• cümə, 26 Aprel, 17:56
  • Baku Bakı 23°C

Dünyada ədalət axtaran yazıçı

13.07.15 12:13 2095
Dünyada ədalət axtaran yazıçı
Eduardo German Haqs Qaleano uruqvaylı yazıçı-publisistdir. Dünya ədəbiyyatında onu daha çox yaradıcı yazarlıqla bağlı dediyi mühazirələri ilə tanıyırlar. Eduardo Qaleano 1940-cı ildə Montevideoda anadan olub. Cari ilin əvvəllərində elə doğulduğu şəhərdə dünyasını dəyişən Qaleano qələm dostlarının fikrincə, “arzusuna çatdı”. Çünki o, hər yerdə məhz burada ölmək istədiyini dilə gətirirdi.
Orta təbəqədən sayılan katolik ailədə dünyaya göz açmış Eduardo uşaqlığından Cənubi Amerikada doğulan əksər oğlan uşağı kimi futbola dərin maraq və həvəs duysa da, maddi vəziyyət onu oyundan çox, işləmək haqqında düşünməyə məcbur edib. 14 yaşına kimi bir çox yerdə işləyən balaca Eduardo ilk siyasi-cizgi romanını 1954-cü ildə yazıb. 14 yaşında bir uşaq üçün “El Sol”a qəzetinə satılacaq qədər yaxşı roman yazmaq olduqca böyük uğur göstəricisi idi. Artıq 20 yaşında Eduardo əmək fəaliyyətini “Marcha” qəzetində redaktor kimi davam etdirirdi.
20 il davam edən bu sakit və uğurlu karyera 1973-cü ildə baş vermiş hərbi çevriliş nəticəsində bir anda silinir. İqtidarın dəyişməsindən sonra həbs edilən yazar üçün daha sonra sürgün əmri verilir. Argentinaya sürgün edilən Eduardo burada ən yaxşı bildiyi işə - yazıya və jurnalistikaya sahib çıxır və sonrakı dövrlərin məşhur dərgilərindən olan “Crisis”i yaradır. Lakin Eduardonun sakit və dinc həyat arzuları burada da çiçəkləmir. 1976-cı ildə Argentinada da hərbi çevriliş baş verir və bu dəfə yazıçı başqa bir qonşu ölkəyə yox, birbaşa İspaniyaya üz tutur.
Sürgün və müharibədən canını qurtarmış bütün yazarlar kimi Eduardonun da ilk işi bu xatirələri qələmə almaq olur. Onun sürgün illərini qələmə aldığı “Alovlu xatirələr” (“Memoria del fuego”) trilogiyası inanılmaz uğur qazanır və müəllifi dünyaca məşhur yazar edir.
1985-ci ildə Qaleano Montevideoya qayıdır. Ömrünün son 30 ilini vətənində nəhayət ki, arzuladığı kimi yaşamaq imkanı əldə edən yazar burada ağciyər xərçəngindən dünyasını dəyişir.
Onun esse və məqalələrinin əsas mövzusu dünya və bəşəri problemlərin həlli yoludur. Bu problemlər arasında Eduardonun ən çox həssaslıq göstərdiyi isə qul və qadın ticarəti məsələsi olub. Kitablarında daha çox xəbərlərdən istifadə olunmaqla, müxtəlif mövzularda dəyənləndirmə aparılır və nümunələr göstərilir.
“Səndə qalmaq istəməyən sözlərin toplandığı bir yer varmı, görəsən? İtkin düşmüş sözlər krallığı kimi bir yer. İçimizdən qaçıb çıxan sözlər bizi harada gözləyir, görəsən? Onlar bizim kim olduğumuzu və nə istədiyimizi çatdıran cümlələrdə birləşir. Biz bunları sıra ilə düşünürük – balaca olanda nə istədiyimizi, ölümün varlığını və nəfəsini hiss etdikcə isə kim olduğumuzu sorğulamağa başlayırıq – amma sözlər həmişə bizim içimizdədir.
Bəzi sözlərin yaxın mənalı ortaq sözləri olduğu kimi bəzilərinin də birdən çox mənası var. Məsələn, quarani dilində “söz” sözünün başqa mənası “ruh”dur. Bəzilərinə görə, səslənən sözlərin əllə tutulan, gözlə görünən olmamasına görə belə məna verilib. Lakin məncə, bu söz ağzımızdan çıxan hər sözün bir mənası, ruhu olmasına işarədir, ən azından ruhunu hiss etmədiyimiz səs birləşmələrinin söz olmadığını göstərməyə çalışır. Əgər eşitdikləriniz bir istilik, bir ruh daşımırsa, ruhunuza işləmirsə, deməli, sözlərin sahibi ya yalan, ya da boş danışır. Bu isə sözün ruhuna xəyanətdir.
Hekayə danışmaqda usta olanlar yaxşı bilir ki, danışdıqları dilə aid olan sözlər həmin cəmiyyətin və ayrı-ayrı fərdlərin həyatını birləşdirir, yaxınlaşdırır. Sözlər cəmiyyəti, ictimai həyatı və bura qoşulan fərdləri, xarakterləri yaradır. Tarixlər yazır, qəhrəmanlar yaradır, əfsanələr danışırlar sözlər. Sözlər olmasaydı, sonsuz sayılan həyatların, görkəmli məmləkətlərin və parıldayan almazların, incilərin də işığını itirdiyini, tarixə döndüyünü bilə bilməzdik. Sözlər indi olanları nəql edir, sabah olacaqlardan, baş vermək üzrə olanlardan xəbər verirlər – qəzəbli, hikkə, sevgi dolu, qərəzsiz, qüssəli və ovsunlu kəlmələr... Bizi bizə göstərən, tanıtdıran, daxilimizdə və ətrafımızda olanların sözçülüyünü edən, içimizin iç üzü olan kəlmələr.
Gecənin ən qatı saatları arxasından sürətini ala bilməyən bir qatarın gəlməsi ən pis halda qarabasmadır. Yaxşı çəkilmiş bir filmin beyninizdə buraxdığı izlərdən də doğulmuş ola bilər bu səhnə. Bu səhnə durmadan təkrarlanar beyninizdə, göz qapaqlarınızın altında gizlənər. Eyni filmi izləyənlər arasında bu səhnəni tez-tez görənlər, unuda bilməyənlər çox ola bilər. İnsanların bir-birlərinə dəstək almaq üçün danışdıqları bu cür şeylər yavaş-yavaş şişir, nəsildən-nəslə danışılmasından bezmir heç kim, sözlər onları əfsanələşdirir.
Əksəriyyətimiz ruhlar və qorxu səhnələri olan filmləri sevirik. Çünki qorxu insanı təhdid edir, gözünü qorxudur. İtirmək, qocalmaq və ölüm qorxusu - bunlar haqqında düşünmək belə, kədərlənmək, qarabasma görmək üçün kifayətdir. Sözlər onlarla üzləşdirir”
“Beynimin içində vızıldayan sualları paylaşmaq istəyirəm. Ədalət adildir? Mənə elə gəlir ki, dünyanın ədaləti ayaqları üstündə yox, başı üstündə dayanıb. Buşa ayaqqabı tullayan iraqlıya üç il həbs cəzası verildi. Terrorçu o ayaqqabını atan idi, yoxsa ayaqqabıları ilə qarış-qarış tapdayan?
Yalanlarla müharibələr yaradan, qarşıdurmaları alovlandıran, işgəncəni qanuniləşdirən, milyonlarla günahsız insanın həyatına son qoymaq əmri verənlər... Bu dünyada torpağını, yuvasını və çörəyini qorumaq istəyən hamı – Braziliyada həyat mübarizəsi vermiş torpaqsız kəndlilər, Çilidə və Qvatameladakı etnoslar, Meksikanın tarixi sahibləri “quldur”, “terrorçu” oldular, təqiblər, sürgünlər, ölümlər yaşadılar. Əgər torpaq müqəddəsdirsə, niyə onu müdafiə edənlər, qoruyanlar, uğrunda savaşanlar da müqəddəs deyil?
“Foreign Policy”də bir hesabat dərc olunub. Somali sahilləri dünyanın ən təhlükəli yeri imiş, ən böyük dəniz qulduru dəstələri burada imiş. Kimdir dəniz qulduru? Ölməmək üçün, sadəcə, yemək üçün, həyat üçün gəmilərə hücum edənlərmi, yoxsa illərdir dənizlərin, torpaqların dibinə hücum edib, multimilyonluq sərvətlərə qonanlarmı? Niyə dünya onu soyanları mükafatlandırır?
Niyə ədalətin bir gözü kordur? Dünyanın ən iri şirkətlərindən “Wall-Mart” işçilərinə “həmkarlar ittifaqı qadağası” qoyur. “McDonalds”da da eyni vəziyyət. Beynəlxalq hüquq normalarını amiranə şəkildə pozan bu şirkətlər niyə cəzadan, qadağadan, cərimədən “uzaq tutulur”?
Kim haqlıdır? Kim haqsızdır? Əgər həqiqətən də dünyada və beynəlxalq sistemdə ədalət və hüquq varsa, niyə güclülər heç zaman ittiham olunmur, məhkum kürsüsünə qalxmırlar? Onlar məhkum ola bilməzlər, bunun üçün bizlər varıq. Çünki həbsxanaların açarları onların əlindədir, çünki həbsxanaları onları tikdirib.
Niyə BMT-də veto haqqına sahib beş əsas güc var, niyə onlar toxunulmazdır? Bu toxunulmazlığın ilahi bir səbəbi var? Müharibəni gündəlik işə çevirənlərmi təmin edəcək sülhü? Bunlar silah istehsal etməkdə yarışır, dünyanı silahla, bomba ilə təmin edir, bunun istifadəsindən, satışından güclənirlər. Onların dünyada sülhün bərqərar olmasına məsul olmaları adildirmi?
Hərbi xərclərə hər bir dəqiqədə 3 milyon dolların sərf olunduğu və bu pulla hər bir dəqiqədə xəstəlik və aclıqdan ölən 15 uşağı yaşada bilməyin mümkün olduğu bir dünya necə adil ola bilər?
Hər gün milyonlarla gənc, ortayaşlı, azmaaşlı insan reklam terrorçularının ucbatından psixi sarsıntılar yaşayır. Cinayətə, oğurluğa sürükləyən “Var olmaq sahib olmaqdır” şüarının mərhəmətsiz tirajlayıcıları gecə-gündüz insanları hərisliyə, aclığa çəkir – maşına sahib ol, brend ayaqqabıya sahib ol, sahib ol, sahib ol. Sahib ola bilməyənlərin həzin sonlarında isə heç kim məsul bilinmir.
Son zamanlar dünya avtomobil bazarı iqtisadi böhrana görə olduqca pis eniş yaşayır. Demək olar ki, bütün avtomobil firmalarının satışlarında təxmin edilməyən aşağı rəqəmlər var. Əgər bir az ortaq dəyər və ədalət duyğumuz olsaydı, bu xəbəri bayram edərdik. Maşınların azalması nə qədər möhtəşəm xəbərdir. Bir az daha az toksin istehsal ediləcək, ətraf mühit daha az korlanacaq, daha az piyada ölümü olacaq. Bu, yaxşı xəbər deyilmi? Adil olan bu xəbərə sevinmək deyilmi?
Levis Karollaya görə, möcüzələr diyarında ədalətin necə təmin olunduğunu soruşan Alisa kraliçadan belə bir cavab alır: “Elə gördüyün kimi. Amma mühakimə etmə və ittiham səsləndirmə gələn çərşənbə baş tutacaq. Əlbəttə ki, günah da ən axırda işlənmiş olacaq”.
Salvadorda baş yepiskop Oskar Arnulfo Romero ədalətin ilan kimi yalnız yalın ayaqları çaldığını sübut etdi. Ölkəsindəki yalın ayaq insanların dünyaya gəlmək, doğulmaq günahı işlədikləri üçün anadangəlmə “günahkar” olduqlarını dediyi və bütün bunları cəsarətlə müdafiə etdiyi üçün də güllələnərək öldürüldü.
Bəzən tarixin müəyyən mərhələləri pis nəticələnir, amma o tarix bitmir. Sən əlvida deməyə hazırlaşdığın yerdə o sənə “görüşənədək” deyər”.
Tərcümə etdi:
Elcan SALMANQIZI
Mənbə: kaosenlared
banner

Oxşar Xəbərlər