AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ermənistan rəhbərliyi bütövlükdə regionun təhlükəsizliyinə biganə yanaşır

Ermənistan rəhbərliyi bütövlükdə regionun təhlükəsizliyinə biganə yanaşır

Cəmiyyət
31 Mart 2020, 09:51 419
Azərbaycanın işğal altındakı torpaqlarında 31 mart tarixində keçiriləcək saxta "seçki"lər Ermənistan dövlətinin siyasətinin işğalçı mahiyyətini növbəti dəfə üzə çıxarır.
Bunu Trend-ə Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu deyib.
Onun sözlərinə görə, hazırda koronavirus təhlükəsi ilə əlaqədar bütün dünyada kütləvi tədbirlər təxirə salınıb. Dövlətlər maksimum təhlükəsizlik tədbirləri həyata keçirməklə bu xəstəliyin mənfi təsirlərini azaltmağa çalışırlar. Ermənistanın hazırkı rəhbərliyi isə bütün bu zərurətlərə baxmayaraq, öz mənfur əməlləri ilə, saxta "seçki"lərlə bütövlükdə regionun təhlükəsizliyinə biganə yanaşır.
Deputat hesab edir ki, bu "seçki"lər hər şeydən əvvəl işğal faktını möhkəmləndirməyə xidmət edən cəhddir:
"Amma Ermənistan rəhbərliyi bununla nə dərəcədə öz məqsədinə nail olur? Bu, artıq böyük bir sual işarəsi yaradır. Çünki bu vaxta qədər Dağlıq Qarabağda çoxlu sayda qeyri-legitim seçki şouları göstərilsə də, dünyada heç bir dövlət bu qondarma rejimi tanımayıb. Heç tanımayacaq da! Çünki Azərbaycanın artan nüfuzu beynəlxalq mövqelərimizin həmişəkindən daha möhkəm olmasını şərtləndirib. Ölkəmizin ərazi bütövlüyü həmişəkindən daha açıq kontekstlə müdafiə olunur. Ermənistanın isə işğalçılıq siyasəti dünya miqyasında ifşa olunmağa davam edir. Digər bir məqamı da vurğulamaq istərdim. "Seçki" öncəsi proseslər bir daha bütün dünyaya nümayiş etdirdi ki, işğal altındakı ərazilərdə yaradılmış rejim qondarmadır və Ermənistan dövlətinin tam nəzarəti altında fəaliyyət göstərir".
E.Mirbəşir oğlu əlavə edib ki, Ermənistan baş naziri Nikol Paşinyan nümayişkarənə cəhdlərlə özünə yaxın olan şəxsi rejimin rəhbərliyinə gətirməyə çalışır. Bu isə onun təsdiqidir ki, qondarma qurumun müstəqilliyindən söhbət belə gedə bilməz və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması danışıqlar prosesində ancaq maraqlı tərəf kimi çıxış edə bilər:
"Beləliklə, Ermənistan iqtidarı bir müddətdir dünya ictimaiyyətinə çatdırmaq istədiyi tezisi son addımları ilə təkzib etdi və göstərdi ki, münaqişənin iki tərəfi var: Ermənistan və Azərbaycan. Hesab edirəm ki, məhz bu amil başda ATƏT-in Minsk Qrupu olmaqla, münaqişənin tənzimlənməsi prosesinə töhfə verməyə çalışan dövlətlər və beynəlxalq təşkilatlar üçün açıq çağırış kimi qiymətləndirilməlidir".