• cümə, 26 Aprel, 16:42
  • Baku Bakı 23°C

Absurd teatrın real qəhrəmanları

28.06.14 11:54 2954
Absurd teatrın real qəhrəmanları
“Varlıq məfhumuna heç cür öyrəşə bilmədim - dünyanın ya da mövcud olan bir çox şeyin varlığına. Öz varlığıma da öyrəşə bilmədim. Zamanla yalnız özünü boşaldan, azalan, tükənən formalar görürəm. Həqiqət əslində göründüyü kimi deyil, sözlər belə məna ifadə etməyən, heç nəyi əngəlləyə bilməyən səs yığınıdır. Özümə nəzər salıram, anlaşılmaz, səbəbini bilmədiyim dərin kədərə məhkum olmuşam. Adını qoya bilməyəcəyim hüznlər, lazımsız peşmanlıqlar içində boğuluram. Bir növ eşq, bir növ nifrət, bir sevinc nümayişi, bəzən də qəribə mərhəmət hissi yaranır içimdə - amma nəyə? Kimə? Mənə elə gəlir ki, mənim teatrım insanın özünü ortaya töküb, anlamağa çalışmağıdır. Amma mənim özümü ortaya tökməyim heç cür qəbul edilən deyil, səsim kar qulaqlara dəyib düşür, qapısı bağlı qulaqların dibində qışqırmaqdan bezmişəm” – Eugen İonesko.
1909-cu ildə Rumıniyada fransız ana və rumın atanın ailəsində dünyaya gələn Eugen İonesko XX əsrə damğasını vurmuş absurd teatrın yaradıcısı olmaqla, Samuel Bekket, Jin Genet, Fermand Arrabal, Artur Adamov, Harold Pinter kimi bir çox yazarın ortaq mövzularının bir məkanda toplanmasına şərait yaradıb. Anası ilə atası ayrıldıqdan sonra maddi çətinlik çəkməmək üçün atasının himayəsinə verilən Eugen sonsuz ögey ananın və ədəbiyyatı sevməyən və oğlunun mühəndis olmağını istəyən atanın yanında rahatlıq tapa bilmir. İnsanın yalnızlığı və dilin insanlar arasında əlaqəni təmin etməkdə aciz olduğu fikri ilə yazmağa başlayan İonesko dünya ədəbiyyatına olduqca dəyərli nümunələr bəxş edir. “Kərgədan” əsəri SSRİ-də tamaşaya qoyulan zaman müəllifdən belə bir tələb olunur: “Kərgədan»ın bizim kommunistlər olmadığını sübut edin, əsəri səhnələşdirək”. İonesko yazır ki, ruslara “Bunu eləməyə məcbur deyiləm” cavabı verib. Onun imtinasından sonra “Kərgədan” səhnələşdirilməyib və İonesko bu nəticə ilə bağlı belə bir açıqlama verib: “Yəqin özlərində kərgədana bənzər çox cəhət tapıblar”
İonesko və absurd teatr çərçivəsində dəyərləndirilən digər yazıçılar əsərlərini qəribə və dərin ümidsizlik və uyğunsuzluq şəraitində yazıblar. Onların nihilizmdə günahlandıranlar da az olmayıb. Amma absurd teatrda səhnələşdirilən əsərlər bir tərəfdən izləyiciyə “həyat bu qədər axmaqlıqlarla doludursa, onun mənasız və qaçılmaz sonu məlumdursa, içində intizam və özünüsübut yolları axtarmağın nə mənası var” desə də, digər tərəfdən də bütün məlum düşüncə formalarını yerlə yeksan edir, yenilənməyə, yeni fikir axtarışlarına fürsət verən yolu göstərir. Bu, ictimai intizama üsyan edən tərz kimi də dəyərləndirilə bilər.
İoneskonun əsərləri əsasən iki qrupda dəyərləndirilir. Birinci dövr və ikinci dövr oyunlarına ayrılan əsərlər. Birinci dövr əsərlərinin hamısı tək pərdəli və qısa tamaşalardır, müəllif həmin dövrdə yazdıqlarına qarşılaşdırma oyunu, komediya dramı, naturalist komediya, tragik komediya kimi ənənəvi teatr qəliblərindən gələn adlar verib. Həmin əsərlərdə bir-birindən qopmuş, ayrılmış kimi görünən, amma bütövün hissəsi olan qəhrəmanlar, fikirlər, replikalar var. Altməna axtarılacaq çıxış yoxdur, vəziyyət bütün çılpaqlığı ilə ön plandadır, qəhrəmanlar xarakter olaraq o qədər də dərin deyil, daha çox oyuncaqları xatırladırlar, ciddi mövzular komedik tonda işlənib. Bu mərhələdə qələmə alınmış əsərlər arasında “Dərs”, “Stullar”, “Vəzifə qurbanları”, “Keçəl Soprano”, “Gəlinlik qız”, “Tablo”, “Yeni kirayəçi”, “Çobanın buqələmunu”, “Dördnəfərlik oyun”, “İki nəfərlik səs-küy” və s. görmək olar. İkinci dövrün oyunlarında tək pərdə məhdudiyyəti aşılıb, təhlil və müzakirə oluna biləcək hekayələr qələmə alınıb. Əksər əsərlərin qəhrəmanları dərin xarakterli obrazlar canlandırmağa başlayıblar. Bu mərhələdə yazılan əsərləri İoneskonun yaradıcılığının zirvəsi hesab etmək olar. Həmin dövrdə müəllif “Ölüm oyunları”, “Susuzluq və aclıq”, “Pozğun dünya”, “Kral ölür”, “Ölülərlə səyahət” kimi əsərləri qələmə alıb.
Yazıçı 1994-cü ildə Parisdə vəfat edib. Müəllifin “Paris Review” jurnalına verdiyi müsahibəni təqdim edirik.
“İnsanın həyatı ya tragikdir, ya da gülünc və acınacaqlı”
- Bir dəfə qeyd etmisiniz ki, “Mənim həyat hekayəm sərgərdanlıq hekayəsidir”. Bu sərgərdanlıq harada və nə vaxtdan başladı?
- Bir yaşımdan. Buxarest yaxınlığında doğulmuşam, amma çox qısa müddət sonra valideynlərim Fransaya gəliblər. 13 yaşım olanda yenidən Rumıniyaya geri qayıtdıq, beləcə dünyam parçalandı. Buxarestə nifrət edirdim, buradakı cəmiyyətə, düşüncələrə, ənənələrə, anti-yəhudiliyə. Yəhudi deyildim, amma “r” səsini fransızlar kimi tələffüz edirdim, çox vaxt elə bilirdilər yəhudiyəm, buna görə elə sərt davranışlar görürdüm ki, fikirləşirdim ki, görən yəhudilər buna necə dözür. “R” səsinin tələffüzünü düzəltmək üçün çox əziyyət çəkdim. Nasizmin baş qaldırdığı və getdikcə bütün kökləri hər tərəfi tutduğu dövr idi, hamı – müəllimlər, yazıçılar, bioloqlar, tarixçilər nasizm tərəfdarı olmuşdu. Hamı Çamberleynin “XX əsrin əsli”–ni oxuyurdu, Çarlz Maurras, Leon Daudet kimi yazarlara pərəstiş edirdi. Bu, tamamilə plagiat idi. İngilis və fransız dilinə xor baxırdılar, bu dildə danışanları sıxışdırırdılar, çünki irqçi və millətçi idilər. Atamın ikinci dəfə ailə qurdu və arvadının ailəsi sağçı idi. Heç unutmaram bir dəfə hərbi parad keçirilirdi, parada əlində bayraq olan leytenant başçılıq edirdi. Mən isə kənarda başında köhnə papağı olan kəndlinin yanında durub, paradı izləyirdim. Qəfildən leytenant paradın başından ayrılıb, bizə tərəf hücum çəkdi, kəndlinin yaxasından tutub “Bu bayrağı gördüyün hər yerdə papağını çıxarmalısan” – deyə qışqırdı. Bir də heç vaxt elə qorxmadım. Ağlım hadisələri dərk edəcək yaşda deyildi, amma hiss edirdim, hislərim qeyri-insaniliyin, zülmün, məhkumiyyətin, məhrumiyyətin nə olduğu ilə tanış olmuşdu. Bütün bu olanlar mənə qəbuledilməz gəlirdi. Yeniyetmə çağına girən uşaq üçün ən pis şey özünü hamıdan fərqli hiss etməsidir. “Ola bilərmi ki, hamı yanlış düşünsün, mən doğru”. Bəlkə də həmin vaxtlar Fransa da eyni vəziyyətdə idi. Amma mən oranı uşaqlığımda tanımışdım, həyatımın cənnəti idi ora. Cənnətimi itirmişdim, özümü heç nə ilə ovundura bilmirdim. Geri qayıtmağı qarşıma məqsəd qoymuşdum, amma bunun üçün məktəbi və universiteti bitirməli, dərəcə almalı idim.
- Yazıçı səyahətiniz nə zamandan başladı. Nə zaman içinizdə belə bir istək olduğunun fərqinə vardınız?
- Bunu həmişə hiss etmişəm. Bir dəfə müəllim kənd həyatı, ənənəsi ilə bağlı inşa yazmağı tapşırdı, onda doqquz yaşım vardı. Bircə mənim inşamı sinifdə yüksək səslə oxudu. Çox cəsarətləndim və davam etdim. İlk dəfə xatirələrimi yazmaq istəyəndə hələ on yaşında idim. 12 yaşım olanda artıq şeirlər yazmağa başlamışdım, daha çox dostluqla bağlı – “Dosta ithaf edirəm” –i çox sevirdim. Sonra sinif yoldaşlarım səhnəcik hazırlamaq ideyasını irəli atdı və hamı təklif etdi ki, ssenarini mən yazım. Özümü çox fərqli hiss etmişdim. Həmin hekayənin süjeti belə idi ki, bir qrup uşaq əyləncə təşkil edir və başqa bir qrup uşağı dəvət edir. Sonda hər iki qrup birləşib, mebelləri və valideynləri pəncərədən atırlar. Sonra vətənpərvər ruhda bir oyun yazdım. Belə-belə hər şey formalaşdı, daha uğurlu adlar və işlər üçün çalışdım.
- Fransız ədəbiyyatı, poeziyası ritorikdir – Villon, Luis Labe, Bodeluar kimi istisnalar olmaqla.
- Ronsard da elə deyil. Jerard de Nerval da, Rimbaud da. Hətta iddia edirəm ki, Bodeluar müəyyən mənada ritorikaya enir. Bəzi şeirləri yəqin ki, Amerikalı milyonerlərin ekzotik dəniz səfərlərində broşüra kimi istifadə edilib.
- Parisə necə qayıtdınız və həyatınızı necə təmin edə bildiniz? Bildiyimə görə Parisə qovuşanda artıq 26 yaşınız var idi.
- Fransız ədəbiyyatı fakültəsini bitirdim və Fransa hökuməti Parisə gəlmək və doktorantura təhsili almaq üçün mənə təqaüd ayırdı. Həmin ərəfələrdə artıq ailə qurmuşdum və müəllim işləyirdim. Həyatda ən xoşbəxt olduğum nöqtələrdən biri bəlkə də xanımım Rodikanın işimi və düşüncələrimi dəstəkləyən və mənə yaxın olan çox az insanlardan olması idi. Bəlkə də bu onun rumin olması, ağıllı, itigözlü olması ilə bağlı idi, deyəsən, irqçi davrandım. Doktorantua məsələsi meydana gələndə “Ölüm mövzusu və fransız ədəbiyyatı” başlıqlı tezis işləyirdim. Böyük başlıqlardan yaxamı qurtara bilmədim.
- Onu tamamlaya bildiniz?
- Yox. Uzun müddət araşdırma apardım və başa düşdüm ki fransız ədiblərinin problemi inancları ilə bağlıdır və ya inana bilməməkləri ilə. Əslində onların ölüm hissindən əziyyət çəkməsi və ya özlərini mənəvi günahkar hiss etdikləri üçün əzablı ölümdən qorxmaları kimi məsələ yoxdur ortada.
- Parisdə məskunlaşdıqdan sonra əsərlərini oxuduğunuz, bəyəndiyiniz və ya bəyənmədiyiniz, ədəbi irsini araşdırdığınız müəlliflərlə tanış olmağa, görüşməyə cəhd etdinizmi?
- Milli Kitabxanada işləyirdim adətən, bəziləri ilə orada görüşüb, tanış olmuşduq.
- Əsərləriniz haqqında danışaq. Öz yazıçılığınız, yaradıcılığınızla bağlı tezislər yazmısınız. Mənə həmişə maraqlı gəlib, niyə məhz ədəbiyyatın teatrla bağlı olan janrını seçdiniz, niyə başqa bir janr yox?
- Teatr məni seçdi, mən onu yox. Bayaq qeyd etdim ki, şeir də yazmışam, hekayə də, ssenari də, ədəbi tənqid də. Amma nəyi daha uğurlu yaratdığını yazıçı özü hamıdan yaxşı bilir. Mən də baxdım ki, qabiliyyətimi dialoqlar daha yaxşı ifadə edə bilir. Ədəbi tənqidi birmənalı şəkildə çıxartdım siyahıdan çünki getdikcə özüm də ziddiyyətli, qarışıq fikirlərə qərq olurdum. Hekayə və ya roman yazarkən insan özü ilə zidd olanları və ya öz içindəki qarışıqlığı tam əks etdirə bilmir, amma dramda yaratdığın qəhrəmanlar daxilimi dincəltmək üçün geniş imkanlar yaradırdı. Yaratdığım qəhrəmanlar təkcə dilləri, danışıqları ilə bir-birlərinə zidd olduqlarını göstərmirlər, onlar eyni zamanda düşüncə, tərz, davranış baxımından da ziddiyyət içərisindədirlər.
- 1950-ci ildə fransız səhnəsində “Keçəl Soprano” ilə göründünüz, hətta peyda oldunuz deyərdim. Həmin ərəfələrdə eyni məzmunlu səhnələrlə Adamovun əsərləri səhnələşdirildi. İki il sonra isə Beket “Qodotu gözləyərkən”-lə inanılmaz diqqət yığdı. Fərdi keyfiyyətləri, keçmişləri, tərzləri, üslubları, düşüncələri tamamilə bir-birinə zidd olan üç imza “absurd teatr” adlı yeni bir məfhum yaratdı. Bu adla, ümumiləşdirmə ilə razısınızmı?
- Həm hə, həm yox. Bu adı bizi, əsərlərimizi və teatrı ümumiləşdirərək verən Martin Eslin olub. Haqqımızda kitab yazmışdı. Əvvəlcə “absurd teatr” ifadəsini rədd etdim, Sartr və Kamyunun ekzistentializmini təqlid etmişik kimi qəbul edilmək istəmədim. Amma sonra üzərinə qalaq-qalaq düşündüyümüz və yazdığımız düşüncənin hələ Şekspirin “Makbet”-indən bəri mövcud olduğunu kəşf etdim, dünyanın səs-küy və nifrətdən ibarət olduğunu, başdan-başa dəyərsiz və nəticəsiz olduğunu anladım. Makbet də taleyin və boşluğun, anlamsızlığın qurbanı idi, Oedipus da. Amma onların məhvi taleyin gözündə heç də absurd deyildi, əksinə olmalı olan idi. Çünki tale, qismət adlandırılan məchulun belə normaları, şərtləri, ruhu, qanunları var və onlarla zarafatlaşmaq istəyən, onları dolamağa, pozmağa çalışanlar cəzasız qala bilməz. Məsələn, Oedipus anası ilə yatır, atasını öldürür və taleyin qanunlarını pozur. O bunun qarşılığını əziyyət çəkərək ödəməlidir. Bu tragediyadır və absurddur, amma eyni zamanda bir xatırlatmadır, rahatlatmaq üsuludur, çünki taleyin qanunlarını pozmasaq, əziyyət çəkmərik ideyasının doğruluğuna çıxır nəticə. Amma bizim qəhrəmanlarımız belə deyil. Onlar üçün qanun, şərt, qorxu, qayda, sərhəd anlayışı yoxdur. Onlar səbəbini dərk edən, amma ifadə etməyən mənəvi tükənmişlərdir, bəzən səbəbi özləri də tapa bilmir. Onlar tamamlanmamış oyuncaqlardır, oyunu yarım qoymaq istəyənlər. Onlar düşünməyin əzabı altında əzilən, heç nədə məna tapmayan və artıq məna axtarmayan müasir insanlardır.
- “Keçəl Soprano” və “Dərs” –in qazandığı uğur sizə qəfil və ziddiyyətli məşhurluq gətirdi. Ondan sonra nə dəyişdi, sizə daha çox diqqət ayrıldı? Ədəbi görüşlər və müzakirələrə aldığınız dəvətlər çoxaldı?
- Hə, eyni ilə belə oldu. Artıq Parisdə ədəbi mərkəzlər qalmayıb, o vaxt ikisi var idi. Ədəbiyyat, incəsənət, rəssamlıq, musiqi dünyasından kimi istəsən tapa bilərdin orada. Adını çəkdiyiniz iki əsərdən sonra mən də tez-tez dəvətlilər arasında olurdum.
- Necə düşünürsünüz, sosial fəaliyyət, əyləncə həyatı, gecələr, ümumiyyətlə, dünyəvi zövqlər yazarın diqqətini dağıdır, onun ədəbi fəaliyyətinə ziyan vururmu?
- Müəyyən qədər hə. Amma ədəbiyyat tarixinə nəzər salsanız, əyləncələrin sevimli üzü olan nəhəng ədiblərin sayı da az deyil – Valeri, Klaudel, Henri Ceyms. Valeri özü qeyd edir ki, səhər saat beşdən doqquza kimi işləyir, günün qalan hissəsini isə əyləncələrə sərf edib.
- Uğur haqqında nə düşünürsünüz? O, yazıçının məhsuldarlığını zədələyirmi?
- Baxır kim ondan necə yararlanır, necə istifadə edir. Onun gətirdiyi hisləri özümdən uzaq tutmağa, unutmağa çalışdım, amma hələ də onsuz dayana bilmirəm. Narkotik aludəçisi təsəvvür et, kimsə məndən danışmasa, yazdığımı müzakirə etməsə və bu, mütəmadi hal alsa, dərhal özümdə müəyyən simptomlar axtarmağa çalışıram.
- Sonra ardarda dörd dram yazdınız – “Amédée”, “The Killer”, “Exit the King”və “Rhinoceros” – Berangeri zəiflətdiniz. Onun haqqında kifayət qədər danışdığınızı düşündünüz?
- Adını dəyişdim, düşündüm ki, insanlar bu obrazdan bezə, yorula bilərlər. Onu Cin və ya sadəcə Obraz adlandırdım.
- Bir qədər də iş rejiminiz haqqında danışaq. Necə işləyirsiniz?
- Səhərlər erkən oyanıram və işə başlayıram. Rahat kresloda, katibəmlə üzbəüz əyləşirəm. Xoşbəxtlikdən o olduqca xoşrəftar, zərif, intelligent xanım olsa da, ədəbiyyata dair bir şey bilmir. Bu ona görə yaxşıdır ki, yazdıqlarımın pis və ya yaxşı olduğunu dəyərləndirməyə cəhd etmir, nəyisə düzəltmək iddiasında olmur. İndi sizinlə danışdığım kimi, aram-aram və səbrlə danışıram, o da yazır. Obrazların və simvolların daxilimdə yaranmasına çalışıram, xəyal etdiyim kimi olmalarını istəyirəm. Yuxularımda gördüyüm və ya xəyalını qurduğum şeyləri unutmamağa çalışıram. Xəyal mənə elə gəlir ki, müəyyən mənada reallıqdır, çünki təbiəti etibarilə xəyal etmək, kəşf etməkdir və kəşf yalan ola bilməz. Nəyisə sübut etməyə çalışan yazıçıları mütaliə edə bilmirəm, çünki sübut ediləcək bir şey yoxdur, təsvir ediləcək, xəyalı qurulacaq şeylər var. Katibə ilə işləyənə kimi həmişə - 25 il özüm yazmışam qələmlə. Amma indi bu alınmır, əllərim çox titrəyir və əsəblərimi korlayır.
- Ən sevdiyiniz əsərini hansıdır?
- Son zamanlar yazdıqlarımdan “The Chairs” çox könlümə yatıb. Qoca kişi uşaqlığını səhnə-səhnə xatırlayır, onun xatirələri sönən şamın şölələrinə bənzəyir, qapısı çoxdandır bağlı olan bağı xatırlayır, ömrünün ən yaxşı günlərini keçirdiyi bağı. Mənim nəzərimdə bu cənnətdir – itirilmiş cənnət.
- Gələcək nə göstərəcək bilmək olmaz, amma bugün ədəbi çevrədə yeriniz və imzanız olduqca təhlükəsiz mövqedə dayanır. Öz işinizi necə dəyərləndirərdiniz?
- Son zamanlar tez-tez gözümün önündə canlanan mənzərəni, yuxumu paylaşmaq istəyirəm. Məktəbli olanda, artıq onda Buxarestə qayıtmışdıq, atam hər axşam otağıma gəlib, ev tapşırıqlarımı yoxlayırdı. Yazı stolumun çəkməcələrindən nə də tapmasa, şeir, şəkil, nəsə fikirlər qaralanmış vərəqlər tapardı. Çox əsəbləşirdi, mən də mübahisə etmədən, tənbəl olduğumu, heç bir işə yaramadığımı deyirdim. Bu yaxınlarda yuxuda gördüm ki, mən yenə balacayam, atam otağıma gəlib tapşırıqlarımı yoxlayır və deyir: “Mənə deyirlər ki, sən dünyada adını xatırladacaq kitablar yazmısan, hanı yazdıqların mənə də göstər”. Mən cəld hərəkətlərlə çəkməcələri açıram, amma imzalı vərəqlər, kül və tozdan başqa heç nə olmur orada. Atam əsəbləşir və onu sakitləşdirmək üçün “Haqlısan, ata, mən heç nə etməmişəm, heç nə, heç nə” – deyirəm. Odur ki, mən heç nə etməmişəm.
- Hələ də yazmağa davam edirsiniz.
- Çünki əlimdən başqa bir iş gəlmir. Boğazıma qədər ədəbiyyata bulaşdığım üçün həmişə peşman olmuşam. Keşiş olmağa üstünlük verərdim, amma bayaq da qeyd etdiyim kimi şöhrət və axtarılan adam olmaq hissim mənə həmişə qalib gəlib.
- Ədəbiyyat nə ilə özünə bəraət qazandıra bilər, onun var olmasının əsas səbəbi nədir?
- İnsanları əyləndirmək. Amma bu elə də vacib deyil. Bəli, insanlara yeni, fərqli dünyalar təqdim etmək, varlığın möcüzələri ilə qarşılaşdırmaq vacibdir. Əgər belə cümlə yazsam “Qatar stansiyaya çatdı” bu, olduqca banal səslənəcək, amma eyni zamanda sensasiyalı da ola bilər, bunu yazar təyin edir. Ədəbiyyat həm də insanlara kömək edə bilər. Rumınıyalı və alman iki tərcüməçim var idi, ikisini də “Exit the King” əsərini tərcümə edərkən itirdik. İkisi də xərçəng xəstəliyinə düçar olmuşdular, amma deyirdilər ki, bu əsər bizə çox kömək edir, ona görə də onun tərcüməsindən imtina etmədilər. Düzdür, bunu həmişə absurd qəbul etmişəm, ölüm fikri, insanın faniliyi düşüncəsi ilə əsla məşğul olmamışam. Görürsən, burda belə mənimlə bağlı ziddiyyət var. Baxmayaraq ki, əsla özümün ölümlə bağlılığım haqqında düşünməmişəm, amma həmişə ölümlə dialoqlar yazmışam, qəhrəmanlarım “Niyə? Niyə?” axtarışında olublar. Bəlkə yalnız ölüm məni sakitləşdirə bilər. Yalnız ölüm hərəkətsiz qoyar dodaqlarımı.
“Hər şey, şey tərəfindən... Kimin tərəfindən? Bəsdir, tərsləşdik, etiraf etməliyik ki, hər şey Tanrı tərəfindən düşünülmüş bir səhnədir. Etiraf edirəm ki, ona inanıram. Amma kainat həqiqətən də xüsusi yazılmış səhnəni xatırladır, başını-sonunu bilmədiyim bir səhnə olsa da. Necə yazılıb bilmirəm, amma göz qamaşdırır. Bunu kimsə inkar edə bilməz. Bəlkə də buranı ona görə belə diqqətli yazıb ki, o biri dünyanı başlı-başına özbaşına, azad, sərbəst buraxa bilsin. Bəlkə zaman-zaman yanılıram. Bəlkə də onun hər elədiyimizi əvvəlcədən müəyyənləşdirdiyi düşüncəsi yanlışdır. Yox, gündəlik və bəsit həyatın üstünü örtən və kənardan çox içimizdə hökm sürən yüngül örtüyü qaldırmaq vaxtıdır. Diqqətlə izləyəndə istər sevinc, istər kədər heç nə sıradan, sadə, bəsit deyil. Nə səfehləyirəm, əlaqəsiz şeylər danışıram. İnsan həyatı, davranışları, insanlığın teatrı, böyük teatrın yerini tutan bəsit nümunədən başqa bir şey deyil” – “Yalnız Adam”
banner

Oxşar Xəbərlər