• cümə, 29 Mart, 05:51
  • Baku Bakı 7°C

Dayanacaqda iki nəfər - Hekayə

15.07.19 14:53 36003
Dayanacaqda iki nəfər - Hekayə
İlk əvvəl gözünə heç nə dəymədi. Birdən-birə qaranlığa və boşluğa düşdü. Ehtiyatla bir... iki addım atdı. Bura qaranlıq yer də demək olmaz. Şəhərin köhnə, dar-dolambac küçələrinin birində, qədim yaşayış binasının altında adi zirzəmi idi.
Tarixi binaydı: lövhədəki "dövlət tərəfindən mühafizə olunur” sözlərini oxuyanda ürəyindən keçdi-adamın belə yerdə evi olaydı, amma bu zirzəmidə yox. Uzaq küncdəki kiçik, dəmir barmaqlı pəncərədən süzülən günəş şuasında cürbəcür həşəratlar rəqs edirdi. Tavandan indicə qopub düşəcək kimi asılan çilçırağın tozlu şüşəsinə nələr yapışmamışdı – milçəklər, kəpənəklər və seçib ayıra bilmədiyi daha nələr. Çiyinlərini çəkdi: belə yerdə də işləmək olar?
Əlindəki kağıza bükülü çini kasanı (özünün dediyi kimi qədim, əntiq əşyaların "biznesi ilə” məşğuldu) qoltuğuna sıxdı. Həmişə əlinə nə keçirdisə bura gəlib məsləhətləşər, əsli olub olmadığını dəqiqləşdirərdi. Bura sənət aləmində artıq özünü təsdiq etmiş üç rəssamın kirayələdiyi emalatxanaydı.
İçəridə heç kim gözə dəymirdi-nisbətən gənc olan birindən başqa. Oturduğu yerdə başını masanın üstünə qoyub mürgüləyirdi. Gur saçlarının arasından gözləri yaxşı görünməsə də hərdən üzü işıqlanırdı, yuxuda gülürdü. Yəqin səhərdən bərk vurub. Masanın üstündəki yarımçıq araq şüşəsind’n, duza qoyulmuş xiyar-pomidordan və bir neçə tikə bura üçün nadir tapıntı olan motal pendirindən belə görünürdü.
Cırıltıyla bayır qapısı açıldı. Rəssamlardan biri idi. Salamsız-kəlamsız yanından ötüb qaz sobasının üstündəki çaynikdən iri kaşı parça çay süzdü. Öz yerinə, kətana alınmış yarımçıq tablonun qarşısına keçəndə ona tərəf çevrilib gözləriylə işarə etdi. Yəni, istəyirsənsə özünə çay süzə bilərsən. Burada gələni salamlamaz, gedənə yaxşı yol deyilməzdi. Əslində gələnlərin hamısı dost-tanışlardı. Kənar adamların burada nə işi vardı?
Nəhayət üçüncü rəssam da göründü. Ayaqyolundan hansısa tanış bir mahnını zümzümə edə-edə çıxdı. Ay zalım – dedi, ürəyində: ayaqyolunda bu qədər oturmaq olar?

Rəssam ona baxıb qımışdı. Bu, yenə sənsən demək idi.
Tezliklə hər şey unudulub yaddan çıxdı. Yatan öz şirin yuxusunda - bu gün ad günüydü axı (indicə xatırladı) - qalan ikisi də tabloların qarşısında. Avanqard sənətdən heç cür başı çıxmırdı. Bu, nə şəkildi e, belə çəkiblər? Yaxınlaşıb bir az da diqqətlə baxdı. İki nəfərdi - bir oğlan, bir qız - söyüd ağacının altında. İki baş, iki bədən. Nə əl var, nə də qol...
May ayının günəşli bir günüydü . Ətrafa boylandı. Nəqliyyatda belə vaxtlar tıxac yaranır. Avtobus, yoxsa metro? Metro mənzil başına çatmaq üçün daha əlverişlidi. Qoltuğuna sıxdığı kasa elə bil ağırlaşıb. Sahibinə çatdırmalıydı, yoxsa atardı. Ona əsli olmadığını dedilər. Onu da dedilər ki, belə işlərdə ehtiyyatlı ol, uduzarsan. Çox dilxordu. Yadında heç nə qalmayıb. Hə, bir o yadında qalıb ki, səhərdən yatıb, yuxuya qalan rəssam ayılıb yarımçıq qalan araqdan yüz də vurdu. Əl-qolunu yana açıb gərnəşdi. Ona tərəf təbəssümlə başını yellədi. Əsəb damarı yoxdu bu adamda - hamıya gülür. Bayaq baxıb başa düşmədiyi tablo haqqında soruşdu. Soruşdu ki, əlsiz-qolsuz bu nə şəkildi belə? Kinayəli sualına gülə-gülə (sanki uşaq başı sığallayır) cavab verdi.
– Bu gördüyün şəkil yox, iki sevgili haqqında sənəd əsəridir .Əllər onların nəyinə lazım! Sən sevgilinlə öpüşəndə əlini hara qoyursan?!
Gözlərini döyə-döyə qaldı. Saxta çini kasa onu belə pərt etmir. Bu, qəfil sual isə? İki aydı uşaqlıqdan sevdiyi qonşu qızla nişanlanıb, amma bu haqda bir dəfə də olsun fikirləşməyib. Doğrudan da? sevgilisiylə görüşəndə əlləri necə olur, harda qalır, necə tutur? Lənət şeytana, heç əllərin yeridi? Metroya düşüb gözdən itdi...
Fəxrəddin Əsəd

banner

Oxşar Xəbərlər