AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"Azərbaycan yeni texnologiyalar üzərindən inkişaf tempini sürətləndirəcək"

Cəmiyyət
26 May 2020, 12:30 174
"Azərbaycan inkişaf edən bir ölkədir və bu texnologiyadan istifadə etməklə öz inkişaf tempini daha da sürətləndirə bilər". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü olan deputatı Cavid Osmanov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu günlərdə dünyanın texnologiya üzrə aparıcı şirkətlərindən biri "Signify" şirkətinin rəhbərliyi ilə videokonfrans formatında görüşündə bir çox məsələlər müzakirə olundu və Azərbaycanda görüləcək iri layihələrin ətrafında müzakirələr aparıldı: "Bunlardan ilki "Bakı ağıllı şəhər" layihəsi çərçivəsində Bakı şəhərində 33 min yeni led işıqların quraşdırılması ilə enerji itkisinin 50 faizə qədər azaldılması nəzərdə tutulmuşdur. Bundan sonrakı mərhələdə bütün şəhərin ən yeni, müasir texnologiya üzərində qurulmuş bu led işıqlandırılma ilə təhciz olunması nəzərdə tutulur. Bundan sonrakı mərhələdə isə ölkənin digər şəhərlərində də belə işıqlandırmalardan istifadə olunması nəzərdə tutulur. Eyni zamanda kənd təsərrüfatı sahəsində də ən müasir, yeni texnologiyalardan istifadə etməklə kənd təsərrüfatının inkişafına böyük töhfələrin verilməsi şirkət tərəfindən nəzərdə tutulur. Bu haqda geniş müzakirələr aparılır. Koronavirus pandemiya dövründə bir məsələ ortaya çıxdı ki, məhz, yüksək texnologiyalardan istifadə artıq bizim həyatımızın tərkib hissəsində olmalıdır. İstər koronavirus pandemiyası dövründə, istərsə də gələcəkdə post-pandemiya dövründə məhz, həyat yüksək texnologiyalar üzərindən idarə olunması ilə həyata keçiriləcək. Artıq yüksək texnologiyalardan istifadə həyatımızın tərkib hissəsi kimi qiymətləndirilir".

Millət vəkili bildirib ki, "Signify" şirkətindən əvvəl də ölkə Prezidenti CISCO şirkətinin rəhbərliyi ilə də görüş keçirdi və Beynəlxalq DAVOS Forumunda da "Signify" və CISCO şirkətlərinin rəhbərləri ilə görüşmüş, biz tərəfdən onlara bir-neçə təkliflər verilmişdir: "Həmin təkliflər üzərində müəyyən məsələlərin icrası da artıq həyata keçirilmişdir. Bu şirkətlər dünyanın ən qabaqcıl şirkətlərindəndir və Azərbaycanla əməkdaşlıq etmək bu şirkətlər üçün çox maraqlıdır. Şirkətlərin rəhbərləri də qeyd edirlər ki, bir çox ölkələr hələ də dərk etmirlər ki, bundan sonrakı mərhələ, məhz, texnologiya üzərindən qurulacaqdır, lakin, bir çox dövlətlər hələ də buna maraqlı deyil. Lakin ölkəmiz ən son texnologiyaların tətbiqini özündə əks etdirən bir ölkədir. Prezident İlham Əliyev də qeyd etdi ki, Azərbaycanda son texnologiyaların quraşdırılması vacibdir. Çünki, Azərbaycan inkişaf edən bir ölkədir və bu texnologiyadan istifadə etməklə öz inkişaf tempini daha da sürətləndirə bilər. Bununla yanaşı bir məsələyə də toxunmaq lazımdır ki, belə şirkətlər inandıqları və güvəndikləri dövlətlərlə iş görməyə çalışırlar. Hər iki şirkət Azərbaycan dövlətinin inkişafına, tərəqqisinə, əməyinə görə ölkə Prezidentinə təşəkkürünü bildirdi. Bu da onu göstərir ki, onlar Azərbaycana inandıqları və etibar etdikləri üçün böyük həvəslə ölkədə genişmiqyaslı işlərin həyata keçirilməsi üçün müzakirələrə hazırdırlar, bununla da gələcəkdə Azərbaycan yeni texnologiyaların üzərindən öz inkişaf tempini daha da sürətləndirəcək".