• cümə, 29 Mart, 05:15
  • Baku Bakı 7°C

Əsəri Türkiyə Cümhuriyyətinin sərvəti olan rəssam - Fotolar

22.02.18 09:30 4916
Əsəri Türkiyə Cümhuriyyətinin sərvəti olan rəssam - Fotolar
Rənglərin insan psixologiyasına təsiri danılmazdır. Rənglər insanı fəallaşdıra, sakitləşdirə, həyəcanlandıra, üşüdə və ya isidə, ona narahatlıq və ya rahatlıq gətirə bilər. Rəng­lərə ən yaxın olan və onlarla danışan şəxslər isə sözsüz ki, rəssamlardır. Məhz bu səbəbdən rəssamları hər zaman diqqət mərkəzində saxlamağı vacib bilirəm. Çünki bu sənət bəzən fitri istedaddan, bəzən də özünü inkişafdan keçir. Bu gün sizinlə daha yaxından tanış etmək istədiyim istedadlı və tanınmış rəssamımız Günay Mehdizadədir. Günay xanım müxtəlif respublika sərgilərində, beynəlxalq simpoziumlarda davamlı olaraq iştirak edib. Onun "Ailə”, "Nənə”, "Qonşular”, "Məhsul bayramı”, "Mahnı”, "Nar nağılı”, "Küpələr”, "Novruz”, "Rəqs”, "Mis qablar” və "Gənclik” lövhələrində, həm də "Qırmızı ağaclar”, "Meyvələrlə natürmort”, "Güllər”, "Güldanla natürmort”, "Nar və ağ kuzələr”, "Qədim qablar”, Milli qablarla avtoportret” və s. əsərləri diqqət çəkib.

Ancaq müsahibim təkcə rəsm əsərləri ilə özünü təqdim etmir, o eyni zamanda vətəninin mədəniyyətinin, milli-mənəvi dəyərlərinin təbliği üçün bir neçə layihəyə gerçəkləşdirib. Hansı ki, o layihələrdən bir çox gənclərimiz yararlanır və gənc rəssamlara sözlərini demək, öz potensiallarını inkişaf etdirmək üçün daha geniş qapılar açılır.Ötən il İzmirdə "Azərbaycan Qardaşlıq və İş Birliyi Dərnəyi”nin fəxri üzvü seçilən müsahibim, sənət uğurları ilə yanaşı, son illərdə Türkiyə və Azərbaycan arasında "mənəvi körpü” rolunu oynayan layihələr həyata keçirməkdə davam edir. Onun Türkiyə Respublikasının qurucusu Atatürkə həsr etdiyi portret görkəmli dövlət xadiminin Ankaradakı ev-muzeyində sərgilənir. Əsərlərindən biri Dünya Uşaq Ensiklopediyasına daxil edilib.Əsərləri ilə tanınan və işinin peşəkarı olan müsahibim, eyni zamanda, çox yaxşı təşkilatçıdır. Gerçəkləşdirdiyi layihələrlə Azərbaycanın gənclərini önə çəkib, onlara geniş meydan açıb.
Müsahibimiz Azərbaycan və Türkiyənin təhsil nazirliklərinin dəstəyi ilə həyata keçirilən "Qardaş məktəb” layihəsinin təşkilatçısı və koordinatorudur. Bu layihə çərçivəsində Təhsil Nazirliyi və Bursa Zeki Müren Güzel Sanatlar Lisesi tərəfindən də mükafatlandırılıb.
- Özünüzü necə təqdim edərdiniz?
- Rəssamlar İttifaqının üzvü Günay Mehdizadə.
- Nə üçün rəssamlıq?
- Dünyaya gələndən özümü bu sənətin bir parçası hesab etmişəm. Uşaq yaşlarımdan valideynlərimiz bizi hərtərəfli böyüdüb. Belə ki, çox kiçik yaşlarımdan incəsənətlə məşğul olmuşam. Mədəniyyət inkişaf edən bir sahədir. Əgər siz uşaqlarınızı kiçik yaşlarından muzeyə, teatra aparsanız, onun daxilindəki bu zövqü aşılaya biləcəksiniz. Uşaq yaşlarından övladlarınızda incəsənət sevgisi yaratmasanız, onlarda bu sahəni inkişaf etdirməsəniz, müəyyən yaşa gəlib çatdıqdan sonra yetişməkdə olan gənclik incəsənətlə maraqlansa belə, baxışı həmin baxış olmayacaq. Mən uşaq vaxtından rəqsə, rəssamlığa, üzgüçülüyə getmişəm. O ki, qaldı sizin sualınıza, rəssamlığı bizim ailədə hər kəs bacarır. Ancaq onlar bu sənətlə peşəkarcasına məşğul olmayıblar.
- Bu, gendən gələn bir istedad ola bilərmi?
- Əslində istedad iki cür olur. Biri var genetik, bir də var ki, özünüz onunla məşğul olursunuz, öyrənirsiniz, təkmilləşdirirsiniz. "Mən bunu bilirəm və bildiyimlə kifayətlənirəm” kimi anlayışla inkişaf etmək mümkünsüzdür. Təbii ki, gendə varsa nə gözəl, ancaq bunu inkişaf etdirdikdə daha gözəl nailiyyətlər əldə etmək mümkündür.
- Bəzi gənc rəssamlar bu sənəti inkişaf etdirməyin yeganə çıxış yolunu xarici təhsildə görür.
- Bizim incəsənətimiz, mədəniyyətimiz çox inkişaf edib. Mənim gənc rəssamlara məsləhətim odur ki, dünyaca məşhur olan rəssamların əsərlərinin orijinalına baxsınlar və nələrsə öyrənsinlər. Kitab oxusalar, araşdırmalar aparsalar özlərini kifayət qədər inkişaf etdirmiş olarlar.
- Əksər rəssamlar qarışıq əsərlər çəkirlər və bu tablolar baha qiymətə çatılır. Bu, heç də birmənalı qarşılanmır. Bu mövzu ilə bağlı nə düşünürsünüz?
- Mən rəssamlığa miniatür üslubundan başlamışam. Onu öz tərzimdə işləmişəm. Miniatürü böyük fiqurlarla işləmişəm. Buraya öz tərzimi əlavə etmişəm. 4 dəfə dəsti-xəttim dəyişib. Rəssamların zəhmətinin qiymətləndirilməsinin tərəfdarıyam.
- Rəssamlıq pul gətirən sahədirmi?
- Əlbəttə. Əsərlərim Madriddə, İspaniyada, üç qalereyada satışda var. Hətta, İspaniya səfirliyinin nümayəndələri də mənim əsərimi alıb.
- Siz rəssamlıqla bərabər, eyni zamanda bir çox layihələrin müəllifisiniz. İmzanızı daşıyan layihələr nəyə xidmət edir?
- Əslində, çox layihələr həyata keçirmişəm. Ola bilər ki, indi onların hamısını bir-bir xatırlamayım. Gerçəkləşdirdiyim layihələr hamısı bizim şagirdlərimizin inkişafına, ölkəmizin, mədəniyyətimizin təbliğatına xidmət edir.Ötən ilin oktyabrında Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində Türkiyə və Azərbaycan rəssamlarının əsərlərindən ibarət "Rənglərin qardaşlığı” adlı sərgi keçirdik. Əvvəl biz İzmirə getdik, sonra onlar Bakıya gəldilər. Onlar Bakıdan o qədər zövq almışdılar ki, hətta buradan getmək istəmirdilər. Biz də İzmirdə gözəl qarşılandıq. Bizim əsərlərimiz İzmirin Mədəniyyət Mərkəzində nümayiş olundu.
- Mustafa Kamal Atatürkə həsr etdiyiniz portret hazırda dövlət xadiminin Ankaradakı ev-muzeyində saxlanılır. Bu proses necə baş verdi?
- Türkiyədə simpoziumda olanda əsərim, bəlkə də rəsm çəkmək tərzim onların diqqətini çəkdi. Daha sonra məndən başqa əsərlərimin olub-olmadığını soruşdular. Onlara bildirdim ki, məndə Atatürkün portreti də var. Onlar həmin portreti Ankaraya gətirməyimi istədilər. Sonra eşitdim ki, o portret Atatürkün ev-muzeyinə yerləşdirilib. Təbii ki, bu, məni çox şad etdi. Portretimin Atatürkün ev-muzeyində saxlanılması mənim üçün şərəfdir. Artıq bu əsər Türkiyə Cümhuriyyətinin sərvəti sayılır.
- Bildiyimiz qədəri ilə sizin işlərinizdən "Konya Modern” muzeyində də var.
- İstanbul və Konya şəhərində keçirilən simpoziumda iştirak etmişdik. Orada iki canlı tablo yaratmalı idik. Simpoziumun keçirilməsində əsas məqsəd tələbələrin 65 ölkəni təmsil edən istedadlı rəssamlardan nə isə öyrənmələri idi. Biz orda olduğumuz beş gün ərzində tələbələrlə sıx ünsiyyət qurduq. Onları maraqlandıran sualları cavablandırdıq. Beş gündən sonra sərgi açıldı. Bir əsər "Konya Modern Museum"a alındı. 65 ölkədən dəvət olunmuş rəssamlardan yalnız 6 rəssamın rəsm əsəri bu muzeyə qəbul edildi. Onlardan da biri mən idim.
- Bəs "Qardaş ölkə” layihəsinin ideyası necə yarandı?
- Bu layihə əslində, mənim sferamdan bir qədər uzaqdır. Ancaq mən bunu ürəkdən istədim. İdeya qızıma görə gəldi. Qızım Milli Konservatoriyanın tərkibində olan İncəsənət Gimnaziyasında təhsil alır. Düşündüm ki, bəlkə belə bir layihə edim. Bursa Zeki Müren Güzel Sanatlar Lisesi müdiriyyəti ilə əlaqə saxladım. "Qardaş məktəb” layihəsi Azərbaycan və Türkiyənin təhsil nazirliklərinin dəstəyi ilə həyata keçirildi. Layihə çərçivəsində İncəsənət Gimnaziyasının dəvəti ilə Bursa İncəsənət Liseyindən 15 nəfərlik nümayəndə heyəti Bakıya səfər etdi.
Tədbirdən öncə Şəhidlər Xiyabanı ziyarət etdik və şəhidlərimiz haqqında türk şagirdlərə məlumat verdik. "Qardaşlıq qala gecəsi” tədbiri baş tutdu, burada musiqi və rəqs nümayiş olundu. Şagirdlərin rəsm və əl işlərinin sərgisi həyata keçirildi. Layihə çərçivəsində seçilmiş uşaqlar Bursaya gedəcəklər. Onlar Bursada yataqxanada deyil, oradakı ailələrin himayəsində olacaqlar. Bursadan gələn şagirdlər də həmçinin burada ailə mühitində olacaqlar. Bu layihə onların inkişafından əlavə, həm də iki ölkə gənclərinin dostluq əlaqələrinin qurulması deməkdir. Təsəvvür edin ki, ailələrdə qonaq olan şagirdlərimiz ömür boyu dost olurlar. Onlar başqa bir ölkədə ailə, dost qazanırlar.
- Gələcəkdə sizdən başqa layihələr gözləyəkmi?
- TÜRKSOY-un təşkilatçılığı ilə 2018-ci il türk dünyasının mədəniyyət paytaxtı olan Kastamonuda bir sıra layihələrimiz olacaq.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər