• çərşənbə, 24 Aprel, 05:09
  • Baku Bakı 14°C

Dünya uşaq ədəbiyyatı - 2

18.04.16 11:25 2454
Dünya uşaq ədəbiyyatı - 2
Sükutun gücü
Britaniya uşaq ədəbiyyatı

Co 75 yaşlı mehriban baba idi. O, bütün ömrünü xoşbəxt yaşamış və böyük bir ailə qurmuşdu. Onun övladları yaxşı təhsil almış, daha yaxşı karyera və gələcək qura bilmək üçün başqa şəhərlərə köçmüşdülər. Co isə illər əvvəl itirdiyi həyat yoldaşından qalan xatirələrlə kənddəki evində qalmağa qərar vermişdi. Conun dörd nəvəsi hər bayram tətilində onu görməyə gələrdilər.
Belə bayram tətillərindən birində Co yenə səbirsizliklə nəvələrinin gəlişini gözləyir, gah evi təmizləyir, gah dadlı yeməklər hazırlayırdı. Bazarlıq, ev işləri, həyət-bacanı səliqəyə salmaqla məşğul olarkən, sevimli qol saatını itirir. Mərhum həyat yoldaşından qalan bu saat Co üçün çox dəyərli idi. Xanımı bu saatı ilk övladları olan zaman almışdı. Onun itirdikdən sonra bu saat Co üçün xəzinə dəyəri qazanmış, onun ruh əkizinə çevrilmişdi.
Saatını itirdiyini ağlından tamamilə çıxarıb, nəvələrinin gəlməsinin sevincini yaşamağa çalışan Co növbəti gün vanna qəbul edərkən, saatını itirdiyini xatırladı. Sonuncu dəfə saatını harada gördüyünü xatırlamağa çalışdı. Bəli, anbarda işləyərkən saat qolunda idi. Anbara baxsa da, heç nə tapa bilmədi.
Nəvələrinin onun bu dalğın və kədərli halının səbəbini soruşduqda dedi: “Balalarım, mən olduqca dəyərli bir hədiyyəni, nənənizin mənə verdiyi saatı itirmişəm. Sanki ürəyimi itirmişəm kimi hiss edirəm!”. Onun yaşlı gözlərini silən nəvələri təsəlli verməyə çalışdılar. Onlardan biri anbara yenidən baxmağı təklif etdi. Bura kitablar, köhnə əşyalar, paltarlar, alətlərlə dolu idi. Uşaqlar hər yeri axtarsa da, saatı tapa bilmədilər. Uşaqlar da babalarının məyusluğunu bölüşməyə başladılar.
Az sonra nəvələrdən biri yenidən otaqdan çıxdı. Co ondan hara getdiyini soruşanda o cavab verdi:
“Anbara gedirəm. Mənə 15 dəqiqə və tam sükut lazımdır”. Hamı təəccüblə onun arxasınca boylandı. 15 dəqiqə sonra o, əlində babasının saatı ilə geri döndü. Co təəccüblə nəvəsinə baxdı və onu necə tapdığını soruşdu: “Mən onu axtarmadım, sadəcə sakitcə orada oturdum, qulağım sükuta öyrəşdikdən sonra saatın əqrəblərinin səsini eşitməyə başladım və onu tapdım”. Co sevinclə nəvəsini qucaqlayıb, ona təşəkkür etdi.
Bəzən bütün sualların cavabı sadəcə sükunətdədir.
Anlaya bilmək
Amerika uşaq ədəbiyyatı

“Satılıq it balaları” elanının düz altında boyu elana belə çatmayan balaca bir oğlanın başı göründü. Uşaq başını qapının kənarından uzadıb soruşdu:
- İt balalarını neçəyə satırsınız?
- 30 dollarla 50 dollar arasında dəyişir qiymətləri – deyə, cavabladı mağaza sahibi.
- Mənim 2 dollar 37 sentim var. Heç olmasa, baxa bilərəm? – deyə, dərin bir maraqla soruşdu balaca.
Mağaza sahibi gülümsəyərək, yüngül fit çaldı və itlər üçün ayrılmış səbətdən beş dənə ip yumağı boyda balaca balalar çıxdı. Onlardan biri lap arxada qalırdı. Balaca alıcı yeriməkdə çətinlik çəkən balanı göstərib, onun niyə belə yeridiyini soruşdu. Mağaza sahibi isə onun arxa ayağının zədəli olduğunu və ömürlük şikəst qalacağını dedi. Bu məlumat onu nədənsə həyəcanlandırmışdı.
- Mən bu balanı almaq istəyirəm.
- Məncə, onun üçün pul ödəməyə dəyməz. Əgər həqiqətən də, onu istəyirsənsə, mən onu sənə hədiyyə də verə bilərəm.
- Onu mənə sizə lazım olmayan əşya kimi verməyinizi istəmirəm. O da digər balalar qədər dəyərlidir və mən onun pulunu ödəyəcəm. İndi 2 dollar 37 sent verirəm, ayda 50 sent də verib, borcumu ödəyəcəyəm – deyə, hirsli səslə cavab verdi balaca.
Mağaza sahibi onunla daha mehriban davranmağa çalışaraq, dilləndi:
- Əgər pul verəcəksənsə, digərlərindən birini seç. Onu almağa dəyməz. O heç vaxt digər itlər kimi qaçıb, hoppanıb-düşməyəcək.
Balaca şalvarının sağ ayağını dizinə kimi çirmələyib, metal parçası ilə hörülmüş ayağını göstərdi:
- Mən də çox yaxşı qaça bilmirəm və əmin olun, dünyada heç kim bizi bir-birimizdən daha yaxşı anlaya bilməz.
Andersen nağılları
Ot yeyən aslan nağılı

Gənc Aslan qəfəsin dəmir barmaqlıqları arasında hikkəli və iti addımlarla o baş-bu başa gedib-gəlirdi. Nədənsə bu gün ürəyi nəfəs ala bilmirmiş kimi sıxılırdı. Bu qəfəsə salındığından bəri günəş neçə dəfə doğub-batmışdı bilmirdi. Bir aylıq olar-olmazdı – anası ilə meşədə gəzintiyə çıxmış və ovçular tərəfindən tutulub bu heyvanlar evinə satılmışdı. Hələ onda böyük bir pişik boyda idi. Zaman keçdikcə böyüdü, qüvvətləndi – artıq qəfəslər ona dar gəlirdi. Getdikcə daha əmin olurdu ki, burada yaşaya bilməyəcək. Azad olmaq, artıq adını belə güclə xatırladığı, amma xəyalı gözlərinin önündən getməyən meşəyə qovuşmaq, həyatının geri qalan hissəsini özü istəyən kimi yaşamaq istəyirdi. İnsanlar axın-axın gəlir, qəfəsin qarşısında dayanıb, heyranlıqla dolu baxışlarla onu izləyirdilər.
Axşamüstü ziyarətçi azaldı, baxıcısı qəfəsi təmizləyib yudu. Şam yeməyi üçün yarım qoyunu qəfəsin qapısına yaxın yerləşdirdi. Qapını kilidləyib, getdi. Baxıcısı qapını kilidləyib, gedəndə gənc Aslanın beynində şimşəklər çaxdı. Kilidin qapıdakı duruşu, açarın fırlanarkən çıxardığı səs tamamilə fərqli idi. Əgər olduqca həssas qulaqları onu yanıltmırsa, bu səs fərqli idi, kilid tam oturmamışdı. Qəfəsə qoyulan əti tamamilə yeyəndən sonra hər zamanlı nümayiş hərəkətlərini təkrarlamağa başladı. Ziyarətçilər yenidən artdı. İnsanlar şam yeməyindən sonra gəzməyə gəlir və buranın yaşıllığından xüsusi zövq aldıqları üçün burada daha çox olurdular.
Aslanın ürəyi qapının bağlanmadığından əmin olduğu kilidində qalmışdı. Səbirsizliklə gecə yarısını gözləyirdi, bu gecə bu qəfəsi əbədiyyən tərk etməyi və azadlığa qovuşmağı sınayacaqdı.
Hava tamamilə qaraldı, gecə yarısından xeyli keçmişdi. Aslanın gözünə heç kim dəymirdi. Artıq bir dəqiqə gecikmək olmazdı, güclü pəncələri ilə qapının sadəcə ağız-ağıza duran kilidindən asıldı. Qapı açıldı. Bütün gücü ilə qəfəsdən çölə sıçradı. Sağa döndü, bu uzun yol ağaclığa çıxırdı. Bu qaçış heç də qəfəsdəki monoton hərəkətlərə bənzəmirdi. Ona görə də tez yoruldu, amma cəmi bir dəqiqəlik fasilədən sonra bağın hasarından atlandı. Meşəyə doğru irəliləyib, qaranlıqda itdi.
Dayanmadan dağlar-təpələr aşıb, soyuq sulardan içdi. Üç gün üç gecə sonra yenə günəş çıxdı. Hələ çox balaca vaxtı ayrıldığı meşələrə qovuşdu. Azad idi, ürəyi köksünə sığışmırdı. Sevinc və fərəh ilə ətrafı seyr edərək gəzirdi. Acdığını hiss etdi. Bu üç gün ərzində azadlığın bihuşluğu ilə yemək yadına düşməmişdi. Onu indiyə kimi yemləmişdilər. Amma burada tamam başqa mühit idi. Qəfəsdən qaçandan bəri ilk dəfə özü haqqında düşündü: “İndi nə yeyəcəyəm?”
Ac-yalavac yeriyərkən irəlidəki çəmənlikdə maral gördü. Səssiz və qəribə rahatlıq içində otlayırdı. Anidən qaçmağa başladı. Eyni anda yan tərəfdəki kolluqdan iki aslan marala doğru hücum çəkdi. Digər tərəfdən də iki aslan çıxanda maral qaçmaq fikrindən əl çəkib, hücuma keçdi. Aslanlardan birini buynuzu ilə ağır yaralasa da, digərində bu həmlə alınmadı. Aslanlar bir neçə saniyəyə maralı parçaladı.
Gənc Aslan yerində donub-qalmışdı, gördükləri vəhşilik idi. Amma meşənin qanunları belə idi. Zəif qüvvətli olana yem olurdu. İçində: “Deməli, aslanlar, əslində, belə yaşayır, belə qidalanırlar” – dedi. Yaşamaq istəyirəmsə, deməli, mən də canlıları belə ovlayıb, yeməliyəm. Sonra fikirləşdi: “Amma mənə heç kim öldürməyi, parçalamağı öyrətməyib. Mən belə davrana bilmərəm. Bu maral ot yeyirdi, amma gücü-qüvvəsi də yerindəydi. Deməli, ot yeyərək də yaşamaq olar. Başqa yolum yoxdur, qoy, mənim haqqımda “aslan da ot yeyərmi?”, “ot yeyəndən aslan olmaz” desinlər”.
banner

Oxşar Xəbərlər