• cümə axşamı, 25 aprel, 11:30
  • Baku Bakı 14°C

Azərbaycan-İsrail əlaqələri ikitərəfli xarakter daşıyır

15.12.16 12:00 6083
Azərbaycan-İsrail əlaqələri ikitərəfli xarakter daşıyır
İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri tarixi hadisə olmaqla yanaşı, ölkələrimiz arasında hərtərəfli münasibətlərin daha da inkişafına təkan verəcək. Bunu şərtləndirən amillərdən biri də israilli baş nazir Bakıda olarkən imzalanan sənədlərdir. Belə ki, Azərbaycan prezidenti İlham Əliyevlə İsrailin baş naziri B.Netanyahunun təkbətək görüşü başa çatdıqdan dərhal sonra Azərbaycan-İsrail arasında standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və metrologiya, kənd təsərrüfatı sahələrində əməkdaşlıq, gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması, hökumətlərarası birgə komissiyasının yaradılması haqqında sazişlər imzalanıb. Mətbuata bəyanatla çıxış edən B.Netanyahu İsrail-Azərbaycan əlaqələrinin birgə yaşayışın bariz nümunəsi olduğunu vurğulayıb. Qeyd edib ki, iki ölkə arasında sıx əlaqələr təkcə silah ticarəti anlamına gəlməməlidir, bu, həmçininqarşılıqlıhörmət deməkdir. B.Netanyahu, həmçinin iki ölkə arasında enerji sektoru, kənd təsərrüfatı, təhsil vəinformasiya texnologiyaları sahəsində əməkdaşlığın genişlənməsinin də vacibliyini vurğulayıb.

Təbii ki, İsrail baş nazirinin Azərbaycanda olması, ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində atılan addımlar hər iki tərəfdə məmnunluq doğurur. Ancaq İsrail-Azərbaycan münasibətlərinin inkişafına, rəsmi şəxslərin qarşılıqlı səfərlərinə qısqanclıqla yanaşan, hətta bu münasibətləri öz ölkəsinə qarşı təhlükə mənbəyi kimi görənlər də yox deyil. Çox təəssüf ki, bir sıra hallarda bu narahatlıq Azərbaycanın ünvanına arzuolunmaz, heç bir əsası olmayan "tənqidlərlə” də müşayiət olunub. Halbuki, Azərbaycan İsraillə münasibətlərin inkişaf etdirməyə çalışan yeganə müsəlman dövləti deyil. Fələstinlə eyni ortaq coğrafiyanı, tarixi, mədəniyyəti, dili bölüşən İordaniya ilə də İsrailin münasibətləri həmişə yüksək səviyyədə olub. Bu ölkə əhalisinin çoxunu keçmiş fələstinlilər təşkil etməsi də ikitərəfli əlaqələrə mənfi təsir göstərə bilməyib. Bununla bərabər, İsrailin özündə çoxsaylı ərəbdilli icma yaşayır, onların əksəriyyəti İsrail cəmiyyətinə inteqrasiya edib, hətta orduda, parlamentdə təmsil olunurlar. Eyni zamanda Türkiyə, Misir kimi islam dünyasının aparıcı söz sahibi sayılan dövlətlərin də uzun illər İsraillə sıx əlaqələri olub, bu gün də həmin ölkələrin İsraillə əlaqələri kifayət qədər sıxdır. Elə İsrail rəsmilərinin səfər etdiyi yeganə müsəlman ölkəsi də yalnız Azərbaycan deyil. Artıq hər kəsə məlum olduğu kimi İsrail baş nazir Azərbaycandan sonra Qazaxıstana gedib.

Bütün bu faktlardan sonra bir daha vurğulamaq yerinə düşər ki, Azərbaycan-İsrail əlaqələri ikitərəfli xarakter daşıyır və heç bir dövlətlə münasibətlərə xələl gətirmir. Ölkəmiz eyni zamanda Azərbaycan-İsrail dialoquna Fələstin məsələsini qaldırmaq üçün bir platforma, imkan kimi də baxır. Əfsuslar olsun ki, Azərbaycanın belə prinsipiallığı fonunda bizi ittiham etməyə çalışanlar Dağlıq Qarabağ münaqişəsinin həllində heç də müsəlman həmrəyliyi mövqeyindən çıxış etmir, ədalətli və düzgün mövqe tutmurlar. Misal üçün, İranın bütün sabiq prezident və vitse-prezidentləri müsəlman Azərbaycanın 20 faiz ərazisini işğal etmiş, azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmə siyasəti həyata keçirmiş Ermənistana dəfələrlə səfərlər ediblər. Eyni zamanda, İran dövlətinin rəsmi nümayəndələri Ermənistanın prezident, baş nazir və digər rəsmi şəxslərini dəfələrlə öz ölkələrində yüksək səviyyədə qarşılayıblar. Rəsmi Tehran hər zaman bunu İranın milli maraqları çərçivəsində olduğunu əsaslandırmağa çalışıb. Hətta İranla Ermənistan arasında viza rejimi qaldırılıb və hazırda İran prezidenti Həsən Ruhaninin İrəvana səfərinə də hazırlıqlar gedir. Maraqlı burasıdır ki, bu zaman nəinki müsəlman həmrəyliyi, Azərbaycan ərazisində 1 milyondan çox müsəlmanın doğma yurd-yuvasından didərgin salınması nəzərə alınmır.

Göründüyü kimi, Yaxın Şərqdəki hadisələr zamanı müsəlman həmrəyliyi zərurətini qabardan, İsrail-Azərbaycan münasibətlərinə də bu kontekstdən yanaşan, bu münasibətləri özünə qarşı təhlükə mənbəyi kimi görən qüvvələr nədənsə öz qonşuluğundakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nə müsəlman həmrəyliyi, nə də şiə təəssübkeşliyi nümayiş etdirmir. Azərbaycan vətəndaşları, o cümlədən siyasi şərhçilər də bu davranışı ədalətli saymırlar.

Politoloq Fikrət Sadıxov İsrail-Azərbaycan münasibətlərinin bundan sonra da yüksək xətlə inkişaf edəcəyini diqqətə çatdıraraq deyib ki, bir sıra mühüm məsələlərlə bağlı hər iki ölkənin mövqeyi üst-üstə düşür. Politoloq İsrailin güclü, eyni zamanda dünyada, o cümlədən Avropa ölkələrində və ABŞ-da güclü lobbiyə malik dövlət olduğunu söyləyib. O, "Kaspi"yə açıqlamasında qeyd edib ki, İsrail kimi güclü ölkənin Azərbaycana dəstəyi mühüm əhəmiyyət daşıyır: "Qarşılıqlı olaraq İsrail də Azərbaycanla münasibətlərin inkişafına maraq göstərir, ölkəmizin regiondakı rolunu müsbət qiymətləndirir. Təbii olaraq həm bu münasibətlər, həm də Netanyahunun Azərbaycana səfəri bəzi dairələri qıcıqlandırmaya bilməzdi. Lakin bu o demək deyil ki, Azərbaycan İsraillə münasibətləri qurub-qurmaması üçün hansısa dövlətdən təlimat almalıdır. Azərbaycan müstəqil dövlətdir və müstəqil siyasət həyata keçirir. Bu siyasət çərçivəsində də dünya dövlətləri ilə qarşılıqlı maraqlara söykənən münasibətlər qurur. Lakin bu münasibətlər, o cümlədən İsrail-Azərbaycan əlaqələri hər hansı bir dövlətə qarşı yönəlmir. Bu amili bütün dünya dövlətləri bilməlidir. Azərbaycan İsraillə yaxınlığından istifadə edərək qonşu dövlətlərə qarşı hər hansı alyansda yer almaqda heç zaman maraqlı olmayıb. Bizi bunda qınayan dövlət isə işğalçı Ermənistanla yaxın münasibətlər qurmaqla, onu bütün kommunikasiya vasitələri, ərzaq və sairlə təmin etməklə, dolayısı ilə rəsmi İrəvana dəstək verir, Azərbaycan ərazilərinin işğalda qalmasının uzanmasına, Dağlıq Qarabağ probleminin həllinin yubanmasına səbəb olur”.

Politoloq Qabil Hüseynli də hesab edir ki, İsrail-Azərbaycan münasibətləri fərqli sivilizasiyaların dinc, yanaşı yaşamasına çox yaxşı nümunə ola bilər. Onun sözlərinə görə, Azərbaycan İsraillə daha yüksək səviyyəli münasibətlərə malikdir. Politoloq qəzetimizə açıqlamasında deyib ki, bu, Azərbaycanın dövlət və strateji maraqlarına tamamilə uyğundur: "Bu münasibətlər yaxın perspektivdə daha da inkişaf etdiriləcəkdir. İsrail-Azərbaycan münasibətləri sivilizasiyalararası toqquşmanın, qarşıdurmanın əhəmiyyətsizliyini, bunun bəşəriyyətə yalnız ziyanının toxunduğunu sübut edən çox unikal, multikultural modeldir. Bu münasibətlər hər iki dövlətin iqtisadi maraqlarına da uyğundur. Azərbaycan siyasi rəhbərliyi çox düzgün xarici siyasi kurs yürüdərək, dünyada güclü lobbiyə malik olan İsraillə münasibətlərini daim inkişaf etdirir. Bununla yanaşı, Azərbaycanla İsrail arasında tarixən səmimi münasibətlər olub. Demokratik cümhuriyyət qurulanda ilk səhiyyə nazirimizin yəhudi əsilli şəxs olması, sovetlər dövründə olduğu kimi indinin özündə də yəhudilərin Azərbaycanda dinc, firavan yaşaması, İsraildə azərbaycanlı yəhudilərin olması buna əyani sübutdur. Lakin bütün bu münasibətlər yalnız qarşılıqlı maraqlara söykənir və heç bir dövlətə qarşı yönəlməyib. Azərbaycan suveren dövlətdir və xarici siyasətini də suveren şəkildə, öz milli-dövlətçilik, iqtisadi-siyasi maraqlarına uyğun olaraq qurur, dövlətlərarası münasibətləri formalaşdırır. Bu münasibətlərdən kimlərinsə narahatlıq keçirməsi yalnız fanatizm nümunəsidir”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər