ABŞ senatorlarından FİFA-ya müraciət
ABŞ senatorları FİFA-ya müraciət edərək, DÇ-2018 üçün tikilən
stadionlarda Şimali Koreyadan olan fəhlələrin işlədilməsi ilə bağlı yayılan
məlumatı araşdırmağı tələb ediblər.
Kaspi.az xəbər verir ki, bu ilin may ayında "Guardian” qəzeti
Sankt-Peterburqda inşa edilən stadionda şimali koreyalı fəhlələrin
işlədildiyini və onların hüquqlarının pozulduğu ilə bağlı məlumat dərc
edilmişdi.
Bununla bağlı İsveç, Norveç, Danimarka və İslandiya futbol
federasiyalarının da FİFA-ya məktub göndərdiyi bildirilir. Qəzet FİFA-nın
cavabını da dərc etmişdi. Cavabda göstərilirdi ki, FİFA ötən il belə fakt
aşkarlasa da, 2017-ci ilin mart ayında aparılan təkrar yoxlama zamanı belə hala
rast gəlinməyib.
Senatorlar məsələnin araşdırılmasını və DÇ-2018 üçün tikilən
stadionlarda çalışanların hüquqlarının qorunmasını tələb edirlər. DÇ-2018-in
təşkilat komitəsinin sədri Vitali Mutko xarici mətbuatı böhtan atmaqda ittiham
edib və tikintisi gedən stadionlarda bütün işlərin FİFA-nın təlimatları
əsasında aparıldığını bildirib.