AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

AMOR və “Bakı” jurnalının təşkilatçılığı ilə Moskvada Novruz tədbiri keçirilib

AMOR və “Bakı” jurnalının təşkilatçılığı ilə Moskvada Novruz tədbiri keçirilib

Mədəniyyət
22 Mart 2021, 19:15 1168
Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyi (AMOR) və "Bakı” jurnalının təşkilatçılığı ilə Novruz bayramı tədbiri keçirilib. 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tədbirin məqsədi təbiətin oyanışı, baharın gəliş rəmzi olan Novruz bayramı vasitəsi ilə Rusiyada yaşayan azərbaycanlıların tariximizi, milli adət-ənənələrimizi və ləziz mətbəx nümunələrimizi yerli sakinlər arasında təbliğ etməkdir. 
Tədbirdə "Novruz” atributları olan şəkərbura, paxlava, qoğal və milli mətbəximizin digər ləziz nümunələri Moskva sakinlərinə təqdim olunub.     
AMOR-un layihə rəhbəri Ramin Rəcəbov bildirib ki, tədbirin keçirilməsində məqsəd Novruzu qeyd etməklə yanaşı, həm də milli atributlarımızı, rəqslərimizi, mətbəximizi təbliğ etməkdir. 
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin humanitar proqramlar bölməsinin rəhbəri, "Bakı” jurnalının baş redaktorunun müavini Tamilla Əhmədova Novruzun bütün azərbaycanlılarının səbirsizliklə gözlədiyi bayram olduğunu söyləyib: "Yəqin ona görədir ki, bu gün Moskvanın "DEPO” kompleksində, paytaxt sakinlərinin istirahət etdiyi məkanda Novruz bayramı qeyd olunur. Novruz hər zaman bizə yeni ümidlər gətirir. Çox şadam ki, biz bu il Novruzu Qarabağ torpağında keçiririk. Arzumuz odur ki, ən yaxın vaxtlarda artıq yenidən bərpa olunmuş Qarabağ torpağında bu bayramı qeyd edək”.  
Tədbir çərçivəsində azərbaycanlı kulinarlar tərəfindən müxtəlif master-klasslar, müsabiqələr təşkil olunub. "Qarabağ” instrumental rəqs ansamblının ifasında səslənən milli rəqslər isə qonaqların alqışlarına səbəb olub.