AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Dürüst yaşamdan doğulan yuxular

Dürüst yaşamdan doğulan yuxular

07 Mart 2016, 10:18 1675
Ötən ay Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair, esseist, tərcüməçi Səlim Babullaoğlunun ayrı-ayrı vaxtlarda gördüyü, bir neçə il əvvəl qələmə alıb, əvvəllər tək-tək, indi isə toplu halında çap etdirdiyi növbəti - "Ədəbi yuxular" adlı kitabının təqdimatı baş tutdu. Redaktoru Seyfəddin Hüseynli olan kitabda ədibin altı ədəbi yuxusu öz əksini tapmışdır. Ədəbi yuxular Brodski, Nizami, Xəqani, Nazim Hikmət, Şimborska, Borxes kimi ədiblərlə yuxudakı görüşlərin təzahürüdür. Fevral ayının 27-də isə Səməd Vurğunun ev muzeyində Vaqif Səmədoğlu adına Ədəbiyyat Mərkəzinin açılışı və bu mərkəzin ilk tədbiri - sözü gedən kitabın müzakirəsi oldu. Tədbirin aparıcısı şair Fərid Hüseyn idi, o tədbiri açıq elan etdi, daha sonra kitab haqda ədəbiyyat adamları fikirlərini bölüşdülər:

Şair Fərid Hüseyn:

- Vaqif Səmədoğlu adına Ədəbiyyat Mərkəzin fəaliyyəti müxtəlif istiqamətlərdə olacaq. Onlardan biri də müxtəlif ədəbiyyat tədbirlərinin təşkilidir. Mərkəz fəaliyyətində vahid kordinator olmayacaq. İstəyirik ki, müxtəlif ədəbi camiyələrdən, qruplardan olan adamlar öz tədbirləri, müzakirələri, şeir axşamlarını burada keçirsin. Hər hansı bir kitabın təqdimatında təbii ki, həmin kitabı müzakirə etmək olmur. Ona görə də yeni çapdan çıxmış kitabların təqdimatından sonra belə müzakirələrə ehtiyac var. Mərkəzin ilk tədbiri kimi Səlim Babullaoğlunun yenicə çapdan çıxmış kitabının müzakirəsini etməyi qərara aldıq. Bu şəraiti yaratdığına görə də Səməd Vurğunun ev muzeyinin direktoru Nüşabə Babayeva-Vəkilovaya dərin təşəkkürümüzü bildiririk.
Bu gün müzakirəsinə toplaşdığımız kitabda cavabı sirli qalan suallar mənim üçün çox maraqlı oldu. Adətən, yuxu görəndən sonra özümüz özümüzə sual veririk ki, görəsən, bu yuxunun mənası nə idi, nəyə işarə idi. Və biz buna müxtəlif cavablar tapırıq və müxtəlif cavablar bəziləri doğru ola da bilər, olmaya da bilər, eyni zamanda, bizim üçün həmişə açıq qalan suallar da olur. Çexov Suvorinə ünvanladığı məktublarından birində yazır ki, nə “Anna Karenina”da, nə də “Yevgeni Onegin”də heç bir sual həll olunmayıb. Amma bilirsiz bu əsərlər niyə görədəyərlidir? Çünki bu sərlərdə sualın qoyuluşu düzgündür. Səlim müəllimin də kitabında da suallar var və həmin suallardan biri Nazim Hikmət və Orxan Pamukla bağlıdır və bu sualların qoyuluşu düzgündür, düşündürücüdür. Kitabın strukturunda mənə maraqlı gələn həm də o olmuşdu ki, müəllifin beynində yuxuda gördüyü ədib barədəki obraz verilir, daha sonra yuxu danışılır.

Ədəbiyyatşünas, tərcüməçi Seyfəddin Hüseynli:

- Ədəbi yuxular, bu məzmunda yuxuların yazıya alınması bizim ədəbiyyat tarixində az hallarda, pərakəndə də olsa rast gəlinən faktlardandır. Bunlar əslində ayrıca, müstəqil bir janrın nümunələridir. Şairin, yazıçının daxili laboratoriyasında nələr baş verdiyini, onun nə düşündüyünü, təfəkküründən nələri keçirdiyini, ədəbiyyatın hansı qayğıları, hansı mövzuları ilə yaşadığını bilmək baxımından çox maraqlı və faydalıdır. Səlim Babullaoğlunun təqdimatında ədəbi yuxular özünün düzgün ifadə biçimini, dəqiq mətn konstruksiyasını qazanıb, bir növ, janr kimi təsdiqini tapıb. Bunu ona görə xüsusi qeyd edirəm ki, belə yazılar üçün dürüst ifadə formasının tapılması çox vacib şərtdir. Ən azı, təhrifdən, yanlış anlaşılmadan sığortalanmaq, maksimum ciddiyyət kəsb etmək baxımından belədir. Ədəbi yuxuların bu mövzuda düşüncələrin mənbəyimi, yoxsa davamlı fikirlərin nəticəsi, təzahürümü olduğu xüsusi maraq doğuran, müəyyənləşdirilməsi vacib, amma bəlkə də qeyri-mümkün olan cəhətdir. Belə mətnləri təhlil edəndə bu cəhətə diqqət yetirilməli, mümkün qədər aydınlaşdırılmalıdır. Ancaq istənilən halda qələmə aldığı ədəbi yuxuların məzmunu, orada hansı epizodların yer alması ədibin – indiki halda Səlim Babullaoğlunun – insan və sənətkar kimi dünyagörüşündən, xarakterindən, ədəbi düşüncələrindən, ədəbiyyata, ədəbi simalara yanaşma tərzindən xəbər verir. Bu mənada da, Səlim Babullaoğlunun “Ədəbi yuxular"ı maraqla, böyük zövqlə oxunan kitabdır. “Ədəbi yuxular”ı ayrı-ayrılıqda, pərakəndə şəkildə də, toplu halda da oxumuş biri kimi deyə bilərəm ki, bu yazıların kitab halında, sistemli oxunması daha effektli üsuldur. Belə olanda Səlim Babullaoğlunun həm bədii-estetik baxışları, istinad etdiyi kriteriyalar, həm də tutduğu yaradıcılıq yolu, özünün müəyyənləşdirdiyi ədəbi meyarlar xeyli dəqiqləşir.
Ədəbi qayğıların yuxuda da müəllifin, belə deyək, yaxasını buraxmaması, sonradan dönüb mətnlərə çevrilməsi, bununla da yeni yaradıcılıq qayğılarına yol açması qəribə olduğu qədər də gözəl prosesdir. Bu prosesin yazılı təsvirini uğurla yaratdığı üçün Səlim Babullaoğluya təbriklər düşür. Bir daha deyirəm ki, “Ədəbi yuxular” bizim ədəbi prosesdə nümunəvi təzahürlərdəndir. Ona görə də belə mətnlərin yazılmasının, xüsusən kitab halında çap olunmasının bu yöndə yeni bir cığır açılması baxımından ədəbi mühitimiz üçün çox gərəkli olduğuna inanıram.

Tənqidçi Cavanşir Yusifli:

Vaqif Səmədoğlu adına Ədəbiyyat Mərkəzinin yaradılması doğurdan çox yaxşı ideyadır. Bunun çox xeyirli və faydalı iş olacağını düşünürəm. İstərdim ki mərkəzdə kitab təqdimatlarından çox kitab müzakirələri olsun və insanlar bir-birilə dialoqa girsin, fikirlərini bir-birlərinə söyləsinlər, bölüşsünlər. Belə müzakirələrdə oxucu əsəri birinci dəfə oxuyan zaman görmədiyi şeyləri də görür. Dünyada elə adamlar var ki, yuxu görmürlər və bundan şübhəsiz ki, əziyyət çəkmirlər. Çünki yuxunun özü bəlkə də bir yükdür. Elə adamlar da var ki, əksinə çox yuxu görürlər. Səlim Babullaoğluna yaxın olan adamlar bilir ki, o, həddindən artıq çox yuxu görür. Bu əslində ağır bir yük yaradır. Çünki hər dəfə insan hər hansısa bir fərqli təəssüratdan oyanır, fərqli ürəyə dammalar olur, həm də insan yuxuyla gerçəkliyin arasında qalır. Belə bir vəziyyət rahat sakit bir vəziyyət deyil. Düşünürəm ki, bu kitab mütləq çap olunmalı idi. Bu mətnlər yazılmalı idi. Mən hiss edirəm ki, ömür keçdikcə, yaşlandıqca bu kitabın da həcmi artacaq. Səlimin gördüyü yuxular gözəl yuxulardır. Bəzən insan kiminsə haqqında fikirləşir və ya kiminləsə arasında mübahisə olur. Bu zəmində elə məişət səviyyəsində yuxu görür, amma əgər sən ədəbiyyatla yaşayırsansa, deməli, sən özünçün dəyər bildiyin şeyləri düşünürsən və təbii ki belə şeyləri yuxuda görürsən. Yuxuların da çin olanı, çin olmayanı var. Nə yaxşı ki Səlim bu gördüyü yuxulardan yazıb. Bu kitabdakı yazılar ki var, onlar bizi çox uzaqlara aparır. Məsələn, Şimborskanın şeirlərini tərcümə edib. Onu ciddi şəkildə oxuyub. Polşada olanda onunla görüşmək istəyib alınmayıb. Çünki Şimborski o vaxtı xəstəydi. Həmin vaxt da orada prezident seçkiləri ərəfəsi idi. Görüş baş tutmayıb. Səlim sonra onu yuxuda görüb. Və belə məlum olub ki, bu adam dünyayla vidalaşıb, dünyasını dəyişib. Sonra Səlim duyur ki, yuxu da da olsa o görüş reallaşır. Lakin həm də burada bizim gözümüzün tutmadığı şeylər də var. Yuxular bəlkə də bir vasitədir ki, insan başqa cür demək istədiklərini bu cür ifadə edir.
Səlim suallar verir özü-özünə. Ədəbi susqunluq dövrünü yaşayıb yaza bilmədiyi zamanlarda istəsəydi yazmağa davam edərdi, lakin istədiyi kimi yaza bilməzdi. Onda suallar doğulurdu. Nə yazmaq, necə yazmaq və necə yaşamaq. Suallardan “necə yaşamaq?” həyatının müxtəlif dövrlərində ona çox maraqlı gəlir. Gah Qurana, gah böyük şairlərin mətnlərinə üz tutur. Və onun xarakterinin həm özəl, həm də açıq cəhətləri kitabda əks olunub. Onun başqa böyük kitablarından daha çox bu kitabında bütün bunlar əks olunub. Səlim Babullaoğlu təpədən dırnağa şair olsa da, bu kitabda onun nəsr ustalığı da görünür. O fikirləri yan-yana düzmək, şair kimi onlardan mənalar çıxartmaq istəmir. Mətn heç nəyə parçalamır, heç nəyə bölünmür, sanki mətn həm də poetik bir mətndir, şeirdir. Qəribə bir şeydir ki, bu həm şeirdir, həm nəsrdi. Bu əsərin əsas cəhətlərindən biri də, insanın sərhəd situasiyalarında olmasıdır. Coysla bağlı yazılarda belə məqama rast gəlmişdim. Digər yazarlardan fərqli olaraq Heminqueydən, Folknerdən fərqli olaraq, özü sərhəd situasiyaları gəririb çıxarır və bu qaçılmaz olur. Bu dünyanın gerçəkliyinə, başqa nələrəsə oxşamır. Zaman keçdikcə gözümüz bu şeylərə öyrəşir və buna inanmalı olursan. Bu mətlərdə də bizim bildiyimiz mətnlər artıq parçalanır, ikibaşlı mənalar alır. Səni maraq götürür ki, bununla hara qədər getmək olar?

Səməd Vurğunun ev muzeyinin direktoru Nüşabə Babayeva-Vəkilova:

Bu, mərkəzin ilk tədbiridir. Çox istərdim ki, bu ocaq - Səməd vurğun ocağı heç vaxt sönməsin. Bu ocaqda Vaqif Səmədoğlu adına Ədəbiyyat Mərkəzinin yaradılması çox gözəl oldu. İstərdim ki, bura gənclərin ürəklə gəldiyi yer olsun. Mərkəz müzakirələr təqdimatlar, bütün kitabsevərlərin üzünə açıqdı. Mən buna çox sevinirəm. mərkəzin yaradılmasında və ilk tədbirin keçirilməsində Fərid Hüseyn bizə yaxından dayaq oldu. Çox ümid edirəm ki, mərkəzin fəaliyyəti uğurlu və çoxşaxəli olacaq.
Yuxu mövzusu ədəbiyyatda çox qədimdir. Səlim Babullaoğlunun bu yuxularını oxuyarkən belə məlum olur ki, o qədər bu insan həmin adamlar haqqında düşünür, onlarla bağlı nələrsə fikirləşir ki, yuxularında onları görür. Mənə də çox maralı idi bu kitab. Əgər biz yuxulardan danışırıqsa, qeyd etmək istərdim ki, Vaqif Səmədoğlunun da yuxulara qarşı ciddi münasibəti olmuşdur. Şeirində də bu öz əksini tapmışdır. O, "Dünya yuxu bazarıdır" , "ən baha satılan mal yuxudur" deyirdi. Onun "Mamoy kişinin yuxuları" adlı dram əsəri də var. Arzu edərdim ki, Səlim müəllim daha da dolğun, daha da geniş, gözəl yuxular görsün. Uzun ömür, yaradıcılıq uğurları arzu edirəm. Və onların da müzakirəsi bizim bu mərkəzdə olsun. Bu ocaq heç vaxt boş qalmamalıdır. Bu ocağı sizin kimi ədəbiyyatın nümayəndələri isti saxlamalıdırlar.

Kitabın həcimcə kiçik olmasına baxmayaq düşünürəm ki, yuxular bitməyib, onlar hələ davam edəcək. Çünki ifadə var, mövcudluq formaları var. Yuxular Səlimə çox şey verir, həm də çox sey alır. Yəni həddindən artıq enerji alır. Lakin buna baxmayaraq mən Səlimə yeni ədəbi yuxular görməyi və onları qələmə almağı arzu edirəm.

Gənc yazıçı Mirmehdi Ağaoğlu:

Vaqif Səmədoğlu adına Ədəbiyyat Mərkəzinin yaradılması münasibətilə hər kəsi təbrik edirəm. Ədəbiyyat adına işlərin görülməsi üçün, kitab təqdimatlarının, kitab müzakirələrinin keçirilməsi üçün belə bir mərkəzin yaradılması təqdirəlayiqdir. Səməd Vurğunun ev muzeyində də belə bir tədbirin təşkil olunması, Səlim Babullaoğlunun “Ədəbi yuxular” əsərinin müzakirəsinin keçirilməsi Orhan Pamukun “Məsumiyyət muzeyi” romanını yazandan sonra belə bir muzey yaratmasını mənə xatırlatdı. Ədəbiyyatın öz qılafına sığınıb qalması, öz sınırları çərçivəsində hərəkət etməsi yox, incəsənətin, mədəniyyətin başqa sahələri ilə əlaqəyə girməsi, üzvü şəkildə birləşməsi vacibdir. Bu kimi addımlar mədəni atmosferin yaranmasına, o mühitin formalaşmasına xidmət edəcək.
Səlim bəyin “Ədəbi yuxular”ını maraqla oxumuşam. Ötən il Türkiyədə keçirilən kitab yarmarkasında ədəbiyyatla bağlı xeyli kitab çeşidləri görmüşdüm. Bizdə kitab mağazalarında adətən ya şeir, hekayə, roman kitabları olur. Tutalım esselər kitabları, yazıçıların həyatını karikatur rəsmlərlə əks etdirən kitablar çap olunmur. Amma “Ədəbi yuxular” kitabı da bu cür maraqlı, fərqli kitablardandır. Kitabda yazılanlar yuxu olsa da, onlar sırf ədəbiyyatla bağlıdır, ədəbi fikirlərdir, ədəbi düşüncələrdi. Bu kitabdakı yuxularda maraqlısı budur ki, bəzən müəllifin gördüyü yuxu keçir arxa plana, yuxuda gördüyü adamın – məsələn, Nazim Hikmət, Orxan Pamukun haqqında geniş, müfəssəl məlumat verilir. Bu cür kitabların yazılması mənə elə gəlir ki, lazımdır. Ədəbiyyatı içindən yox, bir az da kənardan baxmaq, göstərmək maraqlıdır. Brodskiylə bağlı yuxu çox maraqlı gəldi. Məsələn, Adil Mirseyidin onun şəklini tapıb gətirməsi mənə on-iyimi il əvvəlki vaxtları xatırlatdı. İndi istənilən yazıçının, şairin adını axtarış sistemində yazanda onun şəkli də çıxır, yazdığı əsərlər də. Həmin dövrdəki bu cür məlumatları əldə etmək xeyli müşkül idi. Adil Mirseyidin o şəkli gətirməsi məni sanki keçmişə apardı. Həmin o zamanlar gözümün önündə canlandı. Bunu da deyim ki, Adil Mirseyid özü də elə bir yuxu kimi adam idi, bu dünyanın adamı deyildi, öz aləmi vardı. Xəyallarında, arzularında Parisdə yaşayırdı elə bil. Səlim bəyi təbrik edirəm. Yuxularının davamını arzulayıram.

Gənc şair Rəbiqə Nazimqızı:

Səlim Babullaoğlunun ədəbi yuxuları bir sıra məqamlarla bağlı diqqət çəkir. Maraqlı cəhətlərdən biri də bundan ibarətdir ki, bu yazıları yuxugörmənin nəticəsi kimi deyil, adi ədəbi mətn kimi də oxumaq olur. Yuxuda ədəbi personalar iştirak etsələr də, bu personalarla ədəbi söhbətlər getsə də, yuxunun özü xammaldır, ədəbi material isə məhz o, qələmə alınanda, müəllifin interpretasiyasında üzə çıxır. Məsələ burasındadır ki, müəllif yuxusunu, necə deyərlər, nöqtə-vergülünə toxunmadan qələmə aldıqda belə, onun yozumu olur, bu yozum birbaşa olmaya, adi bir vizual detaldan hiss oluna bilir və olunur da. Amma bu yuxular ona görə məhz ədəbi materialdır ki, onların hamısının süjetindən, konstruksiyasından əlavə həm də ideyası, bədii yükü var. Yuxuların təhkiyəsi suallar yaradır və onlara cavab axtarılır, bəzən cavabı müəllif özü də bilmir, ya da priyom olaraq sualı açıq saxlayır. Şair İosif Brodskinin əsəbiliyi ilə bağlı məqama baxaq. Burada yuxu üçün əvvəlcədən məlum səbəb var – müəllifin Brodski ilə ilk “tanışlığı”. Qeyd olunur ki, Səlimin əlinə düşən kitabı Brodski - müəllif bəyənməyibmiş, orada şeirlərin seçim və tərtibatından narazı olub. Yuxu görməzdən əvvəl bəlli olan məqam budur. Amma yuxuda Brodskinin əsəbiliyinin səbəbi başqa cür yozulur. Bu həm də mistikadır. Yuxunu görən şəxs sonradan özü üçün aşkar edir ki, öz şeirlərindən birinə Brodskinin bir misrası olduğu kimi düşüb. Bu ədəbi yuxulardan bəzilərinə müxtəlif cür yozum vermək olur. Məsələn, Nazim Hikmətlə bağlı yuxunun yozumunu çox düşündürücüdür. Söhbət “Nazim Hikmət şeirindən vaz keçdimi?” sualının cavabından gedir. Cavab variantları N.Hikmət yaradıcılığına birmənalı olmayan münasibət, yəni ideoloji məsələlərlə bağlı ola bilər. Yəni ilk ağlagələn variant budur. Amma şairin öz şeirindən imtina etməsinə səbəb başqa bir şey də ola bilərdi. Səlim Babullaoğlu özü həmişə deyir ki, həyatda mətndən daha da vacib olan şeylər var – məsələn, doğru, dürüst yaşamaq. Bəlkə, Nazim bu məqama işarə edirmiş? Bəlkə, müəllifin öz mətnini unutması hansısa başqa ruhi halın – bizim hələ anlamadığımız kamilliyin bir nümunəsidir? Bu barədə isə oxucu düşünür. Səlim Babullaoğlunun yuxuları istisnasız olaraq ədəbiyyatdır. Təkrar edirəm, məsələ yuxunun predmeti ilə yanaşı, bəlkə də, ondan daha çox yuxunun təhkiyəsi, yozumları ilə bağlıdır. Bəlkə də, müəllif heç məişət yuxuları görmür. O mənada ki, o, bütün yuxulara ədəbi material kimi baxa və onlardan mətn düzəldə bilir. Ədəbiyyat da elə budur".

Gənc yazıçı Alpay Azər:

Bəllidir ki, yuxunun sürrealist və irrealist qatı olur. Mənim gördüyüm bəzi yuxular var ki, ayılanda müəmma içində olursan, özünə sual verirsən, gördüyüm axı elə bil heç yuxu deyildi. Səlimin yuxuları həmin tipli yuxulardandır. Səlimin uğuru ondadır ki, o yuxuları ədəbiyyata gətirə bilib. Ədəbi yuxular” kitabını oxuyanda biz bunu görürük.

“Parlaq imzalar” nəşriyyatının direktoru Nurman Tariq:

Yaşam tərzimiz düzgün olsa, yuxularımız da düzgün olar. Yaxşı şeylər düşünsək, yaxşı olmağa çalışsaq, buna uyğun da yuxular görərik. “Ədəbi yuxuları”ı oxuyanda Səlim müəllimin yaşam tərzini, düşüncələrini aydın görmək olur... Kitabda Xəqani və Nizamiylə bağlı olan yuxu mənə daha maraqlı gəldi.

“Parlaq imzalar” nəşriyyatının redaktoru Toğrul Musayev:

Səlim Babullaoğlunun “Ədəbi yuxuları”nı oxudum. Həqiqətən, kitab mənə böyük zövq verdi. Mən başlanğıc və nəticə haqqında danışmaq istərdim. Kitabda görülən yuxuların hardan qaylandığı tam bilinməsə də, nəticələri müəllif tərəfindən qismən də olsa, açıqlanır. Məncə, sonda bütün bu nəticələr indi qeyd edəcəyim hissəni yaradır, ona görə də kitabdan həmin hissəni oxumaq istəyirəm: “...Çox vaxt gecələr, yəni tənhalıq təklik donu geyinəndə, axıradək bağlanılmamış krandan su damcılayanda, qonşulaqdan yuxulu öskürək və ya ehtiraslı pıçıltı səsləri otağına dolanda, haradan gəldiyi bəlli olmayan tıqqıltılar səni üzəndə, bütün bu səslər qarışıb əbədiyyəti imitasiya edəndə, sənsə elə indikitək sözlərin hörümçək toruna düşüb azmağını, susqunluğunu bütün bu səslərlə bağlayanda, yaza bilməyəndə, halsızlaşanda, qəzəblənəndə bir andaca gözləmədiyin, amma arzuolunan qonaq gəlir və bu, çox gözəldir. Sən bütün bunların sonsuza qədər uzanmağını istəyirsən, yaşamağın, həyatın mənasını və həyatına bəraətini bunda tapırsan. Yazdığını bəyənirsən. İstəyirsən ki, oxusunlar. Çünki sənə elə gəlir, sən bildiyini heç kim bilmir. Bir də axı, yazı oxu üçündür. Heç nə elə-belə baş vermir. Bircə o qalır ki, bu fikirlərlə özünə qapılıb gedəndə yuxarı baxasan. Buludlara. Möhtəşəm, anlaşılmaz nəhayətsizliyə. Ondan da o yana. Çox kiçik olduğunu və hələ heç nə eləmədiyini təkrar anlamaq üçün...” Səlim bəyin gördüyü yuxulardan sonra bu nəticəyə gəlməsi çox təqdirəlayiq haldır. Düşünürəm ki, hər bir püxtələşmiş insanın, peşəkar yazarnın çata biləcəyi zirvə nöqtələrdən biri də budur. Bir daha təşəkkür edirəm.

Gənc yazıçı Səxavət Sahil:

Freydin "Yuxuların yozumu" kitabı və yuxularla bağlı maraqlı məqamlar var. Bu mənada istərdim ki, Səlim Babullaoğlunun Freydlə bağlı yuxusu olsun. Yuxular gündəlik həyatımızın təzahürü, insan həyatının ayrılmaz hissəsidir. Yuxuyla bağlı yazılanlar həmişə mənim üçün maraqlı olub. Bu kitabı çox maraqla, birnəfəsə oxudum. Amma təəssüf edirəm ki bu yuxuların sayı azdır. İstərdim ki, Səlim Babullaoğlu ilk müəllif kimi yenə də öz yuxularını yazsın. Kitabda Brodskiylə bağlı yuxu, ordakı narahatçılıq mənə çox maraqlı idi. Brodiskinin yuxudakı obrazı hesab edirəm ki, təkcə onun yox, həm də müəlliflə birgə olan harmonik obrazıdır. Birinci belə bir kitabı Səlim müəllim yazsa da, istərdim ki, bu bir ədəbi janr olmasa da, bir istiqamət kimi davam etsin. Yeni-yeni ədəbi yuxular yazılsın. Biz də həmin yuxulardan müəllifləri daha yaxından tanıyaq.

Gənc şair Könül Həsənqulu:

Səlim müəllimin yuxuları hədsiz maraqlıdır. Həmişə düşünürəm ki, onun mistikayla nəsə bir bağlılığı var. Tanrı o insanlarla danışır ki, onun simvolikiasını başa düşsün. Səlim Babullaoğlunun yuxularında Tanrının işarələri öz əksini tapıb. Kitabı həvəslə oxudum, Orxan Pamukla bağlı yuxu mənə çox maraqlı oldu. Müəllif özü də qeyd etdiyi kimi bu yuxu hələ yozulmayıb. Nədənsə mənə elə gəlir və buna ümid edirəm ki, bu yuxu haçansa gözəl yozumunu tapacaqdır.

Sonda isə müəllif - Səlim Babullaoğlu danışdı:

“Yuxu görmək və görməmək insanın özündən asılı məsələ deyil, hərçənd bəlkə də xarakteri ilə birbaşa bağlıdır. On beş ildir ki, mütəmadi, hər gecə onlarla yuxu görürəm. Əksəriyyəti də ən azı fraqmentlərlə yadımda qalır. Odur ki, indi mən yuxularıma həyatımın davamı, onun çatışmayan hissəsi, belə deyək, bəlkə də həftənin səkkizinci günü kimi baxıram. Onların bəzilərini gündəliyimdə qeyd eləmişəm. Bəziləri yaddaşımdadır. Bir çoxu isə ədəbiyyatla bağlıdır. Yazdığım və indi sizin müzakirəsinə toplaşdığınız bu kitabçaya toplanan “Ədəbi yuxular” onların hamısı deyil. Və onu da deməliyəm ki, mənim yuxularımı, bir-iki yaxın adam xaric, faş etmək niyyətim olmayıb, yazmaq niyyətim olmayıb. İllər əvvəl kulis.az internet dərgisi mənə onlar üçün yazı yazmaq təklifi vermişdi, mən də ani olaraq Turala demişdim ki, bəlkə “ədəbi yuxular”ımı yazım. O da sağ olsun həm razılaşmışdı, həm yaxşı qələm haqqı ödəmişdi. Belə 6 ədəbi yuxu yazılmışdı. O yazılara hələ ilk reaksiya Seyfəddin Hüseynlidən gəlmişdi. Sonra Cavanşir Yusifli yazılar yazdı, yeri gəlmişkən, sonuncusu bu gün yazılıb, buna görə onlara təşəkkür edirəm. “Ədəbi yuxular”ın kitablaşması da dırnaq içində deyirəm bunu, təsadüfən olub. Əslində, təsadüf anlayışını anlamıram. “Vektor” Elm Mərkəzi, Elçin İsgəndərzadə mənə Şahmar Əkbərzadə mükafatı vermişdi, sağ olsun, və sən demə qayda beləymiş ki, mükafatı alanların mərkəzin hesabına kitabı çap olunurmuş. Belə də oldu. Bir də sağ olsun. Beləcə, yuxuların yazılma və çap prosesi öz-özünə mümkün oldu. Və bu məni sevindirir. Çünki yazı prosesi və onun kitablaşması, kitabçalaşması məncə, harmonik proses olmalıdır. Roman yazmalıyam deyə roman yazmaq və çap eləmək, buna bənzər işlər heç də ürəkaçan deyil. “Ədəbi yuxular”ın sayı çoxdur. Məsələn, son gördüyüm iki yuxunun personajları sırasında Səməd Vurğun, yenə Brodski və Fərid Hüseyn də var. Onları yazmamışam. Doğrusu yazılacaqmı, yazılmayacaqmı indidən demək çətindir. Amma başqa yuxularım var ki, bütövlükdə onlara nə vaxtsa qayıtmaq istərdim. Necə deyərlər, ömür vəfa etsə, inşAllah, yazaram. Sonda Səməd Vurğunun Ev muzeyinə, Vaqif Səmədoğlu adına Ədəbiyyat Mərkəzinə, Nüşabə xanıma və Fərid Hüseynə bugünkü müzakirə üçün dərin təşəkkür edirəm. Üç böyük ədibin - Səməd Vurğunun, Yusif Səmədoğlunun və Vaqif Səmədoğlunun yaradıcı impulslar aldığı bu divarlar arasında bu gün sizinlə birlikdə olmaq çox xoş idi. Hər birinizə ayrılıqda təşəkkür edirəm…”

XANIM AYDIN