• cümə, 26 Aprel, 19:28
  • Baku Bakı 22°C

“Ey millət təəssübü çəkən qardaşlar, vaxt keçməmiş, məktəbxanalar bina edin...”

31.07.20 10:30 2837
“Ey millət təəssübü çəkən qardaşlar, vaxt keçməmiş, məktəbxanalar bina edin...”
Həsən bəy Zərdabi «Əkinçi»nin səhifələrində yazırdı
Zərdabişünas alim Esmira Cavadova öz həyatını jurnalistikaya, araşdırmaya, elmi tədqiqatlara həsr edib. O, 1920-ci ilə qədər olan Azərbaycan jurnalistikasının zəngin kartotekasını hazırlayıb. 1980-ci ildən etibarən araşdırma ilə məşğul olmağa başlayıb. Onun yaradıcılığının əsas hissəsini Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin həyat və yaradıcılığı ilə bağlı araşdırmalar təşkil edir.
Bununla yanaşı, Esmira xanım Həsən bəy Zərdabinin 1897-1907-ci illərdə Bakı Dumasındakı fəaliyyəti ilə əlaqədar də fundamental araşdırma aparıb. Həmin əsərdə Zərdabinin Dumada qaldırılan məsələlərə münasibəti öz əksini tapıb. Həmin dövrdə Zərdabi xalqımızın taleyüklü məsələlərini, o cümlədən elm və təhsillə bağlı qayğılarını, müxtəlif problemlərdən dolayı narahatlıqlarını dilə gətirib.
Esmira Cavadova Həsən bəy Zərdabinin "Əkinçi” qəzetində dərc olunmuş məqalələrini təqdim edir:"Altı ay yoxdur ki, bizim «Əkinçi» qəzeti çap olunur, amma ingilisin paytaxtı London qəzetində onun çap olunduğu məlumdur. Oradan bir kitabın bir fəslin türk dilində olan tərcüməsini bizə göndəriblər ki, onun qəzetini düzəldək. Əlhəd, bu çox ziyadə gözüaçıqlığın istər. London şəhərində bir neçə yüz qəzet çap olunur. Onunla belə kişilər dünyanın içində bizim qəzet kimi bir kiçik qəzet olmağını eşidib istəyirlər ondan da xəbərdar olsunlar, amma bizim adamın çoxu nə ki, buçağadək bizim qəzeti oxumayıblar, bəlkə bəzi kəslər onun bina olunmağının xəbərini də eşitməyiblər. Hətta elə adam var ki, qəzet pulu verib onu almaq istəmir.
Bizim xalq dünya işlərini belə soyuq tutmağı bilirkən biz «Əkinçi» qəzetini çap etdirməyi başlamışıq və bizim təkcə yuxudan oyananlarımıza ümid olmuşuq ki, xalq oxuyub ondan mənfəətbərdar olmağa və dünya işlərindən xəbərdar olmağa səy edəcəklər.
…Biz müsəlmanlar dünya işini soyuq tutmağa bizim məzhəbimiz səbəb deyil ki, onu xaricilər bizlərə böhtan deyirlər. Cənab şeyxülislamın bu nömrədə çap olunan məktubunu oxuyana məlum olur ki, bizim peyğəmbərimiz öz ümmətini irəli salmaqdan ötrü onlara hökm edibdi ki, hər bir elini təhsil etsinlər”.
«Əkinçi» 1876, 1 yanvar, 1875-ci ilin axırıncı nömrəsi – yəni 12-ci nömrə; «Daxiliyyə».
"Peterburqda bir padşahlıq kitabxanası var ki, onun hər ildə 800000 manat xərci olur. Ol kitabxanada 900000 basma, 30000 yazma kitab və 75000 kitab surəti var. Qiymətli kitabları şüşə altında saxlayırlar ki, onlara dəyməsinlər. O cümlədən bir qızıl cildli Quran var ki, qiyməti 33000 manatdır”.
Əsgər Gorani.
«Əkinçi» 1876, N1, 16 yanvar, «Təzə xəbərlər».
"Bizim Bakubə şəhərində çiçək naxoşluğu olduğuna (görə - red.) indi ancaq çiçəkdən danışacağıq.
Çiçək iki qism naxoşluğa deyirlər ki, birisi əsl çiçəkdir və birisi səpgidir. Əsl çiçəkdən çox adam tələf olur, amma səpgidən yüzdə biri vəfat edir. Keçən zaman ki, çiçək döymək məlum deyilmiş, çiçək qarayara kimi hər vilayətə düşsə onu tamam edirmiş. Amma indi onun səbəbi və əlacı məlum olduğuna ol qədər şiddət etmir.
Çiçəyi döyülən kəs çiçəkdən xəstə olmur, əgər olsa da az olur. Bəzi vaxtda çiçəyi döyülən kəs demə sonra çiçəkdən naxoşlayır. Ona binaən təbiblər məsləhət edirlər ki, hər kəs on ildə bir dəfə çiçəyini döydürsün və belə deyirlər ki, ol vaxtda ona heç çiçək dəyməz.
Əgər çiçək düşən yerdə təbib olsa, onu xəstənin üstə gətirdib onun məsləhətlərinə görə əməl etmək gərək, amma təbib olmasa lazımdır xəstəni soyuqdan və istidən mühafizə edib ona isti və təmiz xörəyi az-az verib, paltarını və bədənini pak saxlamaq və əgər işlətmə lazım olsa gərçək yağı vermək. Belə saxlanan xəstənin çoxu təbibsiz də şəfa tapır. Xəstəni ayrı otaqda saxlamalı ki, orada qeyri kəs sakin olmaya. Xəstəni elə saxlamaq gərək ki, onun yaralarının üstə milçək düşməsin, yoxsa onun ayaqlarına və qanadlarına ol yarada olan ələfiyyatın toxumları yapışar və sonra ol milçək sağ adamın üstünə oturanda ona da çiçək salar”.
«Əkinçi» 1876, N2, 30 yanvar, «Daxiliyyə».
"Əkin yerini şuxm etməkdən ötrü əkinçinin ən başlıca aləti kotandır. Kotan yaxşı olduqcan yeri yaxşı nazik edər, onu işlətməyin zəhməti az və yerin bəhrəsi çox olur. Yaxşı kotan gərək şuxmu bir qalınlıqda kəsib qalxızıb, çökürüb əzsin.
Kotan üç qism olur: diyircəksiz, dayaqlı və diyircəkli. Diyircəksiz kotan yüngül olduğuna ona daş ya kəsək rast gələndə onu düzəltmək asandır. Ona binaən onunla daşlı yeri şuxm etməkdən ötrü işlədirlər ki, yüngül olduğuna az mal ilə də işlətmək olur. Ona bir ya iki cüt öküz qoşurlar. Onun cırıqları düz olmadığına şüxumu təmiz olmaz.
* *
Dayaqlı kotanın altında bir ucu yastıq, dayaq ya bir diyircək olur. Ona binaən onu düz saxlamaq çətin deyil, onun cırıqları düz və şuxmu təmiz olur və əgər lazım olsa, onun dayağını çıxarıb diyircəksiz kotan yerinə işlətmək olur. Ona 2 ya 3 cüt öküz bəsdir.
* *
Diyircəkli kotanın iki diyircəyi olur ki, onların üstə qırın başı dayanıb, onların üstünü basıb kotanı ağır edir. Ona 3 ya 4 cüt öküz qoşurlar, amma o ağır olduğuna onu düz saxlamaq asandır, hətta əkinçi əldən qoyanda da çökürülməz. Ona binaən onun cırıqları düz və şuxmu təmiz olur...
Məzkur kotanları hər vilayətdə bir qeyri cürə qayırırlar. Xülasə, dünyada kotan çoxdur, amma bizimkindən yamanı heç olmaz. Onun hər bir hissəsi yaman olduğuna 8 cüt öküz ilə işlədirik və onilə belə yeri narın edib çökürə (çevirə – E.S.) bilmirik. Ona binaən bizim tavanası olan əkinçilər yaxşı elərdilər ki, Moskva karxanalarından əla kotanlardan gətirdib işlədəydilər. Çünki indi su buğu ilə işləyən kotan-maşın ixtira ediblər ki, bir tağar yeri bir saatda şuxm edir”.
«Əkinçi» 1876, N2, 30 yanvar, «Əkin və riaət xəbərləri».
Məqalədən aydın olur ki, Həsən bəy Zərdabi Azərbaycan kəndinə yeni təkmilləşdirilmiş fabrik kotanlarının gətirilməsini tövsiyə edir, əkinçiliyi yeni əsaslar üzərində inkişaf etdirməyi məsləhət bilirdi. Lakin Azərbaycan kəndlisinin iqtisadi yoxsulluğu Həsən bəy Zərdabinin bu arzularının onun yaşadığı dövranda yerinə yetirilməsinə hələ imkan vermirdi. Odur ki, inqilaba qədər bəzi mülkədar təsərrüfatları istisna olmaqla Azərbaycanın hər yerində əhalinin əsas şum aləti ənənəvi xış və ağac kotanlar olaraq qalmaqda idi.
Bu nömrədə:"Tiflisdə dövlət tərəfindən bir məclis bina olunub ki, Qafqazda olan əkin sulamaq adətlərini cəm bir qərardad qoysun ki, su xalq arasında doğruluq ilə paylansın”.
«Əkinçi» 1876, N2, 30 yanvar, «Təzə xəbərlər».
"Keçən yanvarın 19-da Şuşa şəhərində, yəni Qarabağın Şuşa qalasında teleqrafxana açılıb”.
«Əkinçi» 1876, N3, 15 fevral, «Təzə xəbərlər».
"Rusiyada torpaq kənd camaatına təəlüq olduğuna bəzi kəndlərdə camaat əkin-biçini bir yerdə edib, sonra məhsulatı bölürlər. Camaatın belə birləşməsinin bir xeyri də odur ki, elm yolu ilə təmir olunmuş əsbabları gətirib işlətmək asan olur.
* *
Berlin şəhərində qulluqçular üçün məktəbxana açılıb ki, onlar paltar tikməyi, yumağı, biçməyi və xörək bişirməyi öyrənirlər”.
«Əkinçi» 1876, N4, 29 fevral, «Təzə xəbərlər».
"3 il bundan əqdəm İngilisdə bir icma bina olub ki, hər bir şəhərdə qızlardan ötrü məktəbxana açsın. İndiyəcən 9 məktəbxana bina edib. Ol camaatın hər ildə öz calislərindən 90 min manat cəm olur”.
«Əkinçi» 1876, N7, 14 aprel, «Təzə xəbərlər».
"Əhəng adamın gözünə düşəndə onu su ilə yumaq yaxşı deyil, ona binaən ki, sudan əhəng bərkiyib ziyadə azar edər. Yaxşıdır ki, onu qənd suyu ilə yuyasan”.
«Əkinçi» 1876, N8, 28 aprel, «Elm xəbərləri».
"Rusiya zakonuna binaən küçələrdə dilənçilik etmək qadağandır. İndiyəcən Peterburqda 24 icma bina olub ki, dilənçilərdən ötrü əlahiddə mənzillər bina edib onlara kömək etsinlər. Ol icmaların calislərində hər ildə 118 min manat cəm olur.
* *
450 il bundan sabiq Osmanlı türkləri Avropaya daxil olub Rim dövlətinin Qəstəntiniyyə şəhərini zəbt edib ona İstanbul, yəni islam şəhəri ad qoyub, ətrafda vaqe olan xaçpərəst vilayətlərini həm zəbt ediblər. Bir neçə il bundan sabiq zikr olan vilayətlərin biri ki, olsunlar Serb və Qaradağ, yəni Əşqüdrə, Əflan və Bağdan əyalətləri Osmanlı dövləti ilə cəng edib onun rizdəstindən çıxıb, indi ancaq dövləti – Osmaniyyə müəyyən olan xərc verirlər, amma ümrati – daxiliyyələri özləri ilədir.
Bosnə və Qerdseqovinə əhli Osmanlı dövləti ilə cəng edirlər, onların həm muradi oldur ki, zikr olan əyalətlər kimi olsunlar... Osmanlıya heç xərc verməsinlər”.
«Əkinçi» 1876, N8, 28 aprel, «Təzə xəbərlər».
Həsən bəy Zərdabi dövlət tərəfindən məktəbxanalar barəsində qoyulmuş yeni qaydalardan danışaraq yazır ki, "ol qaydaya görə hər bir məktəbxana dövlət tərəfindən açılmalıdır, istər dövlət tərəfindən ya məxsusi olsun, bu məktəblərdə qeyri elmlərdən savayı rus dili oxunmalı və hər kəs məktəbxanaya baxmaqdan ötrü dövlət tərəfindən ayrıca çinovniklər təyin olunmalıdır. Bu qaydadan xəbərdar olan ermənilərin ruhaniləri cənab sərdara ərizə verib bəyan ediblər ki, onların kilsələrinin yanında olan məktəbxanalarda ancaq ruhanilər öyrədilir və erməni ruhanisi üçün rus dili bilmək lazım deyil. Ol səbəbə cənab sərdar zikr olan qaydanı belə dəyişdiriblər: Erməni kilsələrinin və müsəlmanların məscidlərinin yanında açılan məktəbxanalardan savayı hər bir məktəbxana olsa, orada gərək rus dili oxunsun və bu məktəbxanalara baxmaqdan ötrü əlahiddə çinovniklər təyin olunub; bir də hökm olunub ki, əvvəl zaman Gəncə və Bakubə quberniyalarının hər birində kənd əhli üçün dövlət tərəfindən 3 məktəbxana açılsın. Onların üçü bu il Gəncə quberniyasında açılacaq, amma Bakubə quberniyasında hələ açılmayacaq. Çünki ol məktəbxanalarda dərs deməyə müəllimlər yoxdur ki, rus dilindən savayı xalqın dilini həm bilsinlər, ona binaən Qori şəhərində bir məktəbxana açılıb ki, orada oxuyan şagirdləri sonra müəllim eləsinlər. Ol məktəbxanalarda 20 nəfər erməni və gürcü padşahlıq xərcilə oxuyacaq. İndi «Kavkaz» adlı qəzet yazır ki, doğrudur, müsəlmanların məktəbxanaları üçün müəllimləri oxutmaqdan ötrü sonra əlahiddə məktəbxana açılacaq, amma indi müsəlmanlardan hər kəs xahiş etsə, zikr olan Qoridə açılan məktəbxanaya öz uşaqların öz xərcilə qoya bilər. Oraya oxumağa girən kəs gərək uyezdni şkolada oxumuş ola və özu 16-19 yaşında ola. Orada 3 il dərs deyiləcək”.
«Əkinçi» 1876, N10, 27 may, «Daxiliyyə».
Həsən bəy Zərdabi Bakı qubernatoru olmuş cənab Staroselskinin «Əkinçi» qəzetinin SA olunmasındakı böyük rolundan, yaxşılıqlarından özünün dediyi kimi bir neçə kəlmə danışmağı özünə borc, vacib bilmişdi. O yazırdı: "3 il idi ki, bizə qəzeti SA etməyə izn vermirdilər. Buna səbəb o idi ki, Bakubədə dövlət tərəfindən qəzetlərə mülahizə edən adam yox idi. Amma ol cənab bizə zamin olub ol izni bizim üçün aldı. Çapxanamız da yox idi. Hürufati İstanbuldan gətirəndən sonra cənab Staroselski həmin hürufatı qubernski pravleniyanın çapxanası üçün aldı ki, indiyəcən orada bizim qəzet çap olunur. Daha sonra o uyezdin naçalniklərinə tapşırıq verdi ki, kəndlərə poçt işləmədiyinə görə onlara qəzeti çaparlar vasitəsilə göndərsinlər. Cənab Staroselski həmişə «Əkinçi» qəzetinə maddi və mənəvi köməklik göstərirdi. Millət işlərinə elədiyi yaxşılıqlarına görə onun barədə bir neçə kəlmə yazıb bizim qəzetin dostlarına bəyan edirik, qoy onun ismi tarixlərə düşüb baqqi olsun”.
«Əkinçi» 1876, N12, 25 iyun, «Daxiliyyə».
"Ey millət təəssübü çəkən qardaşlar, pəs vaxt keçməmiş elm kitabları gətirib, məktəbxanalar bina edib, öz dilimizdə təhsili-üluma məşğul olun ki, müsəlmanlıqda daim olasınız. Ey elm təhsil edən cavanlarımız! Doğrudur, bizim vətən qardaşlarımız ilə yüz tutmaq çətindir, siz danışdığınızı onlar başa düşməyib, əfalinizi şəriətə namüvafiq hesab edib, sizə kafir deyib incidəcəklər. Doğrudur, qeyri millətlər sizin kamalınızı görüb sizə artıq rütbə verəcəklər, amma insaf deyil ki, beş gün ömrün ləzzətindən ötrü milləti, qardaşlarımızı atıb, onları kor və sərgərdan qoyasınız. Sizi nə qədər incitsələr, həcv etsələr, mollalar lənət oxusalar, siz millət üçün zəhmət çəkirsiniz və bişəkk gələcəkdə millətin gözü açılanda sizi şəhid hesab edib, sizə rəhmət oxuyacaq”.
«Əkinçi» 1876, N11, 11 iyun, «Daxiliyyə».
Qəzetin həmin sayında «Məktubat» başlığı altında Hacı Seyid Əzim Məliküşşüəranın öz oğlu Mirsəfərə yazdığı «Nəsihətnamə»si çap olunub. «Nəsihətnamə”dən məlum olur ki, Seyid Əzim oğlunu Şamaxıda yenicə açılmış uşkola (rus məktəbi – E.S.) qoyur və xalqın məzəmmətini görüb elm təhsil etməyin vacibliyini oğluna başa salaraq belə məsləhət edir: (ixtisarla)
Cəfər, ey qönçeyi-gülüstanım!
Ey mənim bülbüli-xoşəlhanım!
Demirəm rus, ya müsəlman ol,
Hər nə olsan, get əhli-ürfan ol.
* *
Xassə kim, padşahi-kişvəri – Rus,
Eyləyir tərbiyət kəmal əhlin,
Gətirir halə hər məhal əhlin,
Hər vilayətdə açdı məktəblər,
Çatdılar feyzə əhli-mənsəblər.
Oxunur onda müxtəlif dillər,
Həll olur onda cümlə müşküllər,
Ey oğul, bu dəlili-bişəkdir,
Edəmi-bisəvad eşşəkdir.
* *
Kim ki, bəs bir dil eyləsə hasil,
Oldu bir nemətə o kəs vasil.
Cəhd elə isməti-təmamə yetiş,
Elm təhsil gil, məqamə yetiş.
«Əkinçi» 1876, N11, 11 iyun.
"Nə qədər ki, cənab Staroselski bizim Bakubədə qubernator idi, bizim qəzet haqqında elədiyi yaxşılıqlardan danışmırdıq, amma indi o cənab Bakubədən çıxıb gedib, ona binaən onun yaxşılıqlarından bir neçə kəlmə danışmağı biz özümüzə vacib bilirik. Cənab Staroselski bizim qəzetin bina olunmağına bais olub. 3 il bizə izn vermirdilər ki, qəzeti çap etdirək. Buna ümdə səbəb bu idi ki, Bakubədə dövlət tərəfindən qəzetlərə mülahizə edən adam yoxdur. Amma ol cənab bizə zamin olub o izni bizim üçün aldı. Bir neçə müsəlman birləşib zor vermişdik ki, hürufat gətirdib qəzeti çap etməkdən ötrü əlahiddə çapxana açdıraq. Amma biz hürufatı İstanbuldan gətirəndən sonra ol icma bərhəm oldu və biz özümüz çapxana açdırmağa məqdur olmadıq. Ol zaman cənab Staroselski zikr olan hürüfatı qubernski pravleniyanın çapxanası üçün aldı ki, indiyəcən orada bizim qəzet çap olunur. Sonra uyezdni naçalniklərə hökm verdi ki, kəndlərə poçt işləmədiyinə onlardan qəzet istəyən olsa, çaparlar ilə onlara qəzet göndərsinlər. Xülasə, cənab Staroselski həmişə «Əkinçi» qəzetinin xeyirxahı var idi. Ona binaən biz özümüzə vacib bilib bu neçə kəlməni onun yaxşılıqları barədə yazıb, bizim qəzetin dostlarına bəyan edirik. Qoy onun ismi tarixlərə düşüb baqqi olsun”.
«Əkinçi» 1876, N12, 25 iyun, «Daxiliyyə».
"Sörçil adlı ingilis təbibi sinə naxoşluğu olan kəslərin bədəninin əcralarını imtahan edib deyir ki, ol naxoşluğa düşən şəxsin bədənində fosfor adlı şey azalır. Çünki fosfor ki, ondan kibritlərin başı olur, bərk zəhərdir, ona binaən onu çox az naxoşa vermək olur. Bu təcrübəni edənlər deyir ki, sinə naxoşluğuna fosfor vermək qeyri müalicələrdən yaxşıdır”.
«Əkinçi» 1876, N12, 25 iyun, «Elm xəbərləri».
«Əkinçi» qəzeti bina oluncan bizim heç bir qəzetimiz ya jurnalımız olmayıb.
«Əkinçi»nin adını qəzet qoymaqdan muradımız ancaq qövmiyyə xəbərlər yazmaq idi. Amma bizim eldə jurnal olmadığına naəlac qalıb həmi təzə xəbərlərdən, həm elm və qeyri xəbərlərdən danışırıq”.
«Əkinçi» 1876, N14, 25 iyul, «Daxiliyyə».
"Osmanlı dövlətinin Suriya vilayəti ki, ona xristianlar Palestinya deyirlər və orada Şam, Şərifi-Qüds, Şərifi-Beyrut və qeyri şəhərlər var, keçmişdə yəhudilərin vətəni olub. amma həzrəti-İsa əleyhüssəlam vəfat edəndən sonra bir Rum şahı məmləkəti-yəhudini payimal edib ki, indiyəcən yəhudilər yer üzünə dağılıb hər bir tərəfdə dadistəd edirlər. Məsələn, bizim Rusiya dövlətində 4 milyon yəhudi var ki, onlardan heç bir əkinçi yoxdur, hamı sənətkarlıq ya tacirlik edirlər.
Avropada ol qədər elm olmayıb, yəhudilərə çox zülm ediblər, amma onilə belə onlar öz dillərində və məzhəblərində daim olduqlarına yəhudi milləti indiyəcən tələf olmayıb. Avropada olan yəhudilər bir ictimai-milləti bina ediblər ki, ol icma özlərinin qədim dillərində 5 qəzet çıxardıb, hər məmləkətin yəhudilərinə göndərir ki, onları öz dillərində və məzhəblərində saxlasın. Ondan masəva ol icma bu xəyala düşüb ki, Osmanlı dünləbindən zikr olan Suriya vilayətini satın alıb qayırsın. İndi ol icma çıxardan «Həmqeyd» qəzeti yazır ki, bundan ötrü icma 56 milyon manat cəm edib və onun valisi Qəvaddali bu halda İstanbula deyb ki, dövləti-Osman ilə Suriya vilayətinin barəsində danışsın.
* *
Rusiyanın Voloqod quberniyasında qədim zaman Zizyan adlı bir tayfa sakin olurmuş. Yazırlar ki, ol tayfa indi elə azalıb ki, onlardan bir neçə kənd qalıb və onlar həm qeyri tayfalara elə qarışıllar ki, bu yavuq zamanda bilmərrə tələf olacaqlar”.
«Əkinçi» 1876, N16, 23 avqust, «Təzə xəbərlər».
"Zəlzələ 3 qism olur: ləpə kimi, tullama, dolandırma. Ləpə kimi olanda yer su ləpələnən kimi tərpənir, yəni onun bir tərəfi qalxanda, o biri tərəfə düşür. Tullanma olanda yer tullanıb düşür. Dolandırma olanda yer fırlanır”.
«Əkinçi» 1876, N18, 22 sentyabr, «Elm xəbərləri».
"Qəzetin həmişəlik çap olunması üçün gərək Tiflisdə çapxana nur olsun, yoxsa 1-2 ilə bizim qəzet bərhəm olacaq. Belədə lazımdır ki, bizim tavana kəslər qəzet fikrində olub bir icma bina etsinlər ki, onlardan vüsal olan məbləğ ilə çapxana açılsın, qəzet basılsın. Haşa bu iş bir tək adam işi deyil. Bizə məlumdur ki, heç kəs özünə tavana deməz. Pul ver sözü heç kəsə xoş gəlməz.
Ey müsəlmanlar, vaxt keçməmiş fikrinizi birləşməyə verin ki, dağınıq millət çox tez puç olar.
Dağısdandan Mehdi xan İsmiyev Qeytağı yazır ki, qəzetin qiymətini artırmayıb onu həftədə bir çıxardaq ki, tavana kəslərimiz onun artıq xərcini versinlər və özü mədyun olur ki, ayda 10-15 manat göndərsin… Belədə 1-2 adamın cüzi köməyindən karsazlıq olmaz, yaxşıdır ki, cəm olub 5-20 min manat yığaq, onun sələmi ilə həmişəlik və qiyməti az qəzet çıxarmaq olsun.
Ey millət təəssübü çəkən qardaşlar, əgər qəzetin xeyrini başa düşüb onun baqqi olmağını istəyirsiniz, indi vaxtdır. Dəmir qızmış ikən onu döymək gərək, yoxsa sonra onu qızdırmaq düşvar olur”.
«Əkinçi» 1876, N19, 8 oktyabr, «Daxiliyyə».
"20 il bundan sabiq Firəng, İngilis Osmanlı ilə birləşib Rusiya ilə elədiyi cəngin barışığı Firəngistanın Paris şəhərində olduğuna ona Paris Sülhü deyirlər ki, ol sülhnaməyə Rus, Firəng, İngilis, Osmanlı, Avrasiya, Russiya, İtaliya qol çəkib. Ol sülhnamənin bir şərti budur ki, Osmanlı dövləti Avropa dövləti hesab olunsun və zikr olan dövlətlərdən iznsiz heç bir dövlət Osmanlı ilə cəng eləməsin. Həmçinin zikr olan sülhnaməyə görə Serb Qaradağ və qeyri əyalətlərə ki, Osmanlıya xərac verillər, bəzi ixtiyarlar verilib. Bəzi Avropa dövlətləri yazılan şərtlərlə razı olmadılar”.
«Əkinçi» 1876, N19, 8 oktyabr, «Təzə xəbərlər».
"Bakubədə oktyabrın 10 və 11-də bərk xəzri əsib (buna tufan da demək olar), çox yelkən gəmisi tələf edib, iki atəş gəmisini – birisi «Baryatinski» və birisi «İran» şikəst edib. Bakubənin Corat qəzyəsinin əhlinin qoyun sürüsünü ki, 950 qoyunu olub, aparıb dənizə qərq edib. Sürünün çobanı bu zaman vəfat edib.
Oktyabrın 11-də olan tufan günü Dərbənd, Petrovski, Poti, Suxum, Amerika şəhərlərində də olub.
* *
Peterburqda akademiyanın əcayibxanası var ki, altı hissədir: birinci hissədə 7000 çap olunan qədim kitab var. 2-ci yazma kitabxanasıdır ki, orada 1200 müsəlman kitabı ərəb, fars, türk dillərində, 1200 Xəta, Mancur, Yapon, 100 Tibeti – Monqol 200 gürcü, erməni 200 sanskrit, yəni qədim Hindistan dillərində, 3-cü hissədə üstü yazılı daşlar və qeyri-qədim şeylər, o cümlədən perqament üstə yazılan Quran saxlanır. 4-cüdə 20000 pul ki, çoxu qədim müsəlman dövlətlərinin sikkəsidir. 5 və 6-cı hissələrdə müsəlmanların və yəhudilərin çox qədim qeyləri saxlanır”.
«Əkinçi» 1876, N20, 22 oktyabr, «Təzə xəbərlər».
"Bizim müsəlman tayfası ingilis tayfalarından nə qədər geri qaldığını «Əkinçi» qəzetinə və London şəhərində çap olunan «Tayms» qəzetinə baxmaq ilə bilmək olur:
«Tayms» hər gündə iki dəfə, «Əkinçi» iki həftədə bir çıxır. «Tayms» hər dəfə iki vərəq üstə, «Əkinçi» yarı vərəq üstə çap olunur. «Tayms»ın hər vilayətində müxbiri var ki, təzə xəbərləri yazıb məlum edir, onun hər fəslini bir neçə adam yazır. Amma «Əkinçi»ni yazan bir adam olduğuna bəzi vaxtda, hətta Bakubədə vaqe olan işlərdən bixəbər olur. «Tayms» qəzetini ingilisin qeyri şəhərlərində oxuyurlar. Qəzetin dəmiryol ilə onlara bir gündə yetişməyi çox bilib xahiş edirlər ki, qəzet onlara dəxi tez yetişsin. Ona binaən onu çap edən teleqraf kimi maşın ixtira edib ki, onların hər dişini basanda hər şəhərdə bir hüruf düzülür. Sonra hamı şəhərlərdə bir saatda, bir dəqiqədə qəzet çap olunub tamam olur.
«Əkinçi» qəzetini hər həftəyə güc ilə düzüb çap edəndən sonra palçıqlı yollar ilə öküz əzzadəsində kəndə çatdırır. «Tayms» elannamə çap etməkdən hər gündə 200 manatdan ziyadə alır, amma «Əkinçi» iki illik müddətində bir manat da almayıb.
«Tayms»ın 100 mindən ziyadə müştərisi var, «Əkinçi» 300 müştəriyə həsrət çəkir... Bizim bir «Əkinçi» qəzetimiz var və əgər onu çap etmək ixtiyarını satmağa dursaq, nə ki, ona bir qəpik verən olmaz, hətta onu cəbrən də boynuna götürən olmaz, tapılmaz... Buna səbəb odur ki, ingilis əhli dünya işində mahir və hər elmdən xəbərdar olduğuna ...onlar kamallı və xeyirli sözün qədrini bilir ki, onlardan ol qədər qəzet oxuyan var.
Bəli doğru deyillər ki, zərin qədrini zərgər bilər... Ay qardaşlar, vaxt keçməmiş səy edin ki, elm təhsil edib zindəganlıq cəngində faiq olasınız, yoxsa bir qərinədən sonra iş tamam olur... hadisənin əlacını gərək o baş verməzdən əvvəl edəsən”.
«Əkinçi» 1876, N23, 6 dekabr, «Daxiliyyə».
Həmin sayın «Təzə xəbərlər» bölməsində məlumat verilir ki, "Rusiyada bəzi kəndin əhli icma ilə əkin və ziraət edir. İndi «Zemledelçeski qəzeti» yazır ki, Finlandiya vilayətində 3 il bundan sabiq bir qəryədən 15 külfət birləşib yerlərini bir ediblər ki, onu birgə əksinlər. Hasilatdan gələn məhsulu öz aralarında bölüblər. Ol icma bina edənlər elə tavanalı olublar ki, əkin üçün maşınlar gətirdib, öz uşaqları üçün məktəbxana açıb onun müəlliminə ildə 300 manat verillər. Belə camaat ilə iş görməyin bir xeyri də budur ki, tənbəl olan kəslər həm gərək işləsin, yoxsa onlara hissə verməməkdən başqa, calislikdən də xaric edirlər. Nəhayət, bir kəs həqiqət naxoş olsa, ona hissə verillər”.
«Əkinçi» 1876, N23, 6 dekabr, «Təzə xəbərlər».
"...Bizim Qurban bayramından murad bu deyil ki, xalq qurban kəsib onun ətini yeyib kef-damağa məşğul olsun, onun bir əsli, muradı həm var ki, Qurban bayramını qeyri bayramlardan artıcaq şərafətli edir. Qurban günü tavanalı müsəlmanlar Məkkəyə cəm olub, bir yerdə ziyarət edib, bir-birinə öz dərd-qəmlərindən xəbər verillər. Yəni Qurban bayramını artıcaq şərafətli olmağına səbəb oldur ki, bu bayramda olan ziyarət ittihadi-islama vaisdir. Pəs Məkkəyə getməkdən maraq bir bu deyil ki, gedib ziyarət edib qayıdasan. Lazımdır ki, oraya cəm olan müsəlmanları görüb əhvalpürsan olub öz qardaşlarını tanıyıb biləsən. Biz elə avam olmuşuq ki, nə ki, qeyri tayfaları, hətta öz qardaşlarımızı tanıyıb bilməyə qadir deyilik. Pəs qardaşlar, məktəbxanalar bina edib oxuyun ki, heç olmasa öz qardaşlarınızın dilini (burada ərəb-fars dilinə işardir) öyrənib, müsəlmanların ittihadına əməl edə biləsiniz, yoxsa bizim gözəl Qurban bayramı və Məkkə səfəri ölünün əyninə geyilən faxır libasa oxşayır. Qurban bayramı və Məkkə ziyarətinin hikməti böyük olur”.
«Əkinçi» 1876, N24, 22 dekabr, «Daxiliyyə».
Qeyd: Həsən bəy Zərdabinin «Əkinçi» qəzetində çap olunmuş məqalələri, yazdığı və ya topladığı xəbərləri «Əkinçi» 1875-1877. Tam mətni transliterasiya və tərtib edəni: Turan Həsənzadə; Ön sözün müəllifi və redaktoru: Əziz Mirəhmədov, Bakı, «Avrasiya press», 2005, 496 s. kitabından seçilmişdir.
Topladı: Esmira Cavadova, Zərdabişünas
banner

Oxşar Xəbərlər