AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ermənistanda iqtidar-müxalifət qarşıdurması gözlənilirmi?

Ermənistanda iqtidar-müxalifət qarşıdurması gözlənilirmi?

Siyasət
02 İyul 2020, 19:44 434
Politoloqların fikrincə, Paşinyanın ona qarşı olanları sıradan çıxarması, müxalifətin birləşməsinə səbəb ola bilər
 
Ermənistanın siyasi vəziyyət günbəgün gərginləşir və Paşinyan qeyri-adi hərəkətləri ilə rəqiblərini sıradan çıxarmaqda davam edir. O, "Qarabağ klanı”, o cümlədən bəzi oliqarxlara qarşı apardığı mübarizənin sırasına məhkəmə hakimiyyətini də daxil edib. Paşinyan keçmiş hakimiyyətin dövründən məhkəmə sistemində qalan hakimləri sıradan çıxarmaq üçün konstitusiyanın tələbini pozaraq, koronavirus pandemiyasını bəhanə edib referendum keçirmədi və bunu nəzarətində olan parlament vasitəsilə reallaşdırdı.
Belə ki, parlament iyunun 22-də konstitusiyaya düzəlişləri qəbul edib. Ona müvafiq olaraq Konstitusiya Məhkəməsinin üç üzvü istefaya göndərilib. Bununla yanaşı, bu dəyişikliklərlə Konstitusiya Məhkəməsinin sədri Qrayt Tovsmoyanın səlahiyyətlərinə xitam verilib. Lakin bu addım heç də Ermənistanda birmənalı qarşılanmayıb. Artıq Ermənistanın üç müxalifət partiyası - "Çiçəklənən Ermənistan”, "Vətən” və "Daşnaksütyun” Baş Prokurorluğa qanunverici və icraedici hakimiyyətə qarşı konstitusiya quruluşunu devirmək, hakimiyyəti qəsb etmək və səlahiyyətləri aşmaq maddələri üzrə cinayət işinin başladılması tələbi ilə müraciət ediblər.
Bütün bunlar onu göstərir ki, Ermənistanda siyasi gərginlik durmadan artır. Bəs görəsən bu vəziyyət Ermənistanda daxili qarşıdurmaya səbəb olacaqmı?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, hazırda Ermənistan qarşıdurma vəziyyətində yaşayır: "Burada açıq şəkildə sezilən odur ki, ölkə daxilində xaos, hərc-mərclik gündən-günə dərinləşir. Bir çox problemlərin ağırlığı da onunla bağlıdır ki, ümumilikdə Ermənistan hakimiyyəti özündə bir güc, bacarıq hiss eləmir ki, prosesləri nəzarət altında saxlasın. Əksinə, orda hakimiyyətin zəifliyindən, boşluğundan istifadə edən müxalif qruplar var ki, onlar xırda mövqe qarşıdurmasını hakimiyyətə sırıyırlar. Bununla da onu çaşqın vəziyyətə salırlar və onun gücünü parçalayırlar. Təbii, burada hakimiyyətin əsas məqsədi ondan ibarətdir ki, ümumiyyətlə bütün müxalifət tərəfindən müqavimət göstərən dayaq nöqtələri zərərsizləşdirilsin. Desək ki Paşinyan hakimiyyəti buna qadirdir, düz olmaz. Çünki Paşinyan hakimiyyəti özü-özlüyündə bir o qədər güc, bacarıq hiss eləmir. Ancaq müxalifətin də problemi ondan ibarətdir ki, orada pərakəndəlik var. "Qarabağ klanı” deyilən qüvvə artıq vahid deyil, o da parçalanıb. Digər tərəfdən ən çox müxalifətdə olan, vaxtı ilə Qarabağda azğınlıq edən, guya qondarma azadsütyunların obrazı altında olan insanların indi ən böyük qayğısı ondan ibarətdir ki, Paşinyan hökumətinin "qayçılama siyasəti” altına düşməsinlər”.
T.Abbasov qeyd etdi ki, indi Paşinyan istər Sarukyan, istərsə də digər oliqarxları müflisləşdirir ki, onların qarət etdiyi pulları büdcəyə qaytarsın və bununla da boşluq vəziyyətini tarazlasın: "Biz görürük ki, həqiqətən də keçmiş dövrdə Qarabağda "azadlıq hərəkatı” adı altında insanları qarət edən, ümumxalq malına göz dikən, büdcə vəsaitlərini yeyib-dağıdanlar, Prezident İlham Əliyev demişkən, əsgər yeməyini satıb, var-dövlət əldə edənlər çalışırlar ki, Paşinyan hökuməti onlara dəyməsin. Amma Paşinyan da başa düşür ki, belələrini zərərsizləşdirmək üçün ilk növbədə onları iqtisadi cəhətdən müflisləşdirmək lazımdır. Ona görə də çalışırlar ki, həmin o pulları büdcəyə qaytarsınlar, investisiya olmadığı halda iqtisadiyyatı taraz saxlaya bilsinlər və insanların ehtiyaclarını ödəsinlər. Bu baxımdan deyərdim ki, nisbətən üstünlük, təşəbbüs Paşinyanın tərəfindədir. Çünki vahid müxalifət yoxdur. Yəni, Ermənistanda müxalifətin birləşməsi getmir, pərakəndəlik var. Bundan istifadə edən Paşinyan isə çalışacaq ki, insanların gözündə ədalətpərəsət olsun, qarətçilərin hamısını ifşa etsin və onların qanunsuz yolla əldə etdiyi bütün maliyyə resurslarını büdcəyə qaytarsın. Bu baxımdan düşünürəm ki, qeyd etdiyim boşluqlar uzun müddət qalacaq. Fəlsəfədə belə bir deyim var, köhnə sistem hələ məhv olmayıb, yeni isə doğulmayıb. Ermənistan bax, belə bir keçid dövründə yaşayan məmləkətdir və hələ ki burada inqilab ehtimalını yüksək qiymətləndirmirəm. Paşinyan hakimiyyəti ən azından bir-iki il saxlayacaq. İqtidar-müxalifət qarşıdurmasında o ya püxtələşəcək, ya da ki, müəyyən müddətdən sonra Ermənistan dövlətinin defoltu qaçılmaz olacaq”.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, Ermənistanın baş naziri Paşinyan mərhələli şəkildə öz rəqiblərinə qarşı mübarizəni genişləndirib: "O əvvəlcə "Qarabağ klanı”, daha sonra iqtisadi müstəvidə ondan asılı olmayan şəxslərə qarşı siyasi təqiblər həyata keçirdi. Paşinyan ən son mərhələ kimi, məhkəmə orqanı və kilsəni də öz tərəfinə çəkməlidir. Əks təqdirdə, onun hakimiyyətə gəlməsinin əsas məqsədləri reallaşmayacaq. Buna görə də biz Nikol Paşinyanın çox hiyləgər strategiyasının şahidiyik. Əvvəla, qeyd etmək lazımdır ki, Konstitusiya Məhkəməsindəki hakimlərə qarşı Paşinyanın tutduğu mövqe heç də sıradan deyil. Bilirik ki, Konstitusiya Məhkəməsi hər bir ölkədə mühüm dövlət institutlarındandır. Bu orqanda keçmiş hakimiyyətə yaxın şəxslərin yer alması, görünür, baş nazirdə ciddi qıcıq yaradır və ona görə də həmin hakimləri əvəzləmək iddiasındadır”.
Z.Məmmədov vurğuladı ki, Ermənistanda konstitusiya dəyişikliyi ilə bağlı referendum nəzərdə tutulurdu: "Ancaq koronavirus bəhanəsilə referendum keçirilmədi və sakit şəkildə parlamentin iclasında hakimlərə qarşı qərarlar qəbul edildi. Maraqlı fakt ondan ibarətdir ki, Ermənistan prezidenti bütün bu münaqişələrdən geri çəkilərək özünü sudan quru çıxarmaq istəyir. Ötən həftə onun qəbul etdiyi qərara əsasən, Konstitusiya Məhkəməsindəki dəyişikliklərlə bağlı prezidentin imzasına ehtiyac olmayacaq. Təbii ki, məhkəmənin sədri və digər hakimlər bu məsələ ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər və Paşinyanı tiranlıqda günahlandırırlar. Hər bir halda Nikol Paşinyanın atdığı addımlar bir daha onu göstərir ki, o, populist demokratiya dalğası altında hakimiyyətə gəldi, amma əslində siyasi mövqeyi və davranışı heç də bu trendin yanında olmadı”.
 
BƏXTİYAR