• şənbə, 20 Aprel, 07:37
  • Baku Bakı 14°C

Girəvə

13.01.20 09:30 17789
Girəvə
Kinoteatrlarda "Çimərlikdəki gözəllər” filmi göstərilirdi. Tamaşaçı axınının ucu-bucağı görünmürdü. Bilet satışı başlamazdan xeyli qabaq kassalar önündə uzun növbələr yaranırdı.
Evində, ayağını ayağının üstünə aşıraraq, kresloda oturan Ziya rahatca qəzeti nəzərdən keçirirdi. Xanımı qəfil otağa girdi. Yeyib-yatmış, hələ də öz şıltaqlıqlarından qalmayan bu gözəl-göyçək xanım ərini daim nəzarət altında saxlayırdı. Hətta lazım biləndə və hədsiz qəzəblənəndə onun sir-sifətinə şapalaqlar da çəkirdi. Amma o da var ki, tez qızdığı kimi bu xanım tez soyumağı və ərindən üzr istəməyi də bacarırdı.
Ərinin gözünü qəzetdən ayırmadığını görən qadın əsəbi halda qəzeti onun əlindən çəkib alaraq, otağın o biri küncünə tulladı və deyindi:
- Bəsdir oxudun! Saat altıdır… Haydı, dur get ikinci seansa bilet al! Barı bu gün o filmə baxaq…
Sakit tövrlə xanımını süzən Ziya:
- Baş üstə, əzizim! Heç narahat olma, sən bu gün mütləq o filmə baxacaqsan. Amma bir hovur səbir elə, qoy bu yazını oxuyub bitirim, sonra maşınla gedib, düz beşcə dəqiqəyə o istədiyin biletləri alaram. Bir göz qırpımında bütün biletlər alınmayacaq ki?! - deyə bildi.
Elə əlini qəzetə uzatmaq istəyirdi ki, xanımının qəzəbli səsi yenə əsdi-gurladı:
- Əlini yığışdır görüm!.. Bilet almayınca, qəzet-məzet oxudu yoxdur!..
Bəli, bu yerdə Ziya artıq yanını kreslodan qaldırmağa məcbur oldu. Qaraja girib, maşını bayıra çıxartdı və bilet dalınca yollandı.
Adətən, Ziya kino seanslarına üç bilet alardı: özü, xanımı və qaynanası üçün. Bu səfər də kassaya yanaşınca əvvəlcə ona üç bilet verilməsini xahiş eləsə də, sonradan nə isə düşünüb, sözünə düzəliş verdi:
- Üzr istəyirəm! Dilim çaşdı… Dörd bilet verin…
Biletləri cibinə qoyan Ziya geriyə, dostunun evinə doğru yol aldı. Giriş qapısı qəhvəyi rəngə boyanan və üzərinə "Həkim Pukar” lövhəsi vurulan qapının önündə əyləcə basdı. Xəstəxanada işləyən və Ziyanın yaxın dostu sayılan həkim Pukar boş vaxtlarını ancaq qiraətə sərf edərdi. Həkimin xanımının və onlarla yaşayan bacısının da əylənməklə sən deyən arası yox idi və evdən bayıra elə də tez-tez çıxmazdılar. Ara-sıra öz ailə dostları saydıqları bizim Ziyagilə qonaq gələrdilər, vəssalam.
Ziyanın üzünə qapını həkim özü açdı. Əynində ev xələti olan həkim kandarda dostunu görüncə gülər üzlə onu içəri dəvət elədi, kresloda yer göstərdi.
Ziya:
- Həkim, nə var, nə yox? Nə işlə məşğulsunuz? – deyə maraqlandı.
O da cavabında:
- Elə bir məşğuliyyətim yoxdur, vallah. Evə təzəcə dönmüşəm, həm də yorğunam, - dedi. – Elə əyin-başımı təzəcə dəyişmişəm. Hazırlaşırdım özümçün bir az mürgü döyəm…
- Vay… Bəyəm indi yatmaq vaxtıdır?! Mən isə istəyirdim sizi kinoya dəvət edim… Evinizin xanımlarına deyin, geyinib-keçinsinlər. "Çimərlikdəki gözəllər” filminə güc-bəla ilə dörd dənə bilet tapmışam. Biz bir qonaq gözləyirdik, düşünmüşdük ki, elə onu da götürüb, kinoya gedərik. İş elə gətirdi ki, qonaq gələsi olmadı, xanımımın da vacib ev işləri var… Siz də yaxşı bilirsiniz ki, mən onsuz heç yana gedən deyiləm. Elə buna görə də əlimdəki bu dörd bilet az qala batır… İstəsəniz, sizi maşınımla kinoteatracan apara da bilərəm. Yox, əgər siz də getməkdən imtina etsəniz, onda bu biletlər tamam heyf olacaq…
Həkim elə ağzını açırdı ki, imtina üçün bir səbəb tapıb desin, xanımı ilə bacısı bir ağızdan Ziyanın təklifinə razılıq verdilər. Həkimin də daha əlacı kəsildi.
Ziya ona:
- Amma siz üç nəfərsiniz! Bilet isə dörd dənədir. Yəni biri artıqdır… - dedi.
Ani fikrə dalandan sonra Ziyanın ağlına maraqlı bir fikir gəldi:
- Bəlkə siz qulluqçunu da özünüzlə götürəsiniz? Sizin yerinizdə olsam, onu evdə qoymağa heç qıymaram. Axı, hər necə olsa, o da insandır, öz dünyası var onun da! Yəni özünüzlə kinoya aparmaqla, ona da sonsuz sevinc bəxş eləmiş olarsınız.
Ötəri fikrə gedən həkim gülümsədi:
- Yaxşı, nə deyirəm?! Qoy o da bizimlə getsin…
Həkimin xanımı əlüstü qulluqçunu səslədi:
- Suğra, tez əl-üzünə su vur, hazırlaş. Səni də kinoya aparacağıq…
Seansın başlamasına on dəqiqə qalmış Ziya həkimin ailəsini maşınla kinoteatr binasına çatdırdı. Biletləri onlara verəndən sonra sağollaşıb geri döndü.
Yolda öz-özünə fikirləşirdi ki: "Əcəb əla alındı. İndi həkimin evində heç kəsin olmadığı mənə gün kimi bəllidir. Və mən indi tam arxayınlıqla…”
Həkim son dərəcə mədəni, əsli-nəcabəti olan bir nəsildən idi, ədəbiyyata da dərin marağı vardı. Atasından ona xeyli sayda həm nadir, həm də qiymətli kitab miras qalmışdı. Bunların içində ən misilsizi isə Firdovsinin məşhur "Şahnamə”sinin xəttat tərəfindən köçürülmüş son dərəcə gözəl əlyazması sayılırdı. Üç yüzdən artıq səhifəsi olan bu kitabın hər səhifəsini qızıl suyu ilə işlənmiş ornamentlər bəzəyirdi. Hətta dahi Firdovsinin minillik yubileyi qeyd olunanda bir şərqşünas alim bu kitabın qarşılığında otuz min tümən təklif etsə də, həkim ailə yadigarı bu kitabı satmağa razılıq verməmişdi. Beləliklə, "Şahnamə” yenə də onun kitabxanasının əsl bəzəyi olaraq qalırdı. Oxumaq üçün ara-sıra kitabı əlinə alan həkim onu ancaq ən yaxın dostlarına göstərər və öyünərdi.
Bu kitabı hələ ilk dəfə görən Ziyanın ona gözü düşmüşdü və hələ o vaxt o, nəyin bahasına olursa-olsun, bu əlyazmanı ələ keçirmək fikrinə düşmüşdü. Amma həkimi inadından döndərmək də hər oğulun işi deyildi!
Həkimin evinin arxa qapısının açarını ələ keçirərək, ondan özünə yedək açar hazırlatdıran Ziya kitabı çırpışdırmaq üçün uyğun bir fürsət gözləyirdi. Kitaba olan tamahı isə gündən-günə şölələnirdi. Bu səhər də xanımı onu zor-bəla bilet dalınca göndərəndə Ziya, oğurluq üçün əsl girəvənin yetişdiyini qət etmişdi. Əlbəttə ki, kinoteatrdan evə dönən həkimin həmin dəqiqə kitab şkafını açıb, "Şahnamə”nin orada olub-olmamasını yoxlayacağını zənn eləmək əsl avamlıq olardı. Lap deyək ki, həkim sevimli kitabının orada olmadığını görsəydi belə, hansı əsasla o, bu oğurluğa görə məhz Ziyadan şübhələnəcəkdi ki?! Əvvəla, Ziya illər uzunu onun dərin etibarını qazanmışdı, ikincisi də, onun yaxın dostu sayılırdı. Hətta həkimin ürəyinə buna bənzər şübhə toxumları düşsəydi belə, o, öz şübhələrini hansı dəlillərlə sübuta yetirə bilərdi?!
Nə isə, Ziyanın beynində ard-arda minlərlə yeni fikir doğurdu. Onun başı bu fikirlərdən az qala çatlamaq həddinə çatmışdı. Amma bu, nankorluq idi! Dəhşət idi!.. Bir ara onun rəngi avazıdı, dili-dodağı təpidi, köynəyinin boğazı sanki durduğu yerdəcə qəfildən daraldı. Əlləri elə aşkar əsməyə başladı ki, maşının sükanına çətinliklə hakim ola bildi. Birtəhər özünü ələ alaraq, həkimin yaşadığı evə qədər gəldi.
O həndəvərdə gəzib-dolaşanlar hələ ki çox idi. İndi Ziya ona dikilən hər baxışdan ehtiyatlanırdı. Ona elə gəlirdi ki, bu baxışların sahibləri onun qara niyyətindən xəbərdardırlar və günü sabah durub polis şöbəsinə gedərək, müttəhimi filan yerdə və filan saatda gördüklərini xəbərləyəcəklər. Bir neçə dəfə qapıya yanaşsa da, cürəti yetmədiyindən o yenidən geriyə, maşınına döndü. Hətta bir ara içində yuxuya gedən dürüst adam baş da qaldırdı, onu belə iyrənc istəklərinə görə acıladı və bunun ardınca Ziya öz axmaq planından əl çəkib, sükan arxasına keçdi və maşını sürüb, yaxınlıqdakı prospektə çıxdı. Amma daha sonra haraya üz tutacağını kəsdirə bilmədiyindən buradaca karıxıb qaldı. Hər nə qədər çətin olsa da, tanış-bilişə rast gəlməmək üçün indi o, hər cildə girməyə hazır idi.
Başqa heç nə barədə düşünə bilmirdi: qiymətli kitab bir an da gözlərinin önündən çəkilmirdi. İçində qaynayan tamah hissi yenidən ona güc gəlmişdi. Öz-özünə: "Əcəb ağciyər və çarəsizəmmiş! – deyərək saatına baxdı. - Gül kimi vaxtımı puç edirəm! Əlli dəqiqədən sonra seans bitəcək. Hardasa bir saata da həkimgil evə dönəcəklər. Nə qədər ki, vaxt var…”
Tez maşını işə salıb, həkimin evinə tərəf yol aldı. Bu səfər küçə əvvəlkinə nisbətən kimsəsiz və sakit görünürdü. Küçədə adda-budda gözə dəyən adamlardan da Ziya hər vəchlə üzünü gizlətməyə çalışırdı. Daha iyirmi dəqiqəni də tərəddüdlər məngənəsində keçirəndən sonra o, küçənin əməlli-başlı boşaldığının fərqinə vardı. Maşından çıxaraq, əvvəlcədən hazır saxladığı açarı titrəyən əlləriylə qapının kilidinə taxdı. Amma açarı bursa da, qapı açılmadı. O, açarı əks tərəfə burdu – yenə də bir şey çıxmadı. Açarı dartıb, kiliddən çıxarmağa çalışdı, bu səfər açar kiliddə ilişib qaldı. Var gücüylə dartsa da, həyəcandan bədənini soyuq tər yuyub aparsa da, heç nə alınmırdı. İş bu yerə çatanda o, ürək döyüntülərini səngitmək məqsədiylə işinə ara verməli oldu. Haradasa bir dəqiqə sonra təkrar işə girişdi. Bu dəfə kiliddə rahatca fırlanan açar qapını laybalay onun üzünə açdı.
Vaxt itirmədən otağa girən Ziya birbaşa kitabxanaya sarı yönəldi, rəfdəki dəri üzlü qalın cildi əlinə aldı, amma bu, ərəbcə bir kitab idi. Əsəbi halda onu döşəməyə tulazlayan Ziyanın ağlı bir an sonra üstünə gəldi, əyilib kitabı götürərək rəfdəki yerinə qoydu. Əgər o, qalan bütün kitabları beləcə ora-bura atsaydı, həkim evdə oğurluq olduğunu o dəqiqə anlayardı axı!
Ziyanın kitab şkafından çıxardığı ikinci kitab da onun həsrətində olduğu "Şahnamə” deyildi. Təxminən on beş kitaba baxmışdı ki, birdən aşağı mərtəbədəki qapı çırpıldı. Qorxudan rəngi dümağ ağaran Ziya çıxış qapısına tərəf cumdu. Lənət sənə kor şeytan! Sən demə, mənzilə girəndə onun açıq qoyduğu qapını külək çırpıbmış.
Saat səkkizə on yeddi dəqiqə qalırdı. Elə bil ki, saatın dəqiqələri yeldən qanad taxmışdı. Bu naxoş saatı və yeri lənətləyən Ziya yenidən kitabxanaya döndü və əlini atıb götürdüyü ilk kitab – bəxt gətirəndə gətirir də! – bayaqdan bəri aradığı o "Şahnamə” çıxdı. Bu qiymətli kitabı sinəsinə sıxaraq o, qaçıb evdən çıxdı və bayır qapını yaxşı-yaxşı kilidlədi.
Həkimin evindən bir qədər aralanandan sonra yenidən fikir dəryasına qərq oldu: "Yaxşı, indi bu kitabı neyləyəcəyən? Harada gizlədəcəyəm?”
Qəzet köşkünə çatınca, əyləcə basdı. Maşından enib, bir neçə qəzet aldı, kitabı səliqə ilə bu qəzetlərə bükdü. "Əvvəlcə bu bağlamanı birbaşa öz otağıma apararam, sabah isə hər halda bir çarə düşünüb-taparam…” - deyib, özünə ürək-dirək verdi.
Evə qayıdanda saat artıq doqquza üç dəqiqə işləmişdi. Maşını qaraja saldı, qəzetə bükülmüş bağlamanı qoltuğuna vurub, qapını döydü. Qapını açan tapılmadı. Ə-cə-əb işdir! Ziya bir də, həm də daha bərk qapını döyməli oldu. Ən nəhayət, əvvəlcə ayaq səsləri gəldi, sonra isə qapı üzünə açıldı və gözləri çönən arvadı kandarda peyda oldu:
- Nə olub yəni? Bəs bayaqdan haralarda itib-batmışdın?! İki saat yarımdır geyinib-oturmuşam, sənin yolunu gözləyirəm! Canın çıxardı zəng eləyib, bircə kəlmə söyləsəydin ki, daha səni gözləməyək?! Qapını da elə döyəcləyir ki, elə bil kimsə bunun qara xəbərini gətirib!
Xanımı əlini havaya qaldırdı ki, ona bir şapalaq ilişdirsin. Özünü bu zərbədən qorumağa çalışan Ziyanın qoltuğundakı kitab yerə düşdü. O, bağırdı:
- Buna toxunma, başqasınındır…
Xanımı tez əyilib kitabı yerdən qaldırdı:
- Ala sox gözünə başqasının malını, ay beyinsiz! - deyib, kitabı zərblə Ziyanın təpəsinə endirdi.
Zərbənin gücündən yerə sərələnən Ziyanın huşu başından çıxdı. Bir neçə dəqiqə lal-mat ərinin hərəkətsiz vücudunu seyr edən qadının ürəyini hər zamankı kimi, peşmançılıq hissi bürüdü. Əyilib, başını əlləri arasına almaqla, onu səslədi:
- Ziya… Ziya… Əzizim!
Amma kişi özünə gəlmək bilmirdi. Bunu görən qadın hönkürərək telefona tərəf cumdu.
Həkim Pukar elə qapıdan yenicə içəri girmişdi ki, telefon zəng çaldı:
- Cənab həkim, köməyə yetişin! Ərim huşunu itirib… Hər nə eləyirəmsə, özünə gəlmir…
Təxminən on dəqiqə sonra həkim öz dostunun mənzilində idi. İçəri girib, hələ də dəhlizdə huşsuz vəziyyətdə yatan Ziyanı müayinə edən həkimin nəzərləri dostunun yanında yerə düşən yarıaçıq bağlamaya sataşdı. Qəzetin arasından görünən kitabın qapağı ona yamanca tanış gəldi. Hə də! Bu ki onun sevimli "Şahnamə” kitabıdır!
Həkim Ziyanın xanımından:
- Hə, nə oldu axı buna belə? – deyə xəbər aldı.
- Nə bilim vallah?! Qapıdan girəndə qoltuğunda bu bağlama var idi. Elə onu deyə bildi ki, bu, bir başqasınındır.
Çaşqınlıq keçirən həkim çiyinlərini çəkdi. Sonra "Şahnamə” cildini əlinə alıb, dedi:
- Xanım, bu kitab həqiqətən də başqasınındır və daha dəqiq desəm, şəxsən mənə məxsusdur. Odur ki, onu elə özümlə də aparacağam… O ki, qaldı ərinizə, onun vəziyyətində qorxası heç nə yoxdur… Əgər iki-üç dəqiqəyə özünə gəlməsə, onda başqa bir həkim çağırarsınız. Mən isə buradan nə qədər tez getsəm, bir o qədər yaxşıdır. Yoxsa mən burada olduğum müddətcə o, hələm-hələm özünə gəlməyəcək!..
Əbülqasim Halət
Dilimizə çevirdi – Azad Yaşar

banner

Oxşar Xəbərlər