Gələn ilin büdcəsində neftin qiymətinin 55 dollar götürülməsi məqbuldurmu?

Gələn ilin büdcəsində neftin qiymətinin 55 dollar götürülməsi məqbuldurmu?

İqtisadiyyat
13 Noyabr 2019, 20:43 1510
Ekspertlər deyir ki, bu rəqəm bütün mümkün mənfi ssenarilərdən qorunmağa imkan yaradır

Milli Məclisdə keçirilən büdcə müzakirələrində çıxış edən Dövlət Neft Fondunun sədri Şahmar Mövsümov Fondun gəlir və xərcləri barədə məlumat verib. O bildirib  ki, gələn ilin büdcəsində neftin bir barelinin qiyməti 55 dollar nəzərdə tutulub. Bəs görəsən bu göstəricini optimal qiymət hesab etmək olarmı? Ümumiyyətlə, neftin qiyməti gələn il üçün hansı aralıqda dəyişəcək?
 
"Neft Araşdırmaları Mərkəzi”nin rəhbəri İlham Şaban qeyd etdi ki, neftin qiymətinin 55 dollardan hesablanması büdcəni bütün neqativ ssenarilərdən sığortalayır: "Beynəlxalq enerji agentliklərinin, maliyyə institutlarının gələn il üçün neftin orta qiyməti ilə bağlı proqnozları dəyişməyib. Yəni, proqnozlar Brent markalı neftin qiymətinin gələn il də 62-63 dollar ətrafında dəyişəcəyini göstərir. Bu mənada Azərbaycan hökumətinin 2020-ci il üçün neftin qiymətini 55 dollar götürməsi çox məqbul qərardır. Bu həm də qiymət dalğalanmalarından sığortalanmaq üçün verilən bir qərardır. Cari ildə qiymətlər ötən illə müqayisədə 10 faizədək aşağı düşmə tempi göstərib. Gələn il də bu rəqəmin aşağı düşmə ehtimalları gözlənilir. Ona görə də 55 dollar mümkün olan bütün mənfi ssenarilərdən qorunmağa imkan yaradır”.
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev söylədi ki, indiki halda bazar qiymətlərini nəzərə alsaq, 55 dollar məqbul rəqəmdir: "Əgər sənaye istehsalında artım tempi yüksək olarsa, neftə olan tələbat da yüksək olacaq. Dünya iqtisadiyyatının inkişaf tempi aşağı düşdükcə, tələbat azalır və qiymətlər də aşağı düşür. Amma qiymətlər təkcə iqtisadi amillər əsasında formalaşmır. Siyasi amillər qiymətlərə daha çox təsir edir. Ona görə də OPEC dekabr toplantısında geosiyasi riskləri, iqtisadi göstəriciləri və digər məqamları diqqətə almalıdır. Əsas məsələlərdən biri də odur ki, OPEC və müttəfiq ölkələr qiymətlərin uzunmüddətli sabitliyinə nail olsun. Əgər buna nail olunarsa, gələn il neftin qiyməti 60-65 dolla ətrafında dəyişəcək. Bu isə bizim üçün kifayət qədər məqbul bir qiymət hesab olunur”.
Ekspert bildirdi ki, gələn il üçün neftin qiyməti OPEC-in dekabr ayında baş tutacaq toplantısından asılıdır: "Çünki tədbirdə bir çox vacib məsələlər müzakirə ediləcək. Görüşdə OPEC-in Vyana sazişi çərçivəsində fəaliyyət göstərən texniki heyətin və OPEC katibliyinin neft proqnozları müzakirə olunacaq. Əgər OPEC və müttəfiqləri bazarın tənzimlənməsi ilə bağlı uzunmüddətli qərarlar qəbul edərsə, gələn il qiymətlər indi olduğu kimi, 55-60 dollar ətrafında dəyişə bilər. Bir neçə gün bundan öncə dünyanın bir neçə aparıcı bankının gələn il üçün verdikləri proqnozlar bədbin xarakterli oldu. Bunun üçünsə kifayət qədər ciddi əsaslar var. ABŞ-la Çin arasında ticarət müharibəsinin davam etməsi, İran və Venesuela ətrafında vəziyyətin kəskinləşməsi, yaxın Şərqdə olan gərginlik neftə olan tələbata təsir edir. Ona görə də dekabr ayında OPEC və müttəfiqləri düzgün qərarlar qəbul etməlidir. Məsələ burasındadır ki, 55-60 dollar hər kəs üçün məqbul qiymət hesab oluna bilər. Ona görə də yanlış qərarların qəbul ediləcəyini gözləmirəm. OPEC-in baş katibi bir neçə gün əvvəl bu haqda məlumat vermişdi. Hazırda neftin qiymətinin artacağını düşünmək yersizdir. Qiymətlərdə uzunmüddətli dalğalanmaların qarşısını almaq lazımdır. Ağır və yüngül neft balansı qorunmalı, dünyanın bütün enerji bazarlarında neft məhsullarının tarazlığı bərpa edilməlidir. Gələn il Norveçdə, ABŞ-da neft hasilatında artımların olacağı gözlənilir. Norveçin iki yatağında hasilat həcmləri durmadan artır. Həmçinin ABŞ-ın şist neft yataqlarından çıxarılan neftin həcmi də artacaq. Ona görə də bundan sonra hasilatın artan dinamika ilə davam etməsi üçün qiymətlər ən azı 50 dollardan yuxarı olmalıdır. Bu həm şist neft hasil edən enerji şirkətləri üçün, həm də ənənəvi neft hasilatı ilə məşğul olan şirkətlər üçün məqbul qiymətdir. May ayından bu yana Vyana sazişinin iştirakçıları bazarın düzgün tənzimlənməsinə nail ola biliblər. Gündəlik hasilat və ixrac həcmləri düzgün tənzimləndiyinə görə qiymətlər stabilləşməyə doğru gedir. Bu mexanizm gələn il də davam etdirilərsə, qiymətlər məqbul olaraq qalacaq”.
 
Şəbnəm