• çərşənbə axşamı, 19 mart, 10:54
  • Baku Bakı 8°C

Azərbaycan Qərblə Şərqin siyasi mərkəzinə çevrilir

03.07.20 19:18 1932
Azərbaycan Qərblə Şərqin siyasi mərkəzinə çevrilir
Ekspertlərin fikrincə, nəqliyyat dəhlizləri gələcəkdə Azərbaycana həm ciddi iqtisadi, həm də siyasi dividentlər gətirəcək

Bir neçə gün öncə Prezident İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov ilə keçirilən videokonfrans zamanı deyib ki, Avropa İttifaqının Şərq-Qərb nəqliyyat dəhlizinə marağı artmaqdadır.
Dövlət başçısı bildirib ki, biz Şərq-Qərb nəqliyyat dəhlizinin imkanlarının daha da artırılması üçün səylərimizi davam etdirməliyik: "Yükdaşımaların optimallaşdırılması üçün tariflərin unifikasiyasının həyata keçirilməsi vacibdir. Bugünkü görüşümüzün nəticələrinin və gələcək addımların müzakirəsi üçün ölkələrimizin nəqliyyat strukturlarının işçi görüşünün keçirilməsini təklif edirəm.
Avropa İttifaqının Şərq-Qərb nəqliyyat dəhlizinə marağı artmaqdadır. 2019-cu ilin iyul ayında Azərbaycana səfər etmiş Avropa İttifaqı Şurasının prezidenti cənab Donald Tusk Ələt Beynəlxalq Dəniz Ticarət Limanına getmiş və limanın imkanları ilə yerində tanış olmuşdur. Artıq bir neçə Avropa ölkəsi bu dəhlizə qoşulmuşdur. Digər tərəfdaş dövlətlər də dəhliz vasitəsilə yükdaşımalara böyük maraq göstərirlər”.
Xatırladaq ki, bundan əvvəl Prezident İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Qoşulmama Hərəkatına üzv ölkələrin Təmas Qrupunun onlayn Zirvə toplantıları keçirilib. Eləcə də Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təklif edilib. Bütün bunları nəzərə alaraq, demək olarmı ki, Azərbaycan təkcə iqtisadi deyil, həm də siyasi baxımdan Qərblə Şərqin mərkəzinə çevrilir?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşir bildirdi ki, Azərbaycanın beynəlxalq əməkdaşlıq sistemində fəallığı dünya dövlətləri tərəfindən təqdir olunur: "Bunu nümayiş etdirən əsas məqam ondan ibarətdir ki, ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sırası davamlı olaraq genişlənməkdədir. Azərbaycanın iştirak etdiyi beynəlxalq əməkdaşlıq ən müxtəlif istiqamətləri əhatə edir. Bu da ondan xəbər verir ki, ən müxtəlif müstəvilərdə Azərbaycan kifayət qədər ciddi əməkdaşlıq potensialına malikdir. Bununla yanaşı, xüsusi olaraq Azərbaycanın enerji, nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlıq imkanlarını qeyd etmək lazımdır. Bildiyimiz kimi, dünya ölkələrinin, xüsusilə də Qərbin dəstəklədiyi nəqliyyat dəhlizlərinin həyata keçirilməsində Azərbaycan həm təşəbbüskar, həm də bu işləri səmərəli şəkildə həyata keçirən tərəfdaş rolunda çıxış etməkdədir. Qərb-Şərq, Şimal-Cənub nəqliyyat dəhlizləri təbii ki, Azərbaycanın özünün maraqlarına cavab verməklə yanaşı, bu layihələrin həyata keçirilməsindən gələcəkdə böyük dividentlər götürəcək dövlətlərin də maraqlarına cavab verir. Bildiyimiz ki, Mərkəzi Asiyadan yüklərin Avropaya qısa zaman kəsiyində və az resurslar hesabına daşınması istiqamətində səylərin reallaşdırılması demək olar ki, bütün iştirakçı dövlətlərin maraqlarına cavab verir. Bu istiqamətdə Azərbaycanın fəallığı, təşəbbüsləri təsirli rol oynamaqdadır. Reallaşdırılması nəzərdə tutulan nəqliyyat dəhlizləri Azərbaycanın tranzit ölkə xarakterini də müəyyən edir ki, bu da gələcəkdə ölkəmizə həm ciddi iqtisadi, həm də siyasi dividentlər gətirəcək”.
E.Mirbəşir qeyd etdi ki, Azərbaycan dünya ölkələri arasında, bir növ müəyyən mərhələlərdə koordinasiya məsuliyyətini də öz üzərinə götürür: "Bildiyimiz kimi, hazırki mərhələdə koronavirusla mübarizə istiqamətində ayrı-ayrı ölkələrin imkanlarının səfərbər olunması, birgə mübarizə mexanizmlərinin işlənib hazırlanması istiqamətində Azərbaycanın təşəbbüsləri ciddi dəstək qazanmaqdadır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının onlayn Zirvə toplantısı keçirildi ki, bu toplantı ilk dəfə olaraq beynəlxalq müstəvidə koronavirusla mübarizə məsələlərinin müzakirə olunduğu bir platformaya çevrildi. Bunun ardınca, yenə də Azərbaycan prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatına üzv ölkələrinin Təmas Qrupunun Zirvə toplantısı keçirildi. Bu zirvə toplantısında da əsas müzakirə məsələsi koronavirusla mübarizə oldu. Bununla yanaşı, zirvə toplantısında dövlət başçısı BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etdi. Vurğulamaq lazımdır ki, BMT Baş Assambleyasının xüsusi sessiyaları bu günə kimi çox məhdud sayda çağırılıb. Sonuncu dəfə 2016-cı ildə belə bir sessiya çağırılıb. Bu bir daha ona dəlalət edir ki, Azərbaycan dövlətinin və onun prezidentinin kifayət qədər ciddi, pozitiv beynəlxalq imici mövcuddur. Azərbaycana və dövlət başçısına böyük etimad var və beynəlxalq təhlükəsizliyin təmin olunmasında, əməkdaşlığın inkişaf etdirilməsində Azərbaycanın kifayət qədər təcrübəyə və potensiala malik olması dünya dövlətləri tərəfindən qəbul olunur. Məhz bunun nəticəsidir ki, BMT-yə üzv olan dövlətlərin 130-u Azərbaycan prezidentinin çağırışına yekdilliklə səs verdilər və xüsusi sessiyanın çağırılması bağlı təşəbbüsü dəstəklədilər. Belə bir sessiyanın çağırılması nəticəsində koronavirusla mübarizə istiqamətində ayrı-ayrı dövlətlərin fəaliyyətinin koordinasiyası mümkün olacaq, beynəlxalq səylərin səfərbər edilməsi imkanı yaranacaq və bu da qlobal mübarizə platformasının meydana gəlməsini şərtləndirəcək. Bütün bunlar nəticə olaraq onu qeyd etməyə əsas verir ki, Azərbaycan bu beynəlxalq əməkdaşlığın yeni, müasir reallıqlara uyğun istiqamətlərinin müəyyənləşdirilməsi yönündə ciddi fəaliyyət göstərir. Bu əməkdaşlıq hazırki mərhələdə dünya ölkələri arasında kommunikasiyaların daha da güclənməsi, yeni nəqliyyat dəhlizlərinin yaradılması və inkişaf etdirilməsi və eyni zamanda qlobal təhlükəsizliyə təhdid yaradan halların aradan qaldırılması üçün birgə platformaların yaradılmasına yönəlib”.
Beynəlxalq idarəetmə üzrə araşdırmaçı Əhməd Əlili bildirdi ki, Azərbaycanın tarixən missiyalarından biri də Qərblə Şərqi birləşdirmək olub: "Xüsusilə, sovetlər ittifaqının dağılmasından sonra Xəzər hövzəsi, Mərkəzi Asiya, Qafqaz və digər ölkələrin dünya bazarına çıxması məhz Azərbaycandan keçən nəqliyyat dəhlizi vasitəsilə mümkün olub. Ona görə də düşünürəm ki, bu region ölkələri üçün Azərbaycan xüsusi rola malik olan bir dövlətdir. Bununla yanaşı, Azərbaycan özünü həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizləri üzərində görür və bu istiqamətdə də işlər görməyə çalışır ki, dünyanın inteqraedici nöqtəsi olsun. Həmçinin düşünürəm ki, son 2,5-3 il ərzində Azərbaycanın Avropa İttifaqı ilə apardığı danışıqlar və mövcud münasibətlər ölkəmizin bu mövqeyində xüsusi keyfiyyət dəyişikliyini meydana çıxarıb”.
Ə.Əlili vurğuladı ki, Azərbaycan əvvəllər də Bakı-Tbilisi-Qars kimi digər kommunikasiya xətlərini inkişaf etdirməklə bu istiqamətdə addımlarını atmağa çalışırdı: "Məqsəd isə o idi ki, dünyanın Şərqi ilə Qərbini birləşdirə bilsin. Qeyd edim ki, Avropa İttifaqının Azərbaycan, Mərkəzi Asiya ölkələrinə göstərdiyi maraq böyükdür. Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali komissarı Federika Mogerini ilə imzalanan müqavilələr Azərbaycanın imkanlarını və mövqeyini daha da gücləndirir. Düşünürəm ki, bu istiqamətdə Azərbaycanın rolu gələcəkdə daha da artacaq. Əlbəttə ki, bunlar perspektivə hesablanmış məsələlər idi. Hesab edirəm ki, Avropa İttifaqı, xüsusilə Avroatlantik məkanla yaxınlaşdıqca, Azərbaycanın potensialı daha bariz formada özünü göstərəcək”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər