olmayıblar”.
 
BƏXTİYAR

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8829
GEL 1 1 Gürcüstan larisi 0.573
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1791
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1738
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.5993
TRY 1 1 Türkiyə lirəsi 0.289