AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"Düzgün kadr siyasəti ölkənin strateji ehtiyatlarının idarə edilməsi deməkdir" - Millət vəkili

Cəmiyyət
27 Yanvar 2021, 15:45 375
Prezident İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən istedadlı gənclərin Azərbaycanda fəaliyyət göstərməsi, öz biliklərini burada tam realizə edə bilməsi və ölkəmizin güclənməsinə xidmət etməsi məsələlərinə toxunub. O, dünyada texnologiyaların çox sürətlə inkişaf etdiyini və addımların bu inkişafa uyğun şəkildə atılmasının vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanda texnologiyaların inkişafı sahəsində daha böyük addımlar atılmalıdır. Onun sözlərinə görə, xüsusilə gənclər bu işlərə daha geniş miqyasda cəlb edilməlidir: "Mən istedadlı gənclərlə görüşlər əsnasında bir şeyi gördüm ki, onların bəziləri öz biliklərini, innovasiyaları həyata keçirmək üçün xaricə üz tuturlar. Elə bir şərait yaratmalıyıq ki, istedadlı gənclərimiz Azərbaycanda fəaliyyət göstərsinlər, öz biliklərini burada tam realizə edə bilsinlər və ölkə iqtisadiyyatına, ölkəmizin güclənməsinə xidmət etsinlər. Ona görə yeni texnologiyaların Azərbaycanda tətbiqi prioritet məsələlərdən biridir. Burada, ilk növbədə, əlbəttə ki, dünyada artıq üzə çıxan ən müasir texnologiyaların Azərbaycanda tətbiqindən söhbət gedir. Bunu biz mütləq etməliyik. Ən müasir texnologiyalar Azərbaycanda bütün sahələrdə tətbiq edilməlidir. Eyni zamanda, istedadlı insanların fəaliyyəti daha düzgün təşkil edilməlidir ki, Azərbaycan texnologiyaların istehsalçısı kimi də öz rolunu oynasın və öz sözünü desin”.
 
"Azərbaycanda çox böyük kadr bazasının yaradılmasına ehtiyac var"
 
Prezident İlham Əliyevin səsləndirdiyi fikirləri "Kaspi" qəzetinə şərh edən Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov deyib ki, Azərbaycanda böyük bir proses başlayıb.
 
Gənc və dinamik kadrların idarəetməyə gətirildiyini xatırladan millət vəkili vurğulayıb ki, yerli icra hakimiyyəti orqanlarından tutmuş mərkəzi icra strukturlarına qədər hər yerdə, gənclər müxtəlif vəzifələrə cəlb olunurlar: "Ümumiyyətlə potensialı olan, ölkədə öz üzərində işləyən, təhsilinə və inkişafına vəsait və zaman xərcləyən insanlar, xüsusən gənclər kifayət qədərdir. Artıq bir çox dövlət qurumlarında işçi heyətin 90 faizinin dəyişdiyi müşahidə olunur. Bu, o sahələrdə baş verir ki, orada qərarverən yüksək idarəçilərin özləri islahatlara hazırdır, açıqdır. Artıq dövlət qurumlarında Türkiyədə, Rusiyada, Amerikada, Fransada işləyib ölkəmizə qayıdan, eləcə də ölkəmizdə dünya üzrə nüfuzlu xarici şirkətlərdə böyük təcrübə qazanmış kadrlara rast gəlinir. Onların yeniliyə açıqlığı, idarəetmə üzrə baxışları, dəyişikliklərə uyğunlaşma və digər bu kimi qabiliyyət, bacarıqlar üzrə fərqi auditoriyalarda hiss edilir. Beləliklə, ölkəmizdə çox böyük kadr bazasının yaradılmasına ehtiyac var. Çünki başlayan kadr dəyişikliyi prosesi və idarəetməyə gətirilən yeni nəfəs bunu zəruri edir. Düşünürəm ki, bu proses davam edəcək və ölkə üçün çox faydalı nəticələri olacaq".
 
"Layiqli mütəxəssislərin bilik və təcrübəsindən bütünlükdə cəmiyyət bəhrələnir"
 
Deputat söyləyib ki, istedadı, öz üzərində işləmə bacarığı və bir çox başqa xüsusiyyətləri olan, çoxsaylı yaradıcı, potensiallı gənclərin arasından dürüst,  vicdanlı, vizyonlu, peşəkar bacarıqlar, yəni idarə etdiyi sahədən xəbərdar olan gənclər hər zaman dövlətin irəli getməsində xüsusi rol oynayır: "Müasir inkişaf etmiş bütün dövlətlərdə gənclərin əmək fəaliyyətinə, dövlət idarəetmə işlərinə cəlb olunmasına, hökumət orqanlarında irəli çəkilməsinə böyük diqqət yetirilir və onlar üçün öz bacarıqlarını reallaşdırmaq üçün şərait yaradılması zəruri hesab olunur. İstedadlı gənclərin üzə çıxmasında, onların idarəçilik vərdişləri qazanmasında dövlət qayğısının da böyük rol oynadığı danılmazdır. "İnsan kapitalı" prinsipinin bütün dünyada geniş tətbiq olunduğu bir dövrdə bütün sahələrdə, xüsusilə də dövlət idarəçiliyində güclü milli kadr ehtiyatlarının olmasının zəruriliyi və bu sahədə peşəkar insan ehtiyatının hər bir ölkənin sərvəti hesab edilməsi böyük bir faktdır. Bu baxımdan düzgün aparılan kadr siyasəti həm də bir növ ölkənin strateji ehtiyatlarının idarə edilməsi deməkdir. Layiqli mütəxəssislərin bilik və təcrübəsindən nəinki dövlətin inzibati idarəetmə aparatı, o cümlədən cəmiyyət bəhrələnir və ölkənin rifahı və inkişafı üçün yaradılmış dövlət qurumlarının qarşısında qoyulmuş vəzifələrə uğurla nail olunmasında açar rolunu oynayır. Ölkədə qoyulan düzgün gənclər siyasəti dövlət idarəçiliyində səmərəliliyin artırılmasında da müstəsna rol oynayır. Gənclər irəliyə daha inamla getməlidirlər, müvafiq dövlət, hökumət orqanlarında eləcə də cəmiyyətin bütün sahələrində  gənclərə böyük yer ayrılmalıdır, onlara inam olmalıdır. Cənab Prezidentin də çıxışında qeyd etdiyi kimi xaricdə fəaliyyət göstərən və ölkəmizdəki gənclərin istedad və bacarıqları ilə dövlətimizi daha da inkişaf etdirməliyik".
 
Rufik İSMAYILOV