• cümə axşamı, 25 aprel, 02:14
  • Baku Bakı 19°C

Birləşmiş Ştatlar Mərkəzi Asiyaya dönür

14.02.20 18:44 1959
Birləşmiş Ştatlar Mərkəzi Asiyaya dönür
Regionun geostrateji əhəmiyyətini etiraf edən ABŞ rəqiblərini bölgədən sıxışdırıb çıxarmağa ümid edir

Dövlət katibi Mayk Pompeonun Qazaxıstan və Özbəkistana səfəri və Birləşmiş Ştatların yeni strategiyasının elan edilməsi regionu yenidən diqqət mərkəzinə salıb. ABŞ-ın planından ən çox narahat olan isə Moskva və Pekindir. Artıq Pompeonun Daşkəndə səfərindən sonra yaşanan rezonans doğuran hadisələrdə də Amerika izi axtarılır. Belə ki, paytaxtda başlanılan məhkəmə prosesində Rusiya casusları olduqları ehtimal edilən şəxslər ittiham olunur. Əksər ekspertlər də bunda yeni strategiyanın ilk praktiki nəticələrini görüblər. Rusiyanın "İzvestisiya” qəzeti Birləşmiş Ştatların Mərkəzi Asiyaya uzun və yaxın müddətli qayıdışını araşdırmağa çalışıb. Müəllif əvvəlcə qeyd edir ki, ABŞ-ın Mərkəzi Asiya strategiyası hər beş ildən bir yenilənir və ənənəvi olaraq da sənədə düzəlişləri Dövlət Departamenti həyata keçirir. Həm də ABŞ-ın regionda maraqlarından çıxış edərək nüansları və baxışları yerbəyer edir. Yeni strategiyanın xüsusiyyətləri budur ki, Vaşinqton ilk dəfə olaraq Mərkəzi Asiya dövlətlərinin Əfqanıstan, Çin və yaxud Rusiyadakı vəziyyətdən asılı olaraq siyasət qura bilməklərinin mümkünlüyünü etiraf edib. Əvvəlki sənədlərdə amerikalılar Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanı Cənubi Asiyanın bir hissəsi hesab edirdi. Lakin postsovet məkanını müsəlman dünyasının bir hissəsi kimi "Böyük Yaxın Şərq”, "Böyük Mərkəzi Asiya” kimi xüsusi anlayışla qeyd edirlər. Bununla belə strategiyada onların qırmızı xətlə Əfqanıstanla qonşu olması keçilir və respublikaları onun bərpası uğrunda məsuliyyət daşımağa çağırır. Belə çıxır ki, ABŞ üçün regionun əhəmiyyəti əvvəlki tək əfqan faktorudur və məhz onun vasitəsilə Mərkəzi Asiyaya birbaşa maraq qalır. Yeni strategiyada amerikalılar əvvəlkilərtək regionda maraqlar uğrunda digər mühüm oyunçuların toqquşmasına yol verilməməsinə çalışırlar. İlk növbədə Rusiya və Çinlə. ABŞ etiraf edir ki, hər iki dövlətin regionda maraqları yüksək olaraq qalır və Vaşinqtonun onları sıxışdırıb çıxarması mümkün deyil. Lakin bu o demək deyil ki, amerikalılar hər şeylə barışıblar, Rusiya və Çinə tam şəkildə güzəştə gedəcəklər. Sənəddə vurğulanır ki, ABŞ-ın yeni strategiyasının başlıca prinsipi Mərkəzi Asiyanın geosiyasi əhəmiyyətinin tanınmasıdır. Vaşinqton regionla münasibətləri rəqabət üstünlük təşkil etdiyi bütün sahələr üzrə inkişaf etdirməyə hazırdır. 90-cı illərdə amerikalılar Moskvanın nəzarəti altından çıxan Mərkəzi Asiya dövlətlərinin müstəqilliyini əsas hesab edirdilər. Bunun üçün alternativ enerji və nəqliyyat infrastrukturlarının yaradılması üçün bütün qüvvələrini işə salırdılar. Bununla da Rusiyanın boru xətləri və logistikasından asılılığın minimum həddə düşməsinə çalışırdılar. 2000-ci illərdə isə region Əfqanıstana ABŞ yüklərinin daşınmasında başlıca platsdarma çevrildi. Bu gün də ABŞ Mərkəzi Asiya regionunun iqtisadiyyatının inkişaf etdirilməsinə dəstək verir. Strategiyada Vaşinqtonun regionda yeni infrastruktur, enerji, logistika və təhsil layihələrinə marağından bəhs edilib. Beləliklə də, amerikalılar xüsusən də Özbəkistan və Qazaxıstanda liberal islahatları sürətləndirməyi nəzərdə tuturlar. Amerika biznesinin Mərkəzi Asiya biznesində iştirakı milli təhlükəsizlik sahəsində, eləcə də onun vətəndaşlarının xaricdə qorunmasına kömək edəcək. Lakin ABŞ biznesinin kapitalist hesab olunmaqdan uzaq olan Mərkəzi Asiya bazarında nə qədər maraqlı olub-olmadığı ritorik məsələdir.
ABŞ həmçinin regionda digər oyunçuların reallaşdırmağa çalışdıqları layihələri də qəbul edir. Strategiyada birbaşa olaraq Çinin ən əsas başlıca layihəsi olan və Mərkəzi Asiya dövlətlərinin daxil olduğu – "Bir dəhliz, bir yol” layihəsinin tənqidi yoxdur. Lakin bu o demək deyil ki, amerikalılar onu dəstəkləyir. Həm də məsələ ondadır ki, Mərkəzi Asiya dövlətlərindən heç biri Çinin layihəsindən imtina etmək istəmir. Bu səbəbdən də Vaşinqton gözləmə mövqeyindədir. Pompeonun Özbəkistan və Qazaxıstan səfəri göstərdi ki, ABŞ Mərkəzi Asiyada antiçin ritorikasından imtina etməyə hazırlaşmır. ABŞ dövlət katibi də açıq şəkildə hər iki ölkəni Çindən asılılığı azaltmağa çağırıb və əvəzində də Amerika investisiyalarını vəd edib. Yeni strategiyada praktiki olaraq Çinin "Yeni ipək yolu” layihəsinə alternativ nəsə ortaya qoyulmur. Yeni strategiyada Mərkəzi Asiyadan Əfqanıstan vasitəsilə nəqliyyat dəhlizlərinin inşası, elektrik enerjisi xətlərinin inşası nəzərdə tutulur. Bu layihənin reallaşması ilə 2011-ci ildə Hillari Klinton da məşğul olurdu. Amerikalıların investisiya ayırmaq istədikləri digər bir layihə "Lazurit dəhlizi”dir. Vaşinqton bu layihəni 2012-ci ildən irəli sürməyə çalışır. Dəhliz dəmir və avtomobil yollarının Əfqanıstandan Türkmənistana, oradan isə Xəzər dənizi ilə Azərbaycan, Gürcüstan və Türkiyəyə kimi uzadılmasını nəzərdə tutur. Yenilənmiş strategiyada bir yerdə də olsun Rusiyanın Avrasiya İqtisadi İttifaqı barədə danışılmır. Əvəzində Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və Mərkəzi Asiyanın iqtisadiyyatının yeniləşməsi nəzərdə tutulur. Karnegi Mərkəzinin məsləhətçisi Temur Umarov hesab edir ki, regionun özündə anlayırlar ki, Birləşmiş Ştatlarla münasibətlər əhəmiyyət kəsb edir. Lakin prioritetliyə görə digər qonşular Rusiya və Çin də önəmlidir. "Geocoğrafi şəraitdə Mərkəzi Asiya dövlətləri Moskva və Pekindən uzaqlaşa bilməyəcəklər. Vaşinqton isə xeyli uzaqdadır. Özü də Rusiya o qədər də sadəlövh deyil və ölkədə başa düşürlər – amerikalılar nə qədər qızıl dağlar vəd etsələr də, region onlar üçün cəlbedici deyil. Hələ ki, diqqət mərkəzində Əfqanıstan məsələsidir və amerikalılar əsas orada uğur qazanmağa ümid edirlər. Lakin regionda birinci skripka rolunda oynaya bilmirlər və buna nail də ola bilməyəcəklər”, -deyə Umarov fikrini tamamlayıb.

Azər

banner

Oxşar Xəbərlər