Azərbaycanda mətbuatın inkişafını şərtləndirən əsas amil

Ekspertlərin
qənaətincə, bu, mətbuat sahəsinə güclü dövlət diqqətinin və qayğısının mövcud
olmasıdır
İyulun 22-də Azərbaycan Milli Mətbuatının
yaradılmasının 145 ili tamam olur. Düz 145 il əvvəl - 1875-ci il iyulun 22-də
görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan
dilində nəşr olunmağa başlamış "Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi
və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə
düşüb.Bu əlamətdar tarixin dövlət səviyyəsində
geniş qeyd olunması üçün Prezident İlham Əliyev tərəfindən iyunun 30-da "Azərbaycan
milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” sərəncam
imzalanıb. Həmin sərəncamla Prezident Administrasiyasına tapşırılıb ki, koronavirus
(COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycan ərazisində tətbiq edilən xüsusi
karantin rejiminin tələbləri və Nazirlər Kabineti yanında Operativ Qərargahın
tövsiyələri nəzərə alınmaqla, yubiley tədbirlərinin keçirilməsini təmin etsin.
Həmçinin jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan
milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin
mükafatlandırılması haqqında təklifləri bir ay müddətində dövlət başçısına təqdim
etsin.

Jurnalistlərinin
dostu, hamisi və qayğıkeşi
Sözügedən sərəncam və ondan irəli
gələn vəzifələrlə bağlı Milli Məclisin
deputatı, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlubildirib ki, ölkə başçısının imzaladığı bu sənəd Azərbaycanda mətbuata yüksək
dövlət qayğısının daha bir bariz nümunəsidir. Media institutunun müasir
çağırışlara və qlobal trendlərə, ən əsası, milli maraqlara uyğun fəaliyyət göstərməsinin
strateji əhəmiyyətə malik olduğunu deyən baş redaktor bildirib ki, Azərbaycan mətbuatının
inkişafını şərtləndirən əsas amil bu sahədə güclü dövlət diqqəti və qayğısının
mövcud olmasıdır. Onun sözlərinə görə, söz, fikir və özünüifadə azadlıqlarının ən
yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının
gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti
üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər milli mətbuatımızın
inkişafını şərtləndirən fundamental faktorlar kimi dəyərləndirilməlidir: "Azərbaycan
mətbuatı öz inkişafı tarixində zəngin, şərəfli və mürəkkəb yol keçib. Prezident
İlham Əliyevin rəhbərliyi ilə reallaşan uğurlu strateji kursun qanunauyğun nəticəsi
kimi, ölkəmizin iqtisadi potensialı və maliyyə imkanları artdıqca, mətbuatın
maddi problemlərinin həlli ilə bağlı çox mühüm tədbirlər görülüb. Bütün bu
addımlar Azərbaycan mətbuatının inkişafına ciddi töhfələr verib. Bu gün dövlət
başçısının müvafiq göstərişləri əsasında mühüm ictimai institut olan medianın
inkişafı, xüsusilə də çap mətbuatının öz fəaliyyətini müasir reallıqlar və
çağırışlara uyğunlaşdıraraq davam etdirməsi istiqamətində çox əhəmiyyətli
addımlar atılır və real nəticələr əldə olunur. Prezident İlham Əliyevin milli mətbuatımızın
145 illik yubileyinin keçirilməsi haqqında sərəncamı dövlət başçısının Azərbaycan
jurnalistlərinin dostu, hamisi və qayğıkeşi olduğunu növbəti dəfə nümayiş
etdirir”.

Modernləşmə,
rasionallıq, obyektivlik
Mətbuat
Şurasının sədr müavini Müşfiq Ələsgərli qarşıdan milli mətbuatımızın
yaranma gününün gəldiyini diqqətə çatdıraraq, Prezident İlham Əliyevin
imzaladığı Sərəncamın Azərbaycan mediası üçün mövcud dönəmdə yol xəritəsi,
istiqamətverici mayak rolunu oynadığını dilə gətirib. O qeyd edib ki, bu sərəncamda
üç mühüm istiqamət əksini tapıb: "Birinci məqam odur ki, Prezident Azərbaycan
mediasının keçdiyi yola nəzər yetirir, ölkə jurnalistlərinin fəaliyyətini yüksək
dəyərləndirir. Bu yanaşma ölkə jurnalistlərində ruh yüksəkliyi yaradır. İkinci
məqam odur ki, Prezident mediamızın inkişafının istiqamətləri, diqqət yetirməli
olduğumuz məsələlər barədə tövsiyələrini verir. Qeyd edir ki, kütləvi informasiya
vasitələri də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı,
kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal
informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin
obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da
gücləndirməlidir. Sərəncamda xüsusi olaraq vurğulanır ki, modernləşmə,
rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi,
aparıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər
olmalıdır. Üçüncü məqam Azərbaycan milli mətbuatının 145 illik yubileyinin ölkəmizdə
geniş qeyd olunmasıdır. Burada COVID-19 pandemiyası ilə bağlı şərait nəzərə
alınmaqla yubiley tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Jurnalist təşkilatları
və redaksiyalardan Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri
olan jurnalistlərin mükafatlandırılması üçün təkliflər qəbul ediləcək. Dünyanın
COVID-19 pandemiyası ilə çarpışdığı, yüzlərlə problemin gündəmdə olduğu bir
vaxtda Prezident İlham Əliyevin bu sərəncamı imzalaması onun səriştəli fəaliyyətinə,
hər bir sahəni diqqətdə saxlamasına nümunədir”.

Peşəkar
jurnalistika ilə məşğul olanlara əlavə stimul
Bakı
Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər
doktoru Vüqar Zifəroğlu da Milli Mətbuatın 145 illik yubileyi ərəfəsində
Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamı yüksək qiymətləndirib. O,
qəzetimizə açıqlamasında bildirib ki, sözügedən sənədin imzalanması hər bir
jurnalist tərəfindən müsbət qarşılanır: "Ənənəvi olaraq Milli Mətbuatımızın
yubileyi qeyd olunan ərəfədə belə sərəncamlar imzalanır, peşəkar jurnalistika
sahəsində çalışan qələm sahiblərinin əməyi, xidməti qiymətləndirilir, onlar fəxri
adlar və medallarla təltif edilirlər. Bu, jurnalistika sahəsində çalışanlara, mətbuata
dövlətin ən yüksək səviyyədə diqqət və qayğısının göstəricisidir. Jurnalistika
yaradıcı peşədir, sahədir. Yaradıcı insan ruhən, mənən hər zaman diqqət istəyir,
qayğıya ehtiyac duyur. Düşünürəm ki, bu mənada Azərbaycan jurnalistlərinin bəxti
gətirib. İstər sosial vəziyyət, istərsə də yaradıcılıq şəraiti baxımından Azərbaycanda
geniş imkanlar var. Jurnalistin öz peşə fəaliyyətini dəqiq, qərəzsiz, obyektiv,
vicdanlı, operativ şəkildə yerinə yetirməsi üçün meydan var. Bunun üçün Azərbaycan
Prezidentinə minnətdarlığımızı bildiririk. Xüsusilə diqqət yetirməliyik ki, budəfəki
yubiley pandemiya dövrünə, koronavirusla ciddi mübarizə apardığımız çətin vaxta
təsadüf edir. Belə bir dönəmdə Azərbaycan jurnalistləri həkimlər və polislərlə
birlikdə əsl fədakarlıq nümayiş etdirirlər. Nəinki özlərinin, eləcə də
yaxınlarının həyatını riskə ataraq peşə borcunu yerinə yetirən jurnalistlərimiz
var. Onlar Operativ Qərargahın qəbul etdiyi qərarların, indiki dönəmdə dövlət
siyasətinin əhaliyə düzgün çatdırılmasında, eyni zamanda bilgiləndirmə, maarifləndirmə
funksiyasının yerinə yetirilməsində, yarana biləcək yanlış ictimai rəyin
qarşısının alınmasında mühüm rol oynayırlar. Onlar arasında koronavirusa
yoluxan, hətta həyatını itirən media təmsilçilərimiz də var. Belə bir həssas və
ağrılı dönəmdə Azərbaycan Prezidentinin imzaladığı sərəncam birmənalı olaraq
yüksək qiymətləndirilir, peşəkar jurnalistika ilə məşğul olanlara əlavə stimul
verir”.
Rufik
İSMAYILOV
