• çərşənbə axşamı, 19 mart, 12:02
  • Baku Bakı 8°C

Mənim bir yazı günüm

15.01.18 16:30 2775
Mənim bir yazı günüm
"Kaspi” qəzetinin "Mənim bir yazı günüm” layihəyəsi davam edir. Bu layihə çərçivəsində yaradıcılıqla məşğul olan tanınmış simalar özlərinin məhsuldar hesab etdikləri bir yaradıcı günü təsvir edirlər. Növbəti qonağımız yazıçı, tərcüməçi Kamran Nəzirlidir.
Mən Əkizlər bürcündənəm, bəxtim hər zaman gətirir, xüsusilə, yazı yazanda, yaradıcılıqla məşğul olanda. Ömrüm boyu həm xidməti fəaliyyətlə, həm də yaradıcılıqla və ictimai işlərlə məşğul olmuşam, hər iki sahədə uğurlarım olur. Əlbəttə, sırf yazıçılıqla məşğuliyyət adama su və çörək vermir, yazıçılıq yalnız mənəvi stimul gətirir. Həmişə arzulamışam ki, kaş mənə də atamdan, babamdan böyük bir sərvət qalaydı Con Qolsuorsi kimi (çox da yox, 1-2 milyon), oturub yalnız gözəl hekayələr yazardım, kitablarımı çıxarıb yayardım, dünya səyahətinə çıxardım, hələ bir Nobel mükafatı da alardım... Təəssüf ki, arzularla imkanlar arasında çox vaxt uzun məsafələr olur. Bununla belə, çalışıram ki, hər iki sahədə balansı qoruyub saxlaya bilim, maddi-mənəvi təsərrüfatımı əldə etdiyim, qazandığım xırda resurslarla da olsa, idarə edə bilim.
Əvvəla, gün ərzində çalışıram ki, vaxtımı yox, enerjimi idarə edim. Ümumiyyətlə, məncə, insanlar öz enerjisindən düzgün istifadə eləsələr, daha faydalı olar. Günün hər hansı bir saatında mənə yazmaq həvəsi gələ bilər, amma bu həvəs, necə deyirlər, "ilham pərisi” də enerjiyə bağlıdır. Bu enerjini vaxtında və düzgün sərf edə bilirəm: xidməti işimə, evə, ailəyə, yaradıcılığa, dostlara... Mənim gündəlik planlarım olmur, adətən. Amma il ərzində görəcəyim, yaxud görməli olduğum işlərin siyahısını tərtib edirəm. Bunu hər ilin sonunda özümə hesabat vermək üçün edirəm. Tələsmədən, səbirlə illik işlərimi həyata keçirirəm. Xüsusilə kitablar, tərcümələr və yaradıcılıq ezamiyyətləri barədə əvvəlcədən hazırlıq işləri görürəm. Onu da deyim ki, hələ orta məktəbdən qeyd dəftərçələrim, bloknotlarım durur, saxlamışam; müxtəlif tarixlər, mövzular, xidməti fəaliyyətlə bağlı qeydlər, insanlar, şəhərlər, kəndlər, kəlamlar, müsahibələr üçün hazırladığım suallar, cavablar və s. Buna adət eləmişəm.
Mütləq 7 saat yatmalıyam, yatmasam, işləyə bilmirəm. Adətən yataqda olanda düşünürəm, əlbəttə, bütün günü hekayə və ya görəcəyim işlər barədə düşünmürəm, amma əksər hekayələrimin süjeti və ideyası yataqda, yuxu öncəsi düşünülüb. Sonra onların qısa icmalını hazırlayıram, kompüterdə ayrıca fayllarım var: hazır hekayələr, çapa gedəcək yazılar, yaxud da hazır mövzu və süjetlər. 130 hazır süjet var ki, onları gərək işləyəm. Hər bir hekayəyə gərək özünü kökləyəsən. Elə ki, kökləndin, yazmaq asan olur, 1-2 saata yazırsan. Sonra onları dəfələrlə oxuyub düzəlişlər edirəm. Qoyuram qalsın, əhvalım olanda bir də götürüb oxuyuram, yenə düzəlişlər edirəm, ta ki mətn məni qane etsin. Bu cəhətdən çox vasvasıyam. Bəzən elə olur ki, bir müddətdən sonra eyni hekayənin üstündə yenə işləyirəm. Çox vaxt əvvəlcədən hazırladığım süjet, yaxud ideya alınmır, tamam başqa bir ovqat, başqa ruhlu hekayə alınır.
Mənim üçün hazır, qəlibə salınmış iş qrafiki yoxdur. Yenə təkrar edirəm ki, özümü bəlkə də iki yerə yox, yüz yerə parçalamışam. Tələbə vaxtımdan beləyəm. Buna görə də yaradıcılıqla bağlı hər hansı bir cədvəl, ya da qrafik tutmuram. Harda olsa, nə vaxt olsa, yaza bilərəm. Lap səsli-küylü, ya da sakit bir yer olsun, fərq eləməz. Sübh çağı işləməyi xoşlayıram, elə hallar olur ki, tez yatıram, amma səhər saat 4-5 arası durub işləyirəm, iki-üç saat çəkir. Spirtli içki qəbul etdikdən sonra heç vaxt yaradıcılıqla məşğul olmamışam və olmuram. Bəzən deyirlər ki, içki içəndə adam yaxşı yazır, amma mən belə düşünmürəm. Yazı yazanda masamın üstündə mütləq çay və ya kofe olmalıdır. Olmasa, yaza bilmərəm. Yazı yazanda siqaret çəkmirəm. Çox isti, çox soyuq otaqda işləyə bilmirəm. Oturduğum yer narahat olsa da olar, mənim üçün fərq eləmir. Amma otaq temperaturu normal olmalıdır. Bir balaca isti, ya soyuq olanda bütün yazı ovqatım ölür. Çox az danışıram. Bəzən bir saat ərzində 3-4 işi eyni zamanda görə bilirəm. Bu zaman fikirlərim qarışmır, uşaqlıqdan beləyəm. Bəzən bir hekayə barədə uzun müddət düşünürəm, amma yaza bilmirəm. Belə vaxtlarda qaraqabaq oluram, hər xırda şey məni qıcıqlandıra bilər. Elə ki, hekayəni yazdım və mətn ürəyimcə oldu, həmin vaxt məndən yaxşı hədiyyə də ala bilərlər, uşaq kimi sevinirəm. Xanımım xasiyyətimi bilir, yazıçı qızıdır və 33 ildir ləyaqətlə dözür, mənim bütün sevinclərimə məmnuniyyətlə şərik çıxır. Bu cəhətdən də bəxtim gətirib.
Məni ən çox yoran yazmaq deyil, boş-boş söhbətlər olur. Bəzən elə olur ki, bir məclisə məcburən düşürsən, adamlar çox olur, hərə bir şey danışır, mən də qulaq asmaqdan yoruluram. Yəni təəccübləndirici, ya da heyrətləndirici şeylər eşitməyəndə, yoruluram, çalışıram ki, həmin məclisdən, yaxud adamlardan tez aralanım. Bəzən yeməyə, dostlarla axşam yeməyinə çox vaxt ayırıram, təxminən 3-4 saat. O da hər gün olmur, cümə günləri, adətən, axşam saat altıdan sonra. Çalışıram ki, telefonda az danışım. Gün ərzində demək olar ki, telefon danışıqlarına 15-20 dəqiqə vaxtım gedir. Geyinməyə, yuyunmağa, qısa idman hərəkətlərinə və piyada gəzintiyə də az vaxt sərf edirəm. Gün ərzində demək olar ki, 20-30 dəqiqə. Son vaxtlar gec-gec maşın sürürəm. Yalnız şənbə və ya bazar günləri, qalan günlərdə ictimai nəqliyyatdan istifadə edirəm.
Evdə tək olanda çalışıram ki, vaxtımın çox hissəsini yazı-pozuya həsr edim. Xüsusilə şənbə-bazar günləri. Mütaliəyə də çox vaxt ayırıram. Həftənin şənbə günü mütləq qonşuluqda qəzetçi Talıbdan "Ədəbiyyat qəzeti", "525-ci qəzet", "Kaspi" və "Ədalət" qəzetlərini alıram və oxuyuram. Talıb məni tanıyır və həmin gün qəzetlərimi də ayrıca büküb saxlayır. Bir dəfə iki şənbə Bakıda olmadım, növbəti şənbə gəlib qəzet alanda Talıb gülə-gülə "qəzetlərini saxlamışam!" dedi. "Heç kimə satmamışam!". Mənə ləzzət verdi bu sözlər, köhnə qəzetləri də aldım. Qalan günləri internetdə oxuyuram. Ümumiyyətlə, mütaliəyə (qəzet, kitab, internet, facebook) gün ərzində 1-2 saat ayırıram.
Qəribə görünsə də, məndə uşaqlıqdan kitabxana yaratmaq həvəsi olub – anamdan, xalamdan keçib. Evdə kitab rəflərim doludur, hətta iki cərgə ilə yığılan kitablarımın üstünə də kitablar yığıram, hansı kitabın hansı cərgədə olduğunu da yaxşı bilirəm. Ola bilsin ki, 20-30 il bundan qabaq oxuduğum, yaxud da dünən oxuduğum kitabın bütöv məzmunu yadımdan çıxsın, bu barədə yaddaşım zəifdir, amma o kitabın rəngi, mövzusu, formatı... heç vaxt yadımdan çıxmır və hara qoymuşamsa, o yer yadımdan çıxmır. Mən sovet dövründə anamdan qalan köhnə kitabları da saxlamışam, yer yoxdu deyə, hamısını karton yeşiklərdə saxlayıram, bir hissəsi balkonda, bir hissəsi bağda, bir hissəsi rayonda... Allah qoysa, mənzil şəraitimi yaxşılaşdırandan sonra böyük bir kitabxanam olacaq. Ən böyük arzum da budur. Hərdən evdə deyirlər ki, nəyə lazımdı bunlar, at getsin, onsuz da hər şey internetdə var. Atmıram, internetdə o kitablardan yoxdu. Misal üçün, bir dəfə Yaponiya haqqında məlumat əldə eləmək istəyirdim, istədiyim şeyi kompüterdən tapa bilmirdim. Yadımda idi ki, sovet dövründə aldığım "Sakura budağı" kitabım var, rus jurnalisti Ovçinnikov yazıb; hansı cərgədə olduğunu da dəqiq bilirdim. Axtardım, tapmadım. Sən demə, rəhmətlik qaynanam kitab rəflərini təmizləyərkən həmin kitabın yerini dəyişib, harasa qoyub. Evdə qırğın düşdü, hamı əl-ayağa düşüb axtarmağa başladı. Tapdıq. Hamı təəccüblə deyirdi ki, axı sən düz iyirmi ildi o kitabın üzünü açmamısan, necə oldu ki, yadına düşdü və yerini də dəqiq bildin... Ümumiyyətlə, kitablarıma kimsə əl vuranda, yaxud götürüb istifadə edəndən sonra yerinə qoymayanda, əsəbiləşirəm. Artıq bunu evdə hər kəs bilir.
Mən gün ərzində daha çox müşahidə edirəm. Çalışıram ki, diqqətimdən heç bir şey yayınmasın, yəni ətrafımda baş verən hadisələr və proseslərə daha diqqətlə vaxt ayırıram. Düşünürəm ki, bu, həyatdı, ondan öyrənmək daha faydalıdır. Günümün əsas hissəsi də həyata, real proses və hadisələrə sərf olunur.
Kamran Nəzirli
banner

Oxşar Xəbərlər