Müharibə qadınının ədəbiyyatı

Müharibə qadınının ədəbiyyatı

31 May 2016, 10:50 1451

Yazar hadisələri deyil, hadisələrin ruhunu analiz edirdi, hislərin süjetini izləyirdi. Hadisə necə baş verdi, yox, hadisə zamanı bu qadınlar hansı hissləri yaşadı? - sualı həll olunmalı idi romanda... Romanist səpələnmiş kərpiclərdən onların əziz xatirəsinə məbəd tikir. Bu roman yazılmasaydı da onların adlarını əbədiləşdirmək olardı, amma onların yaşantılarının bu dərəcədə səmimi və real cizgilərini, rəsmini çəkmək mümkün olmazdı. Bu unudulmuş insanlar öz əzablarının mahiyyətini açanda deyir: "İnsanı ən çox ağrıdan odur ki, bizi böyük keçmişdən qovub dözülməz, xırda bugünə gətirib çıxarıblar. Artıq heç kim bizi məktəbə, muzeyə çıxış eləməyə çağırmır, artıq biz lazım deyilik. Biz artıq yoxuq, amma biz hələ sağıq. Öz dövrünü yaşayıb başa vurmaq çox dəhşətlidir...”

İlk baxışdan romanda fraqmentallıq hiss olunur, sanki əsər xatirələr toplusudur. Ancaq mətnaltı prosesdə hadisə və ideya öz möhkəm süjeti əsasında inkişaf etdirilir. 41-dən repressiyalara - (həm müharibədən əvvəlki 37-ci illərə, həm də müharibədən sonrakı 47-48-ci illərə) yollar çəkir yazar... Müharibə insanının bitməyən sarsıntılarının yollarını...

Stalin bu qadınların atalarını, qardaşlarını, dayılarını repressiyaya məruz qoyub. İndi onlar bu yaranı, dərdi sanki "müharibədən sonraya” saxlayır və vuruşur, qalib gəlir. Müharibə bitir, təqib və işgəncələr isə bitmir. Öz vətəndaşının mənəvi-psixoloji mövcudluğu üzərində amansız eksperimentlər aparan Stalin hərbi savaşda uddusa da, insanlarının mənəvi süqutunu tezləşdirdi və daimi qorxu içərisində çabalayan böyük, bir imperiyalıq əzilmiş insan ordusu yaratdı...

Roman qəhrəmanları ilə bağlı düşüncələr dramatikləşəndə yazıçı "Senzorla söhbətdən” başlıqlı dialoqla dövrün ictimai-siyasi mənzərəsini canlandırır. " - Bu kitabdan sonra kim döyüşə gedər? Siz qadını prmitiv naturalizminizlə alçaldırsınız. Özü də qadın-qəhrəmanı. Onu hörmətdən salırsınız. Onu adi qadın kimi göstərirsiniz... Onlar isə müqəddəs varlıqlardır...

- Bu fikirlər sizdə hardandı belə? Yad fikirlərdir. Sovet düşüncəsi deyil. Siz qardaşlıq məzarlarında yatanlara gülürsünüz. Remarkı oxuyub zəhərlənmisiniz. Bizdə Remarkizm keçməz. Sovet qadını heyvan deyil...”

Romanın bu yerində artıq müharibə mövzusu ictimai-siyasi ideya mübarizəsi fonunda təhlil edilir. Yazıçı müharibə insanının taleyini sonacan izləyir və aydın olur ki, insanlar uğrunda fəda olduqları ideyanın düşmənləri kimi sürgün edilməyə, təqib olunmağa başlayır. Yazıçını isə "remarkizm”də günahlandırırlar… Həm yazıçı, həm də onun tarixi qəhrəmanları ittiham, təhdid, hədə kabusunun təhlükəsi ilə üzbəüz dayanıb… "41-in qızları”na, müharibəni udub, taleyini uduzmuş müharibə qadınlarına ədəbi və əbədi tarix yazmaq zamanını Svetlana Aleksieviç qaçırmaq fikrindən uzaqdır. Dinc dövrün, "sosializm əminamanlığının” ağır şərtləri altında diksindirici həqiqəti bəyan etmək on illərin qələbə paradları önündə addımlayan müharibə generallarına, ideologiyaya, bu ideologiyanın saxta ədəbiyyatına, bu ədəbiyyatın patriarxlarına üsyan etməyə bərabər idi. Svetlana Aleksieviç bu qəhrəmanlığı etdi. Müharibənin və müharibə qadınının əsil tarixçəsini yazdı. Hisslərin, ruhun, yaşantıların saxtalaşdırılmış tarixi obrazı, siması ədəbi, ilahi sözün məhkəməsindən keçdi, bəraət aldı və ədəbiyyatlaşdı… Bu dəfə əksinə oldu: fakta söykənən tarix təxəyyülə söykənən ədəbiyyata uduzdu. Çünki tarixin saxtalaşdırdığı böyük bir faciənin əhvalatını, təhkiyəsini ədəbi-ilahi söz nizama saldı, doğruladı, olduğu kimi yazdı. Tarixi olduğu kimi yazanda ədəbiyyat olmur. Amma bu qadınların müharibə taleyi özü artıq bir bədiyyat idi, bədii mətn mövzusu idi, bütün cizgilərilə…

Müharibəni udmuş sovet insanları, eləcə də bu qadınlar inanırdı ki, "müharibədən sonra hər şey dəyişəcək... Stalin öz xalqına inanacaq. Lakin müharibə qurtarmamış artıq Maqadana eşalonlar yollanırdı... Qaliblərlə dolu eşalonlar... Əsir düşən əsgərlərimizi həbs etmişdilər, alman düşərgələrində sağ qalan adamları tutmuşdular, almanların əsir götürüb işləməyə apardıqlarının hamısını; kim ki Avropanı görmüşdü hər kəsi tutub basmışdılar. Bəs necə? Danışa bilərdi-oralarda xalq necə yaşayır... Kommunistlərsiz necə yaşayırlar. Oralarda necə evlər vardı, necə yollar... Heç yerdə kolxoz-zad yoxdur...” Halbuki müharibə başlayanda xalqa müraciət edən Stalinin ilk sözü "Qardaşlar və bacılar!” müraciəti, xitabı olmuşdu… İndi isə bu qardaş və bacılar düşmən kimi cəzalanırdı…

Bəli, doğrudan da müharibəni ölkəsinə qələbə ilə başa çatdıran insanlar yenidən təqib və ittihamlara məruz qaldı, yenə hamı susdu. Susur və qorxurdu 37-ci illərdə olduğu kimi…

Hadisələrin məzmunundan da görürük ki, yazar tarixin sadəcə 5 ilində (1941-1945) ilişib qalmır, onun mətinin zaman limiti yoxdur, çünki o, hadisələrin deyil, insanın da deyil, insanın ağrılarının, sıxıntılarının zamanı, tarixi, prosesi haqqında düşünür daima. Onun baş qəhrəmanı ağrıyan, təhqir olunan hisslərdir… Əlbəttə, qəribə görünə bilər… Amma mən bu sətirləri yaza-yaza xanım yazarın müsahibələrindən birində söylədiyi təxminən bu şəkildə yadımda qalmış bir fikri haqqında düşünürəm. O deyirdi ki, "Səslərin romanı”nı yazıram, küçədəki səslərin… mənim kitablarımın mövzusu küçələrdədir, küçələrə səpələnib…

Müharibədən sonra bu qızlardan soruşurdular: ”Nə qədər alman öldürmüsən?” İstehzalı, əyləncə xarakterli belə suallardan qızlar bəzən inciyirdi. Çünki vaxtilə onlara öldürmək ölməkdən daha ağır gəlmişdi. Düşmənə rəhm və mərhəmət jesti nümayiş etdirəndə komandirləri demişdi: "Əvvəlcə faşistləri qovaq, sonra rəhm edərik...Yazığımız gələr. Sonra... Başa düşürsən? Sonraya saxla...” Amma o hissi geriyə qaytarmaq mümkün olmadı, heyif… Bu qadınlar da kobud, amansız, acımasız olmağa başladılar sonradan. Müharibə bütün digər ülvi hisslər kimi bu duyğunu da onlardan almışdı. Onlar üçün hər şey hərb qanunları dairəsində idi. Hər şey ağ-qara filmlərdə olduğu kimi idi - yalnız ağ, ya da yalnız qara. "Qulaq asın. Müharibə nə qədər çəkdi? Dörd il! Çox uzun çəkdi! Nə quş, nə də gül gördüm. Yadıma gəlmir onlar. Əlbəttə, onlar vardı, lakin mən onları xatırlaya bilmirəm. Hə, hə... Qəribədi, elə deyilmi? Məgər müharibə haqqında rəngli film ola bilər? Orda hər şey qaraydı. Təkcə qanın rəngi başqaydı... Təkcə qan qırmızı rəngdəydi...”

Romanda çoxlu "müharibəsini danışan qadın” obrazı var. Müxtəlif intonasiyalar, müxtəlif həyəcanlar, müxtəlif qorxular və göz yaşları... Qadınlar başlayanda qəhrəman, qalib, udan döyüşçü kimi danışmaq istəyirlər (axı Svetlanaya qədər bütün jurnalistlər və məktəblilər onlardan ancaq bunu tələb edirdi) sonda isə uduzmuş, məğlub, yazıq biri kimi göz yaşı ilə söhbətlərini tamamlayırdılar... Müəllif isə onları dinləyəndə nə qədər həyəcanlı olsa da təsvir zamanı bir o qədər soyuqqanlılıq nümayiş etdirir. Ən ürəkağrıdan detallarda belə yazıçı təmkinini pozmur. Məsələn, "Mənim üçün ən dözülməz hal amputasiya idi... Tez-tez ayaq kəsirdilər... mən isə dözə bilmirdim...güclə aparıram ayağı ki, ləyənçəyə qoyum... Yadımdadı, onlar çox ağır idi. Sakitcə götürürsən ki, yaralı eşitməsin, elə bil uşağı əlində aparırsan... Balaca uşağı... Xüsusilə, əgər ayağı dibdən kəsirdilərsə... dizdən yuxarı... Mən öyrəşə bilmirdim. Yaralılar narkoz altında inildəyirlər, ya da söyüş söyürlər. Üçmərtəbəli rus söyüşləri. Mənim üst-başım həmişə qan olurdu... Gah qırmızı, gah qara qan...”

Bu qızlara ağlamağa da icazə vermirdilər, "ağlayanda gücdən düşürsən və yaralıları daşımağa heyin qalmır, sonra, sonra ağlayarsan…” – deyirdilər… Doğrudan da, hələ onların qarşısında ağlamaq üçün uzun-uzun yuxusuz gecələr, uzun-uzun tənhalıqlar vardı…

SSRİ xalqları ədəbiyyatında müharibə mövzusunda yazılan ədəbiyyatda mütləq müharibənin tərəfləri olurdu – hücumçu, qəddar, vəhşi və müdafiəçi, məzlum, ədalətli tərəf… Filmlərdə də belə idi.

Lakin "müharibənin qadın üzü yoxdur” romanında sadəcə müharibə var, "Müharibə” anlamlı vəhşiliyin qurbanları var - fiziki və mənəvi… Ölmüş, yaralanmış hislər, sevgisi nifrətə çevrilmiş qurbanlar var…

Nobel mükafatını"Polifonik yaradıcılığı - zəmanəmizdə iztirab və cəsarətə abidə qoyduğu üçün”alan Svetlana Aleksieviç 1989-cu ildə "Sink oğlanlar”adlı kitabını əfqan müharibəsinin nəticələrinə, 1997-ci ildə"Çernobıl duası”kitabını isə Çernobıl qurbanlarının xatirəsinə həsr edir. İztirab və cəsarət... Bu yazıçının romanlarında təkcə iztirabın romantikası yox, həm də real, toxunula biləcək qədər həyati və gözlə görüləcək qədər canlı iztirab çeşidləri var. Oxu prosesində o qədər real məkana düşürsən ki, sanki durmadan axıdılan qan və göz yaşları əllərimizi, üst-başımızı isdadır... Hadisələrin, hətta döyüşlərin içərisində hiss edirik özümüzü... Müəllif sanki hər yerdə bu iztirab və sarsıntıları izləyir. "Müharibənin qadın üzü yoxdur” əsərində isə doğrudan da "iztiraba heykəl qoyub”.

Xatirələrin birində maraqlı bir həyəcan var: qadın almanların tikə-tikə doğradığı düşmən əsgərlərindən danışır, amma başqa səbəbə görə ağlayır. Almanlar bunu atların gözü qarşısında etmişlər. Onlar atlardan utanmadan, çəkinmədən bunu necə edə bildilər? – sualı xatirəsini danışan qadını hələ də sarsıtmaqda davam edir… Bəli biz müharibədə hər şeyə-ata da, quşa da, ota da, günəşə, suya, gecəyə, gündüzə də uduzuruq… Onların gözü qarşısında şeytana açıq-aydın uduzuruq, Allahı ona təslim etməyə cəhd edirik, iblisanə bir qeyz ilə… "...danışın... Susmaq olmaz. Şeytana güzgünü göstərmək lazımdır - düşünməsin ki, o, görünməzdir, onun izləri qalmır. Onları inandırıram...” Yazıçının müharibə həqiqətindəki təsvirlərinə təxəyyül və pafos lazım olmur, reallığın özü bütün rəng və çalarları, poetik ahəngi ilə qarşımızdadır. Sevgi üçün yaradılan insan nifrəti ilə tənəzzülə, məhvə məhkumdur. "Bircə yol var-insanı sevmək! Onu sevə-sevə anlamaq… Mənim üçün bir insan - o qədər çoxdu ki! Onda hər şey var - lap içində aza bilərsən!” Yazıçı romanının janrından, üslubundan danışanda maraqlı bir cümlə işlədir: "Uzun müddət dünyanı mənim gördüyüm kimi ifadə edən janr axtardım. Gözümə, qulağıma uyğun janr. Özümü sınadım... İnsan səslərini özümə janr seçdim…”

Doğrudan da romandan ayrılırıq, amma səslər qalır, təkcə qulağımızda yox, həm də ruhumuzda, düşüncəmizdə, keçmiş, gələcək haqqındakı xəyallarımızda… Yazıçı səsləri obrazlaşdırdı öz əsərlərində… Səslərin rəngini, taleyini, arzularını və ölümünü bizə anlatdı…

Mən indi bir oxucu kimi ədəbiyyatda həm də səslərin portretini, obrazını axtaracam bundan sonra. Fərqi yoxdur, bu səslərin içərisində öz müharibəsini danışanlar da ola bilər, sevgisini xatırlayanlar da… Amma indi bir də öz müharibəmizin – Qarabağ müharibəsi qadınlarının obrazlaşmış səsini eşitmək istərdim həqiqi sənətkar dilindənLukan Mark Anney deyirdi ki, "müharibə başlayanda bütün qanunlar susur”. Ədəbiyyat isə, əslində, həm də bütün susqunluqlar haqqındakı səsdir, səs...

P.S. Svetlana Aleksieviçin bu ölməz əsərini dilimizə Kamran Nəzirli tərcümə edib. Böyük sevgi və məharətlə...

 

İradə MUSAYEVA