AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ədəbi çevrə, məktəb, yaxud dəstə və  qruplar?

Ədəbi çevrə, məktəb, yaxud dəstə və qruplar?

16 Mart 2016, 10:29 2702
Mən bu yazını yazmaq istəmirdim. İlk növbədə ona görə ki, bu dəqiqə əlimdə daha ciddi və tədqiqat xarakteli bir iş var. Amma onun səhifəsini kompüterdə “qatlayıb” qəflətən yeni- indi yazmağa başladığım mövzunun səhifəsini açdım. Bunu niyə yazmaq istədim? Mənə bir səs dedi ki, bəlkə də ədəbiyyatımızın belə vəziyyətdə olmasının elə bir, hətta birinci səbəbi V.Sorokin demiş “Şişirdilmiş fiqurlar”dır. On illərdir səcdəsinə daldığımız yazarlar...
Əlbəttə, söhbət “ədəbi avtoritet”lərdən getmir. L.Tolstoy, H.Cavid, C.Məmmədquluzadə, F.Kafka da ədəbi avtoritet ola bilər. Ədəbi avtoritet hamının olmasa da, böyük əksəriyyətin oxuduğu, qəbul etdiyi, sevdiyi müəlliflərdir. Özü ilə deyil, sözü ilə düşüncələrə hakim kəsilmiş kəslərdir. Onların iddiaları, kompleksləri ilə hesablaşmaq da olar. Axı bu insanlar məktəb, üslub, metod, ideya və ideologiya, fəlsəfi təfəkkür sahibidir. Onlardan ziyan gəlməz, ancaq işıq və xeyir gələr ədəbiyyata... Və ən əsası: bu adamlar vəzifədə olmaya da bilər. Ədəbi yüksəlişini kreslosu ilə qaldıran və vəzifə bitən kimi bu ədəbi mövqe şöhrəti ilə vidalaşan müəlliflər, əlbəttə, avtoritet ola bilməz...
Söhbət məhz ədəbi dairələrdə özlərini “söz sahibi” kimi aparan vəzifəli yazarlardan, ədəbi başçılardan gedir. Onları bütə çevirən qüvvələrin də öz maraqları var təbii ki... Ədəbiyyata gəlmək, ya da ədəbiyyatda qalmaq, tanınmaq, alqışlanmaq, müəyyən postlarda qərarlaşmaq istəyirsənsə həmin o “humanist”, “vətənpərvər”, Azərbaycanı və onun tarixini, mədəniyyətini, ədəbiyyatını “sevən” ədəbiyyat “babasının” əlini öpməlisən... Bir əlində öz əsərin, o biri əlində də o “ədəbiyyat babasına” həsr edilmiş (ilham pərisinin baş-gözünə döyə-döyə güclə yazdığın) məqalən, kitabın... Ya da başqa üsul: ona toxunan, onun əsərini tənqid etmək istəyən müəllifə hücum jestləri nümayiş etdirməlisən və s. Mənim diqqətimi çəkən variantlar bunlardır, ancaq bu yarınmanın minbir yolu var ki, onu həmin “şəyirdlər”, əlöpənlər bilir. Bu tendensiya təkcə ədəbiyyatda deyil, onun elmində-ədəbiyyatşünaslıqda da artıq daşlaşmaqdadır. İdeya və nəzəriyyələri öz ağıllarına görə yox, “söz (ədəbi ya elmi) sahiblərinin” yoluna, marağına, zövqünə görə dəstəkləyirlər. Təkcə dissertasiya mövzularındakı tədqiqat obyekti olan adların siyahısını çıxarsanız, mənzərə aydın olacaq. Daha tez və rahat, problemsiz müdafiə etmək istəyirsənsə, mövzu seçimində “diqqətli” olmalısan...
“Ədəbi başçının”nın xəfiyyələri də olurmuş, hücumçuları, müdafiəçiləri, vəziri, vəkili, “əsər qüsurlardan da xali deyil” kimi ikrahdoğurucu cümlə ilə məqaləsini bitirən “tənqidçiləri” də... Bu “başçılar” sən demə heç yeni əsərləri-filanı da oxumurmuş, tədbirlərə, cəmiyyətlərə də maraq göstərmirmiş, hər birinin bir çevik, gözdən, əldən və dildən iti, “istedadlı gənc” adı ilə tanıtdığı “xəfiyyəsi” varmış... Onun vasitəsi ilə ölkə mətbuatında və ədəbi, qeyri-ədəbi qurumlarda haqqında yazılan, deyilən cümlələrin altından qırmızı xətt çəkib dəftərinə qeyd edir və “Aldanmış kəvakib”dəki Mirzə Sədrəddin kimi “hamıdan tez” “ustadını” agah edirmiş...
Biz bəlkə bir az da bu barədə düşünək? Axı bu da ədəbiyyat məsələsidir. Orta məktəb dərsliklərindən tutmuş ədəbiyyat tarixi çoxcildliklərinə qədər hər sahədə ədəbiyyat tarixi mənzərəsinin təqdimində “xoşgetsin” prinsipi əsas götürülürsə, hansı inkişafdan danışa bilərik?
Gənclərə dəstək adıyla onların ədəbi azadlığını əllərindən almaq, əvəzində onlara ancaq müəyyən həddə qədər sərbəstlik vermək, ədəbiyyatı inzibatiləşdirmək, ədəbi yaradıcılıq imkanları yox, “ədəbiyyat işi” təsəllisi ilə “ideoloji qul olmaq” təklifləri qayğı hesab edilərmi? Sözə, düşüncəyə hədd qoyulursa, icazə istənilirsə, sözün də sahibi, “xozeyni” varsa, sözün alındığı bir məmləkətdə ədəbiyyat nə qədər böyüyə bilər?
XX əsrin 30-cu illərindəki ədəbi mənzərə ilə müqayisədə fərq ondadır ki, qruplaşmanın və ədəbi hakimiyyətin daha sivil və o qədər də hiss olunmayan formaları yaranıb. Məsələn, bu gün istənilən bir gənc “yazı-pozu məsələsində mənə diktə və təkid yoxdur” - deyə bilər, ancaq bu daha pisdir. Məsələn, 30-cu illərdə kimisə çağırıb tapşırırdılar ki, get filankəsdən filan məzmunlu bir məqalə yaz. Bu gün isə elə psixoloji blakada, əsirlik kompleksi yaradılıb ki, hətta faktiki tapşırığa da ehtiyac yoxdur. Situasiya özü diktə edir ki, ədəbi davranışlarını tənzimləyəsən, “redaktə” edə-edə
Artıq gənclərimiz də inanır ki, müxtəlif məqsədlərlə yaradılmış “ədəbi qrup”, “ədəbi qurum”, “ədəbi dairə” və s. bu kimi ideoloji məkanlar və birliklər hansısa ədəbi məktəb ya da cərəyan yaratmaq gücündə ola bilər. Halbuki, bu fərqli-fərqli təşkilatlara çevrilmiş cəbhələr sadəcə həmin ədəbi başçının keşiyində dayanıb. Ətrafına özü kimi düşünən yox, daha çox onu və onun mənafeyini düşünən insanları toplayan bu bürokrat yazarlar “ədəbi məktəb” adıyla özlərinin “şünaslarını” formalaşdırmaqla məşğuldurlar. İndiki məlum sosial-mənəvi və maddi sıxıntılar burulğanında isə “ədəbiyyat işi” ən yaxşı variant ola bilər. İstedadlı gənclərimizdən biri bunu belə izah edir: “Gənc saytda başını qatmasa o zaman gedib hardasa daş daşmıalıdı, fəhləçilik eləməlidiri ki, dolansın. Bu saytlar ən azı kimlərinsə iş yerləridir. Əgər bu saytlar ədəbi qruplar dəstəbazlıq yaradırsa bu da təbiidir, Tükiyədə ötən əsrdə nə qədər belə qruplar olub, Əziz Nesinin öz qrupu, Nəcib Fazilgilin öz qrupları olub...”
Bəlkə biz məmurlaşmış ədəbiyyatla ideoloji birlik ədəbiyyatını müqayisə etməkdə yanlışlığa yol veririk. Əvvəla, bir yazarın saytda ya başqa bir ədəbi qurumda işləməsi qətiyyən qəbahət deyil. Əksinə, bu onun ədəbiyyat bilgisini artıracaq. Söhbət ideoloji olaraq satılmaqdan ya da alınmaqdan gedir...
Əziz Nesinin ya da Nəcib Fazilin “qrupunda” inanmıram ki, elə bir psixoloji problem yaşansın ki, hamı, bütün qrup üzvləri özlərinə borc bilsinlər onların haqqında mütləq nəsə yazmağı və ya dissertasiya mövzusu təsdiqlətməyi... İdeologiya dostları kimi qpuplaşmaq bir başqadır, “əsas və asılı tərəf” kimi birləşmək bir başqa... İdeologiyanın, ədəbi düşüncənin, poetik ifadə nəzəriyyəsinin tərəfdarı olmaq başqa məsələdir, şəxsi, subyektiv mövqeyini zorla ədəbi-ictimai çevrəyə çevirmək bir başqa məsələ... Əlbəttə, bunun bizim ədəbiyyat tariximizdə gözəl örnəkləri var: Mollanəsrəddinçilər, Füyuzatçılar və s.
Niyə Sabir Əhmədli kimi yazıçının haqqında yazılan məqalələrin siyahısı ilə barəsində danışdığımız yazarlara həsr olunmuş araşdırmaların bir kitablıq siyahısı tən gəlmir? Sizcə problem obyektdədir, ya subyektlərdə? Yoxsa, ədəbi düşüncəmizdəki iyrənc subyektivizmdə?
İcazələr limitində fikir ifadə etmək insanı yorur, tükəndirir. Hətta yeni bir meyar da yaranıb. “Filan yazıçı icazə verir onu tənqid etməyə, ya da haqqında yazılan tənqidi çap etməyə” və s... Nə gözəl! Amma təbii ki bu icazənin də limiti var, yoxsa ləbbeh deyənlərin hamısı bu lütfə sadəlövcəsinə inana bilər və qələmlərinin o biri başını çevirərlər, onda qiyamət qopar...
Mən bu kiçik yazıyla sadəcə işarə vermək istədim, düşünək, müqayisə edək və qərar verək. İndi bizdə hansı ədəbi məktəb, qrup, təşkilat, cəmiyyət və s. bu kimi çevrələr var? Onlar kimin, nəyin keşiyindədirlər?..

İradə Musayeva