• cümə axşamı, 28 mart, 19:06
  • Baku Bakı 13°C

Ədəbiyyatın və yaradıcılığın gizlini

19.09.16 14:13 2744
Ədəbiyyatın və yaradıcılığın gizlini

Həyatın hər sahəsində insana yeni ümidlər, yeni planlar qurduran yeni bir mövsümə qədəm qoyduq. Payız rənglərinə və təbiətinə baxmayaraq, sözün bütün mənalarında qızğın və məşğul keçən bir fəsildir. Odur ki, biz də yeni bir ədəbiyyat mövsümünə start vermədən dünya ədəbiyyatından xırda başlıqlar və qısa məlumatlarla yüngülvari bir mövsümü dəyərləndirməyi qərara aldıq. Qloballaşan dünyanın hər gün artan gərginliyini, yükünü cəsarətlə qələmə alan afrikalı yazarlar, ən ucuz kitablar, dünənin və bugünün düşmən yazarları, "Man Booker” tənqidləri və s.

Afrikalı yazarlar müasir dünyanın diqqət mərkəzində

Afrikanın çağdaş yazarlarının dəstək və iştirakları ilə hər il tərtib edilən "Müasir Afrika” antologiyası bu il dünyanı olduqca təəccübləndirici bir yeniliklə tanış etdi. Antologiyanı diqqətlə oxuyan və tədqiq edənlər əsərlərin demək olar ki, hamısının qlobal dünyanın dayaq durduğu problemləri, çağdaş insanın çiyinlərindəki gərginliyi, yükü, gündən-günə artan təzyiqi qələmə aldığını gördü. Müharibələr, daxili qarşıdurmalar, qanlı toqquşmalar, yoxsulluq, işsizlik, qorxunc xəstəliklər kimi həll yolu dərhal tapılmalı olan məsələlərə dünyanın verdiyi sıradan reaksiyalara diqqət kəsilib. Adətən, dərin əziyyətlərdən keçərək, tanınan yazarlar dünyanı təəccübləndirməyi bacardılar.

Afrika ilə bağlı hekayələrin çoxu yazıçı Helen Oyeyeminin də bildirdiyi kimi "rəngli həyatlar”ı təsvir edir. Onun fikrincə, beynəlxalq şöhrət, nəşr imkanları və hekayədən romana keçid üçün əlverişli şərait yaradan "Afrika Ədəbiyyatı Caine Mükafatı” bu bölgədə ədəbi rəqabətin güclənməsinə böyük təkan verib.

Ucuz kitabları haradan tapırıq?

Ən çılğın ədəbiyyat oxucusunun da ən yaxşı endirimlərdən yararlana bilmək kimi hədəfi var. Mərkəzi Dallasda qoyulmuş endirimli kitabların pərakəndə satış mağazası "New Half Price Books” rəsmi internet ünvanında olduqca işəyarar bir sistem qurdurub. Saytda xüsusi bir axtarış paneli yaradılıb. İstənilən istifadəçi burada qeydiyyatdan keçərək, hansı kitabı haradan, necə və nə qədərlik endirimlə əldə biləcəyini öyrənəcək. ABŞ-ın 17 əyalətində 122 kitab mağazası ilə 44 ildir ki, fəaliyyət göstərən "Half Price” şirkəti öz deposunu da buraya yerləşdirdi. Bu vasitə ilə oxucu və axtarış aparan şəxs ona ən yaxın olan mağazanı və bu mağazada ona lazım olan kitabdan neçə nüsxə olduğunu görə biləcək. Lakin şirkət bununla da kifayətlənməyib. Atılan hər addımla bu sahənin lideri olmağı hədəflədiyini nümayiş etdirən "Half Price” rəsmiləri çox qısa zaman ərzində bütün şəbəkənin kitab, məktub, sənəd inventarını adı və nömrəsi ilə birgə rəsmi veb ünvana yerləşdirəcəyini də açıqladı. Bu yolla oxucular nadir tapılan ilk nüsxələri də əldə edə biləcəklər.

Elektron ticarət və onlayn sifarişlərdə isə "Amazon” pərakəndə nəqd satış mərkəzlərinin qarşısındakı ən böyük şəbəkə kimi qaldı.
Ancaq dəyişməyən bir həqiqət də var: hələ də kitab evlərindən kitab almağı, kitablara nəzər salaraq, toxunaraq, vərəqləyərək seçim etməyi üstün tutan çoxsaylı bir qrup da var. Məsələn, yuxarıda adını çəkdiyimiz şəbəkə ötən ili 244 milyon dollar təmiz gəlirlə tamamladı və şəbəkənin yeni filiallarını açmağa davam edir. Əslində, burada bir başqa məsələ də var. Elektron ticarətdə sifarişlər 2-7 iş günü arası çatdırdığı üçün çoxumuz istədiyimiz kitabı elə həmin gün yolumuzun üstündəki bir mağazadan almağa üstünlük veririk. "Half Price” şəbəkəsinin bunun üstünə deposunu açıqlaması isə kitab mağazalarının elektron ticarətə qarşı əzmini artırdı. Səhifə hər gün bütün filialların idarəedici menecerləri tərəfindən yenilənir, hər bir yeni kitab dərhal sistemə daxil edilir. Nəticədə bu gün "hpb.com” izləyicilərinin 150 milyon kitablıq bir arxivi var. Təbii ki, sayt e-ticarət də təklif edir.

Düşmən yazarlar

Yazarların könül macəraları və dostluqlarından bəhs edən məktublar həmişə dəbdədir, tez-tez yayımlanır və gizli bir şeyə şahid olmaq həvəsi ilə onları oxuyuruq. Odur ki, hamımız az-çox bilirik - ədəbiyyat o qədər də təmiz bir aləm deyil. Bir-birinə nifrət edən, bir ömür düşmənlik etməyi qarşısına məqsəd qoymuş qələm sahibləri hətta bu küdurəti kağıza tökməkdən belə çəkinməyib. Bu ilə damğasını vuran ədəbi hadisələr arasında "bustle.com” saytında bu haqda yayımlanmış silsilə araşdırma geniş yer tutdu. Bu siyahıya qısa nəzər salmadan keçmək istəmədik.

Truman Kapote - Jack Kerouac

Kerouak"Yolda”əsərinin nəşri ilə bir çox yazarın diqqəti üzərinə çəkir. Cənubi Amerikanı tamamilə fəth etməyin ənənəvi roman janrının forma və üslubuna tamamilə tərs biçimdə yazılmış hekayəsi çağdaş ədəbiyyata açılan qapı idi, amma təəssüf ki, bu hekayə dövrün yazarlarının şüuraltına xitab edə bilmir. Xüsusilə, Truman Kapote bu hekayəni qətiyyən qəbul etmək istəməyənlərin başında dururr. Hətta Kapote qatıldığı televiziya proqramında əsər haqqında sərt sözlər istifadə etməkdən çəkinmir: "Bu insanların heç birinin danışası maraqlı bir hekayəsi yoxdur. Yaza da bilmirlər. Cənab Keurak da bura daxildir. Onun gördüyü iş yazmaq yox, quraşdırmaqdır”.

Qore Vidal - Truman Kapote

Kapote özü də "Tiffanidə səhər yeməyi”, "Soyuqqanlılıq” kimi əsərlərlə mübahisələrə yol açan yazardır. Qore Vidal ona təbiətən müxalif olanlardan idi. Proqramlardakı çıxışları ilə bağlı Vidal bu fikirləri səsləndirir: "Qərəzli düşüncələri ilə o mənim nəzərimdə Kansaslı bir ev arvadından fərqlənmir. Ondan evimə zorla girmiş murdar heyvandan iyrənir kimi diksinirəm”.

Norman Meyler - Qore Vidal

Vidal sevilmək baxımından heç də Kapotedən fərqlənmirdi. Meyler Vidalı "Milyoner bir fahişə kimi özündənrazı, ucuz bir küçə qadını qədər dərdli” hesab edirdi. Hətta ədəbi çevrədə o qədər sevilmir ki, Meylerlə qatıldıqları bir proqramda yazar Vidalın üzünə bunları deyir: "Zaman-zaman yazdıqlarını iyləməyə məcbur oluram. Sənin əsərlərinin köməyi ilə intellektual kirlilik, üfunətin nə olduğunu öyrəndim”. Vidal isə cavabında Meyleri demaqoq, fraqmentlərdən, kəsik hissələrdən ibarət fiqur adlandırır: "Bir sima, şəxsiyyət axtarışındasan, niyəsə elə bilirsən ki, nə zamansa məşhur olacaqsan”.

Mark Tven – Ceyn Austen

Bəxtsiz Ceyn Austen haqqındakı tənqidlərə heç cavab verə bilmədi. Mark onun yaradıcılığını hədəf alıb, sağa-sola döyəcləyəndə Austen çoxdan dünyasını dəyişmişdi. Mərhəmətsiz davranışları ilə tanınan Tven isə yazdığı məktubların birində onun haqqında bunları qeyd edir: "Ceyn Austeni tənqid etmək istəyirəm. Sadəcə tənqid etmək. Amma bu mübaliğələrlə bəzədilmiş yazarın əsərlərini oxuduqca ağlım başımdan çıxır, dəli oluram və bunu oxucudan gizləyə bilmirəm. Amma onun yazdıqları lazımından yüksək dəyərləndirildiyi üçün hər dəfə susmalı oluram. Xüsusilə, o "Qürür və Qərəz”i hər dəfə oxuyanda, onu məzarından çıxarıb, başına qaval daşı ilə döyəcləmək keçir içimdən”.

Holqeyt: "ABŞlı yazarların Booker mükafatına namizdə olması faciəvidir”

"Sunday Times” dərgisinin ədəbiyyat redaktoru Andryu Holqeyt "Man Booker” mükafatının qaydalarda dəyişiklik edərək, ABŞlı yazarlara iştirak hüququ verməsinə qarşı çıxdı. Fondun bu qərarı ədəbiyyat tənqidçilərinin sərt etirazı ilə qarşılansa da, bu nəticəni dəyişmədi. Bununla bağlı böyük səs-küy oldu. Holqeyt bununla bağlı qələmə aldığı yazıda əvvəlcə bu xəbərin onu həyəcanlandırdığını bildirmiş, lakin daha sonra: "Tamamilə əminəm ki, bu sistemdəki balansı və keyfiyyəti ciddi şəkildə zədələyəcək. Bunu görməmək mümkün deyil. ABŞlı yazarlara iştirak hüququ verilməsi mükafatın kultural zəminini təşkil edən "ingilis dövlətlər birliyi” əsasnaməsini təhlükə altına alacaq. Bu, faciəvidir. Gələcəkdə mədəni-etnik zənginliyin tamamilə məhv olacağından qorxuram” – deyə qeyd etmişdi. Builki uzun siyahıda yer alan 13 yazarın beşinin ABŞlı olması da xüsusilə tənqid edildi.

Tərcümə etdi: Elcan SALMANQIZI

banner

Oxşar Xəbərlər