• şənbə, 20 Aprel, 10:53
  • Baku Bakı 14°C

Hər bir vətəndaş öz məsuliyyətini dərk etsəydi...

01.07.20 20:02 770
Hər bir vətəndaş öz məsuliyyətini dərk etsəydi...
"Bu tədbirlərinin yalnız bir məqsədi var - Azərbaycan vətəndaşının sağlamlığı”

Artıq ciddi karantin rejiminin tətbiqindən 12 gün keçib. Nəticədə şəhər üzrə mobilliyin və ictimai nəqliyyatdan istifadənin nisbətən aşağı düşməsi müşahidə edilir. Üstəlik, maska taxanların sayında da xeyli artımı görürük. Əhalinin daha çox evdə qalması, kütləvi toplantıların, gəzintilərin olmaması, insanlar arasında yaxın təmasların kəskin azalması nəticəsində növbəti günlərdə vəziyyətin nisbətən yaxşılaşması və müsbət dinamikanın əldə olunması gözlənilir.
Lakin insanları yoluxma sayının hər gün 500-ü keçməsi narahat edir. Bu səbəbdən sərtləşmənin heç bir rol oynamadığını iddia edirlər. TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva mətbuat konfransında bildirdi ki, əgər sərtləşmə olmasa, 500-ün çox üstündə rəqəmlərlə rastlaşa bilərdik: "Karantin öz nəticəsini verir. Görürük ki, yoluxmaların sayı stabilləşib. Yoluxma 500-ün üstü olsa da, biz daha çox yoluxmanın qarşısını almışıq”.
Lakin qaydalara riayət edənlərlə yanaşı, xəstəliyə hələ də inanmayanlar, sosial məsafəyə əməl etməyənlər və maska taxmayanlar da az deyil. Bəs bununla necə mübarizə aparaq? Cərimələrin sərtləşdirilməsi bu problemi həll edəcəkmi?
Millət vəkili Tamam Cəfərova deyir ki, hamı - cinsindən, mənsubiyyətindən, statusundan asılı olmayaraq, bu işdə səfərbər olmalı, qoyulan qaydalara, verilən qərarlara birmənalı olaraq əməl etməlidir: "Cənab Prezident qeyd etdi ki, pandemiya ilə mübarizə, vətəndaşların sağlamlığının qorunması milli təhlükəsizlik məsələsidir. Heç kimə imkan verilməyəcək ki, milli təhlükəsizliyimizi öz məsuliyyətsizliyi ilə təhdid etsin. Son vaxtlar ölkəmizdə də koronavirus infeksiyasına tutulanların sayında xeyli atım baş verib. Bunun əsas səbəbləri epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə ciddi riayət edilməməsi, hətta bir sıra hallarda etinasızlıq göstərilməsidir. Bir qrup insanlar hələ də pandemiyanın törədə biləcəyi bəşəri fəlakətin fərqində deyillər. Halbuki, bu gün pandemiya ilə mübarizəni III dünya müharibəsi adlandırılar. Məsuliyyətsiz insanlar təkcə özlərinin deyil, ətrafdakıların da həyatını təhlükəyə atırlar. Onların buna haqqı yoxdur. Ən müxtəlif səviyyələrdə bu etinasızlıq pislənilsə də, nəticəsinin ağır olacağı deyilsə də, ümumi mənzərə ürəkaçan deyil. Nəinki ictimai qınaq, hətta tətbiq olunan cərimələr belə, bəzi insanların məsuliyyət hissinə təsir etmir. Belə olan təqdirdə, İnzibati Xətalar məcəlləsinə edilən son dəyişiklik "reallıqdan doğdu” desək, tam yerinə düşər”.
Cərimələrin sərtləşdirilməsi ilə bağlı sosial şəbəkələrdə narazılıqlara münasibət bildirən deputat bildirdi ki, əgər hər kəs məsuliyyətini dərk etsə, belə tədbirlərə ehtiyac qalmaz: "Müəyyən qüvvələrin alətinə çevrilən bəzi sosial şəbəkə istifadəçiləri, cərimələrin sərtləşdirilməsinə müxtəlif don geyindirməyə çalışırlar. Onlara sadə bir sualım var: qoruyucu maska taxan, qanuni icazə metodlarından istifadə edən, sosial məsafə qaydalarını gözləyən hansı vətəndaş indiyə qədər cərimələrə məruz qalıb? 30 qəpiyinə qıymayan və ya qaydaları saya salmayan istənilən vətəndaş qanuna müvafiq qaydada cəzalandırılmalıdır. Hamı - cinsindən, mənsubiyyətindən, statusundan asılı olmayaraq, bu işdə səfərbər olmalı, qoyulan qaydalara, verilən qərarlara birmənalı olaraq əməl etməlidir. Əməl etməyənlər bilməlidir ki, onları daha sərt cərimələr gözləyir. Bu da effekt verməsə, digər inzibati metodlardan istifadə gündəmə gələ bilər. Təəssüf olsun ki, bütün bunlar məcburiyyətdən doğur. Hər bir vətəndaş öz məsuliyyətini dərk etsəydi, bu tip tədbirlərə də ehtiyac olmayacaqdı. Bəzi insanların davranışı, dövlətin onlara olan münasibətinə qətiyyən adekvat deyil. Cənab Prezidentin qeyd etdiyi kimi, dövlət virusla mübarizədə nə etmək mümkündürsə, hər şeyi edib və etməkdə davam edir. Ancaq dövlət tərəfindən atılmış addımlar, əgər kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənməsə, bunun xeyri olmayacaq. Dəstək isə nədən ibarətdir? Sadəcə olaraq, üç adi qaydanı gözləmək, buna əməl etmək və məsuliyyət, nizam-intizam göstərmək. Vətəndaşlarımızı bu qaydalara riayət etməyə, daha məsuliyyətli, nizam-intizamlı olmağa çağırıram. Gəlin birlik, həmrəylik nümayiş etdirək, bu çətin günlərdə dövlətimizin yanında olaq. Ancaq birlikdə bu bəlaya qalib gələ bilərik. Bir şeyi unutmayaq, bu tədbirlərinin yalnız bir məqsədi var - Azərbaycan vətəndaşının sağlamlığı".
Amerikada yaşayan həkim, professor Nərgiz Muğanlinskaya bizimlə söhbətində bildirdi ki, bütün dünyada, eləcə də Amerikada tətbiq edilən karantin rejiminin tətbiqi olduqca vacib bir məsələdir: "Başa düşüləndir ki, karantin şəraitində yaşamağa məcbur olan insanlar stress və depressiyaya məruz qalırlar. Lakin burada mütləq anlamaq lazımdır ki, karantinin əsas məqsədlərindən biri də birdən-birə çox adamın xəstələnməsinə mane olmaqla, resursların çatışmazlığının qarşısının alınmasıdır. Praktiki olaraq, hər bir yeni xəstəliyə nə qədər gec yoluxsan, o qədər yaxşıdır. Çünki vaxt keçdikcə hər bir xəstəliyin müalicəsi aşkar olunur və çarəsi tapılır. İlk mərhələdə yoluxanlar isə çox əziyyət çəkirlər. Biz bunu 80-ci illərdə, QİÇS virusu təzə aşkar olunanda müşahidə etdik. Əvvəllər həmin virusdan çox adam ölüb. İndi isə vəziyyət tam başqadır, çünki müalicə üsulları və dərmanlar artıq bəllidir. Həmin dövrdə ümidsiz hesab olunan xəstələr indiki dövrdə sağlam insanlar qədər yaşamaq imkanına malikdirlər. Bu, koronavirusa da aiddir, çalışın ki, özünüzü qoruyun, sağlam qalın. Xəstələnmək qismətinizdirsə, mümkün qədər gec xəstələnin, çünki gələcəkdə bu xəstəlik üçün də müalicə çətin olmayacaq. Ona görə də səbir etmək lazımdır”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər