Ana və oğul

Ana və oğul

10 Oktyabr 2016, 09:52 1247
Bir neçə kişi nahardan sonra siqaret çəkilən otaqda söhbət edirdik. Biz gözlənilməz miraslar, qəribə varislər haqda danışırdıq. Elə bu vaxt "məşhur hakim”, yaxud "məşhur vəkil” ləqəbi ilə tanınan M. le. Brument otağa daxil oldu, ocağın qırağında dayandı, arxasını ocağa çevirib dedi:
– Mən bir varisi axtarıram. O xoşagəlməz bir hadisədən sonra qəfil yox olub. Bu həyatımızda ən sadə və ən dəhşətli faciələrdən biridir. Demək olar ki, belə dəhşətli hadisələr hər gün baş verir. Buyurun, qulaq asın, mən indi sizə bəzi faktları deyəcəm: 
– Təxminən altı ay bundan əvvəl məni ölüm ayağında olan bir qadının yanına çağırdılar. Qadın mənə dedi: 
– Cənab, mən sizə çox çətin, yorucu bir missiyanı həvalə etmək istəyirəm. Stolun üstünə qoyduğum vəsiyyətimə nəzər salın. Əgər xahişimi yerinə yetirə bilməsəniz, sizə beş min frank veriləcək. Xahişimi yerinə yetirə bilsəniz sizə yüz min frank haqq veriləcək. Mən istəyirəm ki, mən öləndən sonra oğlumu tapasınız. 
Qadın məndən xahiş etdi ki, çarpayıda oturmağına kömək edim, çünki uzanıqlı halda o yaxşı danışa bilmirdi. Qadın çox varlıydı. Onun lüks evi bahalı mebellə bəzədilmişdi. O, çarpayıda yerini rahatlayıb danışmağa başladı: 
– Siz bu dəhşətli hekayəni eşidən yeganə insansınız. Çalışacam ki, gücümü toplayıb başladığım hekayəni sona çatdırım. Mən sizi xeyirxah bir insan kimi tanıyıram. Onu da bilirəm ki, siz mənim xahişimi yerinə yetirmək üçün əlinizdən gələni edəcəksiniz. İndi isə mənə qulaq asın! Ailə qurmazdan əvvəl mən bir oğlanı sevirdim, amma o oğlan varlı olmadığı üçün ailəm onu qəbul etmədi. Bir müddət keçəndən sonra mən zəngin bir kişiylə ailə qurdum. Valideynlərimin sözünə itaət edib ona ərə getmişdim. Qızların çoxu belə edir. 
Mənim bir oğlum var idi. Oğlum doğulandan bir neçə il sonra ərim dünyasını dəyişdi. Bir vaxtlar mənim sevdiyim oğlan da evlənmişdi. Mən dul qalandan sonra o subay olmadığı üçün çox peşmanlıq çəkirdi. Bir gün o məni görməyə gəldi. Göz yaşı töküb acı-acı ağladı, onun göz yaşlarını görüb ürəyim ağrıdı. İlk vaxtlar o bir dost kimi tez-tez mənə baş çəkirdi. Gərək mən onu ilk gündən evimə gəlməyinə razı olmayaydım. Ancaq mən nə edə bilərdim? Mən çox tənhaydım, ümidsiz vəziyyətdə idim. Bir yandan da hələ də onu sevirdim. Biz qadınlar çox şeylərə dözməli oluruq! Mənim valideynlərim ölmüşdü, indi mənim ondan başqa heç kimim yox idi. O bizə tez-tez gəlirdi, bəzən gecəni də mənimlə keçirirdi. Gərək onun ailəli olduğunu bilə-bilə ona icazə verməyəydim, gecəni mənimlə keçirə. Amma onu rədd etməyə kifayət qədər iradəm yox idi. Mən sizə necə deyim? O mənim sevgilim oldu. Heç bilmirəm necə oldu ki, o mənim sevgilim oldu. Bunu sizə izah edə bilərəm? Kim belə şeyləri izah edə bilər? İki insan bir-birini sevəndə belə olmurmu? Başqa cür ola bilərmi? Cənab, necə bilirsiniz, insan öz istəyinə qarşı mübarizə apara bilərmi? Qısası, mən onun məşuqəsiydim. Ən pisi də odur ki, zəifliyim ucbatından, ya onu itirməkdən qorxduğum üçün, bilmirəm, mən onun arvadıyla dost oldum. 
Oğlumu onunla birlikdə böyütdük. Biz onu ağıllı bir insan kimi tərbiyə etdik. Düzgün qərar verməyi bacaran, gözəl ideyaları olan bir insan yetişdirdik. Oğlum on yeddi yaşına çatdı. Mənim oğlum, cavan oğlum sevgilimi çox istəyirdi. Mən sevgilimi nə qədər istəyirdimsə, o da onu bir o qədər istəyirdi. O hər ikimizi sevirdi. O mənim sevgilimi "əziz dost” deyə çağırır, ona çox hörmət edirdi, çünki həmişə ondan yaxşı məsləhətlər eşitmişdi, oğlum üçün mənim sevgilim həyatda ən vicdanlı insan idi. Oğlum sevgilimi mənim ən sədaqətli dostum kimi sevirdi. Bir növ mənəvi ata, himayəçi, necə deyim ki, məni düz başa düşəsiniz. Oğlum sevgilimlə bağlı heç vaxt mənə sual vermirdi. Bəlkə də buna səbəb o idi ki, ağlı kəsəndən onu mənim evimdə, yanımda, özünün yanında görmüşdü. Həmişə görmüşü ki, sevgilim hər ikimizə qayğı göstərir, istəyimizi yerinə yetirir. 
Bir axşam biz yenə də üçümüz birlikdə şam etməliydik. Onu da deyim ki, birlikdə şam etməyi çox xoşlayırdım. Öz-özümə sual verirdim ki, görəsən, evə onlardan hansı birinci gələcək. Elə bu vaxt qapı açıldı və mənim köhnə dostum, sevgilim içəri girdi, mən qollarımı açıb ona sarı qaçdım. O məni qucaqlayıb uzun-uzadı dodaqlarımdan öpdü. Elə bu vaxt qapının yanında hənirti gəldi. Geri dönüb baxanda onu gördük. Oğlum Janı. Onun rəngi ağappaq idi. Qapının ağzında dayanıb bizə baxırdı. Mən şokdaydım, sevgilimi geri itələdim. Oğluma yanaşıb ona bir söz demək istədim. Amma mən onu görə bilmədim. Oğlum getmişdi. Sevgilimlə mən dayanıb bir-birimizə baxdıq. Elə sarsılmışdım ki, ağzımı açıb bir kəlmə də deyə bilmirdim. Kresloda oturdum. İçimdə qəribə bir istək vardı - evdən çıxıb getmək, qaranlıqda yox olmaq istəyirdim. Daha sonra boğazımı qəhər boğdu, için-için hönkürməyə başladım. Ağladım, bütün bədənim əsirdi ağlayanda. Belə vəziyyətə düşən ana necə xəcalət çəkərsə, mən də elə xəcalət çəkirdim. Sevgilim qəribə tərzdə mənə baxırdı, o mənimlə danışa bilmirdi, mənə toxuna bilmirdi, qorxurdu ki, oğlum yenə də qəfil içəri girər. Nəhayət o dedi:
– Mən onun arxasınca gedirəm, onunla söhbət etmək, bəzi şeyləri ona izah etmək istəyirəm. Bir sözlə, mən gedib onunla söhbət edib hər şeyi ona danışacam.
Və beləcə sevgilim tələsik evdən çıxdı. Mən onu gözlədim, həyətdən gələn hər səsə diksindim. Onu bir saat, iki saat gözlədim. Ürəyim həyəcandan yerindən çıxırdı. Ürəyim elə narahat idi ki, hətta ən qatı cinayətkara da bu halı arzulamıram. Oğlum harda idi? O nə edirdi? Gecəyarısı bir nəfər sevgilimdən mənə qısa bir məktub gətirdi. Mən məktubda yazılanları hələ də əzbərdən deyə bilərəm: 
"Oğlun qayıtdı? Mən onu tapa bilmədim. Mən aşağıdayam. Cürət edib gecənin bu vaxtında yuxarı, sənin yanına çıxa bilmirəm”.
Mən ondan gələn məktuba karandaşla belə yazdım:
"Jan hələ qayıtmayıb. Sən onu mütləq tapmalısan”.
Mən bütün gecəni kresloda oturub oğlumun yolunu gözlədim.
Mənə elə gəlirdi ki, ağlımı itirirəm. Evdən çıxmaq, küçələrdə oğlumu axtarmaq istəyirdim. Amma yerimdən tərpənmirdim. Kresloda oturub oğlumu gözləyirdim. Görəsən, nə olacaq? Mən təsəvvür etmək istəyirdim, amma nə qədər cəhd etsəm də heç nə təsəvvür etmirdim. 
Bir yandan da qorxurdum ki, sevgilim gedib oğlumu tapa bilər. Belə olsa onlar nə edərdi? Oğlum nə edərdi? Beynim qorxulu şübhələrlə doluydu, ağlıma min cür fikir gəlirdi. Cənab, siz mənim hisslərimi başa düşürsünüz, elədir? Heç nədən xəbəri olmayan xidmətçim hər gün mənim otağıma gəlirdi. O inanırdı ki, ağlımı itirirəm. Mən əlimlə ona işarə edirdim ki, otağımdan çıxsın. Xidmətçi qadın gedib həkim gətirdi. Həkim mənim stress keçirdiyimi dedi. Mən bir müddət xəstə yatdım. beynimdə iltihab yaranmışdı. Uzun çəkən xəstəlikdən sağalanda çarpayımın qırağında onu gördüm, seviglimi, tək idi. Mən onu görən kimi soruşdum: 
– Hanı oğlum? Olum hardadır?
Sevgilim mənə cavab vermədi. Mən kəkələyə-kəkələyə soruşdum:
– Ölüb? Oğlum intihar edib? 
– Yox, yox! And içərəm ki, o ölməyib. Amma nə qədər axtarsam da onu tapa bilmədim.
Ondan bu sözləri eşidəndə qəzəbimdən dəli kimi oldum. Acıqlı-acıqlı dedim:
– Oğlumu tapmayınca yanıma gəlməyini qadağan edirəm. Çıx get! 
Sevgilim getdi. Cənab, o vaxtdan bəri mən onların heç birini görməmişəm. Nə sevgilimi, nə də oğlumu. İyirmi il mən beləcə yaşamışam. Siz məni başa düşürsünüz, cənab? Bundan da ağır cəza olarmı? Bir ananın oğlunu bu qədər gözləməsinə ürək dözərmi? Mən ölənəcən onu gözləmişəm. Hə, indi hər şey sona çatır. Mən onların heç birini görmədən ölürəm. Mənim sevgilim bu iyirmi ildə hər gün mənə məktub yazıb. Amma mən ona evimə girməyə icazə verməmişəm. Hətta bir saniyəlik də olsa. Çünki mənə elə gəlirdi ki, o içəri girən kimi oğlum yenə də gəlib qapının ağzında duracaq. 
Ah! Oğlum! Mənim oğlum! Görəsən, o ölüb? Bəs o harda gizlənib? Bəlkə də ucsuz-bucaqsız okeanın o tayında gizlənib? Bəlkə də elə ölkədə gizlənib ki, mən heç o ölkənin adını da bilmirəm? Görəsən, o heç məni yadına salır? Ah! Kaş o biləydi nələr çəkdiyimi! Uşaqlar necə də qəddar olarmış! Görəsən, o başa düşürmü ki, mənə nə qədər əzab verib? Həyatımın ən gözəl vaxtında oğlum məni atıb getdi. O vaxtdan can verənə qədər əzab bəxş etdi mənə. Mənə, onu sevən anasına əzab verdi. Ah! Bu qəddarlıq deyilmi? Cənab, siz onu tapanda dediklərimin hamısını ona deyəcəksiniz, eləmi? Mənim bu sözləri deyərsiniz?
"Əzizim, oğlum, yazıq anana qarşı bu qədər qəddar olma! Həyat onsuz da çox qəddardır. Əziz oğlum, bir fikirləş gör, sən ananı atıb gedəndən o nələrə dözüb? Ananı bağışla, onu sev! İndi anan yoxdur, o ölüb. Anan çox ağır bir dərdə sinə gərib öldü”
Qadın belə deyib dərindən nəfəs aldı, titrədi. Sanki son sözlərini çarpayısının qırağında oturan oğluna deyirdi. 
Daha sonra qadın dedi: 
– Cənab, onu tapsanız deyərsiniz ki, o gedəndən bəri sevgilimi də görmədim. 
Qadın susdu, sonra qırıq-qırıq səslə dedi: 
– İndi isə çıxıb gedin. Sizə yalvarıram, gedin. Mən öləndə tək olmaq istəyirəm. Əgər onların heç biri yanımda yoxdursa qoy tək ölüm. 
Maitre de Brument əlavə etdi: 
– Mən qadının evindən çıxdım, cənablar, dəli kimi ağlayırdım evdən çıxanda. Elə acı-acı ağlayırdım ki, faytonçum dönüb təəccüblə mənə baxırdı. Hə, onu bilin ki, hər gün belə faciələr baş verir. Yox, mən o oğlanı tapmadım, bilmirəm siz o oğlana nə deyərdiniz, amma mən onu əsl cinayətkar hesab edirəm.
 
İngilis dilindən tərcümə: Sevil Gültən