• cümə, 19 Aprel, 01:17
  • Baku Bakı 18°C

“Əli Kərimli ən böyük xəyanətkar və satqındır”

02.10.19 18:05 4024
“Əli Kərimli ən böyük xəyanətkar və satqındır”
AXCP sədri Əli Kərimlinin diktatorluğu, sədarət kürsüsünü heç kimə güzəştə getməməsi, azad fikrə qarşı olması, onun iradəsinin əksinə gedənləri mənəvi terrora məruz qoyması partiya daxilində narazılığı artırıb. Məhz bu səbəblər üzündən zaman-zaman AXCP-dən istefalar olub.
1988-ci ildən xalq hərəkatının fəal üzvü, AXCP Nəzarət Təftiş Komissiyasının (NTK) sədri Aydın Əliyev bir neçə gün bundan öncə "Facebook”dakı şəxsi profilində video-müraciət yayaraq, təmsil olunduğu siyasi təşkilat daxilində baş verənləri ictimaiyyətə çatdırıb. Qeyd edib ki, onun 2015-ci ildə partiyanın qurultayında AXCP-nin Nəzarət Təftiş Komissiyasının üzvü, sonra isə sədri seçilməsi AXCP sədri Əli Kərimlinin ürəyincə olmayıb.A.Əliyev bildirib ki, Ə.Kərimli partiya daxili maliyyə, xaricdən gələn qrant və sair pul məsələlərini ancaq öz nəzarətində saxlayıb, özünün, ailəsinin, xaricdə yaşayan oğlunun ərəb şeyxlərinin övladı kimi yaşamasına sərf edib. Onun sözlərinə görə, AXCP sədri Ə.Kərimlini düzgün, əqidəli cəbhəçilər heç zaman qane etməyib. Ə.Kərimli tərəfindən aldadıldığını 30 illik siyasi fəaliyyətdən sonra başa düşən A.Əliyev vurğulayıb ki, AXCP sədri cəbhəçilərdən şəxsi mənafeyi üçün istifadə edib. Sözdə demokratiya uğrunda mübarizə apardığını söyləsə də, əslində partiyada çox sərt diktatura rejimi qurub. Fərqli düşünənləri, onun antidemokratik hərəkətlərinə etiraz edənləri ən çirkin üsullarla ləkələyib, böhtanlara məruz qoyub, partiyadan uzaqlaşdırıb.
Ə.Kərimlinin partiyada yaratdığı diktatura rejiminə, onun çirkin oyunlarına qarşı mübarizə aparacağını dilə gətirən A.Əliyev AXCP sədrinə səslənərək, onu xəyanətkarlıqdan əl çəkməyə, istefa verməyə çağırıb. NTK sədrinin bu video-müraciəti "Facebook”da yayılan kimi, AXCP sədri Ə.Kərimlinin nəzarətində olan trollar – virtual söyüş ordusu dərhal A.Əliyevin şəxsi profilinə hücum edərək, onun ünvanına söyüşlər, təhqirlər yazıblar. Bəzi rəylərdə isə cəbhəçilər bu video-müraciəti hakimiyyətin sifarişi kimi qələmə verməyə, A.Əliyevin nəyinsə müqabilində iqtidara satılmasını, xəyanətkar yol tutmasını ictimai rəyə sırımağa çalışıblar.
Lakin A.Əliyev dünən daha bir video-müraciət yayaraq, ünvanına səslənən ittihamların həqiqəti əks etdirmədiyini bəyan edib. O, AXCP sədri Ə.Kərimlinin özünün xəyanətkar olduğunu, lideri Əbülfəz Elçibəyə dönük çıxdığını, vaxtilə hakimiyyətlə gizli danışıqlara gedib şəxsi mənafelərini təmin etdiyini vurğulayıb: "Əli Kərimli, 1993-cü ili yadına sal. İqtidarla etdiyin "bazarlığı”, Elçibəyə etdiyin xəyanəti yadına sal. Sən, uzun illər hakimiyyətin təbliğatçısı olan, Azərbaycan müxalifətini tənqid deyil, təhqir edən Gültəkin Hacıbəylini bu gün qəhrəman etmisən. Niyə? Çünki, o, sənə maddi dəstək verir. Əli Kərimli, sən saxta partiya vəsiqələri satmaqla məşğulsan. Azərbaycan müxalifətinin birləşməsinə mane olan sənsən. Bütün birlikləri pozan sənsən. Ölkədə ən böyük xəyanətkar və satqın sənsən. Tez-tez xarici ölkə səfirləri ilə görüşüb bizi aldatmağından utan. Hər dəfə onlarla görüşdən qayıdandan sonra yalandan deyirsən ki, hakimiyyətə gəlirik, az qalıb”.
A.Əliyev deyib ki, AXCP sədri Ə.Kərimli hakimiyyətin mitinq keçirməyə icazə vermədiyini əsas gətirərək cəbhəçiləri aldadıb: "Senyabrın 28-də Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki böyük bir stadionda mitinq keçirilməsinə icazə verilib. Lakin qorxaq Əli Kərimli özünün absurd, uydurma bəhanələri ilə AXCP üzvlərinin, xalqın öz etirazını bildirməsinin qarşısını alıb. İnsanların mitinqə getməsinə icazə vermir. Əli Kərimli, axı sən kimə xidmət edirsən? Niyə insanların haqqını pozursan? Hamı yaxşı anlayır ki, insanlar öz etirazlarını bildirmək üçün nəinki Lökbatana, hətta Qobustana, Hacıqabula da getməyə hazırdırlar. Əli Kərimli, əl çək bu ikiüzlü, riyakar oyunlardan”.
AXCP NTK sədri A.Əliyev cəbhəçilərə səslənərək deyib ki, Ə.Kərimli kimi qorxaq, satqın, xəyanətkar siyasi liderlə 20 ildən artıqdır heç nəyə nail olunmayıb: "Bundan sonra da onunla nəyəsə nail olmaq qeyri-mümkündür. Əli Kərimlinin bütün məqsədi bizi aldadıb öz çirkin oyunlarının qurbanı etmək, partiyaya ayrılan qrant pullarını və digər maliyyə vəsaitlərini mənimsəmək, hakimiyyətdən yalnız özü və yaxın ətrafı üçün daha çox güzəşt və gəlir əldə etməkdir. Əgər belə deyilsə, guya şəhərin mərkəzində piket keçirəcəyi ilə bağlı vədlər verib xalqı aldatmasın, insanları mitinqə çağırsın. Əli Kərimli, ömründə bir dəfə cəsarətin və mənliyin olsun! İstefa ver! Cəbhəçilərin siyasi fəaliyyətinə mane olma! Qoy biz mitinqlər keçirək, hakimiyyətə öz etirazımızı bildirək, haqqımızı tələb edək!”
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər