• cümə, 26 Aprel, 13:05
  • Baku Bakı 23°C

Asiya İnkişaf Bankı Azərbaycanın əsas tərəfdaşlarından biridir

02.06.20 17:37 5334
Asiya İnkişaf Bankı Azərbaycanın əsas tərəfdaşlarından biridir
Rəsmi Bakı dünyanın aparıcı maliyyə qurumu ilə münasibətlərə xüsusi önəm verir

Beynəlxalq maliyyə təşkilatı sayılan Asiya İnkişaf Bankı(AİB) 1966-cı ildə yaradılıb. Baş ofisi Filippinin paytaxtı Manilada yerləşən, 68 üzvü olan AİB-in məqsədi Asiyada və ümumiyyətlə Şərq ölkələrində iqtisadiyyatın inkişafına, həmçinin yoxsulluğun aradan qaldırılmasına yardım göstərməkdir. Təşkilat məqsədlərinə çatmaq üçün əməkdaşlıq etdiyi ölkələrə kredit, texniki yardım və qrantlar ayırır. Yaponiya AİB-in ən iri səhmdarı olduğu üçün bankın prezidenti də bu ölkənin vətəndaşı olur. Avropa ilə Asiya qitəsi arasında mühüm körpü rolunu oynayan Azərbaycan da 29 oktyabr 1999-cu ildən AİB-in üzvüdür. Təşkilatın Azərbaycandakı əməliyyatlar strategiyası 2000-ci ildə təsdiqlənib.AİB-in ölkəmizdəki nümayəndəliyi isə 2004-cü ilin noyabr ayından fəaliyyət göstərir. AİBbu günədək Azərbaycanda dövlət və özəl sektorlarda 80-dən çox layihənin həyata keçirilməsi üçünkredit, qrant və texniki yardım ayırıb.Bu layihələr əsasən maliyyə, dövlət sektorunun idarə edilməsi, kənd təsərrüfatı, enerji, səhiyyə, su idarəçiliyi və nəqliyyat sahələrindədir. İndiyə qədər AİB tərəfindən Azərbaycana ayrılan kredit, qrant və texniki yardımların ümumi məbləği 5 milyard ABŞ dolları təşkil edir. AİB Cənub Qaz Dəhlizi layihəsinə kredit verən ilk böyük beynəlxalq banklar arasında da birinci olub.


3 strateji prioritet

AİB-in dəstəklədiyi layihə və proqramların icrası nəticəsində Azərbaycanda 485 min insan fasiləsiz içməli su ilə təchiz olunub, 240 min insan daşqın və subasmaların təsirindən müdafiə olunub, 100 min ev təsərrüfatı elektrik enerjisi ilə təmin edilib, 325 kilometrlik avtomobil yolları salınıb və ya təmir edilib, 400-dən artıq məcburi köçkün ailəsinin yaşayış şəraiti yaxşılaşıb, 4 məktəb bərpa edilib, məcburi köçkünlərə əksəriyyəti qadınlar olmaqla kiçik kreditlər verilib. 2015-ci ilin 1-5 may tarixlərində AİB-in Rəhbərlər Şurasının 48-ci illik toplantısı Bakıda keçirilib. Azərbaycan AİB-in Mərkəzi Asiya üzrə Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramının da üzvüdür və bu proqram vasitəsi ilə nəqliyyat, enerji, ticarət danışıqları və digər sahələr üzrə AİB tərəfindən Azərbaycana yardım göstərilməkdədir. AİB ilə tərəfdaşlıq 2014-2018-ci illəri əhatə edən 5 illik ölkə tərəfdaşlıq strategiyası ilə tənzimlənib. Sözügedən sənəd AİB-nin 2020 strategiyasından irəli gəlib və "Azərbaycan 2020 baxış” milli səviyyədə müəyyən edilmiş prioritetlər nəzərə alınmaqla hazırlanıb. AİB 2019-2023-cü illər üçün nəzərdə tutulan Azərbaycan üzrə yeni beş illik strategiyanı da təsdiq edib.Strategiya özəl sektorun inkişafının gücləndirilməsi, dövlət sektorunun effektivliyinin artırılması, infrastrukturun təkmilləşdirilməsi və insan kapitalının möhkəmləndirilməsi kimi 3 strateji prioritetdən ibarətdir.


Əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilib

Ümumiləşdirsək, Azərbaycanın AİB ilə əməkdaşlığının prioritetləri özəl sektor, infrastrukturun inkişafı, kiçik və orta müəssisələrə dəstək məsələləri ilə əlaqədardır. İyunun 1-də AİB təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda ölkəmizlə sözügedən maliyyə qurumu arasındakı əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilib. Bankın prezidenti M.Asakava qeyd edib ki, AİB COVID-19 pandemiyasının yayıldığı və neftin qiymətinin kəskin aşağı düşdüyü bir vaxtda Azərbaycanın atdığı addımları tam şəkildə dəstəkləyir. O bildirib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə beynəlxalq platformalarda - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatı çərçivəsində pandemiyaya qarşı səylərin əlaqələndirilməsi dərin təəssürat yaradır.


Bundan sonra da sıx şəkildə işləmək

Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına COVID-19-la mübarizə fonduna toplam 10 milyon ABŞ dolları, o cümlədən bu sahədə ehtiyacı olan Qoşulmama Hərəkatına üzv dövlətlərə 5 milyon ABŞ dolları həcmində ianə ayırmasını təqdirəlayiq hal kimi dəyərləndirən M.Asakava pandemiyadan əziyyət çəkən ölkələrə, o cümlədən Çin Xalq Respublikası, Pakistan, Qırğızıstan, Tacikistan və Özbəkistana da Azərbaycan tərəfindən yardım göstərildiyini məmnunluqla dilə gətirib. AİB prezidentinin sözlərinə görə, Azərbaycan hökuməti tərəfindən pandemiya əleyhinə atılan qabaqlayıcı tədbirlər, ölüm hallarının aşağı səviyyədə olması və aparılan test sayının artması onu nümayiş etdirir ki, ölkədə səhiyyə sahəsində risklər çox yaxşı idarə edilir. M.Asakava vurğulayıb ki, AİB Azərbaycanda geniş iqtisadi yardım paketinin qısa müddətdə qəbul edilməsini, pandemiyanın yayılmasının qarşısının alınması üçün səhiyyə sahəsində addımların atılmasını, sosial tədbirləri və biznesin dəstəklənməsini alqışlayır. Prezident İlham Əliyev isə ölkəmizdə pandemiya dövründə həyata keçirilən tədbirləri, ümumən iqtisadiyyatın, xüsusən də qeyri-neft sektorunun inkişafı üçün atılan addımları diqqətə çatdıraraq əminliklə vurğulayıb ki, Azərbaycan və AİB son 20 ildə olduğu kimi bundan sonra da sıx şəkildə işləməyə davam edəcək. O, Azərbaycan və AİB arasında çox güclü tərəfdaşlıq qurulduğunu dilə gətirib.


İqtisadi artım tempi qorunub

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov dünyanın aparıcı maliyyə qurumlarından biri olan AİB ilə ölkəmiz arasındakı əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirib. Bildirib ki, AİB Azərbaycanın əsas tərəfdaşlarından biridir: "2015-ci ildən etibarən Azərbaycanla AİB arasındakı münasibətlərin dərinləşməsi müşahidə olunur. AİB Azərbaycanın təşəbbüsü ilə reallaşan bir sıra regional layihələrin maliyyələşdirilməsində iştirak edib. Bank ölkəmizdə infrastruktur layihələrinə birbaşa dəstək verən maliyyə qurumlarındandır. Bu baxımdan Azərbaycan AİB ilə münasibətlərə xüsusi önəm verir. AİB-in təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda ölkəmizin həm pandemiya, həm prepandemiya dövründə iqtisadi aktivliyi qoruyub saxlayan ölkələrdən olduğu qeyd edilib. Ölkəmiz pandemiya dövrünə yüksək iqtisadi inkişaf göstəriciləri ilə daxil olub. Bu ilin 4 ayının yekunlarında qeyri-neft sektorunda 16 faiz, bütövlükdə ümumi daxili məhsulda 0,2 faiz artım qeydə alındığını müşahidə etdik. Halbuki, əksər inkişaf etmiş ölkələrin iqtisadiyyatında azalma qeydə alınmışdı. Amma Azərbaycan pandemiya dövründə də iqtisadi artım tempini qoruyub saxlaya bilib”.


Dərinləşmiş islahatların davam etdirilməsi

İqtisadçı millət vəkili deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşan siyasət pandemiyanın təsirlərinin minimumlaşdırılmasına, eləcə də vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edir. Deputatın fikrincə, bu siyasət pandemiya dövründə sahibkarların, muzdla çalışanların və işləməyən vətəndaşlarımızın da dövlət dəstəyindən yararlanmasına imkan verir. V.Bayramov deyib ki, məhz bu kontekstdən də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycan pandemiyaya qarşı mübarizədə effektli mübarizə aparan ölkələrdən biri kimi qiymətləndirilib: "AİB tərəfindən də ölkəmizdə həyata keçirilən islahatların qiymətləndirilməsi kifayət qədər təqdirəlayiqdir. AİB tərəfindən Azərbaycanda, xüsusən də qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatların dəyərləndirilməsi və ölkəmizin başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin xüsusi vurğulanması aparılan islahatlara beynəlxalq qiymət kimi xarakterizə edilməlidir. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, növbəti dövrlərdə də islahatların dərinləşməsi, xüsusən də qeyri-neft sektorunun inkişafı ilə bağlı tədbirlər davam etdiriləcək. Bu da imkan verəcək ki, Azərbaycan postpandemiya dövründə əsas iqtisadi artımını qeyri-neft sektorundakı artım hesabına formalaşdıra bilsin. Bu da təbii ki, iqtisadiyyatın inklüzivliyi və dayanıqlılığı baxımından çox vacibdir. Son müzakirədə Azərbaycanda dərinləşmiş islahatların davam etdirilməsi ilə bağlı siyasi iradə bir daha nümayiş olundu. Bu, növbəti dövrlərdə iqtisadiyyatın şaxələnməsi və sahibkarlığın inkişafı ilə bağlı genişləndirilmiş islahatların davam edəcəyindən xəbər verir”.


Etibarlı tərəfdaş, sabit və inkişaf edən ölkə

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov isə bildirib ki, nəinki AİB, eləcə də bütün beynəlxalq qurumlar etibar etmədikləri, dayanıqlı vəziyyətdə və stabil olmayan ölkələrə, təşkilatlara heç bir yatırım etmir, kredit vermir, onlarla əməkdaşlıq etmirlər. Deputatın sözlərinə görə, Azərbaycan dünyada etibarlı tərəfdaş, sabit və iqtisadi inkişaf dövrünü yaşayan ölkə kimi tanındığından beynəlxalq təşkilatların, o cümlədən AİB-in etimadını qazana bilib: "Buna görə də Azərbaycanın beynəlxalq təşkilatlarla, eləcə də AİB kimi dünyaca məşhur maliyyə qurumu ilə əməkdaşlıq günü-gündən genişlənir və bundan sonra daha da genişlənəcək. Hesab edirəm ki, AİB təmsilçiləri ilə Azərbaycan Prezidenti arasında keçirilən videokonfrans da yüksək səviyyədə dəyərləndirilməlidir. Bu, ölkəmizin, dövlətimizin inkişafının xeyrinədir. Bu gün Azərbaycan regionun lider dövlətidir. Cənubi Qafqazın lider dövləti ilə AİB əlaqələrini yüksək qiymətləndirirəm. Bu əməkdaşlıq alqışlanmalıdır”.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər