• cümə, 19 Aprel, 12:03
  • Baku Bakı 25°C

Hans Kristian Andersondan hekayə

29.02.16 09:39 1134
Hans Kristian Andersondan hekayə
Mələk
“Balaca bir uşaq öləndə Allahın mələyi göydən yerə enir, ölmüş uşağı qolları arasına alır, böyük, ağ qanadlarını açıb uşağın həyatı boyunca sevdiyi bütün yerlərin üstündən uçur. Sonra mələk bir dəstə çiçək toplayır ki, qüdrətli Allaha aparsın. Bu güllər yerə nisbətən göydə daha yaxşı çiçək açırlar. Qüdrətli Allah da bütün çiçəkləri sinəsinə sıxır, ancaq ən çox xoşuna gələn gülü öpür, bu gülə səs verir, o xoşbəxtlik xorunun mahnısına qoşulur”.
Bu sözləri Allahın mələyi ölmüş uşağı göyə aparanda deyirdi, uşaq da mələyin sözlərinə yuxu kimi qulaq asırdı. Sonra onlar uşağın bir vaxtlar oynadığı yerlərdən, gözəl çiçəklərlə dolu bağların üstündən uçub getdilər.
-Biz bu güllərdən hansı birini özümüzlə göyə aparıb orda əkək?- mələk uşaqdan soruşdu.
Yaxınlıqda bir gözəl, zərif qızılgül kolu var idi, ancaq hansısa dəcəl uşaq onun gövdəsini qırmışdı, qızılgül qönçələri solub kolun üstündə qalmışdı.
-Yazıq qızılgül kolu,- uşaq dedi. – Gəl bu gülü özümüzlə göyə aparaq, orda çiçək açar.
Mələk uşağın sözünə əməl edib həmin qızılgül kolunu götürdü, sonra o uşağı öpdü. Balaca uşaq göz qapaqlarını azca qaldırdı. Mələk bir neçə gözəl güllərdən də yığdı, eləcə də, qaymaqçiçəklərindən. alabəzək bənövşələrdən də topladı.
-İndi bizim kifayət qədər güllərimiz var,- uşaq dedi.
Mələk uşağın sözlərinə başını tərpətməklə cavab verdi, o daha göyə qalxmadı.
Gecə idi, böyük şəhərdə çox sakitlik idi. Onlar bu şəhərdə qaldılar, mələk balaca, dar küçənin üstündən uçdu. Bu küçədə bir topa saman, kül qalağı, adamların evlərindən süpürüb çıxartdıqları zir-zibil vardı. Burda boşqab qırıqları, cır-cındır, suvaq hissələri, köhnə şlyapalar, başqa bu kimi xoşagəlməz şeylər vardı. Bu qədər zir-zibilin işində mələk sınmış gül dibçəyini , onun içindəki daşlaşmış torpağı göstərdi, zir-zibilin içinə atılmış qurumuş çöl çiçəyinin kökləri dibçəkdki torpağı dağılmağa qoymamışdı.
-Biz bunu da özümüzlə apacağıq,- mələk dedi.- Səbəbini göydə bir yerdə uçanda deyərəm.
Onlar göyə uçanda mələk hekayəni danışdı.
-Həmin dar küçədə, zirzəmidə xəstə bir uşaq yaşayırdı. O doğulandan xəstə idi. Ən yaxşı halda o əl ağacının köməyi ilə otaqda bir -iki dəfə o baş bu başa gedə bilirdi, artıq yox. Yayın bəzi günlərində günəş şüaları yarım saat zirzəmiyə düşürdü. Bu vaxt yazıq , xəstə uşaq gün işığında qızınır, əllərini üzünə tutanda barmaqlarının qırmızı damarlarına baxırdı. O deyirdi ki, qonşunun oğlu fıstıq ağacnın bir yaşıl budağını ona gətirənə qədər o yaşıl meşədə nələrin bitməsindən xəbərsizmiş. Günəş şəfəq saçanda o həmin yaşıl budağı başına qoyar, özünü fıstıq meşəsində təsəvvür edər, xəyalən quşların şən nəğməsini eşidirdi. Bir gün qonşunun oğlu uşağa bir neçə çöl çiçəkləri gətirdi. Bu güllərdən biri köklü idi. Xəstə uşaq bu köklü çöl çiçəyini dibçəkdə əkdi, çarpayısının yanındakı pəncərənin qabağına qoydu. Bu çöl çiçəyini “uğurlu əl” sahibi əkmişdi, o böyüdü, qol –budaq atdı, hər il çiçəklədi. Dibçəkdəki çöl çiçəyi bu xəstə uşaq üçün sanki bir gülüstan, onun yer üzündəki xəzinəsi idi. Uşaq çiçəyi sulayır, ona nəvaziş göstərir, qulluq edir, çalışırdı ki, səhərdən gün batana qədər yol tapıb zirzəmiyə düşən günəş şüalarından lazımınca yararlansn.
Çöl çiçəyi uşağın yuxularında da onunla idi, bu çiçək yuxuda çiçək açır, çiçəklərinin ətri ətrafı bürüyürdü. Bu çiçək onun gözlərini sevindirirdi, hətta öləndə də, Allah uşağı öz yanına aparanda da uşaq çöl çiçəyinə döndü. Bu uşaq bir ildir ki, Allahın yanındadır. Bu bir il ərzində uşağın dibçəyi pəncərənin qabağında qaldı. Onu unutmuşdular, o qurumuşdu. Bir də onlar kiraydə qaldığı zirzəmidən çıxanda o dibçəyi də götürüb zibilliyə atdılar.
Gül buketimizə əlavə ediyimiz bu bu yazıq çöl çiçəyi də gördüyün kimi solub, quruyub. Kraliçanın bağındakı ən gözəl güldən də gözəl ətri vardı bu çöl çiçəyinin.
-Bəs sən bütün bunları hardan bilirsən? – mələyin qolları arasında göylərə apardığı uşaq soruşdu.
-Çox yaxşı bilirəm,- mələk dedi.- Çünki əl ağacına söykənib otaqda hərəkət edən həmin kasıb, xəstə uşaq mən özüməm, mən özümün çiçəyimi çox yaxşı tanıyıram.
Bu vaxt uşaq gözlərini açdı, mələyin çox gözəl, xoşbəxt sifətinə baxdı. Həmin vaxt onların hər ikisi xoşbəxtliyin və sevincin olduğu yerdə hiss etdilər özlərini.
Allah ölmüş uşağı sinəsinə sıxdı, ona qanad verdi ki, mələklə birlikdə, əl-ələ uça bilsin. Sonra qüdrətli Allah bütün gülləri sinəsinə sıxdı, yalnız solmuş, qurumuş çöl çiçəyini öpdü, bu çiçəyə səs verdi. Bu səs mahnı oxuyan mələklərin səsinə qoşuldu. Onların hamısı xoşbəxt idi. Onlar xorla oxuyurdular, bir vaxt dar, qaranlıq küçədəki zibillikdə olan solmuş, qurumuş çöl çiçəyi, xoşbəxt uşaq da onlara qoşulmuşdu.
Kibritsatan balaca qız
Hava çox soyuq idi, dəhşətli dərəcədə soyuq. Demək olar ki, hava artıq qaralmışdı, axşam idi- ilin son axşamı. Belə bir soyuq havada, qaranlıqda küçə boyunca balaca, kasıb bir qız gedirdi. Başıaçıq, ayaqyalın. Düzdür, o evdən çıxanda ayağında ev başmaqları vardı, ancaq nə olsun ki? Başmaqların ona heç bir xeyri yox idi, onlar qızın ayağına çox böyük idi, bu vaxtacan o başmaqları anası geymişdi. İki vaqon sürətlə gəlib yanından keçəndə qız ayaqlarını yerə sürtə-sürtə qaçdı, bu vaxt başmaqları da ayağından çıxdı.
Başmaqlarının bir tayını heç yerdə tapa bilmədi, o biri tayını isə balaca bir uşaq götürüb qaçdı. O balaca uşaq fikirləşdi ki, nə vaxtsa özünün uşaqları olanda bu başmaqdan beşik kimi istifadə edə bilər. Beləliklə, balaca qızın kiçik ayaqları yalın qaldı. Onun ayaqları soyuqdan gömgöy göyərmişdi. Yaxasına taxdığı köhnə önlüyün içində çoxlu kibrit dənələri vardı, o kibrit dənələrinin bir topasını əlində tutmuşdu. Gün ərzində heç kim ondan kibrit dənəsi almamışdı, heç kim ona bir qəpik verməmişdi.
O, balaca, yazıq, kasıb qız sanki kədər şəkliydi. Soyuqdan donur, acından ölürdü.
Onun boynuna dağılan qıvrım sarışın saçları qarla örtülmüşdü. O heç vaxt saçının gözəl olması haqda fikirləşməmişdi. Bütün evlərin pəncərələrində şam işıqları sayrışırdı, qızardılmış qaz iyi ətrafı bürümüşdü. Çünki yeni il gecəci idi.
Balaca qız iki binanın arasındakı küncdə oturdu. Balaca ayaqlarını altına yığsa da getdikcə daha çox üşüyürdü . Evlərinə getməyə risk etmirdi, çünki gün ərzində heç nə satmamışdı, evə aparmağa bir qəpiyi də yox idi. Heç nə satmadığına görə atası onu döyəcəkdi. Bir tərəfdən də, evləri də soyuq idi. Evlərinin damının dəlmə- deşiklərini saman və cır-cındırla tutsalar da, yenə də küləyin vıyıltısından evdə oturmaq olmurdu.
Onun balaca əlləri soyuqdan qurumuşdu. Ah, əgər o cürət edib əlində tutduğu kibrit dənələri topasından bircəciyini divara çəkib yandırsaydı, əlini qızdıra bilsəydu...Bircə kibrit dənəsi ona bir dünya rahatlıq bəxş edə bilərdi.
O bir kibrit dənəsini götürdü, divara sürtüb yandırdı. “Çırt” - kibrit dənəsi alışdı. Ah, necə də yanırdı! İsti, parlaq alov dilimləri... Əllərini alovun üstündə tutanda lap şama bənzəyirdi. Bu vaxt balaca qıza elə gəlirdi ki, o böyük, dəmir sobanın qırağında oturub. Kibrit dənəsi elə gözəl yanırdı ki...Balaca qız ayaqlarını da irəli uzadıb qızdırmaq istəyəndə alovlar söndü, “soba” yox oldu. Yalnız yanmış kibrit dənəsinin qalıqları qalmışdı.
O başqa bir kibrit dənəsini də divara sürtüb yandırdı. Kibrir dənəsi şam kimi şölələndi, onun işığı düvara düşəndə sanki divar şəffaf oldu, şüşə kimi, qız sanki evin içini görə bilirdi. Otaqda, stolun üstünə qar kimi ağappaq süfrə sərilmiş, farfor boşqablar düzülmüşdü. İçi alma və quru gavalıyla doldurulmuş, qızardılmış qaz stolun üstündə buğlanırdı. Ən maraqlısı o idi ki, sinəsinə bıçaq və çəngəl taxılmış qaz boşqabdan tullanıb döşəməyə düşdü və tullana-tullana balaca qıza tərəf gəlməyə başlayanda kibrit söndü. Qaranlıqda qalın, rütubətli divardan başqa heç nə qalmadı. Qız başqa kibrit dənəsini də yandırdı. İndi ona elə gəlirdi ki, o əzəmətli, gözəl yolkanın altında oturub. Bu yolka ağacı varlı tacırin evindəki yolkadan da daha gözəl bəzənmişdi. Balaca qız tacirin evinin şüşə qapısından görmüşdü bu yolkanı.
Yolkanın yaşıl budaqlarında minlərlə kiçik işıqlar yanır, budaqlardan rəngli şəkillər asılmışdı. Balaca qız bu cür yolkanı yalnız mağazaların vitrinlərində görmüşdü. Balaca qız əllərini yolkaya tərəf uzatmaq istəyirdi ki, kibrit söndü. Yolka ağacının işıqları yuxarı, lap yuxarı qalxdı, indi qız onları səmadakı ulduzlar kimi görürdü. Bu ulduzlardan biri arxasıyca alovlu iz buraxaraq düşdü.
“Kimsə öldü” – balaca qız dedi. Nənəsi, bu dünyada balaca qızı sevən yeganə insan həmişə deyərdi ki, ulduz uçanda kimsə göyə, Allahın yanına qalxır. İndi nənəsi bu dünyada yox idi.
Balaca qız divara başqa bir kibrit dənəsi də sürtdü . Yenə də ətraf işıqlandı, bu işıqda qız nənəsini gördü. Nənəsinin üzündən nur yağırdı, “nənə!” deyib qışqırdı balaca qız . “Nənə. məni də öz yanına apar! Kibrit sönən kimi sən də yox olub gedəcəksən, isti soba kimi, qızardılmış qaz kimi, əzəmətli, gözəl yolka kimi yox olacaqsan! ”
Qız belə deyib bir topa kibrit dənəsini divara sürtdü, çünki o inanırdı ki, belə olsa nənəsi yanında çox qalacaq. Ah, kibrit dənələri elə alovlanırdı ki, sanki gün günortaydı. Nənəsi heç əvvəllər belə gözəl və hündür olmamışdı. O nəvəsini, balaca qızı götürdü, qolları arasına aldı. Hər ikisi birlikdə sevinclə göyə uçdular, lap yüksəkliyə. Göydə hava soyuq deyildi, aclıq, narahatlıq yox idi-onlar Allahın yanındaydı!
Dan yeri söküləndə məlum oldu ki, binaların küncündə qırmızı yanaqlı, təbəssümü dodaqlarında donub qalmış balaca qız ilin son gecəsində divara söykənili halda donub ölüb. O, əlindəki kibritlərlə birgə quru qaxaca dönmüşdü. “O qızınmaq istəyirmiş!” -onu görən adamlar dedi. Bu adamlardan heç biri bu balaca qızın son dəfə nələri gördüyündən xəbəri olmadı. Heç kimin ağlına da gəlmədi ki, bu balaca qız nənəsi ilə birlikdə yeni ilə necə qədəm basmışdı...
İngilis dilindən tərcümə edən: Sevil Gültən
banner

Oxşar Xəbərlər