Büdrəyən “erməni soyqırımı” - FOTOLAR

Ermənistanın
nicat yolu tarixi saxtakarlıqdan deyil, Azərbaycan və Türkiyə ilə münasibətləri
normallaşdırmaqdan keçir
Ermənilər daim özlərini məzlum, başqa xalqlar tərəfindən
təcavüzə uğramış toplum kimi dünyaya tanıtdırır, bunun üzərindən məskunlaşdıqları
ərazilərdə siyasi, iqtisadi dividentlər əldə etməyə çalışırlar. Uydurma erməni
soyqırımı da bu məqsədlə ortaya atılmış bir cəfəngiyyatdır. Tarixi faktları təhrif
edən ermənilərin uydurmalarına görə, Birinci Dünya Müharibəsinin gedişində
Osmanlı İmperiyası guya 1,5 milyon ermənini soyqırımına məruz qoyub. İllər
keçdikcə dünyadakı erməni diaspor təşkilatları bu "soyqırımı qurbanlarının”
sayını artırmaqdadırlar. Erməni siyasətçiləri, üzdə olan məşhurları indi də
iddia edirlər ki, ötən əsrin əvvəllərində 2 milyona yaxın erməni soyqırımına məruz
qalıb. Lakin reallıq tamam başqa mənzərəni ortaya qoyur. Belə ki, rəsmi İrəvanın
2018-ci ildə açıqladığı statistik məlumatlara görə, hazırda Ermənistanda 3
milyona yaxın əhali yaşayır. Amma qeyri-rəsmi məlumatlar onu göstərir ki, bu
ölkədə yaşayanların ümumi sayı 2 milyon nəfərə yaxındır. Ümumilikdə isə dünyada
10 milyona yaxın erməninin yaşadığı məlumdur. Belə olan halda, 1915-ci ildə 2
milyona yaxın erməninin öldürülməsi inandırıcı deyil. Bundan başqa, Türkiyənin
arxiv sənədlərində, tarixi mənbələrdə açıq şəkildə göstərilir ki, Osmanlı
İmperiyasında ermənilərə geniş imkanlar yaradılıb, hətta onlara "milləti-sadiq”
adı verilib. Ancaq Birinci Dünya Müharibəsinin gedişində Çar Rusiyası ilə
separat danışıqlara gedən ermənilər yaşadıqları dövlətə arxadan zərbə vurub,
minlərlə türkü qətlə yetiriblər. Belə olan halda dövlət erməni vətəndaşlarını cəbhəyanı
ərazilərdən ölkənin başqa əyalətinə köçürmək məcburiyyətində qalıb.

Reallıqları
görməzdən gəlirlər
Üstündən illər keçdikdən sonra daşnaklar bu
faktları saxtalaşdıraraq "erməni soyqırımı” adı altında dünya ictimaiyyətinə
sırımağa başlayıblar. Halbuki, 1905-1907, 1914-1918-ci illərdə Azərbaycan və
Türkiyədə, həmçinin indiki Ermənistan ərazisində erməni silahlı birləşmələri tərəfindən
yüz minlərlə müsəlman-türk qəddarlıqla qətlə yetirilib, ən dəhşətli işgəncələrə
məruz qoyulub. 1920-ci ildən sonra azərbaycanlılara qarşı bu qətliamlar
repressiyalar, kütləvi həbslərlə müşayiət olunub. 1948-1953, 1988-ci illərdə
yüz minlərlə azərbaycanlı Ermənistandan deportasiya olunub. 1988-1994-cü illərdə
Dağlıq Qarabağda erməni separatçılığının baş qaldırması, Ermənistanın Azərbaycana
qarşı əsassız ərazi iddiası, işğal nəticəsində 1 milyondan çox azərbaycanlı
qaçqın və məcburi köçkünə çevrilib, on minlərlə günahsız insan qətlə yetirilib.
Ermənilər Azərbaycanın Qaradağlı, Başlıbel, Xocalı kimi yaşayış məntəqələrində
soyqırımlar törədiblər. Erməni terror təşkilatlarının 1970-ci ildən indiyədək
xaricdə yaşayan türklərə qarşı etdikləri sui-qəsdlər nəticəsində 31-i diplomat
və onların ailə üzvləri olmaqla, ümumilikdə 58 Türkiyə vətəndaşı qətlə
yetirilib. 1983-cü il iyulun 15-də ASALA terror təşkilatı tərəfindən Türk Hava
Yollarının Parisin Orli aeroportundakı ofisinin qarşısına yerləşdirilən
partlayıcı maddənin işə düşməsi nəticəsində ikisi Türkiyə, dördü Fransa, biri
ABŞ və biri İsveç vətəndaşı olmaqla səkkiz nəfər həlak olub, 28-i türk olmaqla
55 nəfər yaralanıb. Təəssüf ki, bəzi dünya dövlətləri bu həqiqətlər fonunda,
yenə də erməni uydurmalarına dəstək verir, reallıqları görməzdən gəlirlər.

Türkiyəyə
siyasi təzyiq cəhdi
Heç kimə sirr deyil ki, ermənilərdən daim alət kimi
istifadə edən həmin dövlətlər bu "soyqırımdan” öz məqsədləri üçün yararlanmağa
çalışıblar. Bu gün də "erməni soyqırımı” Qərbin, Avropanın əlində Türkiyə
Cümhuriyyətinə qarşı təzyiq vasitəsi kimi istifadə olunur. ABŞ prezidenti Co
Baydenin aprelin 24-də çıxışı zamanı öz nitqində "erməni soyqırımı” ifadəsini
işlətməsi qeyd olunanlara daha bir misaldır. Maraqlıdır, Co Baydenin bu
açıqlaması Türkiyəyə təzyiq rolunu oynamaqdan başqa, ermənilərə hər hansı
xeyir, divident gətirəcəkmi? Bu ədalətsiz, qeyri-obyektiv açıqlama Ermənistanda
yaşayan sadə erməninin həyatında nəyi isə dəyişəcəkmi?Yeni
Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, millət vəkili Ramin Məmmədov
"Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Co Baydenin "erməni soyqırımı”
ifadəsini səsləndirməsi Ermənistana, orada yaşayan hansısa erməniyə bəxtəvərlik
gətirməyəcək. Onun sözlərinə görə, ABŞ prezidentinin soyqırımı ifadəsini işlətməsi
heç bir tarixi fakta və dəlilə əsalanmır. Deputat deyib ki, bu, bölgədə tamamilə
müstəqil siyasət yürüdən, qısa müddətdə güclü regional oyunçu kimi özünü təsdiq
edən qardaş Türkiyəyə siyasi təzyiq cəhdidir.

Sonda
sağlam düşüncə qalib gələcək
YAP təmsilçisinin fikrincə, bu cür addımlar Türkiyə
kimi böyük tarixə malik bir ölkəni öz yolundan döndərə bilməz: "Qondarma
soyqırımı oyunu uzun illərdir ABŞ siyasi elitasının əlində Türkiyəyə təzyiq
vasitəsinə çevrilib və artıq rəsmi Vaşinqton bu vasitədən istifadə edib.
Baydenin bu ifadəni işləməsinin hansısa hüquqi nəticələr doğurması mümkün
görünmür. Lakin şübhəsiz ki, ciddi siyasi nəticələri olacaq. Bu nəticələrdən
biri ABŞ-ın çox güclü, etibarlı tərəfdaşlarından birini itirməsi ola bilər.
Unutmaq olmaz ki, Türkiyə regionda sülhün və sabitliyin təmin olunmasında son dərəcə
əhəmiyyətli rol oynayan vacib dövlətdir. Görünür ,ABŞ siyasi elitasında bu reallığı
düzgün qiymətləndirə bilməyən dairələr var. Bu cür açıqlamalar, mahiyyət
etibarilə regionda əməkdaşlıq mühitinin yaradılmasına da mənfi təsir göstərə
bilər. Hansıki son dövrlərdə bu istiqamətdə çox ciddi təşəbbüslər ortaya
atılıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması
Türkiyənin də fəal iştirakı ilə regionda bütün kommunikasiyaların açılması,
iqtisadi əlaqələrin bərpası istiqamətində bəzi addımlar atılmağa başlayıb. Belə
bir zamanda Baydenin məlum açıqlaması Ermənistanda keçmişlə yaşamaq meyillərini
gücləndirə, əməkdaşlıq təşəbbüslərinə qarşı müqavimətin artmasına xidmət edə
bilər. Bu isə Ermənistana heç nə qazandırmayacaq. Ümid edək ki, sonda sağlam
düşüncə qalib gələcək”.

"Erməni
kartı” kimi saxta və gülünc iddia
Azərbaycan Mətbuat
Şurasının sədri Əflatun Amaşov
da hesab edir ki, Co Baydenin "erməni soyqırımı” ifadəsini dilə gətirməsi heç nəyi
dəyişməyəcək və hazırda yaranan səs-küy ABŞ-Türkiyə münasibətlərində növbəti
nifaq motivləri yarananadək sakitləşəcək: "ABŞ prezidentinin "erməni soyqırımı”
ifadəsini dilə gətirməsindən qətiyyən təəccüblənmədim. Bu, ümumən Amerika dövlətçiliyinin
mahiyyətindən irəli gəlir. Bayden deməsəydi də, hansısa başqa Bayden məsələni
dilə gətirəcəkdi. ABŞ özünə qarşı alternativləri, güclü müstəqil meylləri qəbul
etmir, onu əzmək istəyir, bir sözlə, hegemonluq iddiasındadır. Səbəb isə sadədir.
Bu gün Türkiyə son 100 ildə olmadığı qədər güclüdür. Onun reginodakı tarixi
nüfuzunu bərpa etmək əzmi, bu əzmi ən müxtəlif qlobal meydanlarda göstərməsi,
Suriyadakı, Qara dənizdəki mövqeyi, Ağ dənizdəki, Kiprdəki qətiyyəti göz önündədir.
Bəli, Ankaranın Qarabağda, 30 ilə yaxın müddətdə davam edən konflikdəki dirəniş
missiyası daha konkret nəticədir. Belədə Vaşinqton sancmaq yollarını
axtarmalıydı. Tapdığı isə budur - "erməni kartı” kimi saxta və gülünc iddia. Bu
cür nəhəng ölkənin belə miskin yol tutmağı yalnız və yalnız təəssüf doğura bilər”.

Dünya
gücün dünyasıdır
Şura sədri ABŞ siyasəti üçün soyqırımı mövzusunun nəyə
görə aktual olmasına da aydınlıq gətirib. Qeyd edib ki, Birləşmiş Ştatlarda
soyqırımın nə olduğunu, necə həyata keçirildiyini, hansı dəhşətlər doğurduğunu
gözəl bilirlər: "Çünki bunu ediblər. Hindulara qarşı, eyni zamanda dünyanın
dörd bir yanında həyata keçirdikləri hərbi əməliyyatlarda belə qeyri-insani
davranışın ləkəsi boyunlarındadır. Təəssüf ki, ləkə utanc gətimir. Əksinə onu
başqalarının üstünə atırlar. Harada, necə etməsindən asılı olmayaraq törətdikləri
amansızlıqlara görə cavab verməli olacaqlar. İndi obrazlı desəm, köhlən atları
düzdədir. Amma nə vaxtsa yolları çınqıla düşəcək. Necə ki, bütün imperiyaların
yolu düşüb. İndiyədək 29 dövlət qondarma "erməni soyqırımı”nı tanıyıb. Nə dəyişib?
Bu, Ermənistanı inkişaf etdiribmi? Türkiyəni sarsıdıb yolundan döndəribmi? Bu səs-küy
ABŞ-Türkiyə münasibətlərində növbəti nifaq motivləri yarananadək sakitləşəcək.
Türkiyə Azərbaycandır, Azərbaycan isə Türkiyədir. Bunu bütün beynəlxalq məsələlərə
münasibətdə görürük. Yenə də gördük. Belədə ortaya sual çıxır – biz nə etməliyik?
Türkiyə və Azərbaycan birlikdə inkişaf etməli, bütün sahələri, belə desək,
"bayraqdarlaşdırmalıyıq”. Biz güclü olmalıyıq. Dünya gücün dünyasıdır. Və biz
daha güclü olmaq yolunda əzmlə irəliləyirik”.

Bu,
bəşəriyyət üçün müsbət heç nə vəd etmir
Politoloq Şəbnəm Həsənova
isə bildirib ki, son
illərdə Türkiyə ilə ABŞ arasında bir çox məsələlər üzrə fikir ayrılığı müşahidə
olunub, ziddiyyətlər yaşanıb. Onun fikrincə, S-400 və F35 məsələsi ətrafında
yaşanan olaylar, Türkiyənin son illərdə apardığı uğurlu hərbi əməliyyatlar və
bütün bunları tək bir sözlə xülasə etsək, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi
ilə qardaş ölkənin müstəqil xarici siyasət yürütməsi, eyni zamanda, Qarabağ məsələsində
qeyri-şərtsiz Azərbaycanın yanında dayanması erməniləri, onların havadarlarını
ciddi surətdə narahat edib. Politoloq deyib ki, türkün gücünə qarşı çıxa bilməyənlər
son nəticədə tarixi yanlışlığa yol veriblər: "Yaranmış reallığı qəbul etmək istəməyən
dairələr hər bir vəchlə belə addımlar atmaqla öz geosiyasi maraqlarını təmin
etmək istəyirlər. Əslində isə tarix boyu ermənilər türkə nifrət bəsləyib,
onlara qarşı soyqırımı törədib. 1915-ci ildə türklərə, 1918-ci ildə azərbaycanlılara
qarşı törədilən soyqırımları, eyni zamanda, 1992-ci ildə bütün dünyanın gözü
önündə törədilən və insanlığın üz qarası kimi qiymətləndirilməli olan Xocalı
soyqırımı bu qəbildəndir. Dar bir qrupun maraqlarını təmin etməkdən ötrü
regionda və dünyada Türkiyə kimi güclü bir müttəfiqi qarşıya almaq qəbulolunmazdır.
Əsassız faktlarla tarixin saxtalaşdırılması yolverilməzdir. Bu, həm o dövlətin
özünün dünyada olan imicinə ziddir, həm də tarixin bu cür saxtalaşdırılması gələcək
nəsillər, daha qlobal kontekstdə isə bəşəriyyət üçün müsbət heç nə vəd etmir”.

Tarixi
və hüquqi əsası olmayan iddia
Ş.Həsənova qeyd edib ki, "erməni soyqırımı” ifadəsinin
işlədilməsi Türkiyə-ABŞ münasibətlərinə fundamental zərbə olmaqla yanaşı, həm də
Vaşinqton üçün tarixi yanlışlıqdır: "Türkiyə tərəfi dəfələrlə tarixi arxivlərin
açılmasını və araşdırılmasını tələb etsə də, Ermənistan rəhbərliyi buna getmir,
çünki arxivlərdə belə bir fakt yoxdur. O zaman bunun tarixi və hüquqi əsası da
yoxdur. Bu baxımdan ABŞ kimi bir dövlətin erməni diasporunun əsirinə çevrilməsi
təəssüf doğurur. ABŞ siyasi xadimlərinin özləri də bir neçə dəfə bəyan ediblər
ki, arxivlərin araşdırılmasına görə, ermənilərin "soyqırımı” ittihamı əsassızdır,
ümumiyyətlə, Osmanlı İmperiyası dövründə köçürülmə zamanı ölən və itkin düşənlərin
sayı ermənilərin iddia etdikləri qədər deyil. Bir sözlə, reallıq odur ki,
Türkiyənin inkişaf edən hərb sənayesi, İkinci Qarabağ savaşında dastan yazan
pilotsuz uçuş aparatları dünyanın, türkü gözü götürməyən qüvvələrin canına
qorxu salıb. Belə bir fonda Azərbaycan dövlətinin "erməni soyqırımı” ilə əlaqədar
prinsipial mövqeyi xüsusilə diqqət çəkir. Azərbaycan belə bir addım atılmasının
birmənalı olaraq əleyhinədir. Çünki Türkiyəyə qarşı hər hansı bir qərarı biz də
özümüzə qarşı qərar kimi qəbul edirik. Nə Türkiyə, nə də Azərbaycan
olaraq biz bu açıqlamanı qəbul etmir, qətiyyətlə pisləyir, eyni zamanda, bunu
tarixin təhrif olunması istiqamətində dünya siyasi tarixi üçün müsbət nəticə və
fayda gətirməyəcək olduqca yanlış bir addım kimi qınayırıq. ABŞ kimi böyük dövlət
erməni lobbisinin əlində alət olmalı deyil. Ermənistanın bir dövlət kimi
taleyinin müsbət olması tarixi saxtalaşdıraraq digər dövlətlərə, onların siyasətlərinə
müxtəlif təsir rıçaqları ilə təzyiqdən deyil, Azərbaycan və Türkiyə ilə münasibətləri
normallaşdırmaqdan keçir”.
Rufik
İSMAYILOV
