AZE | RUS | ENG |

Bədii gimnastika üzrə ХХХ Avropa çempionatının rəsmi açılışı keçirildi

Bədii gimnastika üzrə ХХХ Avropa çempionatının rəsmi açılışı keçirildi
Azad Rəhimov: "Bədii gimnastika dünyada olduğu kimi, Azərbaycanda da çox sevilən və geniş tamaşaçı kütləsi toplayan idman növüdür"


Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə yubiley - ХХХ Avropa çempionatının rəsmi açılışı keçirilib. Trend-in məlumatına görə, komandalar bayraqlarla səhnəyə daxil olub, Azərbaycanın Dövlət himni səsləndirilib. Bakıda artıq üçüncü dəfə keçirilən turnirdə qitənin 33 ölkəsindən 258 idmançı mübarizə aparır. Onlar 9 medal dəsti uğrunda yarışırlar. Bədii gimnastika üzrə Avropa çempionatı iyunun 15-dək davam edəcək.

Açılış mərasimində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və Avropa Gimnastika Federasiyasının prezidenti Jorj Qelzek çıxış ediblər.

"Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi adından sizləri qədim Azərbaycan torpağında səmimi qəlbdən salamlayır, idmançılara yarışda uğurlar diləyirəm. Respublikamızın paytaxtında xoş anlar yaşamağı arzulayıram". Bunu çıxışı zamanı gənclər və idman naziri Azad Rəhimov çıxışı zamanı deyib.

A.Rəhimov bildirib ki, bu gün artıq 3-cü dəfədir ki, Bakı şəhəri bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edir: "Bu etimada görə Avropa Gimnastika Federasiyasının rəhbərliyinə təşəkkürlərimizi bildiririk. Və əmin etmək istərdim ki, bu dəfə də etimadı əməli işimizlə doğruldacağıq".

Nazir qeyd edib ki, bədii gimnastika dünyada olduğu kimi, Azərbaycanda da çox sevilən və hər zaman geniş tamaşaçı kütləsini toplayan bir idman növüdür: "Xüsusilə Azərbaycan Respublikasının birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra bədii gimnastika idman növünə diqqət və maraq xeyli artıb".

Onun sözlərinə görə, idmançılarımızın nailiyyətləri yüksəlib: "Azərbaycanda təşkil olunan bütün beynəlxalq tədbirləri çox yüksək səviyyədə keçirilir və hər kəs üçün bir idman bayramına çevrilir. Etiraf etmək lazımdır ki, ölkəmizdə idman siyasətinin uğurla həyata keçirilməsində Azərbaycan Respublikasının dövlət başçısı cənab İlham Əliyevin eyni zamanda Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti olması mühüm rol oynayır".

Nazir deyib ki, məhz dövlət tərəfindən idmana göstərilən dəstək və qayğı nəticəsində respublikamızda sürətli quruculuq işləri həyata keçirilir: "Yeni idman kompleksləri tikilir və bu gün startı verilən bədii gimnastika üzrə Avropa çempionatının keçirildiyi bu möhtəşəm Milli Gimnastika Arenası da dövlətimizin idmançılara və idman həvəskarlarına böyük bir hədiyyəsidir. Ümidvaram ki, bu gözəl arena bütün idmançılar və mütəxəssislər tərəfindən bəyəniləcək və gələcəkdə sıx-sıx beynəlxalq tədbirlərə ev sahibliyi edəcək. Bir daha bütün iştirakçılara uğurlar diləyirəm və hər birinizə qələbə sevinci arzulayıram!"

Sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Avropa çempionatının bütün iştirakçılarına uğurlar arzulayıb. P.Hikki çıxışında deyib: "Bakıda keçirilən bədii gimnastika üzrə 30-cu Avropa çempionatının açılış mərasimində çıxış etməkdən çox məmnunam. Möhtərəm birinci xanım! Sizin, Azərbaycan Gimnastika Federasiyasının prezidenti olmağınızla yanaşı, 2015-ci ildə Bakıda keçiriləcək bizim ilk Avropa Oyunlarının Təşkilat Komitəsinə başçılıq etməyiniz Avropa Olimpiya Komitəsi üçün böyük şərəfdir. Düz bir ildən sonra 19 idman növü üzrə Avropanın 6 mindən artıq idmançısının ilk dəfə keçirilən Avropa Oyunlarında iştirak etmək məqsədilə Bakıda toplaşması tarixi bir hadisəyə çevriləcək".

O qeyd edib ki, 2015-ci ilin Avropa Oyunları zamanı gimnastikanın 6 növü üzrə yarışları qəbul edəcək bu möhtəşəm, yeni, ixitisaslaşdırılmış məkan bədii gimnastika üzrə Avropa çempionatından sonra, sözün əsl mənasında, gözəl bir gimnastika ənənəsinin varisi olacaq: "Bu gözəl arenanın vaxtında hazır olub ərsəyə gəlməsində əməyi olan hər bir kəsi - xüsusilə də gənclər və idman naziri Azad Rəhimovu təbrik edirəm. Fikrimcə, bu yarışda iştirak edəcək 250-yə yaxın idmançı özlərinə məxsus bacarıqlarını nümayiş etdirmək üçün bundan yaxşı məkan düşünə bilməzdi. Qeyd edim ki, Avropa Olimpiya Komitəsinin prezidenti olaraq, istənilən idman növü üzrə Avropa çempionatını izləyəndə, həmişə böyük qürur hissi keçirirəm".

Komitə rəhbəri bildirib ki, Avropa ənənəvi olaraq qüvvətli bir idman qitəsidir: "Bəxtimiz gətirib ki, ən istedadlı idmançıların bir neçəsi bizim sahillərdəndir. Onların böyük əmək və səyinin nəticəsidir ki, Avropa, Olimpiya dəyərlərinə möhkəm əsaslanan lider rolunu oynamağa davam edir. Sonda bu idman bayramının bir parçası olduğum üçün sizə bir daha öz təşəkkürümü bildirirəm".

Avropa Gimnastika Federasiyasının prezidenti Jorj Qelzek isə çıxış etdikdən sonra turniri açıq elan edib.

Daha sonra parlaq şou başlayıb.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219