AZE | RUS | ENG |

Əsas məqsəd vətəndaşların üzləşdiyi çətinliklərin aradan qaldırılmasıdır

Əsas məqsəd vətəndaşların üzləşdiyi çətinliklərin aradan qaldırılmasıdır
Birinci vitse-prezident Mehriban Əliyeva: “Azərbaycan yaxşı təcrübələrini başqa ölkələrlə paylaşmağı davam etdirməyə hər zaman hazırdır”

Müstəqil Azərbaycan inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lider dövlətinə çevrilib. Müasir ölkəmizdə hüquqi dövlət quruculuğu, demokratik prinsiplərin bərqərar olması, söz, mətbuat, fikir azadlığının təmin edilməsi istiqamətində uğurlu addımlar atılıb. Hazırda istənilən vətəndaş internetin, medianın azadlığından yararlanaraq, sərbəst şəkildə öz fikirlərini yaya, istənilən informasiyanı ictimailəşdirə bilir. Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan tolerantlıq, multikulturalizm kimi ənənələri yaşatmaqla, beynəlxalq miqyaslı tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi edir. Əmin-amanlığın, sabitliyin hökm sürdüyü Azərbaycan ikiqütblü dünyada böyük güclərin dialoq məkanı kimi seçilir, ölkəmizə böyük etimad göstərilir. Bütün bunların fonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət ümumilikdə Azərbaycan vətəndaşlarının sosial rifah halının yaxşılaşmasına xidmət edir. 

Bu kontekstdə atılan addımlardan biri də dövlət idarəçiliyində təkmilləşmənin, islahatların aparılması, müasir dövrün tələbləri, yeni reallıqlar nəzərə alınmaqla vətəndaşlara nümunəvi xidmətin göstərilməsidir. Dövlət xidmətlərində vahid pəncərə sisteminin tətbiq edilməsi, məmur-vətəndaş təmaslarının minimuma endirilməsi üçün elektron hökumət layihəsinin uğurlu icrası söylənilənlərə əyani misaldır. Bununla belə, Azərbaycanda dövlət idarəçiliyi sahəsində aparılan islahatların tərkib hissəsi kimi, 2012-ci ildə dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – ASAN Xidmət yaradılıb. Hazırda 10 "ASAN xidmət”i rayonlarda, 5 "ASAN xidmət”i Bakıda fəaliyyət göstərir. Bu gün həmin mərkəzlərdə 320 dövlət və özəl xidmət göstərilir. 12 müxtəlif dövlət qurumu və bir qrup özəl şirkət bir bina daxilində "ASAN xidmət”də təmsil olunurlar. 2013-cü ildən etibarən ASAN mərkəzlərində ölkə üzrə 30 milyondan artıq ərizəyə baxılıb. Çox qısa müddət ərzində dövlət ilə vətəndaş arasında münasibətlərdə mərkəzi yeri tutan "ASAN” - ın gələcəkdə rayonlarda daha 5, paytaxt Bakıda isə əlavə iki mərkəzi fəaliyyət göstərəcək. "ASAN xidmət” mərkəzləri səmərəlilik, əlçatanlıq, şəffaflıq, rahatlıq və innovasiya prinsiplərinə əsaslanan ən yüksək xidmət səviyyəsini təmin edir. Bu xidmət mərkəzləri qabaqcıl idarəetmə prinsiplərinə əsaslanır və ölkəmizdə dövlət xidməti sahəsində fundamental dəyişikliyə də səbəb olub. "ASAN xidmət”in vətəndaşlar tərəfindən qiymətləndirilməsi 100 faiz müsbətdir.

Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli fərmanı ilə "ASAN xidmət”in tabeliyində "ABAD” - Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxs yaradılıb. Bu qurumun yaradılmasında isə başlıca məqsəd Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir. Hazırda "ABAD” mərkəzləri tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələri həyata keçirilir. 

Prezident İlham Əliyevin "Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il avqustun 9-da imzaladığı fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi isə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir. DOST Agentliyi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dövlət sosial xidmətlərinin vahid platformadan, "bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunması təşəbbüsünün nəticəsidir. DOST mərkəzləri əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 126 xidmətin "bir pəncərə”dən təqdim edilməsinə imkan verən, əhatə dairəsi geniş olan, innovativ yenilikləri özündə birləşdirən nadir layihədir. Ona görə də DOST mərkəzlərinin ölkəmizin dövlət sosial xidmətləri sahəsində Azərbaycanın yeni brendinə çevriləcəyi gözlənilir. Agentliyin 2019-2025-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. 

Əlbəttə ki, bütün bunlar Prezident İlham Əliyevin "siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” fikrini əməldə ifadə edən nümunələrdir. Sevindirici haldır ki, nəinki ölkə vətəndaşlarımız, hətta beynəlxalq təşkilatlar, xarici dövlət rəsmiləri, ayrı-ayrı şəxslər tərəfindən də ölkəmizdə dövlət idarəetməsi, islahatlar, sosial siyasət istiqamətində atılan addımlar dəstəklənir. Hətta bir sıra dövlətlər Azərbaycanın tətbiq etdiyi uğurlu nümunələrindən bəhrələnirlər. İyunun 24-də Bakıda, Heydər Əliyev Mərkəzində Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BMT-nin Dövlət Xidmətləri Forumunun işə başlaması, forum çərçivəsində səsləndirilən fikirlər buna əyani misaldır. Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirak etdiyi builki foruma müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxsləri də qatılıblar. Forumun keçirilməsində məqsəd dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual məsələlər üzrə müzakirələrin aparılması, habelə dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələrinin mübadiləsi olub. Belə bir Forumun Azərbaycanda keçirilməsinə zəmin yaradan ən önəmli amillər ölkəmizdə dövlət xidmətləri sahəsində qazanılmış nailiyyətlərdir.

Forumda çıxış edən Birinci vitse-prezident Mehriban Əliyeva bildirib ki, əsas hədəf və məqsəd yeni xidmətlərin insanlara yönəlməsi və vətəndaşların keçmişdə üzləşdiyi çətinliklərin aradan qaldırılmasından, dövlət xidmətlərini insanlar üçün əlçatan, rahat, asan və səmərəli etməkdən ibarətdir. "Vahid pəncərə” prinsipi əsasında dövlət xidmətlərinin göstərilməsi ideyasının bu cür ərsəyə gəldiyini qeyd edən Mehriban Əliyeva ASAN adının Azərbaycan dilində, mənaca, həmçinin "asan” olduğunu vurğulayıb. "ASAN xidmət”in insanların tələbatlarını həll etməkdə dövlət xidmətləri sahəsində yeni mədəniyyəti təqdim edən milli brendə çevrildiyini deyən Birinci vitse-prezident söyləyib ki, vətəndaş rəyinin daimi monitorinqi bu layihənin uzun perspektivdə uğuruna xidmət edir. Mehriban Əliyeva qeyd edib ki, Azərbaycan yaxşı təcrübələrini başqa ölkələrlə paylaşmağı davam etdirməyə hər zaman hazırdır. Onun sözlərinə görə, bu günədək ASAN-la müxtəlif ölkələr və beynəlxalq təşkilatlar arasında 10 anlaşma memorandumu imzalanıb. 2016-cı ildə ölkəmizdə ABAD adı altında digər sosialyönümlü xidmətin fəaliyyətə başlamasından söhbət açan Birinci vitse-prezident bu layihənin reallaşmasında başlıca məqsədin ölkənin sosial və iqtisadi inkişafına vətəndaşların daha fəal və yaradıcı şəkildə cəlb edilməsi olduğunu diqqətə çatdırıb.

Sonda onu da qeyd etmək yerinə düşər ki, uzun illərdir ölkənin ictimai-siyasi, mədəni, humanitar, sosial həyatında mühüm və fəal rol oynayan Mehriban xanım Əliyeva Birinci vitse-prezidenti təyin olunduqdan sonra da qeyd olunan sahələrdə fəaliyyətini uğurla davam etdirməkdədir. Öz fəaliyyətini sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həlli üzərində quran Mehriban Əliyeva dövlət sosial xidmətlərinin vahid platformadan, "bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunması kimi bir sıra təşəbbüslərlə də çıxış edir. Əlbəttə ki, bütün bu işlərin mərkəzində, təməlində Azərbaycan vətəndaşı durur. Görülən işlərdə, həyata keçirilən tədbirlərdə başlıca məqsəd daha güclü və inkişaf etmiş dövlət qurmaq, hər bir Azərbaycan vətəndaşının rahat yaşamasına nail olmaqdır.
 
Alpər TURAN

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8748
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1477
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7055
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2873