• çərşənbə axşamı, 19 mart, 14:43
  • Baku Bakı 8°C

Dünya ölkələri karantin qaydalarını yenidən sərtləşdirir

10.07.20 16:37 1780
Dünya ölkələri karantin qaydalarını yenidən sərtləşdirir
Koronavirusla mübarizənin yeni mərhələsi başlayır

Dünya birliyinin yeni növ koronavirus infeksiyası ilə mübarizəsi güclənməkdədir. Son zamanlar isə COVID-19 infeksiyası daha aqressiv və aktiv olmağa başlayıb - xəstələrin sağalma müddəti uzanıb, yoluxanlar arasında gənclər çoxdur və sairə. Məhdudiyyətlərin yumşaldılması da virusun yenidən sürətlə yayılmasına səbəb olub. Hazırda demək olar ki, dünyanın bütün ölkələrində infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə sərt karantin tədbirləri həyata keçirilir. Hətta yumşalma qərarı verən bir çox ölkələr yenidən sərt karantin rejimi tətbiq etməyə başlayıblar. Bu fakt da bir daha təsdiqləyir ki, COVİD-19 infeksiyası ilə mübarizə hələ müəyyən müddət davam edəcək. Bu isə insanların sərt karantin rejimin tələblərinə ciddi şəkildə əməl etmələrini şərtləndirir və karantin rejiminin uğurla yekinlaşması hər bir insanın tələblərə adekvat yanaşmasından asılı olacaq. Mütəxəssislər yoluxma sayının artması səbəbinin yumşaldılma tədbirlərindən sonra insanların qaydalara riayət etməmələri, maska taxmamaları və ya sosial məsafəni gözləməmələrində görür, buna görə də məhdudiyyətlərin tətbiqinin zərurətə çevrildiyini bildirirlər. ABŞ-ın baş infeksionisti, koronavirusla mübarizə üzrə işçi qrupunun baş eksperti doktor Entoni Fauçi bəyan edib ki, dünya hələ koronavirus pandemiyasının ilkin mərhələsindədir. "Biz Braziliya və Cənubi Afrika Respublikasında və indi də Asiyada koronavirusa kütləvi yoluxma hallarını müşahidə edirik. Biz çox güman ki, zəifləmədən öncə güclənəcək qlobal pandemiyanın hələ başlanğıcındayıq”, - deyə baş infeksionist bildirib. Onun sözlərinə görə, dünya ölkələri pandemiyanın qarşısını almaq üçün birlikdə koordinasiyalı tədbirlər görməsə, virus daha bir neçə ay aktiv yayılacaq. Entoni Fauçi, həmçinin hökumətin ABŞ-da koronavirus infeksiyasının qarşısını almaqda aciz olduğunu da etiraf edib.
Yumşalmanın nəticələri ilə bağlı postsovet məkanına nəzər salsaq, ən acınacaqlı durum Ermənistandadır. Burada artıq vəziyyət nəzarətdən çıxmaq həddinə çatıb. Hakimiyyət isə tam səriştəsizlik nümayiş etdirir. Yaxın günlərdə işğalçı ölkədə fövqəladə rejim yenidən bərpa olunacaq.
Qonşu Gürcüstan da yumşalmalardan sonra yenidən sərt qaydalar tətbiq edilməyə başlayıb. Gürcüstan hökuməti və epidemioloqlar əhalinin qadağalara ciddi riayət etməyə çağırıblar. Hazırda Gürcüstanda qapalı məkanlarda, ictimai yerlərdə, ofis və mağazalarda tibbi maska taxmaq və sosial məsafə saxlamaq məcburidir. Eyni zamanda, ictimai nəqliyyatda kondisionerlərin və digər soyuducu vasitələrin quraşdırılması, habelə maskasız ictimai nəqliyyata əyləşmək, qapalı məkanlarda mədəni kütləvi və idman tədbirlərinin keçirilməsi, 10 nəfərdən artıq adamın iştirakı ilə ənənəvi tədbirlərin (toy, nişan, hüzur, yubiley və s.) keçirilməsi qəti qadağandır. Taksi sürücüləri hökmən maska geyinməlidir, iki nəfərdən artıq sərnişin götürə bilməzlər. Sərnişinlər isə arxa oturacaqlarda oturmalıdır. Bu qaydaları pozan fiziki və hüquqi şəxsləri ciddi cəzalar gözləyir. Qaydaları təkrar pozan şəxslər isə hətta azadlıqdan məhrum edilə bilərlər. Gürcüstanın baş naziri Giorgi Qaxariya söyləyib ki, ölkənin quru sərhədlərini açmaq üçün tələsik addımlar atmaq olmaz.
Mərkəzi Asiyaya gəldikdə - koronavirusa yoluxma sayında gündəlik sürətli artım Qazaxıstanda qeydə alınıb. Qazaxıstanın səhiyyə naziri Aleksey Tsoy bununla əlaqədar ölkədə mövcud karantin rejiminin uzadılmasını istisna etməyib. O, məhdudlaşdırıcı tədbirlərin müddətinin uzadılması ilə bağlı son qərarın karantinin ikinci həftəsinin sonuna yaxın verilə biləcəyini deyib. COVID-19 pandemiyası ilə əlaqədar avqustun 1-dək Özbəkistanda şəhərlərdə və regionlar arasında nəqliyyatın hərəkəti yenidən məhdudlaşdırılır, yaşı 65-dən yuxarı olanlar bir daha özünütəcrid rejiminə keçirlər. Bu qərar ölkədə COVID-19-un kəskin surətdə artması, ölüm hallarının çoxalması ilə əlaqədar qəbul edilib. Bundan başqa, toy və digər ailə şənliklərinin keçirilməsi də yenidən qadağan olunur. Özbəkistanın Səhiyyə Nazirliyi yanında koronavirusla mübarizə üzrə qərargahın üzvü professor Həbibulla Okilov ölkənin sərt karantin rejiminə qayıtmasının səbəbinin yumşaldılma tədbirlərindən sonra insanların qaydalara əməl etməməsi olduğunu deyib. O bildirib ki, hazırkı vaxtda resurslar tükənir, xəstəxanalar dolur, həkim çatışmazlığı problemi yaşanır. Bütün bunlara görə ölkədə sərt karantin rejiminin tətbiqi zərurətdir. Koronavirusla əlaqədar Qırğızıstanda xüsusi karantin rejim tətbiq edilib. Paytaxtda vəziyyətin gərgin olaraq qaldığı bildirilir. Şəhərdəki əyləncə mərkəzləri, gecə klubları, karaoke klubları, uşaq əyləncə mərkəzləri və buna bərabər tutulan digər məkanların fəaliyyəti tam qadağan olunub, paytaxtdakı bütün parklara giriş məhdudlaşdırılıb.
Ukraynada koronavirusun yayılması ilə əlaqədar təhlükəli epidemioloji vəziyyət yaranıb. Bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirir ki, ölkədə son sutkada koronavirusa 940 nəfər yoluxub. Bununla da Ukraynada COVID-19-a yoluxanların sayı 39 min 14 nəfərə çatıb. Virusdan ölənlərin sayı 1050 nəfərə yaxındır. Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti iyulun 31-dək uzadılıb. Bəzi bölgələrdə karantin qaydaları sərtləşdirilib.
Moldova da yenidən karantin qaydalarını sərtləşdirib.
Avropada da vəziyyət eynidir. Bolqarıstan, İsveç, Fransa, İspaniya kimi ölkələr yenidən sərt qaydalar tətbiq ediblər. Bir neçə həftə əvvəl COVID-19-la bağlı məhdudiyyətlərin yumşaldılmasından sonra Avstriyada da yoluxma halları artmağa başlayıb. İyulun əvvəlindən etibarən ölkədə aktiv yoluxma halları sürətlə artdığına görə rəsmi qurumlar önləyici tədbirlər görməyə başlayıblar. İsrailli professor Leonid Eydelman yoluxma hallarının çox olduğu ərazilərdə karantin rejiminin tətbiqinin zəruri olduğunu bildirib. O, təhlükəsiz və kütləvi peyvəndlərin 2021-ci ilin ikinci rübündən tez tətbiq ediləcəyinə inanmadığını qeyd edərək, insanları bu virusla yaşamağı öyrənməyə çağırıb.
İspaniyada da vəziyyət ürəkaçan deyil. Ölkənin şimal-qərb regionunda rəsmilər çıxış yolu kimi məhdudiyyətlərin yenidən tətbiqini görürlər. Ekspertlər hesab edirlər ki, İspaniyada virusa yoluxanların real sayı 2,5 milyondan çoxdur, yəni orta hesabla İspaniya sakinlərinin hər 20 nəfərindən biri COVID-19 xəstəliyinə tutulub. Bundan başqa, 53 minə yaxın tibb işçisi, yəni ölkədəki bütün tibb işçilərinin 10 faizi virusa yoluxub. Bolqarıstanın hakimiyyət orqanları da fövqəladə vəziyyət rejiminin iyulun axırına qədər uzadılması barədə qərar verib. Rumıniyada koronavirus xəstələrinin sayının artması hökuməti ciddi narahat edir. Vətəndaşları sanitar normalara riayət etməyə, sosial məsafə saxlamağa çağıran müvafiq qurumlar vəziyyətin kəskinləşməsinin yeni məhdudiyyətlərin tətbiqi ilə nəticələnə biləcəyini bildirib.
COVID-19-a yoluxma sayında yenidən artım səbəbindən Avstraliyanın bir neçə şəhərində təcrid rejimi altı həftəlik müddətə bərpa olunur. Bu ərazilərdə yaşayan insanlara iki nəfərdən çox toplaşmaq, qonaq getmək qadağan olunub. İaşə müəssisələri yalnız evlərə çatdırılma xidməti göstərəcək.
Yoluxanların və ölənlərin sayında gündən-günə baş verən sürətli artımla əlaqədar İranda məhdudiyyətlər yenidən sərtləşdirilib. Ölkə rəsmiləri məhdudiyyətlərin vəziyyətə uyğun olaraq daha da sərtləşdiriləcəyini istisna etməyiblər.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər