Azərbaycan bayrağını dünya arenalarında dalğalandıran tələbələrin ustadı - Xosrov Cəfərov
Azərbaycanın idman ölkəsi olduğunu bu sahədə uğur qazanmış yüzlərlə
idmançıları sübut edib. Üçrəngli bayrağımızı Avropa və dünya arenalarında
dalğalandıran həmin idmançıların yetişməsində isə məşqçilərin zəhməti böyükdür.
O məşqçilərin ki, idmanımızın inkişafı, idmançılarımızın uğur qazanması, həm
fiziki, həm də taktiki cəhətdən hazır olmaları üçün gecə-gündüz böyük əziyyət,
əmək sərf edirlər. Məhz peşəkar, işinə ürəkdən yanaşan, bir idmançının
formalaşması üçün, sözün əsl mənasında, canını fəda edən məşqçilərin sayəsində
Azərbaycanın adı dünyada ucaldılır. Belə məşqçilərdən danışarkən ağıla ilk
gələnlərdən biri də mərhum pəhləvan, tanınmış məşqçi Xosrov Cəfərov olur.
Ömrünü idmanın güləş növünə həsr etmiş Xosrov Cəfərov 11 ildir həyatda olmasa
da, bu gün tələbələri onun xatirəsini ehtiramla yad edirlər. Öz ustadları
haqqında xoş xatirələrini bölüşürlər, gözəl fikirlər səsləndirirlər.
Xosrov Cəfərovun tələbəsi olmuş, hazırda məşqçi kimi çalışan Müslüm
Müslümov müəlliminin xatirəsini ehtiramla anıb, onun haqqında maraqlı
məlumatlar verib: "Müəllimim Xosrov Cəfərov həm insan kimi, həm də məşqçi kimi
əvəzsiz idi. Bizim güləşçi kimi uğur qazanmağımızda onun böyük rolu olub.
Xosrov müəllim özü 1962-ci ildən idmanın güləş növü ilə məşğul olub. 1968-ci
ildə isə, artıq, orta çəkidə respublika çempionu olub. Bundan sonra 1969, 1970,
1971, 1972, 1973, 1974-cü illərdə də Respublika çempionluğu titulunu qoruyub
saxlayıb. O, hətta 1968-ci ildə SSRİ Silahlı Qüvvələrinin yarışında bütün
rəqiblərinin belini yerə vuraraq qalib adını qazanıb. Fəxrlə deyə bilərəm ki,
müəllimim Xosrov Cəfərov Almaniya və digər ölkələrin Azərbaycan ilə birlikdə
keçirdikləri yarışlarda qızıl medal qazanaraq ən yaxşılardan olub. Eyni zamanda
yeniyetmələr arasında gənclər arasında SSRİ çempionu adını qazanıb”.
Qeyd edək ki, Xosrov Cəfərov məşqçilik fəaliyyətinə 1969-cu ildən
başlayıb. Həmin ildən etibarən yüzlərlə pəhləvan yetişdirməyi bacarır.
1969-1987-ci illərdə "İxtisaslaşmış güləş məktəbində” məşqçi işləyib və uğurlu
idmançılar yetişdirib. 1974-cü ildən yeniyetmələr üzrə milli komandanın baş
məşqçisi olub. 1988-ci ildən isə "Dinamo” İdman Cəmiyyətində sərbəst güləş üzrə
baş məşqçi kimi fəaliyyətə başlayıb. Azərbaycan Respublikasının əməkdar
məşqçisi olub. Məşhur pəhləvanın tələbələrindən Elşad Allahverdiyev 11 qat
Azərbaycan çempionu, dəfələrlə beynəlxalq yarışların mükafatçısı olub: "Digər
tələbəsi Asəf Əsədov isə 3 dəfə SSRİ birinciliyinin mükafatçısı olmağı bacarıb.
2001-ci ildə onun tələbələri, yeniyetmələr arasında ikiqat dünya çempionu
olmağı bacaran Namiq Sevdimov (50 kq) və İbad Məmmədov (60 kq) beynəlxalq
turnirin qızıl mükafatını qazanıblar. Müslüm Müslümovdan onu da öyrəndik ki,
Xosrov Cəfərov nəinki çoxlu sayda tələbə, hətta özündən sonra onun yolunu davam
etdirən bir neçə peşəkar məşqçi də hazırlayıb: "Mən, Ehtiram Babayev, Elman
Əzimzadə, Əliyusif Əsgərov, Ağayusif Qurbanov bu gün məşqçi kimi uğur
qazanmağımızda Xosrov müəllimə minnətdarıq. Xosrov Cəfərov kimi bir müəllimin
tələbəsi olduğum üçün hər zaman qürur duyuram, fəxr edirəm”. Təəssüflər olsun
ki, 2007-ci il 8 yanvarda Azərbaycan idmanı, güləşi 2007-ci ildə belə bir
məşqçini, pəhləvanı itirib. Ancaq sevindirici bir hal var ki, Xosrov Cəfərov bu
gün həyatda olmasa da, özündən sonra qoyduğu həm yaxşı ad, həm də yaxşı
tələbələr, məşqçilər bu gün də var. Onun güləş idman növü üçün verdiyi
töhfələri bir tarix boyu yaşayacaq. Azərbaycanda güləş idman növü var olduqca,
Xosrov Cəfərovun da adı var olacaq”.
Fuad