Ənvər Məmmədxanlının dramaturgiyası
Ənvər Məmmədxanlı ədəbiyyat tariximizdə az
yazan, lakin çox oxuyan, bilgili bir müəllif kimi tanınır. Təbədüllatlarla dolu
30-cu illərdə ədəbiyyata gələn yazıçı, istər müasir, istərsə də tarixi
mövzularda dəyərli əsərlər yazaraq nəsr və dramaturgiyamızda iz qoymuşdur. Onun
Şərq tarixinə, mədəniyyətinə bələdliyi ədəbiyyatımızda maraqlı üfüq
yaratmışdır. Xüsusən, 1937-ci ildə ədəbi ərazilərimizdən Şərq coğrafiyası
çıxarıldıqdan sonra Ə.Məmmədxanlının qələminin bu mövzuya varması tarixi
davamlılıq baxımından önəmlidir.
Ceyhun Mirzəli
Müəllif Şərq mövzusunda istər uzaq 9-cu əsrdə
baş verən olaylardan bəhs edilən "Babək” romanında həmçinin XX əsrin
əvvəllərindəki Şərq siyasətinin konturlarının öz əsərlərində göstərə bilmişdi.
Yazıçı-dramaturqun Güney və Quzey Azərbaycanda
baş verən ictimai-siyasi hadisələrdən bəhs edən "Şərqin səhəri” və "Od içində”
pyesləri böyük güclərin apardıqları Şərq siyasəti fonunda hadisələri
göstərmişdir.
Pyesin ictimai-siyasi çalarları isə
çoxşaxəlidir. Belə ki, müstəqil cümhuriyyətin süqutu ərəfəsindəki gərgin
proseslər əsər boyu tarixi duyarlılıqla işlənilib. Haqqında bəhs edilən Şərq
siyasəti faktorunun konturları pyes boyu oxucunu maarifləndirməyə hesablanmış
addım kimi görünür. İngilislər 18-ci əsrdən Şərqə doğru genişlənmə siyasətinə
start verdikləri tarixə məlumdur. Hələ ədəbiyyatımızın ilk modern romanı
sayılan "Aldanmış kəvakib” də əsər bu sözlərlə qurtarır "Vallah qəribədirlər bu
ingilis tayfası ki, belə xətərli millət ilə az qalmışdı ki cəng başlayar”. M.F.Axunzadə
hətta Səfəvilər dövründə belə Şərq siyasətinin şifrələrini açmağa çalışmışdı.
Hüseyn Cavidin "İblis” faciəsində isə ingilis siyasətinin Osmanlı dövlətini
necə sona çatdırıldığı artıq əsərin əsas süjet xətlərindən birinə çevrilir.
Sosial bərabərsizlik, çılğın siyasi
mübarizələr fonunda gənc rəssam Bəhruzun varlı Ağalarovun qızı Dilarəni sevməsi
onun bədbəxtliyinin başlanğıcı olur. Bu sevginin qarşısında ictimai silk
baxımından quru bəyə çevrilən Cavanşir bəy dayanır. Cavanşir bəy, ümumiyyətlə, Qarabağ
xanı Pənahəli xanın soyu olan Cavanşirlər nəslinin ümumiləşmiş personajıdır.
Cavanşir bəy Dilarənin yaxşı şəklinin çəkilməsi müqabilində hətta Bəhruzu
Parisə sənətkarların toplaşdığı məkana yollayacağını belə bildirir. Bu amil o
dövrkü zadəgan nəsillərinin Avropaya mədəni cəhətdən bələd olmasını da
göstərir. O da Dilarəni sevsə də, bu sevgi nifrət qarışıq bir məhəbbət macərası
olur. Buna səbəb isə neft sərvətinə sahib olma ehtirası olur. Dilarənin ürəyi
isə Bəhruzla birgə olur. O hətta belə deyir "...Abşeronun quzeyindəki bağların
hamısını bizim əlimizdən alacaqsız. Alın! Hamısı sizin olsun. Amma onu məndən
almayın”. Bu sözlər Azərbaycanın başına
gətiriləcək milli faciələrin məişətdə əksidir. Bu əsərdə general Tomsonla Ed-Braun arasında
gedən dialoqlar tarixi baxımdan vacibdir.
İngilis qoşunlarının Azərbaycandan getməsi ərəfəsində xaricilərin varlı
Ağalarovun evində toplaşması dramın məkan həllində ciddi rol oynayır. Varlı
şəxslərin beynəlxalq proseslərdən tədirgin olması, cümhuriyyət nazirinin ölkə müstəqilliyinin
tanıdılması uğrunda mübarizəsi pyesdəki konfliktin dərinləşməsinə səbəb olur.
İtaliyan qoşunlarının bundan sonrakı mərhələdə gələ bilməsi məsələsi isə tarixi
faktlara əsaslanır. Pyes boyu Qarabağ və Zəngəzurda baş verən döyüşlərdən bəhs
olunması vətənpərvərlik əhval-ruhiyyəsindən xəbər verir. Xüsusən itirilmiş
Zəngəzurla bağlı Azərbaycan oxucularına mesaj verir.
Pyes boyu cümhuriyyəti xilas etməyə cəhd edən
yeganə personaj nazir olur. Onun bu işdə təkliyi təbii ki sovet ideologiyasının
tələblərinə uyğun idi. Həmçinin bu cümhuriyyət hakimiyyətinin 1919-20-ci
illərdə Azərbaycan müstəqilliyinin tanıdılması uğrunda mübarizəsinin bir
əksidir. Nazirlə Tomsonun arasında gedən söhbətlərdə o dövrün mürəkkəb siyasi
beynəlxalq situasiyası aydın görünür. Tomsonun naziri Denikinə dəstək verməsini
tələb etməsi gənc hökumətin necə də, çıxılmaz durumda olmasını əks etdirir.
Bir an içində Bakıya gələn on birinci ordu
varlı şəxsləri qorxuya salır. İradəsiz şəxs olan Cavanşir bəyə Ed-Braun pul
qarşılığında mədənlərə od vurmalı olduğu tapşırığını verir. Bu baş tutmasa da,
Dilarə bundan xəbər tutur. Dilarə bundan sonra Cavanşir bəydən daha çox nifrət
edir. Bəhruzun ardıca Dilarənin Cavanşir bəy tərəfindən öldürülməsi ictimai
təlatümlərin sevgini məhv etdiyini göstərir.
Öz vətənində doğulub işlərini burda qoyan
Ağalarovun Bakını tərk edən zaman "Gedək qoca, gün gələr, qayıdarıq! Məhşər o
zamandır!” deməsi sətiraltı bir mesaj kimi görünür. Bolşeviklərin amansız
siyasətinin insanları öz vətənlərindən necə didərgin salmalarının ifadəsidir.
Müəllifin Güney Azərbaycanda 1945-46-cı
illərdə baş verən hadisələrlə bağlı yazdığı "Od içində” pyesi isə daha
koloritli, hərtərəfli əsərdir. Pyesin adının bu cür olması Güney milli
hərəkatının dağıdılmasından sonra ana dilli kitabların yandırılmasıyla bağlıdır.
Hər halda Ə.Məmmədxanlını bir ziyalı kimi güney hərəkatından sonra yandırılan
kitabların olması başa düşüləndir. Buna səbəb milli hərəkatın getdiyi zamanda
Ənvər Məmmədxanlının Güneydə fəaliyyət göstərməsi ilə bağlıdır. Xalqı
maarifləndirmək üçün müxtəlif məcmuələrin buraxılmasında iştirak edən ədib İran
mühitinə də yaxından bələd olmuşdu. Belə ki, dramda irticanın nümayəndəsi olan
Vəziri-Dərbarın ilk pərdədə koloritli obrazı canlandırılır. İranın artıq
İngiltərə və ABŞ arasında mübarizə meydanı olması dramdakı hadisələri
düşündürücü axara salır. Belə ki vəziri-Dərbar bu qarşıdurma zamanı İranın bir
qədər əfsanələşən tarixinə həsədlə yanaşır. İranın keçmiş şahlarının əzəmətini
yadına salsa da, bu davada ABŞ-ın yanında durmağa üstünlük verir.
Pyesdə
konflikt təkcə azadlıq uğrunda mübarizə aparan Azər, fədailər və irtica
qüvvələri arasında getmir. Həmçinin İranda nüfuz uğrunda mübarizə aparan
ingilis Doktor Şort amerikalı Doktor
Xart arasında gedir. İngilis həkimi mister Todd ABŞ səhiyyəsinin İranda
gücləndiyini görərək öz aptekinin zərərə uğramasından narahat olur. Bu aptek
təkcə tibbi deyil, həm də ingilis kəşfiyyatının bir mərkəzi kimi fəaliyyət
göstərir. Şərqin səhəri pyesindəki olduğu kimi yazıçı xarici şəxslərin dialoqu
kontekstində beynəlxalq siyasətə işıq tutur. Doktor Xartın ABŞ prezidentinin
Türkiyə prezidentinə yağlı hinduşka göndərdiyini söyləməsi 1946-cı ildən
Türkiyənin Marşal proqramı vasitəsi ilə yardım aldığına işarədir.
Mənfi obrazların koloritli olmasına
baxmayaraq, əsərin qəhrəmanı Azərin də mübariz obrazı yaradılmışdır. Belə ki
pərdədə qolu yaralanmış halda çıxan qəhrəman heç də təslim olmaq istəmir. Anası
Reyhan əfv ərizəsi yazdıraraq məktub
halında ona verir. Azərin bu məktubu cırması anasının da bu mübarizəyə dəstək
verməsinə səbəb olur. Bu amil Azərin qətiyyətini daha da artırır Bu məqam
hardasa Maksim Qorkinin "Ana” romanından gələn motivlə səsləşir.
Şahla ABŞ ingilis təmsilçilərinin
münasibətləri zamanı ağ inqilabdan, İranın birləşmiş ştatlardan ibarət
federativ dövlətə çevrilməsi ehtimalından danışılması o dövrkü geosiyasi
proseslərlə bağlı oxuculara verilmiş dəyərli məlumatlardır. Pyesdə xiyabanla bağlı pərdə daha çox maraq
kəsb edir. Səttarxan hərəkatının iştiraçısı olmuş bağban burada yalançı
təsəvvüf əhli olan şair İntizari ilə birgə yaşayır. Mücahidlərdən biri olan Əli
Fişəngçinin kod adının Qızılbaş olması da diqqətçəkəndir. Bu tarixdən gələn
ənənənin müasir hərəkata etdiyi təsirin nəticəsi kimi görünür. İntizari isə
riyakarcasına ölümə mədhiyyələr oxusa da, özü ölümdən qorxur. Azər və silahdaşlarının
yerini Ehtişami və irtica nümayəndələrinə deyir. Bunun nəticəsində bağban
vurularaq öldürülür. Lakin bağban canını bir fədai kimi tapşırır. Ənvər
Məmmədxanlı bununla güney hərəkatının məntiqli davamlılığının göstərməyə
çalışıb.
Pyesin tamaşaya qoyulmasında bir çox əngəllər
olub. 40-cı illərin sonunda repressiyanın ikinci dalğası zamanı insanlar
yenidən sürgünə göndərilməyə başlayıblar. Əsərdə irtica güneyli soydaşlarımızı
uzaq Bəlucistana sürgün etmək istəyir. Bu həmçinin sovetlərlə də verilən bir
mesaj idi. Hətta Ə.Məmmədxanlının bədxahları bu əsərlə onun üzərinə hücum
etmişdilər ki, sənin qohum-əqrəban burada cəzalandırıldığı üçün sovet rejiminə
söz atırsan. Bu barədə maraqlı məlumatlar Anarın "Həyatım ağrıyır”
xatirə-povestində verilir.
Ceyhun Mirzəli