Hekayəni danışmaq üçün uyğun tonu tapmaq xeyli vaxt alır

Hekayəni danışmaq üçün uyğun tonu tapmaq xeyli vaxt alır

02 May 2016, 10:10 1272

Adam hər gün eyni bara gəlir, mümkün olarsa, eyni yerdə oturub, yazıb gedərdi və bir gün barmenin stolunda adamın kitabları nümayiş olunmağa başladı. Patrik De Uit olmağa gedən yol əslində bu qədər sadədir. Sonralar onun bar marağını 3 kitab və yaxşı karyera üfüqləri əvəzləyib: "Bəzən elə gün olurdu ki, işə gedəsi olmurdum, sadəcə hardasa içməkdən başqa heç nəyə həvəs olmurdu… Hamının həyat yolunda müəyyən qədər şans vardır, hamının uğur yolunda əvvəlcə hiss etmədiyi bir dönüş nöqtəsi. Mən sadəcə həmin dönüş nöqtələrini və şanslı anları necə hiss etdim və zamana buraxmadan dəyərləndirdim”.

40 yaşlı yazıçı Patrik De Uit əslən kanadalıdır, Vankuver adalarında dünyaya göz açıb. Hazırda Portlandda yaşayır. Üç qardaşın ortancılı olan Patrikin uşaqlığı Şimali Amerikanın qərb sahillərində qışı-yayı ayrı-ayrı yerlərdə yaşamaqla keçib. O, atasını belə təsvir edir: "Dünyada ədəbiyyatla sağalan neçə adam var bilmirəm. Amma atam Jack Kerouakın "Yolda” ("On the road”) əsərini oxumaqla sağalmış insandır”. Atasının ədəbiyyat və təbiətlə bağı, Kanadanın sıldırım qayalı təbiətinə olan vurğunluğu onları Kaliforniyaya gətirir.

Ömrünün böyük bir hissəsini Kaliforniya sahillərində keçirən Patrik 2009-cu ilə kimi bütün ömrünü nə zamansa yazar olmağın xəyalı ilə keçirib. Qısa hekayələri, novellaları ilə bir dövrün sevilən ədiblərindən olan Uit "Dəstəmaz” ("Ablution”) əsəri ilə birgə ciddi şəkildə ədəbi karyera qurmağın izinə düşür. Özü bu romanı sadəcə yazmaq xətrinə yazdığını iddia etsə də, bu onun üçün yolun başlanğıcı olur. Elə həmin il adıçəkilən əsər "Nyu-York Taymz redaktorlarının seçilmiş əsəri” olur. İki il sonra isə Uiti dünya ədəbiyyatına tanıdan "Bacılar” (The Sisters Brothers”) əsəri işıq üzü görür. Əsər həmin il "Man Booker” mükafatının uzun siyahısına düşür, "Scotiabank Giller” və "Roger Writer’s Trust Fiction” mükafatlarına layiq görülür. Lakin mükafatlar bununla bitmir növbəti əsərə kimi Patrik dəfələrlə müxtəlif qurumların ayrı-ayrı nominasiyaları üzrə mükafata layiq görülür. Əsəri "Booker”ə namizəd göstərilən Patrik münsiflər heyətinin açıqladığı "ən oxunaqlı əsərlərin yer alacağı qısa siyahı” elanındakı oxunaqlı sözünü sərt tənqid etmiş və bununla da mətbuatın gündəminə gəlmişdi. Onun son romanı "Kahinin idarəsinin yanındakı azlıq” 2015-ci ildə işıq üzü görüb.

- Sizin üçün "Man Booker”in uzun siyahısına düşmək nə deməkdir? Nə ifadə edir?

- Bunun mənasını hələ başa düşmürəm. Belə şeylər mənə çox uzaqdır. Mən hərdən alçaqkönüllü, hərdən qürurlu, hərdən hər şeyə laqeydəm, odur ki, xoşluq naminə edilən bu tip şeylər mənə hərdən ürəkbulandırıcı gəlir. Mən başqalarının belə siyahılara düşmədikdə boşa keçdiyini düşündüyü yazaraq keçən illəri həyatımın ən əyləncəli zamanları hesab edirəm.

- "Bacılar” əsərindən danışaq... Qərbli kimi düşünə bilirdinizmi bunu yazanda?

- Müəyyən yerlərdə mən ümumilikdə bu hekayət haqqında qərbli kimi düşünməyə çalışmışam, xüsusilə də, qərbliləri oxumayan oxucularım üçün. Sonralar bunun doğru düşünülmüş addım olduğunu gördük. Amma mənim qəhrəmanlarım kimi düşünərək yazmağım Qərbi bilənlər, görənlər üçün də çox xoş olmuşdu. Qərbin folklorunu və mənim bəzi əskiklərlə qələmə aldığım hekayələrini məndən yaxşı bilirdilər, təbii ki.

- Əsərin qəhrəmanları olan qardaşlar bir-birlərindən tamamilə fərqlidir. Onlardan biri Eli pəhrizə başlayır və qardaşı Çarlinin kobudluğu üçün hamıya üzrxahlıq edir. Onlar həyatın vəhşi yırtmaclarından necə xilas olurlar?

- Belə görünür ki, qarşılıq mübarizədə bir-birlərinə olan hikkələri yorulur, soyuyur.

- Necə fikirləşirsiniz, həqiqətənmi şiddətin və zorakılığın xüsusi – Amerikan növü deyə bir növü var?

- Məncə, çağdaş dünyada zorakılıq, şiddət həm mahiyyət, həm forma baxımından çox inkişaf edib. Artıq dünyanın yarıdan çoxunda şiddətin xüsusi forması var, onun maşalarını geyimlərindən belə tanımaq olur, ən azından iri şəhərlərdə vəziyyət belədir. Amma "Qardaşlar, bacılar”dakı hadisələrin baş verdiyi dönəmlərdə Amerikan şiddəti deyə, fərqləndirdiyimiz xüsusi növ daha küt və birbaşa idi, hansısa formadan, formuladan, xüsusilikdən xali idi.

- Kitabınızda çoxlu məşhur adlar verilmiş qəhrəmanlar var. Yaratdığınız obrazlar sahib olduqları adın haqqını verə bildilərmi?

- Adlar mənim üçün əsərdəki ən çətin hissədir. İnsanı orbitindən çıxarır. Hansısa bir obraz üzərində mərkəzləşməyə çalışdıqca, beynimdə o məşhur sualla dolaşıram – Ad? Ad? Ad? Çox vaxt ağlıma o an gələn adamın adını verirəm. Bədbəxtlikdən bu həmişə eyni sürətlə baş vermir, bəzən bütün əsər boyu ad düşünməli oluram. Uyğun ad beynimə gəlirsə, gəlir, gəlmirsə, iş tamamilə bitdikdən sonra bir müddət adları dəyişməklə məşğul oluram. Məsələn, Murrey Mulçer (Murray Mulcher) bağçadakı qazonbiçən aparatın modeli ilə, markasının uyğunlaşdırılmasından yaranıb.

- İndi nə yazırsınız?

- Hazırda yeni roman üzərində işləyirəm. Fransaya sürgündən tutmuş bir çox uğursuz işlərin, dələduzluq işlərinin müəllifi kimi tanınan əmlak məsləhətçisinin Nyu-York macərasından bəhs edən bir hekayədir. Amma hələ də ona ad verə bilməmişəm, bu da bayaq dediyim kimi məni dəli edir.

- "Kahinin idarəsi altındakı azlıq” və "Bacılar” üçün xüsusi qeydlər aparmağa, siyahı tutmağa ehtiyacınız olmuşdumu?

- Rəsmən dəstəmaz mərhələsi kimidir. Hekayəni danışmaq üçün uyğun tonu, ritmi, emosiyanı tapmaq onsuz da xeyli vaxt alır. Bir də bu qeydlərlə əlləşməli olursan. O zaman paralel olaraq, barda işləyirdim. Daha çox orada qeydlər aparırdım. Sonra başlayırdı, qeydləri sahmana salmaq mərhələsi, İşarə əvəzliklərinin belə başımı dərdə saldığı zamanlar olub. Yenə "Bacılar, qardaşlar” bu baxımdan bir qədər yüngül keçib, digər əsərdə işlər daha çətin olmuşdu.

- Yaranan çətinlik birinci əsərdən sonra qazandığınız uğurdan qaynaqlanırdı?

- Nədənsə hamı adətən buna yaxın suallar verir – "Uğur qazanan kitabın müəllifi kimi tanındıqdan sonra üzərinizdə xüsusi basqı, təzyiq hiss edirsinizmi?”. Halbuki mən ümumiyyətlə insanların şəxsim və fəaliyyətim haqqında nə düşündüklərini və nə danışdıqlarını önəmsəmirdim. Hər şey bir gün və qəfildən baş verdi, üzərimdə inanılmaz məsuliyyət hiss etdim – bilmədən həyati bir məsələdə söz vermiş kimi. Amma bunu kimsə mənə hiss etdirdi? Qətiyyən. Bu iş otağımda sıradan günlərdən biri idi. Bir səhifəni 10-15 dəfə yazandan sonra hiss etdim ki, mən bu yazdığımın əvvəlkindən yaxşı olması üçün əlləşirdim. Niyə? İctimai utanc yaşamayım deyə. Eşitmədiyim, duymadığım düşüncələr belə məni qeyri-ixtiyari struktur içinə sala bilmişdi.

- Bu müəyyən mənada da limitləmə deyilmi?

- Düşünmürəm ki, o qədər də dərindir. Məsələn, mən heç vaxt fikrimdə tutduğum bir şeyi "oxucu nə deyər?”, "bəlkə, bu fikir bəyənilməz?”, "insanları narazı salar” deyə yazmaqdan imtina etməmişəm. Bəli, bu hardasa bütün yazarların müəyyən mənada nəzərə aldıqları cəhətdir. Amma yazarı idarə edəcək həddə çatmasına imkan verməmək lazımdır.

- "Bacılar” "Man Booker” mükafatına namizəd göstəriləndə mətbuatda gedən müzakirələri izləyirdinizmi?

- Oxunaqlılıqla bağlı çıxan skandalı nəzərdə tutursunuz? İnana bilməzsiniz ki, nə qədər könülbulandırıcı söhbətlər yayıldı onda, mən də bir daha başa düşdüm ki, sirk sevən bir çevrədə bunlar olduqca normal qarşılanmalıdır. Öz əsərinin də qatıldığı bir mükafat fondunun prinsiplərini tənqid etmək bəlkə də bir çox yazıçı üçün qəribədir. Bu heç də yaxşı hiss deyil. Hətta deyərdim ki, əgər mən inanmadığım bir əsərlə bu siyahıya düşmüş olsaydım, özümü narahat və gərgin hiss edərdim. Amma orada məsələ sadə bir sözdən çıxmışdı – oxunaqlılıq. Kölgəsində dincəlmək üçün yaranmış söz.

- Ədəbiyyatın "qəbuledilən” olmalı olduğu fikri ilə razılaşırsınızmı?

- Müəyyən mənada. Amma bir məsələ də var ki, əgər bütün bu yüzilliklər boyu yazarlar bu fikrin doğruluğuna inanmış olsaydılar, bəlkə də ədəbiyyatın ən nəhəng əsərləri meydana gəlməzdi. Bəzən cəmiyyətin qəbul etmədiyi xarakterləri də yazıya gətirmək lazımdır. Bütün əsərlərin qəhrəmanları kollec, universitet bitirmiş insanlar ola bilərmi, əsla. Ədəbiyyat qumarbazı da, əxlaqsızı da, oğrunu da təsvir etməyi bacarmalıdır. Mən iddia etmirəm ki, cəmiyyətin qətiyyən qəbul etmədiyi şeyləri ədəbiyyat vasitəsilə sırımaq lazımdır. Sadəcə bəzən bütün bir əsərin əbədiyaşarlığını belə gündəlik həyatımızda qəbul etmədiyimiz obrazlar təmin edir.

İngilis dilindən tərcümə edən: Elcan SALMANQIZI

P.S. Məqalədə "whitereview”, "granta.com” və "guardian.co.uk” internet səhifələrinin materiallarından istifadə edilmişdir.