• çərşənbə, 24 Aprel, 20:41
  • Baku Bakı 23°C

Azərbaycanın siyasi nüfuzunun növbəti təzahürü - Fotolar

30.10.19 18:36 2748
Azərbaycanın siyasi nüfuzunun növbəti təzahürü - Fotolar
Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi barədə qərarın qəbul edilməsi böyük uğurdur
68 ölkəni təmsil edən 398 təşkilatın üzv olduğu Beynəlxalq Astronavtika Federasiyası (BAF) kosmik sahədə fəaliyyət göstərən ən mötəbər beynəlxalq qurumdur. 1950-ci ildən bəri fərqli ölkələrdə keçirilən Beynəlxalq Astronavtika Konqresi (BAK) təşkilatın əsas tədbiridir. Bu konqres dünyanın kosmik sahədə aparıcı agentlikləri, elm mərkəzləri və beynəlxalq təşkilatlarının rəhbərləri, eləcə də məşhur alimlər, özəl sektordan olan yüksək səviyyəli peşəkarlar, gənc tədqiqatçılar və tələbələr də daxil olmaqla, dünya kosmos ictimaiyyətinin altı mindən çox nümayəndəsini bir araya gətirən qlobal platformadır. Konqres zamanı iştirakçılar kosmos sahəsinə aid aktual trendləri və ən son innovasiyaları izləmək fürsəti əldə edir.
Oktyabrın 25-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində BAF-ın növbəti konqresi keçirilib. Aya enişin 50-ci ildönümünə həsr olunan, ABŞ-ın vitse-prezidenti Maykl Pensin iştirak etdiyi mötəbər tədbirdə BAK-a 2022-ci ildə ev sahibliyi edəcək ölkənin müəyyənləşməsi üçün seçkilər keçirilib. Bakı ilə yanaşı, Sinqapur, Rio-de-Janeyro və Nyu Dehli Konqresə ev sahibliyi etməyə namizəd şəhərlər arasında olub. BAF-ın Baş Assambleyasında keçirilmiş seçkilərin nəticəsinə görə, Azərbaycanın paytaxtı Bakı şəhəri 2022-ci ildə keçiriləcək BAK-a ev sahibliyi etmək hüququnu qazanıb.

Bu münasibətlə oktyabrın 29-da Prezident İlham Əliyev "Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyevi qəbul edib. Dövlət başçısı qeyd edilən hadisəni Azərbaycanın böyük qələbəsi kimi qiymətləndirib. Bildirib ki, növbəti Konqresin Bakıda keçirilməsi haqqında qərarın dəstəklənməsi ölkəmizin siyasi nüfuzunun təzahürü, Azərbaycana olan inamın nəticəsidir: "...Azərbaycanda son illər ərzində müasir texnologiyalar, kosmik sənaye sahələrində əldə edilmiş uğurlar doğrudan da çox təsirlidir. Gənc müstəqil ölkə üçün qısa müddət ərzində belə nailiyyətlərin əldə edilməsi böyük hadisədir. İndi bizim 3 peykimiz var və Azərbaycanda kosmik sənaye inkişaf edir. Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindən biridir. ... Astronavtika Konqresinin 2022-ci ildə Bakıda keçirilməsi növbəti böyük qələbəmizdir. Mən bu hadisəni çox önəmli siyasi qələbə kimi qəbul edirəm”.

Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə açıqlayan millət vəkili, politoloq Elman Nəsirov deyib ki, 2022-ci ildə Astronavtika Konqresinin Azərbaycanda keçirilməsi barədə qərarın qəbul edilməsi inkişaf edən, beynəlxalq birliyin layiqli üzvünə çevrilən ölkəmizin növbəti diplomatik, siyasi qələbəsidir. O, Prezident İlham Əliyev tərəfindən də məsələyə məhz bu cür qiymət verildiyini xatırladıb: "Bütün dünya görür ki, Azərbaycan nəhəng beynəlxalq tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi edir. Bu baxımdan şübhə yoxdur ki, Beynəlxalq Astronavtika Federasiyasının Bakı konqresi də arzuolunan şəkildə baş tutacaq. Maraqlı məqam burasıdır ki, Beynəlxalq Astronavtika Konqresi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 7-13 oktyabr 1973-cü il tarixlərində keçmiş Sovet İttifaqında yalnız bir dəfə və məhz Bakı şəhərində keçirilib. Həmin tədbirdə dünyanın 17 ölkəsindən gəlmiş 1500-dən çox nümayəndə, eləcə də kosmonavtlar iştirak edib. "Kosmik tədqiqatlar – elm və texnikaya nüfuz” devizi altında Bakıda keçirilən bu konqres Azərbaycanın kosmonavtika tarixinin təməlini qoyub. Belə ki, növbəti ilin avqustunda Bakıda kosmik texnika vasitələrindən istifadə etməklə təbii ehtiyatların tədqiqi üzrə "Kaspi” Elmi Mərkəzi yaradılıb, həmin ilin dekabrında isə Azərbaycan Elmlər Akademiyasının nəzdində "Kosmik cihazqayırma xüsusi konstruktor bürosu”nun fəaliyyəti ilə kosmik tədqiqatların aparılmasına əsaslı start verilib. Növbəti illər ərzində 3000-ə yaxın azərbaycanlı alim və mühəndisin əməyi nəticəsində ərsəyə gələn avadanlıqlar Sovet Kosmik Proqramına xidmət edib, Salyut 7 və Soyuz T-11 orbital komplekslərində istifadə olunub”.


E.Nəsirov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müasir kosmik sənayesi inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub: "Prezident İlham Əliyevin 2008-ci ildə imzaladığı sərəncamla Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması prosesinə start verilib. 2010-cu ildə "Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında daha bir sərəncam imzalanıb. 2013-cü ildə "Azerspace-1” telekommunikasiya peyki, 2014-ci ildə "Azersky” Yerin məsafədən müşahidəsi peyki, 2018-ci ildə "Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb. Bu kimi tədbirlər sayəsində hazırda Azərbaycan peyk layihələri ilə kosmik klubun aktiv üzvüdür”.

Politoloq vurğulayıb ki, neft gəlirlərini böyük məharətlə insan kapitalına çevirən Azərbaycan artıq peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri göstərir, bunun qarşılığında iqtisadi divident əldə edir: "Son statistikaya görə, təkcə cari ilin yanvar-sentyabr aylarında "Azərkosmos” ASC tərəfindən 24 ölkəyə, o cümlədən ABŞ, Fransa, Birləşmiş Krallıq, Malayziya və Birləşmiş Ərəb Əmirliklərinə 30,2 milyon ABŞ dolları dəyərində xidmət ixrac olunub. "Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib. Bu ilin sentyabr ayında isə ASC 20 ölkəyə 2,2 milyon dollarlıq xidmət ixrac edib. Bütün bu sadalanan faktları nəzərə alaraq, təxminən 50 ildən sonra yenidən Azərbaycanın Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edə biləcəyini müsbət hadisə kimi dəyərləndirir, ölkəmizin haqqı sayıram. Belə bir mötəbər tədbirin paytaxt Bakıda keçirilməsi dünya birliyinin diqqətini növbəti dəfə Azərbaycana yönəldəcək. Əgər bizi neft-qaz ölkəsi, multikulturalizm və tolerantlıq məkanı, sabitlik, əmin-amanlıq, təhlükəsizlik adası kimi tanıyırdılarsa, bu hadisə ilə Azərbaycan dünyanın yeni elmi tendensiyalarına, innovasiyaya, elmi-texniki tərəqqiyə diqqət ayıran ölkə kimi də tanınacaq”.

Siyasi şərhçi Elçin Mirzəbəyli də qəzetimizə açıqlamasında bildirib ki, Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi, dünyəvi məsələlərin müzakirə olunduğu məkan kimi tanınır. Onun sözlərinə görə, paytaxt Bakı indiyə qədər fərqli qütbləri təmsil edən güc mərkəzlərinin, böyük dövlətlərin dialoquna da dəfələrlə ev sahibliyi edib: "Ölkəmizdə indiyə qədər mədəni, siyasi, iqtisadi, idman sahələrini əhatə edən çoxsaylı beynəlxalq tədbirlər keçirilib. Bütün bu tədbirlər Azərbaycanı dünyanın diqqət mərkəzinə çevirib. 2022-ci ildə Bakıda keçirilməsi planlaşdırılan Beynəlxalq Astronavtika Konqresi də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Azərbaycan artıq kosmos ölkələri sırasına daxil olub. Yeni texnologiyaların mənimsənilməsi Azərbaycanın timsalında dünyaya yeni mesajların verilməsi deməkdir. Ümid edirəm ki, Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi də bu istiqamətdə qarşıya qoyulan hədəflərə çatmaq üçün mühüm vasitə olacaq”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər