Azərbaycanın uzunmüddətli dayanıqlı inkişafı
Yeni müəssisələrin
fəaliyyətə başlaması ilə yerli istehsal canlanır, iş yerləri yaradılır,
iqtisadiyyatımızın şaxələndirilməsi təmin edilir
Latınca çalışqanlıq mənasını ifadə edən sənaye,
iqtisadiyyatın əsas hissəsidir. Sənaye cəmiyyətin istehsal gücünün artmasına
böyük təsir göstərərək, həm sənayenin, həm də xalq təsərrüfatının başqa
sahələri üçün "əmək silahı”nın hazırlanması ilə məşğul olan bir çox müəssisələrin
toplusunu təsvir edir. Buraya o cümlədən zavod, fabrik, hövzə, şaxta, elektrik
stansiyası və sair daxildir. Burada istehsal, manufakturalardan fərqli olaraq
yüksək mexanikləşdirmə və avtomatlaşdırma dərəcəsinə malikdir. Sənaye istehsal
formalarının inkişaf etdirilib tətbiq olunması prosesi isə sənayeləşmə adlanır.
Hazırda dünyada Türkiyə, Səudiyyə Ərəbistanı, Tailand, Malayziya, Meksika,
Braziliya kimi sənayeləşən ölkələr var. Çin və Hindistan isə daha çox
sənayeləşmiş ölkələr sayılırlar. Azərbaycanda da sənayeləşmə və qeyri-neft
sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi
siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan iqtisadiyyatın digər
sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və
iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha
geniş tətbiqi istiqamətində sistemli tədbirlər həyata keçirilir. Sənayeləşmə
siyasətinə uyğun olaraq, ölkəmizdə yüzlərlə müasir sənaye müəssisəsi, yeni
istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı
əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir.
Neft-qaz
amilindən asılılığın azaldılması
Hazırkı dövrdə sənayenin, yeni modellərin tətbiqi
ilə inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Qlobal çağırışlarla uzlaşan
sənaye parkları və məhəllələri, aqroparklar kimi mütərəqqi mexanizmlər
ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, neft-qaz amilindən
asılılığın daha da azaldılmasına, innovativ və yüksək texnologiyalara əsaslanan
rəqabətqabiliyyətli sənayenin inkişafına, əhalinin istehsal sahəsində
məşğulluğunun artırılmasına yeni imkanlar açır. Prezidenti İlham
Əliyevin2011-ci il21 dekabrtarixli Fərmanı ilə yaradılan və
11 may 2012-ci ildə dövlət qeydiyyatına alınan "Sumqayıt Kimya Sənaye
Parkı”(SKSP) Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) də bu məqsədə xidmət
edir. İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən SKSP MMC
Sumqayıt Kimya Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Qaradağ Sənaye
ParkıvəPirallahı Sənaye Parkınınidarəedici təşkilatıdır.
Cənubi Qafqazın ən böyük sənaye parkı sayılan SKSP-də 24 rezident qeydiyyata
alınıb ki, onlardan 15-i artıq istehsal fəaliyyətinə başlayıb. Sənaye parkında
məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika davam edir. 2020-ci
ildə parkda 1,1 milyard manatlıq məhsul istehsal edilib ki, bu da əvvəlki illə
müqayisədə 37 faiz çoxdur. İxrac isə 2019-cu illə (276 milyon manat) müqayisədə
18 faiz artaraq 2020-ci ildə 336 milyon manat təşkil edib.
Sənayedə ən müasir
texnologiyanın tətbiqi
Azərbaycanın ilk sənaye parkı SKSP-də yanvarın
18-də Prezident İlham Əliyevin iştirakı ilə yeni müəssisənin - "Azərfloat”
Qapalı Səhmdar Cəmiyyətinin (QSC) vərəqə şüşə istehsalı zavodunun açılış
mərasimi olub. Bu zavod Azərbaycanda termoformalaşdırılmış şüşə hazırlanması
üzrə ilk müəssisədir. Ümumi investisiya dəyəri 100 milyon avro olan zavodda
ildə 80 min ton müxtəlif çeşiddə vərəqə şüşə istehsal ediləcək. Müəssisənin
layihələndirilməsi və qabaqcıl texnologiyalarla təchiz olunması Almaniyanın
dünyada şüşəəritmə texnologiyaları sahəsində 135 illik təcrübəyə malik "HORN
Glass Industries AG” şirkəti tərəfindən təmin edilib. Müəssisədə İtaliya,
Finlandiya və Çin texnologiyalarından da istifadə olunur. Qeyd edək ki, hazırda
ölkədə vərəqə şüşələrə olan tələbat tamamilə idxal məhsulları hesabına təmin edilir.
Vərəqə şüşə şəffaf və ya rəngli, eyni zamanda, kiçik və böyük ölçülərdə
istehsal olunur. İndi dünyada vərəqə şüşənin 90 faizdən çox hissəsi - yüksək
keyfiyyətli rəngli və rəngsiz (şəffaf), optik baxımdan təmiz şüşə tamamilə
termoformalaşdırma texnologiyası ilə istehsal edilir. Artıq Azərbaycanda da bu
sahədə ən müasir texnologiya tətbiq olunur.
Daxili
tələbat ödənilir, ixrac perspektivi yaranır
Elə həmin gün Prezident İlham Əliyev "Azərsulfat”
MMC-nin "sulfat turşusu istehsalı” layihəsi çərçivəsində tikiləcək zavodunun və
"Glassica” QSC-nin şüşə tara məhsullarının (butulka) istehsalı müəssisəsinin
təməlini qoyub. Bildirilib ki, sulfat turşusu istehsal edəcək zavodun
investisiya dəyəri 6 milyon ABŞ dollarıdır. Zavodda ildə 20 min ton məhsul
istehsalı nəzərdə tutulur. Bu ilin sonunda fəaliyyətə başlayacaq zavodda 30-dan
çox iş yeri yaradılacaq. Əgər nəzərə alsaq ki, təkcə son 3 ildə Azərbaycana hər
il 5-10 min ton sulfat turşusu idxal edilir, o zaman bu zavodun fəaliyyətə
başlaması ilə idxalın yerli istehsalla əvəz olunacağını aydın təsəvvür etmək
olar. Məhsulların növbəti mərhələlərdə Gürcüstana və Rusiyaya ixrac edilməsi də
planlaşdırılır. Şüşə tara məhsullarının (butulka) istehsalı zavodunun
məhsulları isə əsasən qida sektorunda qablaşdırmada istifadə olunacaq.
İnvestisiya dəyəri 12 milyon ABŞ dolları olan müəssisədə 160 nəfər daimi işlə
təmin ediləcək. Hazırda Azərbaycanda daxili bazarın rəngli butulkaya olan
tələbatı təqribən 45-50 milyon ədəd arasında dəyişir. Zavodda 60-90 milyon ədəd
müxtəlif çeşidli rəngli şüşə tara məhsullarının istehsalı nəzərdə tutulur ki,
bununla da gələcəkdə daxili bazarın tələbatı tam ödəniləcək, nəticədə ixrac
perspektivi yaranacaq.
Qarabağ
inkişafımızın aparıcı qüvvəsinə çevriləcək
İstehsal müəssisələrinin təməlqoyma və açılış
mərasimində çıxış edən Prezident İlham Əliyev yeni zavodların fəaliyyətə
başlaması ilə Azərbaycanın idxaldan asılılığının azaldığını, valyutanın
ölkəmizdə qaldığını bildirib. Qeyd edib ki, yeni müəssisələrin fəaliyyətə
başlaması ilə yerli istehsal canlanacaq, iş yerləri yaradılacaq,
iqtisadiyyatımızın şaxələndirilməsi, ümumən ölkəmizin uzunmüddətli dayanıqlı
inkişafı təmin ediləcək: "Biz hətta dünya bazarlarında neftin qiymətinin aşağı
səviyyədə olduğu bir dövrdə də öz dayanıqlılığımızı qoruya bilmişik. ...Bizim
valyuta ehtiyatlarımız azalmayıb, hətta az da olsa, artıb. Nəyə görə? Çünki
qeyri-neft sektoru uğurla inkişaf edib. Bütün dünya ölkələrində 2020-ci il
iqtisadi tənəzzül ili olmuşdur, bizdə də, həmçinin. Amma bizdə tənəzzül cəmi
4,3 faiz olmuşdur. İnkişaf etmiş bəzi ölkələrdə bu, daha böyük rəqəmlərlə
ölçülür. Amma bizdə qeyri-neft sənaye sahəsində artım 12,5 faiz olub, məhz bu
kimi müəssisələrin hesabına. Sənaye, kənd təsərrüfatı, qeyri-neft sektoru,
ixrac imkanları, idxaldan asılılığın azaldılması - bütün bu amillər bugünkü
yeni reallığı yaradıb. ...Ölkəmizin inkişafı üçün yeni bir dövr başlayıb. Bütün
bu amillər ola-ola bu gün biz azad edilmiş torpaqlara qayıdaraq, o torpaqların
potensialından istifadə edəcəyik. Orada çox böyük potensial - bərpaolunan
enerji növləri, qiymətli təbii sərvətlər, qızıl yataqları, mis yataqları,
çaylar, su anbarları, kənd təsərrüfatı üçün münbit torpaq, turizm imkanları
var. Bu bölgələr növbəti inkişafımızın aparıcı qüvvəsinə çevriləcək”.
Dünya
bazarlarında rəqabətə davam gətirmək
İqtisadçı millət
vəkili Azər Badamov mövzu
ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan Vətən Müharibəsində əldə etdiyi qələbəni qeyri-neft
sektorunu uğurla inkişaf etdirməklə möhkəmləndirir. Deputat vurğulayıb ki,
iqtisadiyyatı gücləndirmədən gələcək uğurlardan danışmaq olmaz: "Cənab İlham
Əliyevin iqtisadi siyasətinin təməlində qeyri-neft sektorunun inkişaf
etdirilməsi təməl prinsipi dayanır. Ona görə də iqtisadiyyatın şaxələndirilməsi
prinsipi əsas götürülərək qeyri-neft sektorunda uğurlar əldə edilməkdədir.
2020-ci il dünya iqtisadiyyatı üçün çətin olsa da, ölkəmiz bu dövrü az
itkilərlə başa vurmağa nail olub. 2020-ci il iqtisadiyyatımız cəmi 4,3%
tənəzzülə uğrasa da ölkəmizin qeyri-neft sənayesində 12,5% artım olub, dövlətin
valyuta ehtiyatları cüzi olsa da artıb. Sənaye sektorunda əldə olunmuş artım
onu deməyimizə imkan verir ki, ölkəmizdə sürətli sənayeləşmə gedir. Sumqayıt
Kimya Sənaye Parkında iki yeni müəssisənin təməlini qoyulması, bir müəssisənin
fəaliyyətə başlaması da yeni iş yerlərinin açılması, ölkənin daxili tələbatının
ödənilməsi və ixracyönümlü məhsulların istehsalı deməkdir. Ölkəmizdə açılan
yeni sənaye sahələri elmin son texnologiyalarına əsaslanır və dünya
bazarlarında rəqabətqabiliyyətlidir. Ona görə də, Azərbaycanda istehsal olunan
sənaye məhsullarına dünya bazarlarında
alıcıların tapılması çətinliyi yaranmır. Digər tərəfdən, idxalın
istehsalla əvəz olunması və ixrac potensialımızın artması ölkəmizin xarici
valyutadan asılılığını aradan qaldırır. Bu da manatın möhkəmlənməsinə və ölkədə
iqtisadi sabitliyin qorunmasına gətirib çıxarır”.
İnsanların sosial
rifahının yaxşılaşması
Millət vəkilinin sözlərinə görə, gələcəkdə
ölkəmizin iqtisadiyyatına xarici
investisiyaların yatırılması daha da artacaq: "Artıq ölkəmizdə münaqişə mövzusu
arxada qalıb, xalq-iqtidar birliyi sarsılmazdır, işğaldan azad olunmuş
ərazilərin təbii resurs potensialı yüksəkdir, ölkəmizin yerləşdiyi coğrafiya
istehsal olunan məhsulların xarici bazarlara çatdırılmasını asanlaşdırır,
manatın məzənnəsi sabitdir, ölkədə biznesə başlanması üçün asan sistem qurulub.
Bütün bunlar vacib şərtdir. Təsadüfi deyil ki, Dünya Bankının "Doing Busines”
jurnalının hesabatında Azərbaycan dünyanın ən islahatçı 10 ölkəsi arasında yer
alır. Həm də biznesə başlamağın rahatlığı indikatoru üzrə Azərbaycan dünyada ən qabaqcıl yerlərdədir. Bütün
bunları nəzərə alaraq deyə bilərəm ki, işğaldan azad olunmuş ərazilərdə də
sənayeləşməyə xidmət edən yeni investisya layihələrin həcmi genişlənəcəkdir. Bu
da ölkəmizin iqtisadiyyatının daha güclənməsi və insanların sosial rifahının
yaxşılaşması deməkdir”.
Mükəmməl
iqtisadi strategiya
Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Azərbaycanın özünün iqtisadi modelinin
formalaşdırıldığını söyləyib. O, qəzetimizə açıqlamasında qeyd edib ki, dünyada
baş verən böhranlar, Dağlıq Qarabağ münaqişəsinin müharibə yolu ilə həlli
fonunda ölkə iqtisadiyyatında böyük tənəzzülün qeydə alınmaması, əksinə, yeni
müəssisələrin təməlinin qoyulması və fəaliyyətə başlaması, milli valyutanın öz
dəyərini qoruyub saxlaması olduqca mühüm hadisədir. Millət vəkilinin sözlərinə
görə, bütün bunlar iqtisadi inkişaf naminə zamanında atılan düzgün və uzaqgörən
addımlar sayəsində mümkün olub: "Azərbaycanda dayanıqlı iqtisadi model var.
Dayanıqlı iqtisadiyyatın yaradılması üçün əvvəlcədən istənilən kənar təsirlər,
forsmajor hadisələr, şok vəziyyətlər hesablanır, nəzərə alınır. Azərbaycanda da
bütün bu kimi addımlar zamanında atılıb. Ona görə də, ölkəmiz öz iqtisadi
dayanıqlığını qoruyub saxlamağa qadirdir. Bu, düşünülmüş, ardıcıl, sistemli,
dünya iqtisadiyyatında baş verən prosesləri, iqtisadiyyata təsir edən xarici
amilləri, ölkə iqtisadiyyatının potensialını hesablayaraq özündə ifadə edən
mükəmməl bir proqramdır. Prezident İlham Əliyevin rəhbərliyi altında
zaman-zaman həyata keçirilən iqtisadi strategiya müasir dövrdə özünü tam
doğrultmaqdadır. Əgər biz müharibə aparan istənilən dövləti təhlil etsək,
görərik ki, müharibə iqtisadi baxımdan çox böyük xərc aparan prosesdir.
Müharibə, istənilən halda onu aparan dövlətin ilk növbədə milli valyutasına
təsir edir. 44 günlük Vətən Müharibəsində Azərbaycan iqtisadiyyatı
dayanıqlığını, milli valyutamız – manat dəyərini qoruyub saxladı, valyuta ehtiyatlarımız
azalmadı, əksinə artdı, xarici ticarət dövriyyəmizdə müsbət saldo yarandı.
Baxmayaraq ki, pandemiya dövrü idi və ölkə müharibə aparırdı, bütün istehsal
müəssisələri öz fəaliyyətini davam etdirdi. Bütün sadalananlar düzgün iqtisadi
siyasətin, strategiyanın həyata keçirilməsinə, islahatların reallaşmasına,
iqtisadi siyasətin idarə olunma mexanizminin formalaşmasına əyani misaldır.
Hazırda da sənayeləşmə siyasətinə uyğun olaraq, mövcud təbii və iqtisadi
resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş
tətbiqi istiqamətində sistemli tədbirlər davam etdirilir”.
Rufik
İSMAYILOV