• cümə, 19 Aprel, 11:54
  • Baku Bakı 13°C

Boltonun gedişi ABŞ-ın xarici siyasətində dəyişikliklərə səbəb olacaq

11.09.19 18:29 551
Boltonun gedişi ABŞ-ın xarici siyasətində dəyişikliklərə səbəb olacaq
2017-ci ildən ABŞ-a rəhbərlik edən Donald Tramp 4-cü dəfə milli təhlükəsizlik üzrə müşavirini istefaya göndərib. Bu barədə ABŞ prezidenti özünün "Twitter" səhifəsində qeyd edib. Tramp 2018-ci ilin aprelindən ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsində çalışan C.Boltonu istefaya göndərmə səbəbini də vurğulayıb.
"Con Boltona Ağ Evdəki xidmətlərinə artıq ehtiyac qalmadığını söylədim. Onun təkliflərinin əksəriyyəti ilə heç razılaşmırdım. Bu səbəbdən Con Boltona istefa verməsini istədim, o da bu gün səhər saatlarında ərizəsini təqdim etdi”, - deyə o yazıb.
Trampın bu addımı təkcə ABŞ-ın özündə, eləcə də dünyada maraqla qarşılanıb. Bəs görəsən Bolton hansı səbəbdən istefaya göndərilib və bundan sonra ABŞ-ın xarici siyasətində dəyişikliklər olacaqmı?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun istefası Donald Trampın siyasətində böyük bir paradoksun yaranması ilə bilavasitə əlaqədardır: "Ona görə ki, prezident ölkə daxilində çox böyük imic sahibinə çevrilir. Tramp həqiqətən də amerikalıların həyatını dəyişir. O ölkənin əvvəlki qüdrətini qaytarmağa söz verib və buna da əməl edir. Daxildəki islahatlar, iqtisadi dirçəliş, yeni iş yerlərinin yaradılması və sair həqiqətən də Trampa xeyli sayda dividentlər gətirir. Əvvəlki prezidentlər Bill Klinton, kiçik Buş və ya Obamanın reytinqlərində birdən-birə enmələr qeydə alınırdı. Lakin Donlad Tramp əks nümunəni ortaya qoymuş oldu. Bu gün həqiqətən də onun ölkə daxilində populyarlıq reytinqi yüksəkdir. Bu da ondan irəli gəlir ki, həqiqətən də ABŞ-ın iqtisadiyyatında inkişaf mövcuddur, daxili məhsulda artım müşahidə edilir və pozitiv saldo qeydə alınıb. Xarici siyasətə məsul olan Bolton isə əksinə ABŞ-ın nüfuzuna xələl gətirməkdə davam edirdi. Çünki onun müharibə ruhlu gedişləri, kompromislərdən uzaq olması, rəsmi Vaşinqtonu ciddi-cəhdlə hərbi kampaniyalara sürükləməsi həqiqətən də ölkənin xaricdəki nüfuzuna böyük zərbələr endirmiş olurdu. Gördük ki, Venesuela, Şimali Koreya və İranla bağlı müharibənin qoxusu özünü büruzə verir. Təbii ki, heç bir xalq müharibələrə lazımsız bir tərzdə getməyə hazır deyil. Hətta çox təzadlı məqam həm də onda yarandı ki, Con Boltonun İranla bağlı müharibə çağırışına Pentaqonun generalları da etiraz etdilər. Onlar bildirdilər ki, ABŞ müharibə etməyə hazır deyil və buna ciddi əsaslar yoxdur. Məhz bu kimi addımlar da Trampla Con Bolton arasında problemlərin yaranmasına səbəb oldu. Onu da qeyd edim ki, Bolton və Mayk Pompeo prezidentə çox yaxın adamlar idilər və Tramp onların sözünü eşidirdi. Xarici siyasətlə məşğul olan bu iki şəxsin münasibətləri ona gətirib çıxartdı ki, dövlət katibi ilə müşavir arasında böyük ixtilaflar yarandı və hətta bir-birini təhqir etməyə başladılar”.
T.Abbasov qeyd etdi ki, bundan sonra ABŞ-ın Yaxın Şərq, Orta Asiya siyasətində böyük dəyişikliklər gözlənilir: "Çünki ABŞ özü də faktiki olaraq, yumşaq güc konsepsiyasının davamçılarına aid olan bir məkandır. İndiki Amerika isteblişmentini və xüsusilə Trampın davranışlarını göz önünə gətirsək, görərik ki, o yumşaq gücdən istifadə etməyə böyük önəm verir. Con Bolton isə bu konsepsiyaya zidd hərəkətlər edirdi ki, nəticədə isə vəzifəsindən ayrılmalı oldu. Bundan sonra çox güman ki, Əfqanıstanla, İranla, Venesuela və hətta Şimali Koreya ilə bağlı siyasətdə böyük dəyişikliklər baş verə bilər. Çünki indi ABŞ güclənmə prosesindədir, ölkə daxilində böyük irəliləyişlər var və belə olduğu halda Vaşinqtona heç bir müharibə lazım deyil. Digər tərəfdən, ABŞ özünü super güc kimi təsdiqləmək istəyir. Ancaq bu o demək deyil ki, hegemonluğunu yalnız hərbi toqquşmalar, münaqişələr vasitəsilə həyata keçirməlidir. Misal üçün, Tramp Suriyadan qoşunları çıxarmaq istəyirdi, Bolton buna qarşı çıxdı. Əfqanıstanda taliblərlə danışıqlara getmək lazım idi, hətta Tramp bunu sosial şəbəkədəki hesabında qeyd etmişdi, ancaq Bolton buna qarşı çıxdı. Tramp İranla danışıqlara getmək fikrində olduğunu dilə gətirsə də, Con Bolton bunu istəmirdi. Yəni, bütün bunlar onu göstərir ki, bundan sonra ABŞ-ın xarici siyasətində dəyişikliklər baş verə bilər. Eyni zamanda, biz dəyişiklikləri qlobal siyasi mühitdə müşahidə edə biləcəyik”.
Politoloq Əhməd Əlili bildirdi ki, vaxtı ilə Boltonun təyinatı Trampın gündəliyinə uyğun idi: "Tramp hamıya mesaj vermək istəyirdi ki, dediklərimi dinləməsəniz kabinetimdə kifayət qədər müharibə arzulayan insanlar var və onların istəyini icra edəcəm. Boltonun və digərlərinin təyinatında bu, açıq-aşkar hiss olunurdu. Bir sözlə, Tramp çalışırdı ki, ətrafında çox ciddi müharibə əhval-ruhiyyəsi olan insanları toplasın. Lakin tədricən Trampda belə bir anlayış formalaşdı ki, ABŞ-da heç kim müharibə istəmir. Yəni, ABŞ daxilində olan proseslərdə Trampın müharibə kabinetinin güclü olması prezident haqqında düzgün təsəvvürlər formalaşdırmır. Eləcə də hər kəs düşünür ki, Tramp çox qısa zamanda hər hansı bir ölkəyə hücum edəcək, müharibəyə başlayacaq. Bu tərkibli kabinetin olması insanlarda çəkindiricilik formalaşdırmışdı”.
Ə.Əlilinin sözlərinə görə, ABŞ-da seçki ili yaxınlaşır və artıq Demokrat Partiyasının namizədləri kampaniyaya başlayıb: "İndiki halda Trampa lazımdır ki, insanlarda hər hansı müharibəyə başlamayacağı ilə bağlı əminlik olsun. Nəzərə alsaq ki, İran kampaniyası ABŞ-ın, o cümlədən Trampın istədiyi kimi uğurlu olmadı. Ona görə də hazırda ABŞ-da bu uğursuzluqları Con Boltonun adı ilə bağlayıb, tədricən onu uzaqlaşdırmaq istəyirdilər. Tramp müharibə kabinetini dağıtmaqla daxili auditoriyada simpatiya qazanmağa ümid edir. Gözləmək olar ki, bu istefadan sonra ABŞ tədricən İranla və regionla bağlı siyasətini bir qədər dəyişər, yəni müharibə ehtimalı tədricən arxa plana keçər. Tramp Boltonu istefaya göndərməklə ona eyham vurdu ki, özü və ətrafındakılar müharibənin başlanmasında heç də maraqlı deyillər”.

BƏXTİYAR

banner

Oxşar Xəbərlər