AZE | RUS | ENG |

Bakıda İSESCO nazirlərinin IV konfransı keçirilir

Bakıda İSESCO nazirlərinin IV konfransı keçirilir
Bu gün Bakıda İslam Təhsil, Elm, Mədəniyyət Təşkilatının (İSESCO) üzv ölkələrinin uşaq məsələləri üzrə məsul nazirlərinin “İslam Dünyasında Uşaqlar və Urbanizasiya Problemləri” adlı IV konfransı işə başlayıb.

APA-nın xəbərinə görə, konfransda 10 beynəlxalq təşkilat və 51 ölkədən nazir və ekspertlər iştirak edir. Azərbaycan baş nazirinin müavini Əli Əhmədov konfrans iştirakçılarına prezident İlham Əliyevin təbrik məktubunu ünvanlayıb və açılış nitqi ilə çıxış edib.

Daha sonra İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin sədri Hicran Hüseynova çıxış edi.

Hicran Hüseynova bildirib ki, dünyanın 51 ölkəsini birləşdirən İSESCO çox nəcib bir missiyanı həyata keçirir. Onun sözlərinə görə, İslam Ölkələri, Təhsil, Elm və Mədəniyyət Təşkilatı fəaliyyət göstərdiyi 24 il ərzində çox böyük işlər görüb, uğurlar əldə edib: “Təşkilatın başlıca məqsədi dünya ölkələrinin elm, təhsil və mədəniyyət sahələrində əlaqələrinin yaradılması və xalqlararası dialoqun qurulmasıdır. İSESCO öz fəaliyyətini sırf müsəlman ölkələri ilə məhdudlaşdırmır. O, əhalisinin tərkibində müsəlmanların sayı az olan ölkələrlə də çox sıx əməkdaşlıq edir, elmin, mədəniyyətin və təhsilin inkişafı üçün proqramlar hazırlayır”.

H. Hüseynova qeyd edib ki, İSESCO-nun fəaliyyətinin mühüm istiqamətlərindən biri də müharibə ilə üzləşmiş müsəlman dövlətlərinin zəngin tarixi irsinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsidir. Komitə sədri bu gün Azərbaycanın ərazisinin 20 faizinin işğal altında olduğunu xatırladıb: “Bu torpaqlarda yüzlərlə mədəniyyət, tarix abidələri və dini abidələr var idi. İndi bütün bunlar işğalçılar tərəfindən vəhşicəsinə dağıdılıbdır. Bu vəhşiliklər yalnız mədəniyyət və tarixi abidələrinə deyil, həmçinin insanlara, o cümlədən, qocalara, qadınlara və uşaqlara qarşı törədilir. Biz bu faktları, bu reallıqları dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırırıq. Bu yolda İSESCO-nun dəstəyini çox yüksək qiymətləndiririk. Heydər Əliyev Fondu İSESCO ilə 2007-ci ildə əməkdaşlıq haqqında sənəd imzalayıb. Həmin sənədə əsasən, elm, təhsil və mədəniyyət sahəsində müxtəlif tədbirlər və layihələr həyata keçirilib. Bu baxımdan Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın ölkəmizin tərəqqisinə verdiyi töhfələr danılmazdır”.

H.Hüseynova qeyd edib ki, uşaq hüquqlarının müdafiə sahəsində dövlətlər arasında əməkdaşlığın daha da genişlənməsi, uşaq hüquqları və urbanizasiya məsələlərinin müzakirə edilməsi və müəyyən qərarların qəbul edilməsi istiqamətində bu konfransın əhəmiyyəti çox böyükdür. Komitə sədri Azərbaycan Hökuməti ilə İSESCO-nun dostluq və birlik naminə gələcək fəaliyyəti daha da uğurlu olacağına inandığını deyib.

Qeyd edək ki, iki gün davam edəcək konfransda “Erkən uşaq təhsili və urbanizasiyanın problemləri adlı konfrans sənədi”, həmçinin “Müsəlman ölkələrində urbanizasiya məsələsi” adlı qətnamə qəbul ediləcək.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8752
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1433
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1733
CHF 1 1 İsveçrə frankı 1.7072
KWD 1 1 Küveyt dinarı 5.5963
TRY 1 1 Türkiyə lirəsi 0.2883