Filip K. Dikdən hekayələr

Filip K. Dikdən hekayələr

18 İyul 2016, 10:31 1275

Qapı arxasında

Lerri Tomas arvadına xoruzlu saat alanda ağlına da gəlməzdi ki, bu, saat ona nəyin bahasına başa gələcək. Lerri həmin gün şam etmək üçün stol arxasına keçəndə aldığı hədiyyəni arvadının boşqabının yanına qoydu. Doris əlini ağzına qoyub heyrətlə ərinə baxıb soruşdu:

- Ah, aman Allah, bu nədir?

Sevindiyindən gözləri par-par yanırdı Dorisin.

- Yaxşı, hələ bir aç onu!

Doris enli dordkünc qutuya sarınmış kağızı qopardıb, iti dırnağıyla lenti açdı. Həyəcandan sinəsi sürətlə qalxıb-enirdi. Doris qutunun qapağını açanda Lerri siqaret yandırıb divara söykənib arvadına baxırdı.

- Ah, xoruzlu saat! – Doris qutunu açan kimi qışqırdı. – Anamın da belə xoruzlu saatı vardı.

Sonra o saatı əlinə alıb o üz bu üzünə baxıb dedi:

- Hə, anamın xoruzlu saatı da beləydi. Pit sağ olanda belə saatı vardı.

O belə deyəndə gözləri yaşla doldu.

- Bu saat Almaniyada hazırlanıb, - Lerri dedi. Bir saniyə sonra əlavə etdi: - Karl bu saatı mənim üçün topdansatış mağazasından alıb. Bu saatların ticarətylə məşğul olanlardan biri onun dostudur. Yoxsa mən bunu...

O dayandı, sözünün ardını demədi.

Doris gülməli səs çıxardı.

- Yoxsa indi bu saat məndə olmazdı?

Doris qaşqabağını tökdü.

- Yaxşı, nə dedim axı. Sənə nə oldu? Saat sənin əlindədir indi, deyilmi? Sənin istədiyin bu deyildi? - Lerri dedi.

Doris barmağını qəhvəyi taxta qutunun üstünə qoyub heç nə demirdi.

- Hə, nə oldu axı? - Lerri bir də soruşdu.

Doris saatı da qucağına alıb otaqda o baş bu başa getməyə başladı.

Lerri başını bulayıb dedi:

- Nə aldımsa heç vaxt qane olmadın.

Lerri keçib stol arxasında oturub yeməyini yedi.

Xoruzlu saat çox da böyük deyildi, o zavod istehsalı deyil, əl işiydi. Taxta qutunun üstündə gözəl naxışlar vardı.

Bir azdan Doris də gəlib çarpayının qırağında oturub saatı burdu. Qol saatına baxıb saatı qurdu. Əqrəbləri fırlatdı, indi saat axşam saat ona iki dəqiqə qalmışı göstərirdi. Sonra Doris onu aparıb komodun üstünə qoydu.

O keçib yerində oturdu, həsrətlə gözlədi ki, on tamam olanda xoruz qutudan çıxıb banlayacaq.

Bu vaxt Doris Lerrinin dediklərini yadına saldı. Əl dəsmalını gözünə sıxdı. Niyə axı o bu saatı topdansatış mağazasından aldığını dedi? Niyə axı onu əhvalını korladı? Əgər o bu saatı almaq istəmirdisə gərək heç almayaydı. Hirsindən Doris yumruğunu düyünlədi.

Lerrinin sözləri onu hirsləndirsə də saata görə sevinirdi. Komodun üstündəki saat heç nəyə fikir verməyib yavaş-yavaş çıqqıldayrdı. Qutunun içində xoruz vardı, az sonra o ordan çıxıb banlayacaqdı. Görəsən bu xoruz heç yatır? Görəsən o da saatın çıqqıltısına qulaq asır?

Yaxşı, o qapıdan çıxıb banlayanda Doris bunları onun özündən soruşacaq. O bu saatı Boba da göstərəcəkdi. Sözsüz ki, Bobun da xoşuna gələcək bu saat. Çünki o qədim əşyaları, qədim markaları və qədim düymələri çox sevirdi. O Dorislə birlikdə mağazalara getməyi çox sevirdi. Əlbəttə, onların bir yerdə getməyi bir az təhlükəliydi, amma qorxmağa səbəb yox idi. Lerri bütün günü ofisdən bayıra çıxmırdı, heç vaxt da onları bir yerdə görə bilməzdi. Yalnız hərdən o ev telefonuna zəng edərdi. Doris də bundan qorxurdu.

Doris xəyala qapılmışdı, elə bu vaxt şaqqıltı eşitdi, taxta qutunun qapısı açıldı. Qapı arxasından xoruz çıxdı, bir az dayanıb maraqla ətrafa boylandı, gah Dorisə, gah da evdəki mebelə nəzər saldı.

Doris ilk dəfəydi ki, bu xoruzu görürdü. O xoruzu görüb məmnun-məmnun gülümsədi. Ayağa durub saata yaxın gəlib utana-utana dedi:

- Yaxşı, başla, mən gözləyirəm.

Xoruz dimdiyini araladı və banladı. Tez-tez, ritmik. Sonra o dayandı, qapı da şappıltıyla örtüldü.

Doris çox sevinirdi. O əl çalıb otaqda fırlandı. Xoruz son dərəcə gözəl idi, heç bir eybi yoxdu. Xoruzun ona, otağa baxması çox maraqlıydı. Doris xoruzu çox bəyəndi, o bu balaca qapı arxasından elə belə belə bir xoruzun çıxmağını gözləyirdi.

Doris taxta qutuya yaxın gəlib kiçik qapıya sarı əyilib pıçıldadı:

- Ey, məni eşidirsən? Məncə, sən dünyada ən gözəl xoruzusan.

Doris bir az dayanıb əlavə etdi:

- Ümid edirəm, sən də mənim otağımda olmağına sevinirsən.

Bundan somra Doris otağından çıxıb aşağı mərtəbəyə düşdü. Hələ ilk gündən Lerri ilə xoruzlu saat yaxşı yola getmədilər. Doris həmişə deyirdi ki, buna səbəb odur ki, Lerri saatı düzgün qurmur, deyirdi ki, saatı sonacan burmaq lazımdır. Lerri saatı buranda gərək bundan sonra Doris saatı yenidən buraydı.

Doris saatı düz burmaq üçün əlindən gələni edirdi. Xoruz qapı dalından çıxanda Lerri əlindəki qəzeti yerə tullayıb kaminin üstündəki saata yaxınlaşıb onu yenidən qurardı. Saatı qurandan sonra baş barmağını da qutunun kiçik qapısı üstünə qoyurdu.

- Sən nə üçün baş barmağını qapnın üstünə qoyursan? – bir gün Doris ondan soruşdu.

- Mən belə etmirəm, sənə elə gəlir, - Lerri demişdi.

Doris qaşlarını qaldırıb demişdi:

- Məncə, sən bunu ona görə edirsən ki, xoruzun ordan çıxmağını istəmirsən.

- Niyə istəməyim ki?

- Kim bilir, bəlkə də sən xoruzdan qorxursan.

Lerri güldü və taxta qutunu yerinə qoyanda barmağını qutunun qapısından çəkdi. Doris baxmayanda barmağını yenə də qutunun qapısına basırdı. Barmağının izi də qapının üstündə qalardı.

 

 

***

 

Bir şənbə günü səhər Dorisin ofisdə çox işi vardı. O hesabat verməliydi. Həmin gün Bob Çambers balkona çıxıb qapının zəngini basdı. O qapınn zəngini basanda Doris hamamda duş qəbul edirdi. O tələsik qurulanıb hamam xalatını geyindi. Qapını açanda qapı ağzında Bibu gördü. O gülümsəyirdi.

- Necəsən?, - o ətrafa boylanıb dedi.

- Əla. Lerri ofisdədir.

- Lap yaxşı, - Bob belə deyəndə Dorisin xalatı altından görünən incə ayaqlarına baxdı.

- Sən bu gün nə gözəl görünürsən?

Doris gülüb dedi:

- Ehtiyatlı ol!. Gərək qapını açmayaydım bu gün.

Onlar bir-birinə baxdılar, bir az sevinclə, bir az qorxa-qorxa. Dorisin sözlərini eşidən Bob tez-tələsik dilləndi:

- Əgər istəmirsənsə mən..

- Yox, yox, Allah xətrinə, keç içəri, - Doris onun qolundan dartıb evə saldı.

- Qapının ağzından yana çəkil ki, qapını örtüm. Görmədinmi, xanm Peters yoldan keçirdi.

Doris qapını bağlayıb dedi:

- Bura gəl, mən sənə bir şey göstərmək istəyirəm. Sən hələ onu görməmisən.

Bob çox maraqlandı.

- Antik əşya? Nədir o?

Doris Bobun qoluna girib onu yemək otağına apardı.

- Sənin çox xoşuna gələcək, Bobbi!

O dayanıb Bobun üzünə baxdı.

- Hə, ümid edirəm sən onu çox bəyənərsən. Sən onu mütləq sevməlisən. O mənim üçün çox qiymətlidir, çox.

- O ? - Bob qaşqabağını salladı. - O kimdir?

Doris güldü.

- Qısqanma! Gəl!

Bir dəqiqə sonra onlar xoruzlu saata baxırdı.

- Bir neçə dəqiqədən sonra xoruz çıxacaq. Onu görənə qədər səbr et, onu görsən bəyənəcəksən.

- Lerri bəyənir onu?

- Yox, onlar bir-birini sevmir. Hətta bəzən Lerri evdə olanda saat qapı dalından çıxmır da. Xoruz çıxmayanda az qala Lerri dəli olur. O deyir ki...

- Hə, nə deyir Lerri?

Doris başını aşağı salıb dedi:

- O bu saatı topdansatış mağazasından alsa da deyir ki, çoxlu pul xərcləyib buna. Xoruz çıxmayanda çox hirslənir. Ona xərclədiyi pula heyfi gəlir. Mən yaxşı bilirəm ki, xoruz Lerrini xoşlamadığı üçün qapı dalından çıxmır. Amma mən evdə tək olanda xoruz hər on beş dəqiqədən bir çıxıb banlayır, halbuki o yalnız bir saatdan bir çıxmalıdır.

Sonra Doris saata baxıb dedi:

- Xoruz məni istədiyi üçün ordan çıxır. Əlbəttə, mən onu yuxarıya, öz yataq otağıma qoyardım, amma bu düz olmazdı.

Bu vaxt balkonda ayaq səsləri eşidildi. Onlar qorxudan dəhşətə gəlib bir-birinə baxdılar.

Lerri qapını açıb içəri girdi. O portfelini divanın üstünı tullayıb, şlyapasını çıxartdı. Bobu da elə bu vaxt gördü.

- Çambers? - Lerri gözlərinı qıyıb soruşdu: - Sən burda nə edirsən?

Ərini görəndə Doris tez-tələsik xalatının ətəyini aşağı dartdı.

- Mən... mən... Biz.. - Bob nəsə demək istədi, Dorisə baxdı.

Elə bu vaxt xoruz taxta qutudan çıxıb banladı. Lerri saata sarı getdi.

- Ağzını yum! – Lerri yumruğunu düyünləyib xoruzu vurmaq istədi. Xoruz tez dayanıb səsini kəsdi. Kiçik qapı bağlandı.

- Belə yaxşıdır, - Lerri lal-dinməz dayanan Boba və Dorisə baxıb dedi.

- Mən saata baxmağa gəlmişdim, -- Bob dedi. - Doris mənə demişdi ki, bu çox qədim bir saatdır və...

- Boş-boş danışma! – Lerri dedi. - O saatı mən özüm almışam. - Çıx burdan.

Sona Lerri üzünü Dorisə tutub dedi:

- Elə sən də çıx evdən. Saatı da götür apar.

Sonra çənəsini ovuşdurub dedi:

-Yox, saatı aparma! O mənimdir. Onu özüm almışam, ona nə qədər pul xərcləmişəm.

Doris evdən gedəndən sonra Lerri ilə xoruzun münasibəti lap pisləşdi. Demək olar ki, xoruş çox vaxt qapıdan çıxıb banlamır, içəridə qalırdı. Hətta gecə saat on ikidə də banlamırdı. Yalnız təsadüfü hallarda qapıdan çıxıb banlayırdı, onda da lazım olan vaxtda yox. Tutaq ki, saat onda banlamaq əvəzinə on birdə banlayırdı. Onda da hirsli, qaşqabaqlı olurdu. Xoruzu belə görəndə Lerri də özündən çıxırdı. Lerri hirslənsə də yenə də saatı bururdu ki, o banlasın. Çünki evdə sükut hökm sürürdü. Bu da Dorisin əsəblərinə toxunurdu, o ən azı bir səs eşinək istəyirdi. Taxta qutunun şaqqıltıyla açılması da ona xoş gəlirdi.

Amma o xoruzu yenə də xoşlamırdı. Hərdən də onunla danışırdı.

- Bir mənə qulaq as, - bir gecə Lerri üzünü taxta qutunun bağlı qapısına tutub dedi: - Bilirəm ki, sən məni eşidirsən. Gərək mən səni aparıb hazırlandığın yerə, almanlara qaytaraydım, Black Forest firmasına.

Lerri fasilə verib otaqda var-gəl edib sözünə davam etdi:

- Mənə maraqlıdır indi onlar ikisi, Bobla Doris nə edirlər. O antik şeylərlə maraqlanan əclaf.. Məncə, antik əşyalarla kişi yox, qadın maraqlanar.

Dişini bir-birinə sıxıb dedi:

- Düz demirəm?

Xoruz ona heç nə demədi. Lerri saata bir az da yaxın gedib soruşdu: - Nədir, düz demirəm? Deməyə bir sözün yoxdur?

Lerri saata baxdı. Demək olar ki, saat on bir idi. On bir tamam olmağa bir neçə saniyə qalmışdı.

- Yaxşı. Mən bir neçə saniyə də gözləyərəm. Sən qapıdan çıxanda baxım görüm mənə nə cavab verəcəksən. Doris gedəndən bəri sən çox vaxt susmusan.

O belə deyib əsəbi-əsəbi güldü.

- Yoxsa Doris getdiyi üçün bizim evi bəyənmirsən daha?

Qaşqabağını töküb dedi:

- Mən səni pul verib almışam. Sən bu evi xoşlasan da, xoşlamasan da ordan çıxıb banlamalısan. Eşidirsən məni?

Saat on bir oldu. Şəhərin o başından böyük qala saatının səsi eşidildi. Amma bu taxta qapının kiçik qapısı isə hələ açılmırdı. Heç nə tərpənmirdi. Neçə dəqiqə keçdi, amma qapı açılmadı. Lerri dəqiq bilirdi ki, xoruz saatın içindədir, qapı arxasında, sakitcə durub orda.

- Yaxşı, deməli, belə!- Lerri mızıldandı.- Sən düz hərəkət etmirsən. Ordan çıxmaq sənin işindir. Hrdən biz də xoşlamadığımız işlə məşğul oluruq.

Lerri qəmli-qəmli mətbəxə girib bir qədəh şərab içdi. Sonra saatın neçə olmasını fikirləşdi.

O öz özünə dedi ki, Doris burda olsa da, olmasa da xoruz ordan çıxmalıdı.

Xoruz elə ilk gündən Dorisi bəyənmişdi. Onlar bir yerdə yaxşı yola gedirdi. Güman ki, xoruz Bobu da xoşlayırdı. Yəqin onu çox görmüşdü evdə. Onlar, Doris Bob və xoruz üçü bir yerdə olsa lap xoşbəxt olardılar.

Lerri qədəhdəki şərabı içib qurtardı. Sonra o tasın altındakı siyirməni çəkib ordan çəkic götürdü. O çəkici ehtiyatla yemək otağına apardı. Saat yavaş-yavaş çıqqıldayırdı. O stulun üstünə çıxıb taxta saatı əlinə götürdü.

- Bir buna bax, - Lerri çəkici əlində yelləyib dedi: - Heç bilirsən əlimdəki nədir? Heç bilirsən nə etmək fikrim var? Mən birinci səndən başlamaq istəyirəm.

Lerri gülümsəyib davam etdi:

- Siz üçünüz də eyni şeysiniz. Sən də, Doris də, Bob da. Eyni yuvanın quşusunuz.

Otaq sükuta qərq olmuşdu.

- Yaxşı. De görüm, çıxırsan, ya yox? Yoxsa özüm çıxardım səni ordan?

Saatın qapısı yavaşca cırıldadı.

- Mən bilirəm ki, ordasan. Son üç həftə sən səsini heç çıxarmamısan. Dediyim odur ki, sən mənə çox borclusan.

Bu vaxt taxta qapının qapısı açıldı. Xoruz çıxdı. Lerri başını aşağı dikmişdi, başını qaldıranda xoruz onun gözünü dimdiklədi. Xoruz onun gözünü dimdikləyəndə o yıxıldı, əlindəki çəkic tappıltıyla döşəməyə dəydi. Xoruz bir an sakitcə durdu. Sonra o öz "evinə " girdi.

Qapı da şaqqıtıyla örtüldü.

Kişi ağzıüstə döşəmədə qaldı. Tərpənmirdi. Onun başı bir tərəfə əyilmişdi. Otaq sükuta qərq olmuşdu. Hərdən saatın çıqqıltısı eşidilirdi.

 

***

Bob əlini Dorisin qoluna qoyub onu sakitləşdirmək istəyirdi. Sonra o üzünü həkimə tutub dedi:

- Həkim, sizə bir sual vermək olar?

- Əlbəttə, - həkim dedi.

-Belə alçaq stuldan yıxılanda adamın boynu sınar? Axı stul çox hündür deyil. Bəlkə bu heç bədbəxt hadisə deyil. Ola bilsin ki..

- Nədir? İntihar? – həkim çənəsini ovuşdurub dedi. - Hələ heç vaxt kiminsə belə intihar etdiyini eşitməmşəm. Mən öz fikrimdə dururam, bu adi bir bədbəxt hadisədir.

- Yox, mən demirəm ki, o intihar edib, - Bob dodaqaltı mızıldandı, sonra başını qaldırıb saata baxıb əlavə etdi:

- Mən başqa şey nəzərdə tuturam.

Amma, deyəsən, heç biri onun nə dediyini eşitmədi.

 

İngiliscədən tərcümə edən: Sevil Gültən