• cümə axşamı, 28 mart, 16:23
  • Baku Bakı 16°C

Atanın etirafı

25.01.16 11:31 1656
Atanın etirafı
Vezier-le-Rethel ailəsinin bütün üzvləri M. Badon Leremincenin dəfn prosesində iştirak etdilər. Mərasimdə şəhər nümayəndələrinin təntənəli çıxışının son sözləri hamının yadında qaldı: “O vicdanlı adam idi.”
O? ömrü boyu düz, vicdanlı adam olmuşdu; sözlərində, öz nümunəsində, münasibətində, rəftarında, saqqalının, şlyapasının formasında. Onun dediyi istənilən söz sonralar misal kimi işlənirdi. O həmişə sədəqə verəndə məsləhət verirdi, xeyir-dua verməmiş heç kimə əl uzatmazdı.

Onun iki uşağı qalmışdı: bir oğlan, bir qız. Oğlu vəkil idi, qızı isə Vezierler ailəsində nüfuz sahibi olmuş vəkil M. Poirel de la Voulte ilə ailə qurmuşdu.
Atalarının ölümü uşaqlarına çox pis təsir etmişdi, çünki onu çox sevirdilər.
Dəfn mərasimi qurtarandan sonra oğul, qız və kürəkən evə qayıtdılar, kitabxanaya girib qapını örtdülər və vəsiyyətnamənin möhürlərini qopartdılar. Bu vəsiyyyətnamə yalnız tabut qəbirə qoyulandan sonra açıla bilərdi. Bu barədə zərfin üstündə qeyd edilmişdi.
M. Poirel de la Voulte zərfi cırıb açdı. Belə əməliyyatlarda, müqavilənin detallarını oxuyanda vəkillər necə edərsə o da o cür etdi. Sonra eynəyini düzəldib monoton səslə oxumağa başladı:
“Uşaqlarım, mənim əziz uşaqlarım, əgər bu etirafı sizə etməsəydim qəbirdə rahat yata bilməzdim. Etdiyim bir cinayəti etiraf etmək, həyatımı alt-üst edən peşmançılıq haqda etriaf. Bəli, mən cinayət törətmişəm, qorxulu, iyrənc bir cinayət.
O vaxt mənim iyirmi altı yaşım var idi. Parisdə bir barda işləyirdim, əyalətlərdən gəlib qohumsuz, dost-tanışsız şəhərdə yaşayan hər bir gənc kimi həyat sürürdüm.
Özüm’ sevgili tapdım. Elə insanlar var ki, onlar heç vaxt tək qala bilmirlər. Mən də belə adamlardan biriydim. Təklik mənə əzab verirdi. Axşamlar otaqda təklik məni üzürdü. Bu vaxtlarda mənə elə gəlirdi ki, mən yer üzündə tək qalmışam, təhlükəylə əhatə olunmuşam; naməlum və dəhşətli varlıqlar var ətrafımda. Tanımadığım qonşunun otağıyla mənim otağımın arasındakı arakəsmə məni pəncərədən gördüyüm ulduzlar qədər qonşumdan uzaq saxlayırdı. Belə vaxtlarda bədənim hərarətdən od tutub yanır, səbirsizliyin və qorxunun yaratdığı hərarət, divarların sükutu məni dəhşətə salırdı. Tək adamın yaşadığı mənzilin sükutu çox gərgin, çox kədərli olur. Bu, təkcə beyində olan sükut deyil. Elə ki, mebeldən yüngülcə çıqqıltı səsi gəlir, qorxudan bütün bədənin titrəyir, çünki sən bu otaqda heç bir səs gözləmirsən.
Dəfələrlə öz-özümə şüursuz vəziyyətdə bəzi sözləri təkrar edirdim, yalnız səs salmaq üçün. Ancaq belə vaxtlarda səsim elə qəribə olurdu ki, hətta özüm öz səsimdən vahimələnirdim.
Görəsən, boş otaqda öz-özünə danışmaqdan da dəhşətli bir şey varmı? Bu vaxt adamın öz səsi başqa adamın səsi kimi səslənir, heç bir məqsəd olmadan öz-özünə danışan naməlum bir adamın səsi kimi. Boş-boşuna, havaya danışan adam. Bu səsi eşitməyə qulaq yoxdur. Çünki qulaqlar yaxşı bilir ki, otağın sakitliyində onlar hansı sözləri eşidə bilərlər. Sükutda bu sözlər səslənəndə exo verir, adamın fikirlərinin pıçıltısının exosu kimi.
Mənim sevgilim cavan, qəşəng bir qız idi. Parisdə maaşla yaşayan, ancaq maaşları onlara kifayət etməyən qızlardan biri. O incə, xeyirxah, sadə bir qız idi. Onun valideynləri Poissy-də yaşayırdılar. Vaxtaşırı o gedib valideynlərinin yanında da bir neçə gün qalırdı.
Mən bir il onunla sakitcə yaşadım, qəti qərara gəlmişdim ki, onu atıb gedim, daha çox xoşladığım bir qız tapıb onunla evlənim. Bu qıza da başa salacaqdım ki, qadın kasıbdırsa onun məhəbbəti pulla ödənilməli, varlıdırsa hədiyyə ilə - bu, artıq cəmiyyətdə qəbul edilmişdi.
Ancaq bir gün o hamilə olduğunu mənə dedi. Elə bil məni ildırım vurdu bu xəbəri eşidəndə. Elə o an anladım ki, həyatım darmadağın olub. Ölənə qədər əl-ayağımı buxovlayacaqdı bu uşaq. Gələcək həyatımda, qocalana qədər buxovda yaşamalı olacaqdım. Ömürlük. Bu uşaq ucbatından bir qadın məni buxovlayacaqdı. O uşağı mən böyütməli, ona mən baxmalı, mən qorumalıydım. Onu özümə yad bilsəm də, onu bütün dünyadan gizlətsəm də.
Bu xəbər məni tamam narahat etdi. Cinayət etmək arzusu beynimdən əl çəkmirdi. Hələ bu cinayəti necə edəcəyimi bilmirdim, mən onu ürəyimdə hiss edirdim, üzbəüz gəlməyə hazır idim. Elə bil portyer arxasında gizlənmiş adam siqnal səsi gözləyirdi. Kaş bir hadisə baş verəydi! O qədər belə uşaq doğulmazdan əvvəl ölür ki!
Ah! Mən heç də sevgilimin ölməsini arzulamırdım! Yazıq qız, mən onu çox sevirdim! Ancaq arzulayırdım ki, o uşaq mən onu görməzdən qabaq ölsün.
O uşaq - oğlan doğuldu. Mən subay oğlan bu uşağın gəlişiylə otağımda bəzi dəyişiklik etdim. Bu dəhşətli uşaq! Bu uşaq da başqa uşaqlar kimiydi. Mən ona qayğı göstərmirdim. Bilirsiniz ki, adətən ataların kiçik uşaqlara qanı qaynamır. Atalarda analarda olan instinktiv, analarda olan övlad sevgisi yoxdur. Ataların uşağına olan bağlılığı yavaş-yavaş inkişaf etməlidir.
Bir il ötüb keçdi. İndi mən öz evimdən qaçırdım. Bu otaq çox balaca idi. Hər yanda çirkli uşaq əskiləri, əlcək boyda olan uşaq corabları vardı. Çarpayının, kreslonun üstü uşaq paltarıyla doluydu. Mən o uşağın səsindən baş götürüb gedirdim. Onun ağlamağı üçün kiçik bir şey bəhanəydi. Ya çimizdiriləndə, ya ona toxunanda, yatızdıranda, səhər oyananda o qışqırıb ağlayrdı.
Mənim bir neçə tanışım vardı. Qəbul otağında işləyən, gələcəkdə sizin ananız olacaq bir qızla tanış olmuşdum. Ona vurulmuşdum, onunla evlənmək arzum vardı. Onunla görüşür, onu daha yaxından tanıyırdım. Valideynlərinə fikrimi bildirmişdim. onlar da mənə ümid vermişdilər.
Mən özümü bir dilemma qarşısında görürdüm: Ya bu uşağı olan qızla evlənməliydim, ya da o biri qıza həqiqəti deyib gələcək xoşbəxtliyimdən əl çəkməliydim. Çünki onun valideynlərinin çox sərt prinsipləri vardı, həqiqəti biləndən sonra qızlarının mənimlə ailə qurmasına razı olmazdılar. Bir ayı dəhşət narahatlıq, mənəvi əzab da keçirdim. Həmin ay beynimə minlərlə qorxulu fikirlər gəlirdi. Artıq hiss edirdim ki, içimdə bu uşağa, həyat çığırımın qarşısını kəsən –qışqırıb-bağıran ət parçasına, canlı hissəciyə qarşı kəskin nifrət var. Həyata ümidim yox idi, gəncliyin cazibələri məni özünə çəkmirdi. Bu ərəfədə sevgilimin anası xəstələndi, o uşağı mənim yanımda qoyub anasının yanına getdi.
Dekabr ayı idi. hHva çox soyuq idi! Dəhşətli bir gecəydi!
Sevgilim təzəcə çıxmışdı evdən. Mən kiçik yemək otağında nahar etdim, sonra asta addımlarla uşağın yatdığı otağa girdim.
Buxarının qabağındakı kresolda oturdum. Külək əsirdi, pəncərələr çaqqıldayırdı. Quru, şaxtalı bir külək. Pəncərədən baxanda belə şaxtalı gecələrə xas olan ulduzların göydə parladığını gördüm. Bu vaxt neçə aylardan bəri beynimə sahib olan ideya yenidən baş qaldırdı. Nə qədər ki, sakit idim, bu hiss məni ağuşuna aldı. Bu ideya beynimi yedi, xərçəng bədəni yediyi kimi. Bu ideya ordaydı - başımda, ürəyimdə, bütün vücudumda. Vəhşi heyvan adamı udduğu kimi bu fikir də məni udmuşdu. Çox çalışırdım ki, bu fikri beynimdən qovub çıxaram, beynimi tam başqa fikirlərin üzünə açam-səhərlər otağın havasını dəyişmək üçün pəncərəni necə açırıqsa, bax eləcə. Mən bu əzabı heç bir sözlə ifadə edə bilmirəm. Bu fikir ürəyimi gəmirib-yeyirdi, mən dəhşətli ağrı hiss edirdim, həm fiziki, həm də mənəvi ağrı. Həyatım alt-üst olmuşdu! Bu vəziyyətdən necə xilas ola bilərdim? Mən geriyə necə qayıda bilərdim?
Mən gələcəkdə sizin ananız olacaq o qızı dəlicəsinə sevirdim, yalnız bu kiçik ət parçası ona qovuşmağıma mane olurdu.
Güclü qəzəb hissi çulğamışdı məni. Bu qəzəb məni boğurdu. Belə qəzəb adamı dəli edərdi! Əlbəttə, həmin axşam mən dəli olmuşdum!
Uşaq yatırdı. Mən ayağa durub ona baxdım. Mənim bədbəxtliyimin səbəbkarı bu ət parçası, bu balıq kürüsü kimi kiçik varlıq idi.
O mənin çarpayımn yanında öz beşiyində yatırdı, ağzı açıq. Öz çarpayımda rahat yata bilmirdim.
Mən o etdiyim hərəkəti necə etdim? Mən hardan bilim bunu? Məni belə etməyə nə vadar etdi? Hansı bədxah bir hiss idarə edirdi məni o anlarda? Ah, cinayəti törətmək hissi mənə xəbardarlıqsız gəldi. Yadımda qalan odur ki, ürəyim sürətlə döyünürdü. Elə bərkdən döyünürdü ki, bu döyüntünü eşidə bilirdim, adam çəkic tappıltısını necə eşıdirsə, bax elə. Xatırladığım yalnız budur - ürəyimin döyüntüsü! Beynimdə qəribə qarmaqarışıqlıq vardı, səs-küy, mənasız nizamsızlıq. Sanki ağlım yoxa çıxmışdı. Belə anlarda adam etdiyi hərəkətlərinə cavabdeh ola bilmir, ya da öz iradəsinə gücü çatmır.
Mən uşağın üstündəki adyalı götürdüm, paltarını çıxarıb beşiyin altına atdım. İndi uşaq beşikdə üstüaçıq , çılpaq idi.
Uşaq oyanmadı. Sonra mən pəncərəyə tərəf getdim - lap yavaşca, ehtiyatla. Pəncərıni açdım.
Buz kimi soyuq hava qatil kimi sürüşüb pəncərədən evə girdi. Elə soyuq idi ki, mən kənara çəkiləndə iki şam tir-tir əsdi. Mən pəncərənin yanında dayandım, geri dönməyə cürət etmirdim, uşağın indi nə etdiyini görməyə qorxurdum. İçəri dolan buz kimi soyuq hava axınını alnımda, yanaqlarmda, əllərimdə hiss edirdim. Mən orda çox dayandım.
Mən fikirləşmirdim, heç nə düşünmürdüm. Heç nəyə reaksiya vermirdim. Birdən eşitdiyim zəif öskürək səsi məni tir-tr əsdirdi. Başdan- ayağa titrədim. Hələ də saçlarımın dibində bu titrətməni hiss edirəm. Dəhşətlə pəncərənin hər iki tayını kobudcasına bağlayıb uşağın beşiyinə sarı qaçdım.
O hələ də yatırdı. Ağzı açıq idi, tamam çılpaq halda. Mən əlimi onun ayaqlarına toxundurdum. Onlar buz kimiydi. Mən onun üstünü örtdüm.
Birdən ürəyim kövrəldi, kədərləndim, uşağa yazığım gıldi. Öldürmək istədiyim bu günahsız, məsum varlığa sevgi hiss etdim. Mən onun yumşaq, gözəl saçını uzun-uzadı öpdüm. Sonra gedib buxarının yanında oturdum.
Etdiyimi hərəkəti xatırlayanda içimi dəhşət bürüyürdü. Özümə sual verirdim ki, niyə belə etmişəm. Bəlkə ürəyin tufanlı anlarında özümə nəzarəti itirmişdim?
Uşaq bir də öskürdü. Onun öskürəyini eşidəndə ürəyim parka-parça olurdu Fərz et ki ,o öləydi! Ah! Aman Allah! Mən nə edərdim onda?
Mən kreslodan durdum ki, gedib ona baxım, bir əlimdə şam əyilib ona baxdım. Onun nəfəs aldığını hiss edəndə bir az toxtadım. Ancaq o üçüncü dəfə o öskürəndə elə sarsıldım ki, dik atıldım, adam dəhşətli bir şey görəndə necə səksənirsə, elə səksəndim, əlimdəki şam yerə düşdü.
Şamı yerdən götürüb düppədüz dayandım. Hiss etdim ki, gicgahım tamam tər içindədir, yəqin ki, buna səbəb ürəyimdəki narahatlıq idi. Səhərə qədər tez-tez əyilib oğluma baxdım, o öskürən kimi ağrı dolurdu içimə .
Səhər o oyananda gözləri qıpqırmızı qızarmışdı, çətinliklə nəfəs alırdı.
Otağı yığışdıran qadın gələndə mən onu həkim dalınca göndərdim. Həkim bir saat keçəndən sonra gəldi, uşağı yoxlayıb məndən soruşdu:
- Uşağa soyuq olmayıb ki?
İflic olan adamlar kimi əsdim, kəkələdim:
- Yox, məncə yox.
Sonra mən həkimdən soruşdum:
- Nə olub? Ciddi bir şey var?
- Hələ bilmirəm, - həkim dedi. - Bu axşam bir də gəlib baxaram.
Həkim o axşam yenə də gəldi. Oğlum bütün günü yuxulu oldu, hərdənbir də öskürürdü. Ağ ciyərlərinə soyuq olmuşdu.
Onun bu halı on gün davam etdi. Həmin gündən bəri səhərin nə vaxt açılıb, axşamın nə vaxt düşməsindən xəbərim olmadı.
O öldü.
O vaxtdan bəri elə bir an, elə bir saat olmayıb ki, o anları xatırlamayım. İçimi gəmirən xatirələr. Ürəyimi sıxan xatirələr. Bu xatirələr ürəyimin dərinliyində bir vəhşi heyvanın həbs edildiyini yadıma salır.
“Ah, kaş mən dəli olaydım!”
Məktubu oxuyub qurtarandan sonra M. Poirel de la Voulte eynəyini yuxarı qaldırdı. Adətən, o müqavilələri oxuyub qurtarandan sonra belə edərdi. Bundan sonra üç varis heç bir söz demədən hərəkətsiz halda bir-birlərinə baxdılar.
Bir dəqiqədən sonra vəkil sözə başladı:
- Bu məkubu yox etmək lazımdır!
O biri iki varis razılıq əlaməti olaraq başlarını əydilər. Vəkil şamı yandırdı. Etitrafın yazıldığı vərəqi var-dövlətin bölüşdürüldüyü vərəqdən ayırdı. Həmin vərəqi şamın qabağına tutdu, sonra vərəqi buxarıya atdı.
Ağ vərəq buxarının içində yananda hər üçü tamaşa etdi. Vərəq kül topasına dönənə qədər baxdılar. Hələ tam yanmamış vərəqdə bəzi sözlərin göründüyünü görən qız barmağının ucunda buxarıya yaxınlaşdı, yanan kağızı maşayla dağıtdı, onu buxarınn içindəki külə qarışdırdı.
Sonra onlar hər üçü dayanıb buxarıda yanan vərəqə baxdılar, sanki qorxurdular ki, yandırılmış sirr buxarının içindən xilas ola bilır.
İngilis dilindən tərcümə edən: Sevil Gültən
banner

Oxşar Xəbərlər