AZE | RUS | ENG |

Afinada “Bakı-2015” Avropa Oyunlarının təqdimatı keçirilib

Afinada “Bakı-2015” Avropa Oyunlarının təqdimatı keçirilib
Afinada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı-2015” Avropa Oyunlarının təqdimatı keçirilib


APA-nın “AzərTAc”a istinadən verdiyi məlumata görə, Afinadakı “Akropol” muzeyində reallaşan tədbirə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Yunanıstan parlamentinin sədri, baş nazirin müavini, inzibati islahatlar naziri, turizm naziri, millət vəkilləri, idman ictimaiyyətinin nümayəndələri, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev də qatılıb. Mərasimin aparıcısı Aleksis Kostalas “Bakı-2015” Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı salamlayıb, 2015-ci ildə Bakıda keçiriləcək Avropa oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə getdiyini bildirib. Sonra ilk Avropa Oyunlarına hazırlıqla bağlı film nümayiş etdirilib. Filmdə Avropa Oyunlarının yaranma ideyası və indiyə qədər görülən işlər əksini tapıb. Daha sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış edib.

Mehriban Əliyeva çıxışında Yunanıstan və Azərbaycan arasındakı münasibətlərin qarşılıqlı hörmət, maraq və dostluğa əsaslanan strateji tərəfdaşlıq münasibətləri olduğunu deyib: “Bizim millətlər həmişə bir-birinə qarşı xüsusi simpatiya və isti münasibət bəsləyiblər. Çox şadam ki, ötən bir neçə il ərzində ölkələrimiz arasında münasibətlərdə bir çox sahələrdə, o cümlədən, siyasi, mədəni, iqtisadi və elmi sahələrdə ciddi tərəqqi müşahidə olunub. Azərbaycan iqtisadiyyatının dinamik artımı ikitərəfli əlaqələrimizin bir çox sahələrdə, xüsusilə ticarət və investisiya sahələrində inkişafı üçün əlverişli şərait yaradır. Ermənistanın Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlamasına və 1 milyondan artıq qaçqın və məcburi köçkünün olmasının fəsadlarına baxmayaraq ötən on ildə ölkəmizin ümum daxili məhsulu üç dəfə artmışdı və bu gün bütün Cənubi Qafqaz regionunun ümum daxili məhsulunun 70 faizdən artığı Azərbaycanın payına düşür. Energetika sektorunda əməkdaşlığımız yeni müstəviyə yüksəldilib. Bu yaxınlarda “Cənub” Qaz Dəhlizi layihəsinə start verməklə Azərbaycan Avropanın, o cümlədən Yunanıstanın enerji təhlükəsizliyinin gücləndirilməsinə öz töhfəsini vermişdi. Bu strateji layihənin həyata keçirilməsi bizim ikitərəfli əlaqələrimizin gələcəkdə gücləndirilməsinə xidmət edəcək və Yunanıstan ərazisindən Azərbaycan qazının Avropa bazarına çatdırılacağı ilk Avropa İttifaqı ölkəsi olacaq”.

M. Əliyeva qeyd edib ki, Olimpiya hərəkatı Yunanıstanda, Afinada başlansa, bərpa olunsa da, Avropada digər qitələrdən fərqli olaraq heç vaxt Avropaya məxsus oyunlar keçirilməyib: “Biz fəxr edirik ki, Azərbaycana bu oyunları ölkəmizdə təşkil etmək üçün tarixi fürsət verilib. 17 gün ərzində davam edəcək oyunlarda 6000-dən çox idmançı 20 idman növündə rəqabət aparacaq. Avropa Olimpiya Komitəsinin bu qərarı Azərbaycan xalqı tərəfindən böyük sevinc və dəstəklə qarşılanıb. Bu tarixi qərara görə bu gün Yunanıstan Olimpiya Komitəsinin prezidenti və “Bakı 2015” Əlaqələndirmə Komissiyasının sədri cənab Spirius Kapralosun simasında təmsil olunmuş Avropa Olimpiya Komitəsinə təşəkkürümü bildirmək istəyirəm”.

Azərbaycanın birinci xanımı daha sonra deyib ki, ötən 10 ildə ölkəmizdə 40-dan çox müasir olimpiya kompleksi tikilmişdi və bu da bir çoxunun idmanı peşəkar karyera kimi seçdiyi gənclərimizin qarşısında yeni üfüqlər və imkanlar açıb: “Azərbaycan ilk Avropa oyunlarını yay olimpiya oyunları səviyyəsində keçirməyi qarşısına məqsəd qoyub. “Bakı-2015” Oyunlarının Təşkilat Komitəsinin sədri kimi sizi əmin edə bilərəm ki, oyunların mümkün olan ən yüksək səviyyədə keçirilməsi və idmançılara, rəsmilərə, habelə qonaqlara və yerli vətəndaşlara zəruri şəraitin yaradılması üçün əlimizdən gələni edəcəyik. Bu oyunların keçirilməsi üçün bizə iki il yarım vaxt verilməsinə baxmayaraq bu gün əminik ki, bütün hazırlıq işləri vaxtında tamamlanacaq. Biz Avropa Olimpiya Komitəsi və Beynəlxalq Olimpiya Federasiyası ilə məhsuldar və güclü əməkdaşlığımızdan məmnunuq və mən həqiqətən də inanıram ki, Bakıda keçirilən oyunlarda olimpiya oyunlarının ədalətlilik, dostluq və həmrəylik dəyərlərinə riayət olunacaq”.

Sonra çıxış edən Yunanıstanın inzibati islahatlar naziri Kiriakos Mitsotakis ölkəsinin Azərbaycan ilə əlaqələrinə toxunaraq ikitərəfli münasibətlərin getdikcə inkişaf etdiyini bildirib. O, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa oyunlarının uğurla baş tutacağına əminliyini vurğuladı və Yunanıstanın dəstəyini ifadə edib. Yunanıstan Mədəniyyət nazirinin müavini Angela Gerekoi bildirdi ki, Avropa “Bakı-2015”i səbirsizliklə gözləyir.

Yunanıstan Milli Olimpiya Komitəsinin sədri Spirios Kapralos Avropa tarixində ilk dəfə baş tutan bu oyunlara hazırlığın yüksək səviyyədə getdiyini bildirib. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Təşkilat Komitəsinin gərgin işlədiyini və bu prosesə Prezident İlham Əliyevin güclü dəstək verdiyini deyən Spirios Kapralos onu da vurğulayı ki, bütün Avropa kimi Yunanıstan da bu oyunları həvəslə gözləyir.

Yunanıstanın Kanoe idmanı üzrə olimpiya çempionu Voula Kozumbali ilk Avropa Oyunlarının yeni dostlar, yeni tanışlıqlar üçün əla fürsət olacağını deyib, bu idman tədbirində olimpiya və qeyri-olimpiya oyunlarının bir arada təmsil olunmasının mühüm hadisə olduğunu diqqətə çatdırıb. Çıxışlardan sonra Azərbaycan incəsənət ustaları – cazmen Elçin Şirinovun başçılıq etdiyi trio və balaban ustası Şirzad Fətəliyev Azərbaycan milli musiqilərindən ibarət maraqlı konsert proqramı təqdim ediblər.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8811
GEL 1 1 Gürcüstan larisi 0.5753
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1227
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.595
TRY 1 1 Türkiyə lirəsi 0.2982