• cümə axşamı, 28 mart, 22:05
  • Baku Bakı 13°C

Avropa uşaq ədəbiyyatından seçmələr

02.05.16 11:15 1847
Avropa uşaq ədəbiyyatından seçmələr

Kimin nəyi varsa

Günlərin bir günü artıq daha yaxşı mənzərəsi olan bir yerdə yaşamağa qərar vermiş ağsaqqal bütün dövlətini yığıb, özünə gözəl bir malikanə alır. Lakin onun yeni qonşusu olduqca paxıl bir kişi olur. Paxıl adam yeni qonşusunun sakit və nikbin təbiətini, hamı ilə dərhal mehriban münasibətlər qurmasını həzm edə bilmir. Durmadan yeni ev sahibinin əhvalını korlayacaq işlər tutur. Gah zibilini onun darvazası önünə atır, gah küçəyə sallanan ağaclarını qırırdı.

Bir səhər yuxudan yenə yaxşı əhval-ruhiyyə ilə oyanan ağsaqqal eyvanına bir torba iyrənc heyvan yemi atıldığını gördü. O, qonşusu ilə əsla dalaşmaq niyyətində olmadığından torbanı boşaltdı, içini tərtəmiz yudu və bağındakı almaların ən qəşənglərini dərib torbaya yığdı. Paxıl qonşu qəfildən qapısının döyüldüyünü eşitdi və yeni qonşunun əhvalını nəhayət ki, korlaya bildiyinə sevinərək, qapını açmağa getdi.

Qapıya yüyürərkən yeni qonşunun artıq davaya gəldiyini düşünərək, ona verəcəyi cavabları götür-qoy da edir. Lakin qapıda onun heç gözləmədiyi səhnə əmələ gəldi. Yeni qonşu bir torba almanı gülümsəyərək ona uzatdı və dedi: "Kimdə nə çoxdursa, onu paylaşar” – dedi.

Xoşbəxtlik bizi izləyir

Qoca it küçüyün durmadan quyruğunu tutmağa çalışdığını görüb soruşur:

- Bir dairə ətrafında dönüb, quyruğunla niyə oynayırsan?

- Mən əslində fəlsəfə ilə məşğulam, tamlığın, bütövlüyün problemini həll edirəm. Məndən əvvəl heç bir it nə bu problem, nə də onun həlli haqqında düşünməyib. Tamamlanmanın, bütövlüyün nəticəsi xoşbəxtlikdir. Hamının həyatında xoşbəxtlik əsasdır, vacibdir. Bu xoşbəxtlik isə mənim quyruğumdadır, onu tuta bilsəm, tütövləşəcəm və xoşbəxt olacam. Ona görə mən onu izləyirəm.

- Mənim balacam - yaşlı it başını sallayaraq dedi – sənin yaşlarında olanda mən də eyni sual ətrafında düşünürdüm. Tamlıq və bütövlüyün olması üçün quyruğumun dalınca qaçırdım. Düşünürdüm ki, xoşbəxtlik quyruğumdadır. Ona görə mən özümü xoşbəxt hiss etmirəm. Ancaq sonralar gördüm ki, mən hara getsəm, o məni izləyir. Başa düşdüm ki, xoşbəxtlik hamını izləyir, onun dalınca qaçmağa ehtiyac yoxdur.

Ruh nədir?

Günlərin bir günü nəvə babasını görməyə gəlir. Babasını hər şeyin bilicisi kimi tanıyan balaca onu çoxdan narahat edən suala cavab almağa çalışır:

- Baba, ruh nədir?

Baba maraqlı gözlərini ona zilləmiş nəvəsinə uzun illər əvvəl eşitdiyi bir hekayəti danışır:

- Deyirlər ki, insanın içində üç "MƏN” var. Onlar bütün ömrü boyu insanın yol yoldaşı olur, ona bələdçilik edir, dəstəkləyirlər. Birincisi ən soyuqqanlı olandır. Bu "MƏN”i insanın ətrafında olan hamı görə və ona toxuna bilər. İkinci "MƏN” ilıqdır, istiqanlıdır. Bu, insana ən doğma olan adamlar tərəfindən görülə bilər. Bu iki "MƏN” durmadan insanın iradəsi üzərində hakimiyyət qurmaq üçün mübarizə apararlar. İçimizdəki qürur, şübhə, paxıllıq, qorxu, hərdəmxəyallıq kimi keyfiyyətlər məhz onların getgəli nəticəsində baş qaldırır. Onlar arasındakı qarşıdurmanı yalnız üçüncü mən sakitləşdirə, yoluna qoya bilir. Onu isə heç kim görmür. Hətta çox vaxt insan özü də onun varlığını unudur, ondan bixəbər olur. Amma o daima bizi xatırlayır.

- Bu haqda əvvəllər heç eşitməmişdim - nəvə sükutunu pozur.

Baba gülümsəyir və davam edir:

- Birinci "MƏN” ağıldır. Əgər o insanın iradəsini tamamilə ələ alsa, insan hər yerdə hesabını güdən və soyuq olur. İkinci "MƏN” ürəkdir. Əgər o qalib gəlsə, biz həyatda uduzarıq, daim uğursuzluqlarla düçar olarıq. Hər şeydən inciyər və mənəvi çürümə bizi məhz edər. Üçüncü "MƏN” isə sənin tanımaq istədiyin ruhdur. İnsan yalnız ruhunu dinləyərək, onun göstərdiyi, apardığı yolla gedərək, ağıl və ürək arasındakı tarazlığı qoruya bilər.

Zaman nədir?

Qədim zamanlarda insanların hər şeyi bildiyinə inandıqları bir müdrik yaşayırmış. Müdrikin yanına suallarına cavab tapmaq istəyənlərlə yanaşı, ondan dərs almaq, bildiklərinin hamısını öyrənmək istəyənlər də gəlirmiş. Günlərin bir günü onun kimi müdrik olmağa iddialı gənclərdən biri yenə onun yanına gəlir və ondan uzun müddətdir cavab axtardığı bir şey soruşur:

- Zaman nədir?

- Dünən, bugün, sabah...

Qocanın bu qısa izahsız cavabı gəncə heç də dahiyanə gəlmir. Aldığı cavab onu qane etmədiyindən gənc təəssüf dolu gözlərini qocaya zilləyib soruşur:

- Elə bu? Yəni bu qədər sadə?

- Yaxşı, deyəsən, bununla kifayətlənmək istəmirsən - qoca dilləndi – onda bu hekayəni dinlə. Dünyadakı hər şeyin, eləcə də, dünənlərin, bugünlərin və sabahların yerinin və vaxtının təyin olduğu zamanlarda Bu gün öz payına düşəndən narazı qalır. O, ona ayrılan zamanın uzadılmasını və Həmişə olmaq istəyir. Ondan yaşda daha böyük olan Dünən deyir:

- Mən də sənin vaxtında olanda Həmişə olmaq istəmişdim.

- Bəs, Həmişədən soruşdun bunu necə etmək olar? Əminəm ki, o bunun yolunu bilir – Bu gün həyəcan və maraqla dolu gözlərini dünənə dikdi.

- Soruşdum...

-Və?

- "Dəyişməklə” onun cavabı bu idi. Dedi ki, yalnız dəyişməklə həmişə olmaq olar. Bu gündən çıxıb, sabah olmaqla.

Bu gün bu çoxmənalı cavabdan məmnun qalmamışdı. Bir qədər düşündü:

- Axı, bu necə ola bilər? Bu o deməkdir ki, Həmişə əsla özünə aid deyil. O həmişə başqa zamanlara, başqa anlayışlara aiddir? Deməli, onu nəsə başqa bir şey idarə edir, o yaradır. Bəs, onu yaradan, yaşadan şey nədir?

- Bəlkə də, bu zamandır... – Dünən cavab verdi.

- Zaman? Zaman dediyin şeyi biz təyin edirik. O bizdən ibarətdir – səndən, məndən və Sabahdan. Deməli, həmişəlik əslində, bizdən yaranandır.

Qoca hekayəni bitirmiş kimi dayandı. Əslində, sualına cavab axtaran gənc bu sükutu pozmaq istəmirdi. Lakin bayaqdan səssiz-səssiz onların söhbətini dinləyən bir nəfər sükutu pozdu:

- Axı müdrik qoca, bu o deməkdir ki, zaman, əslində, ötüb keçən şeylərdir. Halbuki heç nə etməsən də, zaman ötüb keçir. Ətalətdə belə o dayanmır.

Qoca mehribanlıq yağan baxışlarını ona çevirib, gülümsəyərək cavab verdi:

- Haqlısan. Bəzən bu gün yaranan bir şey ötüb keçmədən əvvəl yüz illər, min illər boyu davam edə bilir. Bu insanda elə bir təəssürat yaradır ki, sanki dünənlər çox yaxındadır, sanki hər an ona qayıdıb, yenidən yaşamaq olar. Çünki hər dünənin və hər bu günün içində insanın sabahlara aid olan bir ümidi var. Onlar üçü də əhəmiyyətlilik baxımından bir-birindən heç nə ilə fərqlənmir, əslində, amma insan bunu nadir hallarda başa düşə, sezə bilir. İnsan özü üçün ayırdığı bütün dünənlər, bu günlər və sabahlarda eyni duyğulardan, eyni arzulardan eyni formada keçir. Bu üçlü, sadəcə gözləməyi və itirməyi anlamaq üçün mövcuddur.

Britaniya nağılı – "inspirationalstories.com”

İngilis dilindən tərcümə etdi: Elcan SALMANQIZI

banner

Oxşar Xəbərlər