• çərşənbə axşamı, 19 mart, 10:08
  • Baku Bakı 8°C

Azərbaycan indi dünyanın ən mötəbər iqtisadi diskussiyalar təşkilatının iştirakçısı yox, eyni zamanda təşkilatçılarındandır

25.01.20 17:21 1134
Azərbaycan indi dünyanın ən mötəbər iqtisadi diskussiyalar təşkilatının iştirakçısı yox, eyni zamanda təşkilatçılarındandır
Dünyanın ən mötəbər iqtisadi forumlarından sayılan Davos Beynəlxalq İqtisadi Forumu artıq neçə ildir ki, Azərbaycan Prezidenti İlham Əliyevin yaxından iştirak etdiyi ümumdünya qurumları sırasında mühüm yer tutur. Azərbaycanın Forumlarda fəal iştirakı ölkəmizin tanıdılmasında, dünya iqtisadi birliyinə yaxından inteqrasiyasında, tariximizin, mədəniyyətimizin tanıdılmasında əvəzedilməz rol oynayır. Ayrıca vurğulanmalıdır ki, Davos Beynəlxalq İqtisadi Forumu ənənəvi olaraq dövlət rəhbərlərinin, dünyanın aparıcı şirkətlərinin, tanınmış siyasətçilərin iştirakı ilə keçirilən ən böyük iqtisadi diskussiya meydanıdır. Burada müasir beynəlxalq iqtisadi problemlər, iqtisadiyyatda və texnologiyada yeni meyllər və nailiyyətlər müzakirə edilir, ayrı-ayrı ölkələrin iqtisadi inkişafının əsas göstəriciləri barədə hesabatlar hazırlanır. Təşkilatın daha bir xüsusiyyəti ölkələrə öz nailiyyətlərini təqdim etmək və beynəlxalq miqyasda xüsusi rola malik olan şirkətlərlə işgüzar əlaqələr qurmaq imkanlarını yaratmasıdır. Başqa sözlə ifadə etsək, Davos Beynəlxalq İqtisadi Forumu həm də böyük imkanlar meydanı kimi səciyyələndirilə bilər. Bu baxımdan sözügedən mötəbər iqtisadi toplantıda iştirak etmək hər bir iştirakçı üçün mühüm avantaj kimi qəbul olunur.
Trend-in məlumatına görə, bu fikirləri Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov "Davos Beynəlxalq İqtisadi Forumu: Azərbaycanın dünyaya açılışının yeni imkanları” adlı məqalədə bildirib.
Əli Əhmədov qeyd edib ki, Azərbaycan Prezidentinin bir çox illərdir dalbadal Davos Beynəlxalq İqtisadi Forumuna qatılması bir yandan ölkəmizin onun imkanlarından səmərəli şəkildə faydalanmaq istəyini nümayiş etdirməklə yanaşı, həm də dünyanın aparıcı şirkətlərinin Azərbaycana, onun artan iqtisadi imkanlarına artan marağın göstərir. Baş Nazirin müavini diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Forum çərçivəsində keçirdiyi görüşlər həm say, həm da rəngarənglik baxımından yuxarıda söylənən fikri, düşünürəm ki, tamamilə təsdiqləyir. Bu görüşlərin ortaya qoyduğu daha əhəmiyyətli həqiqət isə cənab İlham Əliyevin Forumun ən çox arzuolunan və hörmət bəslənilən qonaqlarından biri olmasıdır. Onunla görüşən və görüşmək istəyən yüksək qonaqların, dünya iqtisadiyyatının nəhənglərinin say çoxluğu deyilənin bariz ifadəsi sayıla bilər. Prezident İlham Əliyevlə görüşmək istəyənlərin və görüşənlərin çoxsaylı olması eyni zamanda Azərbaycana, onun artan iqtisadiyyatına yüksək maraqdan xəbər verir.
Əli Əhmədov vurğulayıb ki, ölkəmizə və onun rəhbərinə yüksək marağın kökündə dayanan bir məqama ayrıca toxunmağa dəyər: "Beynəlxalq İqtisadi Forumun hazırladığı hesabatlarda Azərbaycan bir çox indekslərə görə dünya dövlətləri arasında mötəbər mövqelərə malikdir və son illərin təcrübəsinə istinadən deyə bilərik ki, həmin göstəricilər ildən ilə artır. Azərbaycanın ən islahatçı dövlətlər sırasında olması, rəqabətlilik qabiliyyətinə, infrastrukturun vəziyyətinə görə yüksək göstəriciləri ölkəmizin inkişafının artan dinamikası barədə dünyada, ilk növbədə isə nəhəng şirkətlərin rəhbərlərində aydın təsəvvürlər yaradır. Bu isə öz növbəsində Azərbaycanın iqtisadiyyatına diqqəti artırır, ölkəmizin investisiya cazibədarlığını gücləndirir.
Davosda keçirilən Beynəlxalq İqtisadi Forum istənilən ölkəyə dünyaya açılmaq baxımından geniş imkanlar yaradır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu imkanlardan səmərəli şəkildə istifadə edir. Bu təşkilatın imkanları vasitəsilə ölkəmizin təbliğ edilməsi, Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılması yüksək faydalılıq əmsalı ilə fərqlənir. Ayrıca qeyd olunmalıdır ki, DİF vasitəsi ilə bütün dünya, ilk növbədə isə Azərbaycana, onun iqtisadiyyatına maraq göstərənlər ölkənin birinci şəxsinin təqdimatında lazımi məlumatları əldə edir, inkişaf perspektivləri, planları, gələcəyə dair baxışları ilə tanış olmaq imkanı qazanırlar. Ölkəni tanıtmağın, onun nailiyyətlərini təbliğ etməyin, ölkəyə sərmayə və texnologiyalar cəlb etməyin daha səmərəli formasını təsəvvür etmək mümkün deyil”.
Əli Əhmədov bildirib ki, 2020-ci il Davos Forumu Azərbaycandan ötrü daha da əlamətdar və əhəmiyyətli oldu. Forumun rəhbərliyinin qərarı ilə Beynəlxalq İqtisadi Forumun Azərbaycanda regional şöbəsinin yaradılması nəzərdə tutulur. Belə bir təşəbbüsün irəli sürülməsi ölkəmizin Forumun işinə verdiyi töhfənin nəticəsi kimi qiymətləndirilə bilər. Azərbaycan indi dünyanın ən mötəbər iqtisadi diskussiyalar təşkilatının iştirakçısı yox, eyni zamanda təşkilatçılarındandır. Yəqin ki, yaxın zamanlarda Azərbaycanın yeni bir mötəbər tədbirə ev sahibliyi edəcəyinin şahidi olacağıq. Hesab edirəm ki, bu, Prezident İlham Əliyevin beynəlxalq miqyasda əldə etdiyi bir çox yüksək uğurlar içərisində layiqli yer tuta biləcək.
"Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır. Prezident İlham Əliyevin səyləri nəticəsində indi bu imkan Azərbaycana yaxınlaşır, başqa formada ifadə etməli olsaq, Azərbaycan özü bu imkana çevrilir. Əminəm ki, ölkəmizi Prezident İlham Əliyevin rəhbərliyi altında neçə-neçə belə uğurlar və nailiyyətlər gözləyir”-deyə, Baş Nazirin müavini vurğulayıb.

banner

Oxşar Xəbərlər